İnsan sağlamlığına və ətraf
mühitin
qorunmasına həsr
olunmuş alim ömrü
Azərbaycanda əsası
akademik Həsən Əliyev tərəfindən qoyulmuş
ekoloji mədəniyyət, ətraf mühitin mühafizəsi
konsepsiyaları sonrakı dövr alimləri tərəfindən
müxtəlif istiqamətlərdə yaradıcılıqla
inkişaf etdirilmiş, respublikada ekoloji mühitin və insan
sağlamlığının qorunub saxlanması sahəsində
mühüm önəm daşıyan yeni elmi nəticələrin
əldə edilməsinə imkan yaratmışdır.
Respublikada əhali sağlamlığının mühafizəsi məsələsini özünün əsas həyat kredosu hesab edən alimlər sırasında Azərbaycan Tibb Universitetinin (ATU) ümumi gigiyena və ekologiya kafedrasının müdiri, əməkdar müəllim, tibb üzrə elmlər doktoru, professor Mirzə Ağababa oğlu Kazımovun da xüsusi yeri var.
Yaşı yetmişi haqlamış professor Mirzə Kazımov 1974-cü ildə ATU-nun sanitariya-gigiyena (indiki ictimai səhiyyə) fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra keçmiş SSRİ Səhiyyə Nazirliyi Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil olmuşdur. 1977-ci ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
M.Kazımov 1979-cu ildən ATU-da çalışır. O, 1979–88-ci illərdə universitetin əmək gigiyenası kafedrasında assistent və baş müəllim, daha sonra ümumi gigiyena və ekologiya kafedrasının baş müəllimi və professoru vəzifələrində işləmiş, 1992-ci ildə isə kafedranın müdiri vəzifəsinə seçilmişdir.
Qırx illik elmi-pedaqoji fəaliyyəti dövründə professor M.Kazımov tələbələrə gigiyena elminin müxtəlif sahələrini yüksək səviyyədə tədris etmiş, böyük bir kollektivin rəhbəri və yüksək erudisiyalı gigiyenaçı-alim kimi böyük nüfuz qazanmışdır.
Universitetdə tədrisin Boloniya prosesinə qoşulması ilə əlaqədar professor M.Kazımovun rəhbərliyi və bilavasitə iştirakı ilə bütün tədris-metodik materialların yeni tədris sisteminə uyğunlaşdırılması həyata keçirilmiş, mühazirə, seminar və təcrübi dərslərdə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunmuşdur.
Kafedraya rəhbərliyi dövründə onun həmmüəllifliyi ilə gigiyena elminin müxtəlif sahələri üzrə altı fundamental dərslik və dərs vəsaiti, habelə bir çox tədris-metodik materiallar hazırlanıb nəşr edilmişdir.
Professor M. Kazımov respublikanın ekoloji-gigiyenik problemlərinin həlli istiqamətində mühüm tədqiqatlara rəhbərlik etmişdir. Yaratdığı və formalaşdırdığı gigiyenada ağır metallar probleminə aid elmi məktəbin tərəqqisinə nail olmuş, elmi rəhbərliyi ilə respublikada insan ekologiyasına, əhali sağlamlığının mühafizəsinə, ətraf mühit obyektlərinin – atmosferin, suların, torpağın, qida məhsullarının gigiyenasına aid mühüm elmi-təcrübi önəm daşıyan iri tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar sırasında neftin çıxarılması və emalı ilə əlaqədar istehsal proseslərində torpağın texnoloji tullantılarla, o cümlədən radioaktiv maddələrlə çirklənməsinin tədqiqi, eyni zamanda, torpağın mühafizəsinin elmi əsaslarının işlənib hazırlanması ilk yerlərdən birini tutmuşdur.
Bakı şəhərində və onun ətrafında yerləşən və XIX əsrin sonlarından istismarına başlanılan neftlə zəngin rayonlar – Bibiheybət, Balaxanı, Suraxanı və digər ərazilərdə 1997–2003-cü illərdə M.Kazımovun rəhbərliyi ilə aparılan elmi tədqiqatlarla neft hasilatı zamanı bu hissələrdəki torpaqların tullantılarla insan həyatı üçun təhlükəli səviyyədə çirklənməsi müəyyən edilmişdir. Tədqiqatların nəticələri bir sıra elmi məqalələrdə, normativ sənədlərdə, kütləvi informasiya vasitələrində öz əksini tapmış, habelə elmi forumlarda müzakirə olunmuşdur. Bu araşdırmaların yekunu ilə tanışlıqdan dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında həmin ərazilərdə torpaqların sağlamlaşdırılması tədbirləri həyata keçirilməyə başlanmışdır.
Respublikada ətraf mühitin texnogen çirklənmə mənbələrindən biri avtomobil nəqliyyatıdır. Sayı sürətlə artmaqda davam edən nəqliyyat vasitələrinin yaratdığı tullantıların kimyəvi tərkibi insan sağlamlığı və ekoloji mühit üçün son dərəcə təhlükəli olan komponentlərlə zəngindir. Həmin tullantıların tərkibində yüzlərlə zərərli neft karbohidrogenləri, o cümlədən kanserogen maddələr, ağır və toksik metallar və digər birləşmələr vardır.
Ölkə ərazisində ekoloji mühitə və əhali sağlamlığına avtonəqliyyat tullantılarının zərərli təsirini ekoloji-gigiyenik problemlərdən biri olmasını nəzərə alaraq, professor M. Kazımovun rəhbərliyi altında iki istiqamətdə tədqiqatlar aparılmışdır. 2005–2010-cu illəri əhatə edən elmi-tədqiqatlarda ölkədə şəhərlərarası və beynəlxalq əhəmiyyətli avtomobil magistrallarının ətrafının, o cümlədən, yaxın ərazilərdəki bitkilərin avtonəqliyyat tullantıları ilə çirklənmə arealı, səviyyəsi və tərkib xüsusiyyətləri, habelə bu çirklənmələrin əhali sağlamlığına təsiri və torpaqda gedən bioloji proseslər araşdırılmışdır.
Tədqiqatların nəticələri göstərmişdir ki, avtomagistrallara bitişik ərazilər yolun yatağından hər iki tərəfə 200 metrə qədər məsafədə avtonəqliyyat tullantıları ilə güclü çirklənməyə məruz qalır. Həmin çirklənmələrin müvafiq ərazilərdə yaşayan əhalinin sağlamlığına, xüsusən, uşaqlara və qadınlara zərərli təsirləri, habelə bu yerlərdə torpağın çirklənmə səviyyəsinin azalmasını təmin edən amillər içərisində magistralyanı yaşıllıq zolaqlarının və torpağın kultivasiyasının mühüm rolu olduğu müəyyənləşdirilmişdir. Aparılan tədqiqatların yekunu respublikada ekoloji mühitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlər kompleksi şəklində metodik tövsiyələr kimi müvafiq qurumların diqqətinə çatdırılmışdır.
Alqışalayiq haldır ki, son illərdə Prezident İlham Əliyevin yaşıllıqların qorunub saxlanmasına, yeni yaşıllıqların salınmasına yetirdiyi böyük diqqət, habelə bu sahədə bir sıra nazirliklər və ictimai təşkilatlar tərəfindən ölkənin avtomobil magistralları keçən ərazilərində yaşıllıq zolaqlarının yaradılması geniş vüsət almışdır. Bu işdə professor M. Kazımovun rəhbərliyi ilə aparılan elmi tədqiqatların əhəmiyyəti xüsusi qeyd olunmalıdır.
Alimin rəhbərliyi ilə 2012–2015-ci illərdə aparılan elmi işlərin digər mühüm istiqaməti isə paytaxtda ətraf mühitin, əsasən, avtonəqliyyat tullantılarının tərkibindəki ağır metallarla çirklənməsi hesabına əhalinin aldığı ümumi “metal yükünün” tədqiqindən ibarət olmuşdur. Əldə edilən elmi nəticələr yüksək urbanizasiyalaşmış şəhərlərdə əhali sağlamlığının texnogen tullantılara görə risk altında olduğunu göstərmişdir.
Professor M. Kazımovun rəhbərliyi altında aparılan elmi tədqiqatların nəticələri Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş 20-dən çox müxtəlif normativ xarakterli sənədlərdə və elmi-metodik tövsiyələrdə, monoqrafiyalarda, habelə respublika əhəmiyyətli “Ekoloji atlas”da öz əksini tapmışdır.
Görkəmli alimin elmi rəhbərliyi altında tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 20-yə qədər dissertasiya işi yazılmış və müdafiə olunmuşdur. Onun elmi işlərinə aid materiallar 300-ə qədər elmi nəşrlərdə dərc olunmuş, Almaniya, Avstriya, Belçika, İspaniya, İsveçrə, Lüksenburq, Macarıstan, Rusiya Federasiyası, Ukrayna və s. ölkələrdə keçirilmiş bir sıra beynəlxalq elmi forumlarda dinlənilmiş və böyük maraqla qarşılanmışdır. M. Kazımov Səhiyyə Nazirliyinin nümayəndəsi kimi Ümumdünya Səhiyyə Təşkilatının bir sıra konfrans və müşavirələrində Azərbaycanda gigiyena elminin və sanitariya işinin təşkilinə, həmçinin inkişafına dair məruzələrlə ölkəmizi layiqincə təmsil etmişdir.
Professor
M. Kazımovun ictimai fəaliyyəti də çoxsahəlidir.
Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə yaradılmış ekologiya
üzrə sahələrarası komissiyanın üzvü, Səhiyyə
Nazirliyinin Ətraf mühitin əhali
sağlamlığına təsirinin öyrənilməsi
üzrə Koordinasiya Şurasının sədri, AMEA-nın
nəzdində Respublika Elmi Tədqiqatların Təşkili və
Əlaqələndirilməsi Şurasının üzvü,
ATU-nun nəzdində olan Dissertasiya Şurasının sədri
kimi ictimai vəzifələri icra etmişdir.
Hazırda
professor Mirzə Kazımov Səhiyyə Nazirliyi Elmi-Tibbi
Şurasının, AMEA-nın Elmi-Nəşriyyat
Şurasının, respublikada nəşr olunan bir sıra
elmi-tibbi jurnalların redaksiya heyətinin və
şurasının üzvü, ATU-nun profil elmlər üzrə
dissertasiyaların aprobasiyasını keçirən
şuranın sədridir.
Anar AĞAYEV,
Azərbaycan Tibb Universitetinin ictimai
səhiyyə fakültəsinin
dekanı, professor,
Fəridə
ƏLİ,
ümumi gigiyena və ekologiya
kafedrasının dosenti
Xalq qəzeti.- 2018.- 28 dekabr.- S.14.