Bütün soydaşlarımızı təbrik edirəm! 

 

– Azərbaycanın siyasi-iqtisadi, sosial-mədəni həyatı son illər durmadan inkişaf edir. Respublikamızın daha da möhkəmlənməsi və bugünkü nailiyyətlərimiz ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi, ulu öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək idarəçilik bacarığı, tükənməz enerjisi və işgüzarlığı, vətənpərvərliyi sayəsində daha da zənginləşərək, yüksək səviyyədə, uğurla həyata keçirilir.

Prezident İlham Əliyev incəsənət xadimlərinə hər zaman diqqət və qayğı ilə yanaşır və dövlət başçısının fəaliyyəti sayəsində Azərbaycan dünyada qədim mədəniyyətə və gözəl ənənələrə malik ölkə kimi tanınır.

Son illər müasir dünyamızda gedən prosesləri dövlətimizin milli maraqlarına yönəltməyi müvəffəqiyyətlə bacaran İlham Əliyev Azərbaycanın dünyada sürətlə inkişaf edən demokratik bir ölkə kimi nüfuz qazanmasını təmin edib. Onun mədəniyyət, təhsil və digər sahələrin dövlət standartlarına çatdırılması naminə gördüyü nəhəng miqyaslı işlər xalqımızın qəlbində böyük qürur və minnətdarlıq hissi doğurur.

Dövlətin gələcəyini təhsildə görən ölkə başçısı İlham Əliyev bu sahənin keyfiyyət baxımından səviyyəsinin yüksəldilməsi naminə uğurlu islahatlar həyata keçirib. Azərbaycanda gənc nəslin bilikli, savadlı olmasına, layiqli mütəxəssislər ordusunun yetişməsinə xidmət edən bu islahatlar ölkəmizin daha da güclənməsinə təkan verir. Hazırda təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb ki, bu da həmin sahədə görülmüş işlərin bir nümunəsidir. “Təhsil bilik, gələcək və modernləşmədir” fikrini rəhbər tutan dövlətimizin diqqət və qayğısı nəticəsində onlarca gəncimizin xaricdə – Avropanın bir çox nüfuzlu universitetlərində təhsil alması Azərbaycan təhsilinə misilsiz töhfədir.

Təhsillə yanaşı, gerçəkləşən çoxlu sayda orijinal mədəniyyət layihələrinin uğurla həyata keçirilməsi prosesidavam etməkdədir. Mədəniyyətin önəmli qolu olan təsviri sənətin inkişafı da dövlət başçımızın daim diqqət mərkəzində duran məsələlərdəndir. Onlarca mədəniyyət və incəsənət nümayəndəsinin sosial rifahının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltəraş və rəngkarları, qrafik və dizaynerləri, dekorativ-tətbiqi sənətin bütün sahələrinin ən görkəmli nümayəndələri çalışırlar. Akademiyada yüksək ixtisaslı rəssam kadrlar hazırlanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Rəssamlıq ­Akademiyası incəsənət mərkəzidir”.

Yola saldığımız ildə bizim təhsil ocağımız müxtəlif səpgili tədbirlər həyata keçirib. Akademiyanın tərkibinə daxil olan muzey-sərgi kompleksi müntəzəm şəkildə həm ölkəmizdə, həm də xaricdə müxtəlif sərgilər, konfranslar, o cümlədən “Saf rənglər” V Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılıq festivalı, “Birlik” beynəlxalq sərgisi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans-sərgi, “Türkİslam sənətləri sərgisi”, “Azərbaycan və azərbaycanlılar” adlı konfrans-sərgi, ADRA-nın tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgilər... təşkil edib.

Akademiyanın rəhbərliyi kadr seçimində ən istedadlı məzunların pedaqoji fəaliyyətə cəlb edilməsinə üstünlük verir.

Xalqımızı qarşıdan gələn Yeni ilDünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Qoy, 2019-cu il ölkəmizin dinamik inkişafında və xalqımızın sosial rifahının yaxşılaşdırılmasında, mədəni quruculuq işlərinin həyata keçirilməsində  dövlət başçımızın uğurlu fəaliyyətinə bol-bol nailiyyətlər bəxş etsin.

 

Ömər ELDAROV,

Azərbaycan Rəssamlıq Akademiyasının

rektoru, akademik, Xalq rəssamı

 

Xalq qəzeti.- 2018.- 30 dekabr.- S.6.