Dünya azərbaycanlılarına aydın

səma və səadət arzulayıram! 

 

Yola saldığımız 2018-ci il Azərbaycan tarixinə uğurlu il kimi düşdü. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri dövlət qayğısı sayəsində həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda bütün sahələri, o cümlədən elm, təhsil, eləcə də səhiyyə sahələrini əhatə edən qlobal problemlərin mükəmməl şəkildə öz həllini tapması  diqqəti cəlb edir, hamıya xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edir.

2018-ci ilin ən xoş müjdələrindən biri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində genişmiqyaslı təntənələrlə qeyd edilməsi oldu. Bu il həm də Azərbaycanda Səhiyyə Nazirliyinin yaradılmasının bir əsrlik yubileyinin təntənəsi ilinə çevrildi. Ötən illərin tarixi hadisələrinə nəzər saldıqda görürük ki, Azərbaycan səhiyyə sistemi, elm və təhsil sahələri bu illər ərzində çətin, lakin böyük nailiyyətlərlə zəngin olan şərəfli bir yol keçib.

Son illər ölkəmizin sözügedən sahələrinin beynəlxalq əlaqələrinin genişlənməsində və dünyanın analoji sahələrinə yaxından inteqrasiyasında dahi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində təsis edilən 31 DekabrDünya Azərbaycanlılarının Həmrəylik Gününün təsir dairəsinin böyük olması danılmaz həqiqətlərdəndir. Bu baxımdan ölkəmizdə dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, dövlət başçımızın xaricdə yaşayan soydaşlarımıza hərtərəfli dəstək verməsi, əsl atalıq qayğısı göstərməsi millətimizin birliyinin möhkəmlənməsinə, Azərbaycan diasporunun qüdrətlənməsinə gətirib çıxarıb.

Ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanmasını təmin edən cənab Prezidentin misilsiz xidmətləri beynəlxalq aləmdə, eləcə də qardaş Türkiyə Cümhuriyyətində ardıcıllıqla izlənilir. Məhz bunun nəticəsidir ki, 2018-ci ilin yekunlarına görə cənab Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilib. Bu da Azərbaycan xalqını, o cümlədən ölkəmizin bütün səhiyyə, elm  və təhsil işçilərini ürəkdən sevindirir, onları  yeni nailiyyətlərə ruhlandırır.

Artıq Azərbaycan torpaqlarına 2019-cu təqvim ili qədəm qoymaqdadır. Xalqımız yola saldığımız il kimi, bu ili də yüksək əhval-ruhiyyə ilə qarşılayır. Çünki bizim dünya şöhrətli Prezidentimiz, onun sərkərdəliyi altında yaradılan güclü ordumuz, onların arxasında isə öz yenilməzliyi, mərdliyi, dəyanəti, vətənpərvərliyi, vətənsevərliyi ilə seçilən möhtəşəm xalqımız vardır. Heç şübhə etmirik ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz Cocuq Mərcanlıdan İrəvana, Şuşaya, Xocalıya, Laçına və işğal altında olan digər əzəli torpaqlarımıza gedən yollarımızı erməni işğalından azad edəcək, xalqımıza yeni-yeni bayram ovqatları bəxş edəcəkdir. Biz buna inanırıq və bu inamla da Vətənə xidmət edirik.

Əziz həmvətənlər! Fürsətdən istifadə edərək cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident ­Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan xalqını, o cümlədən ölkəmizin  səhiyyə, elm və təhsil sistemi işçilərini 31 DekabrDünya Azərbaycanlılarının Həmrəylik GünüYeni təqvim ilinin gəlişi münasibəti ilə ürəkdən təbrik edir, Ulu Tanrıdan hamıya möhkəm cansağlığı, aydın səma, əmin-amanlıq diləyirəm.

 

ƏHLİMAN ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı,

Milli Məclisin səhiyyə komitəsinin sədri

 

Xalq qəzeti.- 2018.- 30 dekabr.- S.5.