2019 – yeni ilə yeni arzularla!..

Yeni il ənənələri  

 

Dünya yeni təqvim ilinə  – 2019-cu ilə qədəm qoyur. Hər il dünyanın bir çox xalqları dekabrın 31-dən yanvarın 1-nə keçən gecəni böyük sevinc və ümidlərlə qarşılayırlar. İnsanlar Yeni il kimi bayram etdikləri bu əziz gündə deyib-gülür, şənlənir, sevdiyi adamlara qonaq gedir, hədiyyələr verirlər. Küçələrdə, mənzillərdə yolkalar bəzədilir, uşaqların səbirsizliklə gözlədikləri Şaxta baba və Qar qız evlərin əziz qonaqlarına çevrilirlər.

Yeni il əsrlərdən bəri Azərbaycan xalqının da əziz bayramlarından biridir. Soydaşlarımız bu bayrama hər dəfə böyük şövqlə hazırlaşır, həvəslə bayram süfrələri açırlar. Açığını desək, artıq insanlarımızın əsl bayram əhval-ruhiyyəsini yaşamaları üçün ölkədə lazımi şərait yaradılıb.  Çox fərəhləndirici haldır ki, bu il  Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 27-ci ili tamam oldu. Yola saldığımız son illər ölkəmizin tarixində ciddi sosial-iqtisadi və mədəni uğurlarla yadda qalıb. İstər Azərbaycanın paytaxtında, istərsə də regionlarda bir çox iri infrastruktur layihələri, Bakı şəhəri və regionlarımızın inkişafı ilə bağlı böyük proqramlar icra olunub və qarşıdakı illərdə də bu istiqamətdə işlər davam etdiriləcək.

 

Əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2018-ci ildə də ölkəmizin sosial-iqtisadi inkişafı davam etdirilib, Bakıda və bölgələrdə abadlıq-quruculuq işləri görülüb,  yeni yerləri açılıb, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Amma xalqımızın hər gələn Yeni ildən mühüm bir gözləntisi də  olur ki, bu da təxminən 30 ildən bəri həllini gözləyən Dağlıq Qarabağ problemidir. Bu problemin sülh və danışıqlar yolu ilə nizamlanması istiqamətində 2018-ci ildə də mühüm addımlar atıldı. Ümid edirik ki, qədim torpağımız Qarabağı, nəhayət ki, 2019-cu ildə düşməndən azad etmək üçün yeni imkanlar yaranacaq. Bunun üçün Azərbaycan dövləti, xüsusən Prezident İlham Əliyev tərəfindən ciddi səylər göstərilməkdədir. 

Yeni il bayramı ərəfəsində xalqımız başqa bir əziz bayramını - 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününüböyük həvəslə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır. Dünyanın hər yerində soydaşlarımızın fəal iştirakı ilə anamız Azərbaycanın şərəfinə təntənələr qurulur.

Şübhəsiz ki, həmrəylik duyğusu bizi güclü edir, öyüncsevincimiz həyat eşqimizi yüksəldir. Həmin gün dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımız yenidən bir araya gələrək görülmüş işləri saf-çürük edir, gələcək üçün yeni planlar qururlar. Şükürlər olsun ki, indi dünyanın, xüsusən Qərbin, demək olar ki, bütün ölkələrində Azərbaycan diasporu fəaliyyət göstərir. Son illərdə Azərbaycan diaspor təşkilatları öz güclərini dünya türk təşkilatlarının gücünə qataraq daha da qüvvətləniblər və öz sözlərini daha cəsarətlə deyir, haqq səsimizin dünyada daha yüksəkdən səslənməsini təmin edirlər.

Bəli, bu gün eldə, obada, bütün Azərbaycanda bayram-bayrama qarışıb. Bayramınız, mübarək, əziz dostlar, əziz həmvətənlər! İlləriniz bir-birindən uğurlu gəlsin! Yeni ilimiz taleyüklü problemimiz olan Qarabağın ana Vətənə qovuşması ili olsun!  

 

2019-cu ilDonuz (Qaban) ilidir

 

Qarşıdan gələn 2019-cu il Donuz (Qaban) üstündə təhvil olur. Qaban Çin təqviminin Siçan, Öküz, Pələng, Əjdaha, İlan, At, Keçi, Meymun, Xoruz və İtdən sonra 12-ci – sonuncu ilidir. 2019-cu ilin heyvan-simvolu - Sarı Torpaq Donuzudur.

5 fevral 2019-cu və 24 yanvar 2020-ci il tarixləri arasında doğulmuş insanlar Şərq təqvimi üzrə Torpaq Qabanının nişanına aiddirlər. Bu ildə doğulanlar çox inadcıl və dözümlü olur, öz hədəflərinə çatmaq, mütləq uğur qazanmaq üçün səylə çalışırlar. Buna görə də onlar çox qiymətli işçi ola, müdiriyyət tərəfindən sevilə bilirlər. Sarı Torpaq Donuzu ilində doğulmuş insanlar, eyni zamanda, düşüncəli və ehtiyatlı olurlar. Onlar nəsə bir işə başlamazdan, yaxud bir fikir söyləməzdən əvvəl min dəfə düşünürlər.

Donuz ilinin balaları hamıyla mehriban və nəzakətli davranmağa çalışırlar. Onlar kömək üçün nadir hallarda müraciət etsələr də, başqalarına kömək etməkdən çəkinməzlər. Bu cür praktika həyatda donuzlara çox kömək edir. Onlar heç vaxt ətrafındakılara qarşı şübhə ilə yanaşmağı sevməzlər, buna görə də asan aldadılırlar.

Donuz çətin vəziyyətə düşdükdə sakit və təmkinli davranar, hətta ən ciddi problemlə üzləşdikdə onun həllinə ölçülü-biçili, ehtiyatlı yanaşar. Güclü məsuliyyət hissinə malik olması donuzlara başladığı işləri sona çatdırmaqda kömək edər.

Donuz üçün ən yaxşı dövr - payızdır, xüsusilə noyabr ayıdır. Qabanın rəngləri  sarı, qızıl, boz və qəhvəyidir.  Onun üçün xoşbəxt rəqəmlər isə 2,5 və 8 hesab olunur. Sevimli gülləri -- uğur çiçəkləri qızçiçəyi və hortenziyadır.

Ədəb, mehribanlıq, comərdlik, ünsiyyətçillik, qonaqpərvərlik, qaydalara  riayət etmək – budur Qaban ilində doğulmuş insanların xarakterinin müsbət xüsusiyyətlərinin natamam siyahısı. Bundan başqa, simvolun nümayəndələri hər şeyi dəqiq təhlil etməyi sevirlər, buna görə onlarda, demək olar ki, heç vaxt maliyyə problemi olmur. Və yaxşı zövqə malik olmaları və dəbi lazımınca izləmək qabiliyyəti həmişə onların zərif və cazibədar görünməsinə imkan verir.

Qaban ilində dünyaya gələnlərin daha bir xarakterik xüsusiyyəti sadəlövhlükdür. Ailə qurmaq məsələsinə gəlincə, Qabanların Dovşanlarlaya Qoyunlarla nikahı daha möhkəm olur.

 

2019-cu ili necə qarşılamalı?

 

Şərq təqviminə əsasən, 2019-cu ili qarşılayarkən onun himayəçisini düzgün seçmək, sarı çalarlı bəzəklərdən istifadə etmək lazımdır. Bayram ərəfəsində evinizi gözəl bəzəmək arzuolunandır. Eyni zamanda, Qabanın təsvirini mebellərin, divarların, yaxud adicə güzgülərin üzərinə yerləşdirmək olar.

Yeni il masasını rəngarəng yeməklərlə bəzəməyi də unutmaq olmaz. Çünki Torpaq Donuzu bolluğu sevir. Bu yeməkləri hazırlayanda isə nəzərə almaq lazımdır ki, donuz ətindən başqa istənilən məhsuldan istifadə etmək olar. Amma arzuolunandır ki, masada sarı rəng üstünlük təşkil etsin. Buna görə yeməklərə daha çox tərəvəz – kök, limon, banansair əlavə etmək lazımdır. Yeni il masasında balıq da az miqdarda olmalıdır. 2019-cu ili himayəçini – Sarı Torpaq Donuzunu yalnız bu halda sevindirmək olar.

Yeni ili qeyd etmək ənənəsi ilk dəfə harada və nə vaxt meydana gəlib? Gəlin, lap əvvəldən başlayaq. Belə fərziyyələr var ki, Yeni il bayramı ilk dəfə 5 min il bundan əvvəl Mesopotamiyada qeyd edilib. Bu qədim ölkə şumer, babil, assur mədəniyyətlərinin mərkəzi kimi məşhurdur. Mesopotamiyada əkin işləri martın sonunda, Dəclə və Fərat çaylarında su artandan sonra başlanırdı. Bu hadisə 12 gün ərzində təntənəli yürüşlərlə, şənliklərlə qeyd edilirdi. Qədim yəhudilər Yeni ilin bayram edilməsini babillilərdən, yunanlar isə yəhudilərdən öyrənmiş, Qərbi Avropaya da bu ənənə yunanlardan keçmişdir.

Qədim romalılar hələ bizim eradan əvvəl Yeni il gecələrində səhərə qədər şənlik edir, tanış və dostlarına xoşbəxtlik diləyirdilər. Arxeoloqlar qədim Misir piramidalarında qazıntı işləri zamanı üzərində “Yeni ilin başlanğıcı” sözü yazılmış qab tapmışdılar. Qədim Misirdə Yeni il Nil çayı daşan zaman (təqribən sentyabrın axırında) bayram edilirdi. Nilin daşması çox mühüm hadisə hesab olunurdu. Çayın daşması sayəsində susuz səhraların cana gəlməsi bol taxıl məhsulu əldə olunacağından xəbər verirdi. İnsanlar Yeni ildə Tanrı Amonun, onun arvadının və oğlunun kiçik heykəllərini minnətdarlıq əlaməti olaraq qayığa qoyurdular. Qayıq Nil çayı boyu çal-çağırın müşayiəti ilə bir ay üzəndən sonra heykəlcikləri yenidən məbədə qoyurdular.

Romalılar imperator Yuli Sezarın yeni təqvimi tətbiq etməsinədək Yeni ili martın əvvəlində bayram edirdilər. Sezar eramızdan əvvəl 45-ci ildə Misirdə olarkən bu ölkə sakinlərinin təqvimi ilə tanış olmuşdu. Bu təqvim 365 gündən və 12 aydan ibarət idi. Salnaməçilər yazırlar ki, Sezar bu tanışlıqdan sonra dərhal yeni təqvimin hazırlanması barədə əmr vermişdi.

O da bəllidir ki, bəzi xalqlar Yeni il bayramını müxtəlif vaxtlarda qeyd edirdilər. Məsələn, qədim Yunanıstanda bayram ilin ən uzun gününə – 22 iyuna düşürdü. İngiltərədə isə bayram şənliklərinə baharın ilk günündə – martın 1-də başlayırdılar. Fransada Yeni ilin gəlişini Böyük İnqilab Günü, yəni Respublikanın yarandığı 22 sentyabrda bayram edirdilər.

 

İllər, arzular, ümidlər

 

Hər bir xalqın Yeni ili qarşılama ənənəsi var. Məsələn, italyanlar Yeni ili bayram etməzdən öncə mənzillərindəki bütün köhnə əşyaları pəncərədən küçəyə tullayırlar. Köhnə əşyaların yerini təzə alınmış mebellər tutur.

Yaponlar hesab edirlər ki, Yeni ilin ilk saniyələrindən başlayaraq gülmək adama uğur gətirir. Yaponiyada Yeni il gecəsi 108 dəfə zəng çalmaq adəti mövcuddur. Qədim inanclara görə, vurulan hər bir zəng insan qüsurlarından biriniöldürür”. Yaponlar hesab edirlər ki, insanın altı qüsuru olur: simiclik, axmaqlıq, qərəz, yelbeyinlik, qətiyyətsizlik, paxıllıq. Və bu qüsurların hər birinin 18 müxtəlif çaları mövcuddur. Yaponlar Yeni ildə öz yaxınlarına məhz bu qüsurlardan azad olmalarını arzulayırlar. 6-nı 18-ə vuranda 108 alınır. 108 rəqəmi və bu qədər zəng çalmaq ənənəsi də məhz buradan yaranıb.

Asiyanın ən böyük ölkəsi olan Çində də Yeni il bayramı qədimlərdən bəri böyük təmtəraqla, atəşfəşanlıqla qeyd edilir. Çinlilər bununla ümid edirlər ki, Yeni ilin gəlişinə mane olmağa cəhd edən şər qüvvələri qovurlar. Avropalılardan fərqli olaraq çinlilər yolka bəzəmirlər, əvəzində bayram süfrələrinə narıngi və portağalla dolu məcməyilər düzürlər.

Yeni il bayramı polyak xalqının da sevimli bayramıdır. Polyaklar Şaxta babanı Silvestr Klaus adlandırırlar. Onların inancına görə, bu, həmin Silvestr adlı məşhur nağıl qəhrəmanıdır ki, Levifian adlı vəhşiyə qələbə çalaraq həmvətənlərini dəhşətli bəlalardan xilas edib.

Qeyd etmək yerinə düşərdi ki, 1927-ci ildə Milad bayramı keçmiş SSRİ məkanında rəsmi bayram kimi ləğv olunmuşdu. 1936-cı ildən isə Yeni il təqvim ili kimi qeyd edilir. O zaman keçmiş ittifaqda Yeni il iki gün ərzində bayram edilirdi. Rusiyanın indiki rəhbərliyi isə Yeni il tətillərini 10 günə çatdırıb ki, bundan da sadə insanlar öz istirahətləri üçün istifadə edirlər. Üstəlik, ruslar 13 yanvardaKöhnə Yeni ili qeyd etməkdən vaz keçmirlər.

Dünya xalqlarının bir çoxunda, xüsusən , Afrikada Yeni ilin qarşılanması gecəsi fit çəpik çalmaq, hay-küy qoparmaq, tullanıb-düşmək, haray-həşir salmaq adət-ənənələri vardır. Yəqin ki, bu ənənələr bütpərəstlik zamanından mövcuddur. Qədim insanlar əcinnələri digər şər qüvvələri qovmaq üçün bu üsullara əl atırdılar.

 

Şaxta baba, şaxtacan...

 

Bəllidir ki, Yeni il şənlikləri turistləri cəlb etmək üçün yaxşı fürsət hesab olunur. Buna görədir ki, bir çox ölkələr bayramın əsas rəmzlərindən olan Şaxta babaya “sahib çıxmağacəhd edirlər. Ən çox da şimal xalqları iddia edirlər ki, ilk Şaxta babalar məhz onların ölkəsində peyda olublar.

Məsələn, finlər bütün dünyaya car çəkirlər ki, Santa Klaus, yəni Şaxta baba onların həmvətənidir. Onların inanclarına görə, Santa Klaus Finlandiyanın qütb dairəsinə yaxın ərazilərdəki hündür küknar ağacları ilə əhatə olunan, bəmbəyaz qardan libasgeyinmiş Laplandiya adlanan möcüzəli bir yerdə yaşayır. Finlər düşünürlər ki, Santa Klaus hər il dünya ölkələrinə səyahətini məhz Laplandiyadan başlayır.

Finlandiyada Yeni il şənlikləri dekabrın 25-dən, yəni Milad bayramı günündən başlanır. Dekabrın 31-i, Yeni il axşamı isə ölkə paytaxtı Helsinkidə nağıl əsatir qəhrəmanlarının libaslarını geyinmiş həvəskar aktyorlar teatr məzhəkələri göstərirlər. Həmin gecə hədiyyə dolu xurcunu ilə Santa Klaus şimal maralları qoşulmuş xizəkdə Helsinkinin mərkəzi meydanına təşrif buyurur. Meydanda dərhal alqış səsləri eşidilir, şən mahnı sədaları ətrafa yayılır. Məhz fin təbliğatının nəticəsidir ki, bayram günlərində dünyanın hər yerindən Santa Klausun vətəninəFinlandiyaya, həqiqətən, çoxlu turist gəlir.

Yeni iliLaplandiya”da keçirən əcnəbi qonaqlar etiraf edirlər ki, burada bayram etməyin ayrı səfası var! Özünüzü bir anlığa rəngbərəng oyuncaqlar bərq vuran Yeni il yolkasının başına dolanan uşaqların, övladlarına baxıb sevinən gənc ata-anaların bir-birini sevən gənclərin yanında hiss edin. Göydən isə iri, yupyumru qar dənələri ələnir. Heç kəs soyuğu, şaxtanı vecinə almır. Hamı gülür, sevinir. Romantik səhnədir, deyilmi?

 

Məsaim ABDULLAYEV,

Paşa ƏMİRCANOV,

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2018.- 30 dekabr.- S.5-6.