Azərbaycanda gənclərlə iş dövlət
siyasətinin tərkib hissəsinə çevrilib
2 Fevral Azərbaycan Gəncləri Günüdür
Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır.
Heydər ƏLİYEV
Ümummilli lider
Gənclər, əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu gün çoxmilyonlu Azərbaycan gəncliyinin bayramıdır. 1997-ci il fevralın 1-də Azərbaycan gənclərinin ilk forumunun ildönümü münasibətilə ölkəmizin ən fəal gənclərinin bir qrupunu qəbul edən ümummilli liderimiz Heydər Əliyev fevralın 2-sini Azərbaycan Gəncləri Günü elan etdi. Ulu öndərdən yadigar qalan bu bayram həm də qəlbi qurub-yaratmaq eşqi ilə döyünən hər bir Azərbaycan gəncinin Vətən qarşısında hesabat günüdür.
Ölkəmizdə gənclərlə işi dövlət siyasətinin tərkib hissəsi kimi görən ümummilli liderimiz həmişə millətimizin gələcəyi olan istedadlı gəncliyə arxalanmış, ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutan ən istedadlı gənclərə dəstək olmuşdur. Gənclər də Vətənimizin ən çətin anlarında ulu öndərin bir çağırışı ilə meydanlara axışmış, taleyi tükdən asılı olan, başı bəlalar çəkmiş ölkəmizi xilas etmişlər.
Ulu öndərin gəncliyə, Azərbaycanın böyük gələcəyinə inamı bu cümlələrdə öz ifadəsini tapmışdır: “Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Milli Məclisin deputatı, görkəmli yazıçı-publisist Elmira Axundova Heydər Əliyevin həyat və fəaliyyətinə, ömür yoluna həsr etdiyi “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik roman-tədqiqatında yazır: “Gənclər və idman naziri Azad Rəhimov maraqlı bir epizodu yada salır: “Qubada Olimpiya Kompleksinin açılışı idi. Ulu öndər çıxış edirdi və birdən nitqini saxladı, gənc bir qıza müraciət elədi. Qızın əlində üçrəngli bayrağımız var idi. Havanın küləkli olmasına baxmayaraq, bu gənc qız bayrağımızı daim başı üzərində dik saxlamışdı. Minlərlə insanın arasında Heydər Əliyev onu gördü və qızı çağırdı. Gənc qız dahi öndərimizin yanına gəldi. Heydər Əliyev bu qızı digər gənclərimizə nümunə kimi göstərdi.
Ümummilli liderimiz bu incəliyi görməklə digər gənclərə nümunə göstərdi ki, bayrağa qayğı varsa, bayraq dövlətin atributudursa, deməli, dövlətə sayğı var”.
Bu, bütün həyatı boyu gəncliyə daim diqqət və qayğı göstərən, gəncliyi özünə yaxın dost bilən Heydər Əliyevin həyatından adicə bir epizoddur. Amma nə qədər diqqətəlayiq və nümunəvi epizoddur.
Ulu öndərin gənc əsgərlərlə, idmançılarla, tələbələrlə, məktəblilərlə görüşlərində nə qədər maraqlı, ibrətamiz, unudulmaz anların şahidi olmuşuq.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də öz fəaliyyətində gənclərlə iş məsələsinə çox həssaslıqla yanaşır, müstəqil Azərbaycan dövlətinin bu günü və gələcəyinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda yetişməsi üçün lazım olan hər şeyi edir. Məlum olduğu kimi, dövlət başçısının 19 dekabr 2011-ci il tarixli fərmanı ilə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşması məqsədilə respublikamızda Gənclər Fondu yaradılmışdır. “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş işləri görmək üçün dövlət büdcəsindən 8 milyon 375 min manat vəsait ayrılmışdı. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına isə 80 milyon manat ayrıldı. Göründüyü kimi, təqribən 10 dəfəyədək artıq vəsait ayrılıb ki, əsas məqsəd Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin təhsili, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini reallaşdırmaq olmuşdur.
Ötən il sentyabrın 15-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı.
Üçüncü dövlət proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Bu baxımdan Proqram gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, ölkədə könüllülük hərəkatının stimullaşdırılması, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin olunması və gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.
Göründüyü kimi, son illər respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması
üçün siyasi,
sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını
daha da sürətləndirib.
Artıq gənclərlə
iş dövlət siyasətinin mühüm tərkib hissəsinə
çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın
bütün bölmələrində aktiv fəaliyyəti ilə
seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayır.
Müstəqil dövlətimizin
gənclərə verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan
gəncliyi öz sözünü deməyə və layihələri
ilə dünya birliyində təmsil olunmağa qadirdir. Son illərin hadisələri
də təsdiqləyir ki, Azərbaycan dəyərlərinin,
reallıqların dünya ictimaiyyətinə
çatdırılmasında gəncliyin xüsusi yeri var. Xalqlar arasında
dostluğun, etimadın və qarşılıqlı
anlaşmanın möhkəmləndirilməsinə önəm
verən gənclik xalqımıza məxsus olan ali dəyərləri
qoruyub saxlayır, onun təbliğinə bütün
gücünü və iradəsini sərf edir. Heydər
Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (AMOR) sədri, IDEA
kampaniyasının rəhbəri Leyla xanım
Əliyevanın Azərbaycan həqiqətlərinin dünya
miqyasında yayılmasında
xüsusi yeri və rolu var. Onun rəhbərlik etdiyi AMOR
Rusiyanın bütün regionlarını əhatə edən
və ölkələrimizin gələcəyi
üçün çox böyük əhəmiyyətə
malik olan mühüm gənclər təşkilatlarından
birinə çevrilmişdir.
Leyla xanım
Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə
irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq
məlumatlandırma kampaniyası Xocalı soyqırımı
və Qarabağ münaqişəsi barədə həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
səmərəli fəaliyyət göstərir.
Hazırda gənclərimizin
səsi dünyanın ən yüksək tribunalarından
eşidilir.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında da gənclərlə
bağlı müddəa öz əksini tapıb. Elmin
İnkişaf Fondunun da əhəmiyyəti
böyükdür. Gənclər, gənc
alimlər bu fondun xətti ilə müxtəlif proqramların
icrasında fəal iştirak edirlər.
Azərbaycan Prezidenti cənab
İlham Əliyev bildirib ki, gənclərin potensialından səmərəli
istifadə etmək gərəkdir. Gənclər
böyük qüvvədir. Bu baxımdan
deyə bilərik ki, son illər respublikamızda həyata
keçirilən tədbirlər gənclərin hərtərəfli
inkişafının təmin olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və
təminatların yaradılmasını sürətləndirib,
onların ictimai-siyasi fəallığının
artırılmasına kömək edib. Bu
gün ölkəmizdə gənclər siyasəti dövlət
siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın
bütün bölmələrində fəal fəaliyyəti
ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev son
14 ildə gənclərimizin hərtərəfli
inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi
üçün bütün imkanlardan istifadə edir. Dövlət
başçısı ölkədə gənclər siyasətini
uğurla davam etdirərək, müvafiq sərəncamı ilə
2007-ci ili “Gənclər ili” elan etdi. Dövlət tərəfindən gənclərə
göstərilən yüksək diqqət və qayğı
ildən-ilə artırılır. Yüksək
intellekti və bacarığı ilə seçilən gənclərin
dövlət idarəetmə işlərinə cəlb
olunması deyilənləri bir daha təsdiqləyir. Gənclər
siyasətinin həyata keçirilməsində müasir
informasiya – kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə
iş səmərəsini artırmaqla yanaşı,
onların informasiya cəmiyyətinə
uyğunlaşmasına real zəmin yaradır.
Azərbaycanda gənclərin
hərtərəfli inkişafı istiqamətində
genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə
Prezidentinin sərəncamı ilə təsdiq olunmuş
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”nın böyük əhəmiyyəti
olub. Gənclərin inkişafını və
asudə vaxtını səmərəli təşkil etmək,
məlumatlandırma, yönəltmə və sosial dəstəyi
təmin etmək üçün respublikanın şəhər
və rayonlarında sosial xidmət müəssisələri–Gənclər
evləri (mərkəzləri) istifadəyə verilib. Gənclərin təşkilatlanması
üçün zəruri iqtisadi, hüquqi və təşkilati
imkanlar yaradılıb.
Prezident İlham Əliyevin 26 yanvar
2015-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin
yeni mərhələyə qədəm qoyduğunu bir daha
göstərdi. Strategiyanın məqsədi
2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan
gəncliyinin potensialını müasir dövrün tələblərinə
uyğun inkişaf etdirmək, bundan ölkəmizin mənafeyi
naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq
mövqeyi formalaşdırmaqdır.
Strategiyada Azərbaycan gəncliyinin
çağırış və hədəfləri iki qrupa
bölünür. Sənəddə qeyd olunur ki, ümumbəşəri
çağırış və hədəflər
qloballaşma ilə əlaqədardır. Bu,
gənclərin ümumbəşəri dəyərlərə
yiyələnməsini, informasiya cəmiyyətində
yaşamaq bacarıqlarının artırılmasını,
müxtəlif ölkələrin gəncləri ilə dostluq
və əməkdaşlıq münasibətlərinin
yaradılmasını, beynəlxalq gənclər hərəkatında
iştirakını nəzərdə tutur. Daxili çağırışlar fərdi və
ictimai əmin-amanlığı təmin etmək məqsədilə
mövcud sosial-iqtisadi imkanlardan gənclərin
potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək
üçün səmərəli istifadə
olunmasını nəzərdə tutur. Azərbaycanın
müharibə vəziyyətində olması və ərazisinin
20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilməsi yeniyetmə və gənclər
arasında vətənpərvərlik tərbiyəsi
işinin gücləndirilməsini, hərbi
hazırlığın müasir tələblərə
uyğun təşkilini, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
daha təsirli tədbirlərin görülməsini zəruri
edir. Bu baxımdan “2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası” göstərilən
müddəti əhatə edən dövrdə gənclər
siyasətinin məqsədlərini, vəzifələrini və
icra mexanizmlərini müəyyən edir.
Həmçinin qeyd olunur ki,
strategiyanın səmərəliliyini qiymətləndirmək
məqsədilə qiymətləndirmə indikatorları
sistemi və onların ölçmə mexanizmləri
yaradılmalıdır. Bu indikatorlar görülən işlərlə
gənclərin vəziyyəti arasında əlaqəni
özündə ehtiva etməlidir. Mövcud
“Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş
formatı və keçirilən sosioloji tədqiqatlar bu
sistemin əsasını təşkil edəcək.
Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin
sonuna qədər gənclər arasında təhsil səviyyəsinin
və peşə təhsili alanların sayının
artırılması, gənc məzunların ixtisaslarına
uyğun işlə təmin edilməsi səviyyəsinin
yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin
aşağı salınması, onların təhsil müddətində
yaşayış şəraitinin
yaxşılaşdırılması üçün ali, orta
ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin
şagird və tələbələrinin yataqxanalarda yerlə
təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələri
məzunlarının öz regionlarında ixtisaslarına
uyğun işlə təmin edilməsi kimi məsələlər
öz əksini tapıb.
Bu gün Yeni Azərbaycan
Partiyası öz sıralarında 700 mindən çox
insanı birləşdirir, onların 40 faizdən çoxu gənclərdir. Yəni, bu
gün partiyamızın fəaliyyəti, ideyaları,
apardığı siyasət gənc nəsil üçün
də cəlbedicidir və bu, çox müsbət haldır.
Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra
da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq
və partiyanın bəyan etdiyi prinsiplər xalq tərəfindən
tam dəstəklənir. Azərbaycanda
görülmüş işlər, ölkəmizin uğurlu
inkişafı, əlbəttə, hər bir vətənpərvər
insana əyani şəkildə göstərir ki,
bugünkü iqtidarın apardığı siyasət yeganə
düzgün siyasətdir.
Heydər Əliyevin 100 illiyini gələn
il qeyd edəcəyimiz doğma Bakı
Dövlət Universitetinə, onun çoxsaylı tələbə-gənclərinə
diqqət və qayğısı, sevgisi, səmimiyyəti
böyük idi. Ulu öndər öz yubileyini
altı dəfə qeyd etmiş (1929, 1969, 1980, 1994, 2000, 2009)
Bakı Dövlət Universitetinin dörd yubileyinin təşəbbüskarı
və təşkilatçısı olmuşdur. O, məzunu
olduğu Bakı Dövlət Universitetinin kollektivi ilə,
xüsusən tələbələrlə
görüşüb söhbət etməkdən xüsusi
zövq alardı. Gənclərimizin də bir çoxu, zəngin
ənənələri olan bu qaynar elm ocağında, ulu
öndərin təhsil aldığı ali
məktəbdə oxumaqdan şərəf duyurlar.
1999-cu il
yanvarın 11-də ulu öndər Heydər Əliyevin
imzaladığı sərəncamla Bakı Dövlət Universitetinə
rektor təyin edilən akademik Abel Məhərrəmov işlədiyi
19 il ərzində təhsil sahəsində gənclər siyasətini
uğurla həyata keçirən bir rəhbər kimi ulu
öndərin ona göstərdiyi etimadı şərəflə
doğruldub. 100 illiyi gələn il qeyd
ediləcək Şərqin ilk universiteti Azərbaycanın mənəvi
sərvətinə və milli şüurumuzun qaynaq yerinə
döndü.
Akademik Abel Məhərrəmov
Bakı Dövlət Universitetini gənclərin doğma evinə,
ocağına çevirdiyi üçün çoxsaylı tələbə
ordusunun sevimlisidir. Hər bir tələbəyə öz
övladı kimi yanaşan bu sadə, səmimi, genişqəlbli
insan hər gün onların qayğıları ilə
yaşayır. Hər bir istedadlı tələbəsi
ilə fəxr edir, qürur duyur. Universitet
hər bir tələbə üçün balaca bir
“planet”dir, uçuş meydanıdır. Xüsusən
yubiley ərəfəsində universitetdə tələbələr
arasında əsl bilik, intellekt yarışı gedir.
Gənclik bilməz dinclik nədir. Bu gün sabahın sorağı ilə Bakı Dövlət Universiteti kimi doğma ocaqdan qanadlanan yüzlərlə gəncin bayramıdır. Bütövlükdə, Azərbaycan gəncliyinin şərəfli bayramıdır.
Günel MƏLİKLİ,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Xalq qəzeti.-
2018.- 2 fevral.- S.5.