2 fevral – Azərbaycan Gəncləri
Günü münasibətilə təntənəli
mərasim keçirilib
Mərasimdə bir
qrup gəncə Prezident mükafatları təqdim olunub
Fevralın 2-də Azərbaycan Gəncləri
Günü münasibətilə
“Buta Palas”da təntənəli mərasim
keçirilib. Mərasimdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2018-ci il
2 fevral tarixli Sərəncamı ilə
bir qrup gəncə Prezident mükafatları təqdim
olunub.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Azərbaycan
Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov,
Prezident Administrasiyasının
gənclər siyasəti
və idman məsələləri şöbəsinin
müdiri Yusuf Məmmədəliyev,
gənclər və idman naziri Azad Rəhimov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və gənclər təşkilatlarının nümayəndələri
iştirak ediblər.
Gənclər və idman naziri
Azad Rəhimov tədbirdə
çıxış edərək
ölkəmizdə əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
dövlət gənclər
siyasətindən danışıb. Bildirib ki,
21 ildir gənclərimiz
ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri
Gününü təntənəli
şəkildə qeyd
edirlər. Bu dövr yaddaşlarda Azərbaycan dövləti
tərəfindən gənclərə
göstərilən yüksək
diqqət və qayğı illəri kimi qalıb.
Ötən ilin ölkəmizin, o cümlədən
gənclərimizin həyatında
uğurlu il
olduğunu vurğulayan
nazir Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən “Azərbaycan
gəncləri 2017-2021-ci illər”də
Dövlət Proqramının
təsdiq olunması barədə Sərəncamın
imzalanmasını xüsusi
qeyd edib. Bildirib ki, bu sənəd
Azərbaycan Prezidenti tərəfindən gənclərlə
bağlı təsdiq
edilən üçüncü
Dövlət Proqramıdır.
Gənclərin bütün
sahələrdə maraqlarını
nəzərə alan bu proqram
müasir dövrün
çağırışlarına tam cavab verir. Dünyanın heç bir ölkəsində gənclərlə
bağlı ardıcıl
olaraq bu qədər proqram qəbul edilməyib.
Nazir paytaxt Bakı ilə yanaşı, regionlarda da gənclərin fəallığının, məşğulluğunun
təmin edilməsinin
diqqət mərkəzində
saxlanıldığını vurğulayaraq, bölgələrdə
Gənclər evlərinin
inşasının onların
məşğulluğu işinə,
eləcə də bilik və bacarıqlarının
artırılmasına mühüm
töhfə verdiyini bildirib. Qeyd edib ki, bu
gün Azərbaycan gəncləri vətənpərvər,
yüksək intellektli,
milli mənəvi dəyərlərinə, tarixi
köklərinə, dövlətə
və Vətənə
sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı
əsl vətəndaşlıq
mövqeyindən çıxış
edərək yüksək
fəallıq və təşəbbüskarlıq göstərirlər.
Azad Rəhimov
gənclərimizin inkişafında,
onların fəallıqlarının
artırılmasında, istedadlarının
üzə çıxarılmasında
Azərbaycanın Birinci
vitse-prezidenti xanım
Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki,
müasir dövrdə
Azərbaycan iqtisadiyyatının
əsasında yaradıcılıq,
innovasiyalar, bilik və bacarıqlar, eləcə də yüksək texnologiyalardan
peşəkarlıqla istifadə
imkanları dayanır.
Məhz buna görə də yaradıcı və istedadlı gənclərin üzə
çıxarılmasına, onlara dövlət dəstəyinin göstərilməsinə
xüsusi diqqət yetirilir. Ölkəmizdə
gənclərin məşğulluğunun
təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi
istiqamətində ilk dəfə
olaraq “Made in Azerbaijan-2017” biznes
ideya müsabiqəsi,
“Gənc investor-2017” birja
ticarəti üzrə
simulyasiya yarışı
keçirilib.
Son illər Azərbaycan gənclərinin
təşkilatlanması, onların
beynəlxalq əlaqələrinin
inkişafı istiqamətində
mühüm nailiyyətlərin
əldə olunduğunu
diqqətə çatdıran
Azad Rəhimov ötən
il 160-dan çox ölkədən
nümayəndələrin iştirakı ilə Dünya Skaut Təşkilatının 41-ci konfransının
Azərbaycanda təşkilinin
önəmini qeyd edib.
Bu il dövlət gənclər
siyasətinin banisi ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileylərinin qeyd olunacağını, prezident
seçkilərinin keçiriləcəyini,
habelə Mart soyqırımının
100-cü ildönümü ilə bağlı silsilə tədbirlərin
təşkil olunacağını
diqqətə çatdıran
nazir bu baxımdan gənclərimizin
üzərinə mühüm
vəzifələr düşdüyünü
qeyd edib. Azad Rəhimov Bakının
“Ekspo-2025” Ümumdünya Sərgisinə
namizədliyini irəli
sürdüyünü xatırladaraq,
bu mövzuda gənclər arasında esse müsabiqəsinin elan olunduğunu deyib. Nazir çıxışının
sonunda gəncləri
2 fevral - Azərbaycan Gəncləri Günü
münasibətilə təbrik
edərək, onların
qarşıdakı prezident
seçkilərində dövlətimizin
başçısı İlham
Əliyevi dəstəkləyəcəklərinə
əminliyini bildirib.
Prezident Administrasiyasının gənclər
siyasəti və idman məsələləri
şöbəsinin müdiri
Yusuf Məmmədəliyev çıxış
edərək Azərbaycanda
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan dövlət gənclər siyasətinin
uğurlarından danışıb. Azərbaycan Gəncləri
Gününün ümummilli
lider Heydər Əliyevin ölkə gəncliyinə töhfəsi
olduğunu vurğulayan
Yusuf Məmmədəliyev deyib
ki, hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam və inkişaf
etdirir.
Azərbaycan gənclərinin yüksək
intellektli və vətənpərvər olduqlarını,
ölkəmizi uğurla
təbliğ etdiklərini
diqqətə çatdıran
Prezident Administrasiyasının
şöbə müdiri
qlobal səviyyədə
rəqabətədavamlı gənclərimizin sayının
ildən-ilə artdığını
məmnunluqla vurğulayıb. Qeyd edib
ki, gənclərin potensialının artırılması,
onların inkişafı
prosesində motivasiya çox önəmlidir.
Bu gün müxtəlif
sahələrdə ən
istedadlı gənclərin
təltif olunması onların uğurlarını
cəmiyyətə tanıtmaqla
yanaşı, həmin
gənclərin daha da həvəsləndirilməsinə
mühüm töhfə
verəcək. Gənclərimiz bilməlidirlər ki, onların bilik və bacarıqları, fəaliyyətləri diqqətdən
kənarda qalmır və yüksək qiymətləndirilir. Prezident İlham
Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva gənclərimizin qayğısına
qalır, onların fəaliyyətini yaxından
izləyirlər.
Yusuf Məmmədəliyev
bildirib ki, ölkə rəhbərliyinin
həyata keçirdiyi
“qara qızılın
insan kapitalına çevrilməsi” strategiyasına
əsaslanan gənclər
siyasəti nəticəsində
gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı
təşviq edilir. Buna görə də gənclərimiz ölkəmizin
inkişafı üçün
bütün sahələrdə
daha da fəal
olmalıdırlar.
Bu ilin ölkəmiz üçün
əhəmiyyətli hadisələrlə
zəngin olacağını
vurğulayan Yusuf Məmmədəliyev
bu baxımdan növbəti prezident seçkilərinin önəmini
xüsusi qeyd edib. Əminliklə bildirilib ki,
Azərbaycanın gələcəyini,
uğurlu inkişafını
təmin edəcək
bu prosesdə gənclər daha da fəal olacaq,
dövlətimizin onlara
göstərdiyi etimadı
doğruldacaqlar.
Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə
namizədliyini irəli
sürdüyünü xatırladan
şöbə müdiri
deyib ki, bu, insan kapitalının
inkişafı və gələcəyə baxış
strategiyasına əsaslanır. Bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu
gənclər siyasəti
nəticəsində Azərbaycan
gəncliyi müasir,
tolerant, savadlı, bacarıqlı
və innovativdir.
Çıxışının sonunda gəncləri əlamətdar gün münasibətilə bir daha təbrik edən Yusuf Məmmədəliyev
deyib ki, Azərbaycan rəhbərliyi
gənclərimizə inanır
və daim onları dəstəkləyir. Hər bir
gənc ölkəmizin
tarixi-mədəni dəyərlərini
yaşatmalı, layiqli
vətəndaş kimi
Vətəninə xidmət
etməlidir. Bu gün Azərbaycan öz tarixinin ən güclü və dinamik dövrünü yaşayır.
Gənclərimiz bu dövrün
çağırışlarını həssaslıqla duymalı,
ölkəmizin inkişafına
öz töhfələrini
verməlidirlər.
Sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən,
mədəniyyət, təhsil
və ictimai fəaliyyət sahələrində
xüsusi fərqlənən
Reyhan Camalovaya, Gülnar Əlfidatlıya,
Xaqani Fərəcova, Ağarəhim Quliyevə,
Zümrüd Səfərovaya
və Aysun Zeynalovaya 2018-ci il Gənclər üçün
Prezident mükafatları
təqdim olunub.
Tədbirdə, həmçinin uğur qazanan, habelə dövlət gənclər
siyasətinin əsas istiqamətləri üzrə
həyata keçirilmiş
müxtəlif tədbirlərdə
fərqlənən yaradıcı
və istedadlı gənclər də mükafatlandırılıb.
Mərasimdə Naxçıvan
şəhərinin 2018-ci il üçün Azərbaycanın “Gənclər
paytaxtı” seçildiyi
elan olunub. Bildirilib ki, Naxçıvan
“www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.
Gənclər və idman naziri
Azad Rəhimov gənclər
paytaxtının rəmzi
açarını Naxçıvan
Muxtar Respublikasının
gənclər və idman naziri Azad Cabbarova təqdim edib.
Tədbir bədii hissə ilə davam edib.
AZƏRTAC
Xalq qəzeti.-
2018.-3 fevral.- S.4.