Regionlarda turizmin davamlı inkişafı təmin edilir
Azərbaycanın regionlarının turizm imkanları çox böyükdür. Bu, regionların
sosial-iqtisadi inkişafı
ilə bağlı dövlət proqramlarında
da əksini tapıb. Yanvarın
29-da Heydər Əliyev
Mərkəzində keçirilən
“Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrasının
dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin proqram xarakterli çıxışında
ölkədə turizmin
inkişafına xüsusi
diqqət yetirilib. Prezident bu barədə
danışarkən deyib:
“Turizm sektorunun inkişafını nəzərə
alaraq, bu il Qəbələ
şəhərinə dəmir
yolunun çəkilişi
başlanmalıdır. Çünki Qəbələ Bakıdan
sonra ölkəmizin ikinci turizm mərkəzidir
və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq
aeroport inşa etdik. Bu gün
bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları
təşkil etmək
imkanı yaradır.
Əgər onu vaxtında
tikməsəydik, bəlkə,
Qəbələyə bu
qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna
da dəmir yolunun çəkilişi
planlarımızda var. Eyni
zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək”.
Azərbaycanın müxtəlif bölgələrində
turist marşrutları
üzrə mükəmməl
infrastruktur şəbəkəsi
yaradılması və
müasir turist yerləşdirmə obyektlərinin
istifadəyə verilməsi
bunun təsdiqidir. Ölkəmizin reytinqinin yüksəlməsində
mühüm rol oynayan “Şahdağ” Qış-Yay Turizm Kompleksi belə yüksək səviyyəli
obyektlərdəndir. Bu
kompleks nadirliyi və universallığı
ilə dünyadakı
oxşar turist obyektlərindən fərqlənir.
Cənab Prezident yanvarın 30-da bu turizm kompleksinə səfəri zamanı buranın növbəti inkişaf planları ilə tanış
olub.
Konfransda ölkə
başçısı bu
məsələ ilə
bağlı deyib: “Hesab edirəm ki, turizmin inkişafı
ilə bağlı bölgələrdə yeni
otellərin tikilməsinə
ehtiyac var. Bunu, əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor, əlbəttə
ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə
qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə
yaradır. Təkcə
keçən il gələn turistlərin sayı beş yüz minə yaxın artmışdır. Əminəm
ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər.
İndi sürətli qatarlarımız
olacaq, onlardan istifadə edəcəklər.
Bölgələrə daha da çox turist gələcək. Ona görə
hesab edirəm ki, bölgələrdə
otellərin tikilməsi
üçün yaxşı
biznes imkanları var və bunu
özəl sektor öz üzərinə götürməlidir.”
Azərbaycanın regionlarında bu məsələ tədricən
həllini tapır. Bu işlər getdikcə genişlənir. Gəncədə,
Mingəçevirdə, Lənkəranda,
Qəbələdə, Nabranda,
Qusarda, Qubada xeyli sayda otelin
açılması onu
göstərir ki, iqtisadiyyatda turizmə maraq ildən-ilə artır.
Regionlarda yeni turizm obyektlərinin
açılması insanların
işlə təmin olunması, əmək qüvvəsinin ölkədən
kənara çıxmaması
deməkdir. Regionlarda turizm sahəsində
kadr hazırlığına
da diqqət artmaqdadır. Dövlət
bu istiqamətdə iş aparır. Məsələn, Qəbələ və İsmayıllı rayonlarında kadr hazırlığı daha
da təkmilləşib.
Hər iki rayonda turizm
peşə liseyi fəaliyyət göstərir.
Bu isə yaxın
rayonların da kadr tələbatını
ödəməkdə əhəmiyyətli
rol oynayacaq.
Bu gün
ölkəmizdə həm
yay turizmi, həm qış turizmi, eləcə də sağlamlıq, mədəni turizm inkişaf dövrünü
yaşayır. Yeni turizm zonalarının
yaradılması istiqamətində
həyata keçirilən
tədbirlər də
davam etdirilir.
Prezident İlham Əliyevin turizm potensialı olan bölgələrə
etdiyi səfərlər
zamanı, demək olar ki, hər
dəfə yeni turizm obyektləri, otellər, restoranlar, istirahət parkları və sair istifadəyə
verilir. Bütün bunlar regionlarda
yaşayan işsizlərin,
əsasən də gənclərin işlə
təmin olunması üçün böyük
imkanlar yaradır.
Bundan əlavə, turistlərə informasiyaların
çatdırılması məqsədilə Xaçmaz,
Quba, Şamaxı, Şəki və Lənkəranda, eləcə
də Dünya Bankının maliyyə vəsaiti hesabına Lahıcda turizm informasiya mərkəzlərinin
fəaliyyətə başlaması
da bölgələrdə
turizmin inkişafına
təkan verir. Lakin bütün bunlara baxmayaraq, bəzi mütəxəssislər hesab
edirlər ki, regionlarda turizmin yüksək sürətli
inkişafı və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması
üçün bir sıra problemlər həll edilməli və kompleks tədbirlər həyata keçirilməlidir.
Ötən il Azərbaycanda turizmin inkişaf tempi onu deməyə əsas verir ki, ölkəmizdə davamlı inkişaf tendensiyası uğurla həyata keçirilmişdir.
Bunu faktlar da sübut
edir. Bu ilin
10 ayı ərzində
ölkəmizə gələn
xarici vətəndaşların
sayı 2 276 604 nəfər
olub. Bu sırada
Rusiya, Gürcüstan,
İran və Türkiyə vətəndaşlarının
xüsusi çəkisi
daha çox olub: müvafiq olaraq 31,9 , 19,2 , 14 və 10,9 faiz təşkil edib.
“Azərbaycan Respublikasına
turist axınının
sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
20 fevral 2017-ci il tarixli sərəncamına uyğun
olaraq, bütün sərhəd-buraxılış məntəqələrində turistlərin
sürətli keçidi
üçün xüsusi
ayrılmış hərəkət
zolaqlarının yaradılması
və bununla bağlı müvafiq təşkilati işlərin
görülməsi nəzərdə
tutulmuşdur.
Strateji yol xəritəsində turizmin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin reallaşması
da yeni uğurlara
imkan yaratmışdır. Strateji yol
xəritəsi özündə
2020-ci ilədək iqtisadi
inkişaf strategiyasını
və tədbirlər
planını, 2025-ci ilədək
olan dövr üçün uzunmüddətli
baxışı və
2025-ci ildən sonrakı
dövr üçün
hədəf baxışını
əhatə edir.Burada
regionlarda turizmin inkişafı ilə bağlı da xeyli müddəalar yer alıb.
Ölkədə turizm biznesinin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğının davamı olaraq Azərbaycan Respublikası Prezidenti 2017-ci il yanvarın 31-də “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalamışdır. Fərmana əsasən, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri siyahısına turizm sahəsi də əlavə edilmişdir. Dəyişiklik nəticəsində turizm sahəsinə sərmayə qoyacaq daxili və ya xarici investorlara qanunla müəyyən edilmiş müvafiq miqdarda gömrük və vergi güzəştləri tətbiq olunur.
Ölkəmizdə turizm sahəsi böyük perspektivlərə malikdir. Turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir.
Mirvari ZEYNALOVA,
Şəki Regional Mədəniyyət
və
Turizm İdarəsinin rəisi
Xalq qəzeti.- 2018.- 4 fevral.- S.3.