ABŞ-ın Boston şəhərində
“Əli və Nino” filminin
təqdimatı olub
ABŞ-ın Boston şəhərinin Tafts Universitetində “Əli və Nino” filminin təqdimatı keçirilib. Təqdimat mərasimi Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilib. Səfirlikdən verilən məlumata görə, tədbirdə universitetin kollektivi, Bostonda yaşayan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Tafts Universiteti “Fletçer” Hüquq və Diplomatiya Məktəbinin professoru Rokford Veitz ölkəmizin strateji əhəmiyyətinə toxunub. Həmçinin “Əli və Nino” əsərinin tarixi əhəmiyyətini və bugünkü aktuallığı haqqında danışıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi dövlət tərəfindən yüksək seviyyədə qeyd edilir. Səfir vurğulayıb ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Elin Süleymanov Azərbaycanın həyata keçirdiyi xarici siyasətdən, o cümlədən irimiqyaslı regional layihələrdən, “Cənub” qaz dəhlizindən danışıb, habelə torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması və işğalçı dövlətin soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti haqqında mərasim iştirakçılarına məlumat verib.
Diplomat həmçinin bildirib ki, “Əli və Nino” filmi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlib. Film yüksək keyfiyyəti ilə seçilir və aktyorlar olduqca istedadlıdır.
Film böyük maraqla qarşılanıb və tamaşaçılarda yüksək təəssürat yaradıb.
Ü. VAHİDQIZI
Xalq qəzeti.-
2018.- 6 fevral.- S.8.