Özbəkistan mətbuatında ölkəmizlə bağlı “İlin ən yaxşı məqaləsi” müsabiqəsi

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan mətbuatında ölkəmizlə bağlı “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilib.

Birinci nominasiya “Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda müəyyən edilib. Mədəniyyət mərkəzi AXC ilə bağlı elmi–tədqiqat əsərlərinə, kitab layihələrinə də dəstək verməyi planlaşdırır.

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinin qeyd olunması nəzərə alınaraq “Heydər Əliyev: Azərbaycan – Özbəkistan dostluğu” adlı nominasiya da builki müsabiqəyə daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

“Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. Bu il həmin tarixi hadisənin 10 illiyi ilə əlaqədar növbəti nominasiya “Azərbaycan mədəniyyətlərarası dialoqun unikal məkanıdır” adlandırılıb.

Füsunkar təbiətə, qədim tarixə və zəngin mədəniyyətə  malik Azərbaycanın Özbəkistan televiziya kanallarında təbliği məqsədilə builki nominasiyaların biri də Özbəkistan telekanallarında “İlin ən yaxşı verilişi, filmi, videoçarxı və klipi” müəyyən edilib.

Azərbaycan məhsullarının xaricdə təbliği məqsədilə “Made in Azerbaijanbrendi adlı nominasiya da müsabiqədə yer tutub.

Müsabiqədə həmçinin, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” adlı nominasiya da var. Azərbaycan mövzusuna daha çox müraciət edən və dostluq əlaqələrimizi geniş təbliğ edən, işıqlandıran mətbuat vasitələri, habelə ilin fəal xadimləri də AMM-in xüsusi mükafatlar ilə təltif olunacaqlar.

Müsabiqəyə dekabr ayında yekun vurulacaq.

 

Ü.VAHİDQIZI

 

Xalq qəzeti.- 2018.- 8 fevral.- S.7.