“Azərbaycan Dəmir Yolları”: İqtisadiyyatın və
əhalinin daşımalara olan tələbatının ödənilməsi
prioritet vəzifədir
Hər bir ölkənin geosiyasi və geoiqtisadi gücü həm də onun nəqliyyat sisteminin inkişafından asılıdır. Bu mənada dəmir yolu nəqliyyatının rolu mühüm önəm daşıyır. Başqa sözlə, milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası və qitələrarası mal dövriyyəsi səviyyəsinin tədricən yüksəldiyi bir dövrdə dəmir yolu nəqliyyatı dövlətlərin inkişafının təkanverici elementinə çevrilməklə, xüsusi əhəmiyyət kəsb edir. Məhz elə buna görə də Azərbaycanda dəmir yolu sisteminin tərəqqisinin daim diqqət mərkəzində saxlanılması prioritet məsələlərdən biridir.
Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üzrə
təşkilatının sədri Xeyrulla Hümbətov
söhbət zamanı yuxarıdakı fikri davam etdirərək
dedi:
– Ulu öndərin siyasi xəttinin layiqli davamçısı dövlətimizin başçısı möhtərəm İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ölkə Prezidentinin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm islahatlar dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi.
Ölkə Prezidenti tərəfindən həyata keçirilən iqtisadi islahatlar Azərbaycan dəmir yolunun tərəqqisinə də öz müsbət təsirini göstərib. Dövlətimizin başçısının Azərbaycanın dəmir yolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolunu nəzərə alaraq 2005-ci il 7 oktyabr tarixli sərəncamı ilə hər il oktyabrın 13-nü dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis etməsi isə bu sahəyə dövlət səviyyəsində olan qayğı və diqqətin bariz göstəricisidir.
Bu gün inamla deyə bilərik ki, cənab İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi ötən illər ərzində bu sahədə mühüm uğurlar əldə olunub.
(QSC-nin rəhbərliyində həyata keçirilən dəyişiklik də bir daha göstərdi ki, cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri dəmir yolu sistemini ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirməkdir.)
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi, Cavid Qurbanovun səhmdar cəmiyyətə sədr təyin olunması sözügedən sahədə islahatların daha da sürətlənməsinə və restrukturizasiyasına, dəmir yolu sisteminin ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirilməsinə, habelə dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərib.
Ötən müddətdə bu qurumun tarixində ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması, dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qısa müddətdə ümumilikdə 500 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi reallaşdırılıb.
“Azərbaycan Dəmir
Yolları”nın lokomotiv parkının yenilənməsi
istiqamətində də mühüm addımlar atılıb.
Yük və sərnişin lokomotivlərinin, teplovozların,
elektrovozların, müxtəlif təmayüllü yük
vaqonlarının alınması ilə bağlı əməli
tədbirlər həyata keçirilib.
Hazırda beynəlxalq maliyyə qurumları ilə QSC arasında əlaqələr daha da intensivləşib. İslahatların aparılması sürətlənib. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.
Azərbaycan dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində QSC tərəfindən son iki il ərzində görülən işlərin bir qisminə nəzər salaq. Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev və
Birinci vitse-prezident Mehriban
xanım Əliyeva iştirak ediblər.
Xatırladım ki, uzun illər
istismar və baxımsızlıq üzündən vağzal
binası görkəmini itirdiyi üçün 2015-ci ilin əvvəlində
burada əsaslı yenidənqurma işlərinə start
verildi. Vağzal binasında milli ornamentlərə uyğun
yenidənqurma həyata keçirildi.
Vağzalın əsas
binasının fasadı memarlıq üslubunun saxlanması
şərtilə yenidən quruldu, binanın daxilində əsaslı
təmir işləri görüldü. Həmçinin
bilet satışı kassaları, sərnişin
platformaları müasir üslubda əsaslı təmir olundu,
eskalatorlar yenisi ilə əvəzləndi. Yük, sərnişin və əlillər
üçün liftlər quraşdırıldı. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir
standartlara cavab verən ticarət və iaşə obyektləri
yaradıldı, ana-uşaq otaqları, gözləmə
zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə
verildi. Əsaslı təmir və yenidənqurma
işləri çərçivəsində dördü
vağzala, dördü isə şəhərə
çıxış üçün müasir səviyyədə
8 tunel də yaradıldı.
Vağzal binasının
ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” yerləşir. Burada qeydiyyat
yerindən asılı olmayaraq bütün vətəndaşlara,
o cümlədən vağzaldan istifadə edən hər bir sərnişinə
xidmət göstərilir.
Bank və notariat xidmətlərinin
də təşkil edildiyi “ASAN kommunal”da könüllülər
otağı, konfrans zalı, uşaq əyləncə sahəsi
yaradılıb.
Bakı Dəmir Yolu
Vağzalının belə yüksək səviyyədə
yenidən qurulması, ümumilikdə, ölkəmizdə həyata
keçirilən sosial layihələrin uğurla davam etməsini
aydın göstərir. Bu layihənin icra olunması həm də
Azərbaycan dəmir yollarının inkişafına göstərilən
dövlət qayğısının bariz nümunəsidir.
Yeri gəlmişkən, möhtərəm
Prezidentimizin tapşırığı əsasında
regionlarda vətəndaşların dövlət xidmətləri
ilə təmin edilməsi üçün səyyar “ASAN
qatar” konsepsiyasının reallaşması ilə bağlı
da bir neçə kəlmə demək istərdim. “ASAN qatar” ölkəmizdə geniş dəmir yolu
şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri
və ən müasir texnologiyalardan istifadə edərək
yerlərdə vətəndaşlara səmərəli xidmət
göstərir.
Qeyd edim ki, səyyar “ASAN qatar” da
göstərilən xidmətlərə notariat fəaliyyəti,
vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin
verilməsi və dəyişdirilməsi, əmək
pensiyalarının təyin edilməsi, mənzillər üzərində
mülkiyyət hüquqlarının ilkin və təkrar
dövlət qeydiyyatına alınması barədə
çıxarışların, texniki pasportların verilməsi
və s. daxildir.
“Azərbaycan Dəmir
Yolları”nda işçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
davamlı tədbirlər həyata keçirilir. Məsələn, son iki il ərzində dəmiryolçuların mənzil
şəraitinin yaxşılaşdırılması məqsədilə
QSC rəhbərliyi tərəfindən 150 dəmiryolçu mənzillə
təmin edilib. Dəmiryolçuların gələcəkdə
də mənzillərlə təmin olunması nəzərdə
tutulur.
QSC-nin inzibati binasında da əsaslı
təmir və yenidənqurma işləri yüksək səviyyədə
həyata keçirilib. 1956-cı ildə inşa edilən bu
binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Burada işçilərin yüksək səviyyədə
çalışmaları üçün hərtərəfli
şərait yaradılıb, otaqlar ən müasir mebel və
avadanlıqla təchiz olunub. Qatarların hərəkəti
onlayn və GPS sistemləri ilə izlənilir.
Binada ən müasir
işıqlandırma sistemi qurulub. Dəmir yolunun fasiləsiz iş
rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində
iki transformator və generator quraşdırılıb, su anbarları
inşa edilib. Bina mərkəzləşdirilmiş
havalandırma sistemi ilə təchiz olunub. Burada, eyni zamanda, beynəlxalq standartlara cavab verən
yanğın təhlükəsizliyi və mühəndis
kommunikasiya sistemləri tam şəkildə yenilənib.
Ətraf ərazilərdə əsaslı
abadlıq-quruculuq və yaşıllaşdırma işləri
görülüb.
“Azərbaycan Dəmir
Yolları” QSC tərəfindən son iki ildə digər sahələrdə
də yenidənqurma tədbirləri həyata keçirilib. Əsaslı təmirinə
2016-cı il noyabr ayının 8-də
start verilən Bakı–Zabrat–Sumqayıt sərnişin dəmir
yolu istiqamətində işlər mərhələ-mərhələ
aparılır.
Bu yol istifadəyə
verildikdən sonra Bakı və Bakıətrafı qəsəbə
və kəndlərin əhalisinin dəmir yolundan istifadə
etməklə, nəqliyyat problemi qismən də olsa, aradan
qalxacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu,
Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray əhalisi
elektrik qatarlarının xidmətindən istifadə edərək,
mənzilbaşına rahat və təhlükəsiz şəraitdə
çatacaq.
“Azərbaycan Dəmir
Yolları” respublikadaxili digər dəmir yollarının təmirini
də xüsusi diqqətdə saxlayır. 2015-ci il aprelin 14-də “Azərbaycan
dəmir yollarının yenidənqurulması” layihəsinin
2-ci mərhələsinin icrası məqsədilə QSC ilə
Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətlər
qrupu arasında “Dəmir yollarının Bakı-Böyük
Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı
və əsaslı təmiri” barədə ixrac müqaviləsinə
əlavə saziş imzalanıb. Yeni layihə əsasında
indiyə kimi dəmir yolunun böyük bir hissəsi əsaslı
təmir olunub.
Bu gün Dəmir
Yollarının tabe müəssisələrinin texniki cəhətdən
yenilənməsinə də xüsusi əhəmiyyət
verilir. Fikrimin təsdiqi kimi diqqəti bir məqama yönəltmək
istərdim. Dəmir yollarının əsaslı
təmir olunan hissələri uzunölçülü relslərlə
(pletlərlə) əvəz olunur. Bu iş isə “Dəmiryolservis”
MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlama Qatarının kollektivi həyata
keçirir.
Müəssisənin
bazasının gücləndirilməsi istiqamətində
indiyədək bir sıra layihələr həyata
keçirilib, burada yeni texnoloji xətt istismara verilib.
Yeri gəlmişkən, polad
magistral boyu rahat və təhlükəsiz hərəkətin
təmin olunmasında uzunölçülü relslərin tətbiq
olunmasının böyük əhəmiyyəti var və
bundan əldə edilən iqtisadi səmərə getdikcə
artır. Belə ki, 25 metrlik relsləri bağlayan
yanlıqlara, yanlıqların bolt və qaykalarına ehtiyac
qalmır. Relslərin ucları
sınmadığı üçün istismar müddəti
uzanır. Vaqonların təkərlərinə
və oxlarına düşən zərbələr,
müqavimət olmadığı üçün enerji sərfiyyatı,
ətraf mühitə vibrasiya və səs təsiri azalır.
Hərəkət sürəti artır və sərnişinlərin
rahatlığı təmin olunur. Belə
olan halda yola xidmət etmək asanlaşır, lokomotivlərin
və vaqonların hərəkəti zamanı bəzi yeyilmə
və sürtünmə halları azalır, relslərin
ömrü uzanır.
Azərbaycan dəmir
yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə
inteqrasiya olunması da mühüm önəm
daşıyır. Bu məsələni zəruri edən əsas
amil Azərbaycanın tranzit daşımaları
üçün əlverişli coğrafi mövqedə yerləşməsidir.
Belə ki, Böyük İpək yolunun
üstündə yerləşən Azərbaycan həm
ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də
quru və su sərhədlərinə malik olmasına, eləcə
də iqtisadi resurslarına görə beynəlxalq tranzit
daşımaları üçün kifayət qədər cəlbedici
məkandır. Eyni zamanda, respublikamızda
yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində
region ölkələrinin həm daşımalarla
bağlı problemləri həllini tapır, həm də onların
da tranzit imkanları artır. Təsadüfi deyil ki,
Prezident İlham Əliyev Azərbaycanın yol-nəqliyyat
infrastrukturunun ən müasir səviyyəyə
qaldırılması istiqamətində görülən
işləri yüksək qiymətləndirərək deyib:
“Belə infrastrukturların qurulması qədim İpək
Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət
və tranzit daşımalarının inkişafına, eləcə
də, Xəzər regionunun nəqliyyat və tranzit
potensialının daha səmərəli istifadəsinə
töhfədir”.
Ölkə dəmir
yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə
inteqrasiya olunmasından danışarkən, əvvəlcə
Azərbaycan-İran dəmir yolu xəttinin tikintisinə diqqət
yetirək. Hər iki ölkənin gələcək iqtisadi
inkişafına böyük təkan verəcək Astara (Azərbaycan)-Astara
(İran) dəmir yolu xətti müştərək şəkildə
uğurla inşa olunur.
Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək
Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir
yolu Hindistanı Fars körfəzi ilə, bu körfəzi isə
Finlandiya ilə birləşdirəcək. Bu yol İran,
Azərbaycan və Rusiya ərazisindən keçməklə
digər yollara nisbətən daşınan malları mənzil
başına 26 gün tez çatdıracaq.
Qəzvin-Rəşt-Astara dəmir
yolu xəttinin istismara verildikdən sonra Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizi tam olaraq formalaşacaq. Bu isə daha
çox həcmdə ixrac əməliyyatının həyata
keçirməsinə imkan yaradacaq. Azərbaycan
üzərindən malların tranzit olaraq keçməsi isə
onu deməyə əsas verir ki, rəsmi Bakı strateji xətti
düzgün müəyyən edib. Rəşt-Astara
dəmir yolunun çəkilişi üçün Azərbaycan
Prezidentinin göstərişi ilə İrana 500 milyon dollar
kreditin verilməsi qeyri-neft sektoruna yatırılan sərmayədir.
Yaxın gələcəkdə dövlət
büdcəsinə həm kreditin faizi, həm də istismara
veriləcək Rəşt-Astara dəmir yolu ilə həyata
keçiriləcək ixrac əməliyyatından əldə
edilən tranzit gəlirlər daxil olacaq.
Ötən il
ölkəmizin həyatında baş verən tarixi bir hadisəni
də xatırlatmaq istərdim. Bu,
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsidir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev
bununla bağlı deyib: “Bakı-Tbilisi-Qars dəmir yolunun
istifadəyə verilməsi tarixi hadisədir. Bakı-Tbilisi-Qars
dəmir yolu Azərbaycan dövləti və xalqı
qarşısında tarixi xidmətdir. Bu dəmir
yolu, - bu barədə çox danışılıb, ictimaiyyət
də əhəmiyyətini bilir, - həqiqətən bölgədə,
Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində
bəlkə də son illərdə ən önəmli layihədir.
Bunun bizim üçün də çox
böyük əhəmiyyəti var. Artıq bir-iki aydır
ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən
yüklər gəlib Azərbaycan ərazisindən
keçir”.
Bakı-Tbilisi-Qars dəmir
yolunun istifadəyə verilməsi ilə bağlı onu da
xatırladım ki, Türkiyə ilə Qafqaz və Orta Asiya
ölkələri arasında dəmir yolu əlaqəsi
1993-cü ildən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ müharibəsi səbəbindən kəsilib. Belə ki, Ermənistanın
Azərbaycan ərazilərini işğal etməsinə
görə düşmən ölkə ilə sərhədlərini
bağlayan Türkiyənin Qafqaz və Orta Asiyanın dəmir
yolu əlaqələri də dayanıb. Bu
baxımdan təməli 2007-ci ildə Azərbaycan, Türkiyə
və Gürcüstan tərəfindən qoyulan
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi mühüm önəm
daşıyır. Qərb ölkələrinin
“Ermənistanı təcrid edir” iddiasını ortaya ataraq
maliyyələşdirilməsində iştirak etmədiyi bu
layihə artıq üç ölkənin maliyyə
imkanları ilə reallaşıb.
Sözügedən layihənin
ən mühüm iqtisadi və strateji nəticələri barədə
bir qədər ətraflı danışmaq istərdim. Belə ki, bu layihənin
tamamlanması ilə artıq Avropa Anadolu və Cənubi Qafqaz
vasitəsilə Orta Asiya, Uzaq Şərq və Cənubi Asiya
ilə birləşib və “Dəmir İpək yolu” adlanan dəmir
yolu şəbəkəsi fəaliyyətə başlayıb.
Layihə “Marmaray” layihəsilə birlikdə Transavropa və
Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini,
Xəzər dənizindən keçən dəmiryolu-bərə
xətləri vasitəsilə Qazaxıstan və Türkmənistana
bağlanmasını, Avropa və Türkiyənin Orta Asiya,
Uzaq Şərq və Cənubi Asiya ilə fasiləsiz dəmir
yolu əlaqəsini təmin edib. Bu isə Asiya və
Avropa arasında yük və sərnişin
daşınmasının mühüm bir hissəsini dəmir
yolu ilə təmin etməklə nəqliyyat xərclərinin
aşağı salınmasına müsbət təsir
göstərib. Nəticədə İpək
yolu üzərində yerləşən iqtisadiyyatların
inkişafında yeni mərhələ başlanıb.
Layihə Azərbaycan,
Gürcüstan və Türkiyənin iqtisadi
inteqrasiyasını daha da dərinləşdirəcək və
bu ölkələrə mühüm iqtisadi və strateji
üstünlüklər qazandıracaq. Əvvəllər
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru xətləri
ilə bir-birinə bağlanan bu iqtisadiyyatlar, indi isə dəmir
yolu şəbəkələrilə daha da sürətlənəcək.
Layihə adları çəkilən dövlətlərin
iqtisadi inteqrasiyasına xidmət etməklə bərabər,
eyni zamanda, ayrı-ayrılıqda hər bir ölkəni
müəyyən iqtisadi mənfəətlə təmin edəcək.
Burada bir məqamı da
xatırlatmaq istərdim. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan
və Türkiyəyə qarşı əsasız iddialar irəli
sürən Ermənistanın geosiyasi və geoiqtisadi əhəmiyyətini
mühüm dərəcədə azaltmaqla yanaşı, eyni
zamanda, onun Cənubi Qafqazda daha da zəifləməsinə gətirib
çıxaracaq.
Nəhayət, Bakı-Tbilisi-Qars dəmir
yolu Ermənistanın təcridini dərinləşdirməklə
yanaşı, eyni zamanda, bu təcavüzkar dövlətin
işğalçılıq siyasəti ilə təcrid edilməyə
çalışılan Naxçıvanın daha etibarlı
dəmir yolu şəbəkəsi vasitəsilə Bakı ilə
birləşməsi üçün də mühüm imkan
yaradır. Belə ki, artıq gələcəkdə
Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin də
çəkilməsi ilə Ermənistanın təcrid etməyə
çalışdığı Naxçıvan Qars vasitəsilə
Azərbaycanın digər əraziləri və Avropa ilə
fasiləsiz dəmir yolu əlaqəsi qura biləcək.
Yuxarıda deyilənlərdən bir
daha aydın olur ki, respublika iqtisadiyyatının
inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir
yolu beynəlxalq və regional layihələrdə iştirak
etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin,
dövlət strukturlarının daşımalara olan tələbatının
ödənilməsi istiqamətində fəaliyyətini
uğurla davam etdirir. Ümumiyyətlə,
regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə
gətirə biləcək hər hansı layihənin
reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən
prizmadan yanaşanda çox gərəklidir.
Söhbəti qələmə
aldı:
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2018.- 8 fevral.- S.7.