Quba böyük
imkanları olan rayondur
Bu gün həyata
keçirilən tədbirlərin əsas məqsədi
uzunmüddətli iqtisadi inkişafa nail olmaqdır
“Rayonumuzu yeni ildə
bütün istiqamətlərdə daha böyük tərəqqi
gözləyir. Biz bundan sonra daha da əzmlə çalışmalı, daha
çox iş görməliyik. Qubanı gözəlliklər
diyarına çevirməliyik”. Bu sözləri Quba Rayon
İcra Hakimiyyətinin başçısı Ziyəddin
Əliyev Mədəniyyət və Turizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və
“ASAN xidmət”in təşkilatçılığı ilə
Quba “ASAN Həyat” Kompleksində keçirilən tədbirdə
deyib. Ötən ilin son ayının əvvəllərində
ölkə başçısının sərəncamı
ilə Quba rayonuna icra başçısı təyin
olunmuş Ziyəddin Əliyev “Rayonumuzu yeni ildə
bütün istiqamətlərdə daha böyük tərəqqi
gözləyir” sözlərini dilə gətirməklə
hansı yeniliklərə işarə
edirdi? Sözün düzü, bu sualın
cavabını tapmaqda biz də müəyyən mənada
çətinlik çəkdik. Hətta: “Görəsən
icra başçısı rayon sakinlərini hansı
sürprizlərlə sevindirəcək?” – sualı
da yarandı. Lakin onun qısa müddətdə
rayon sakinləri ilə keçirdiyi çoxsaylı
görüşlərdə bizə hər şey aydın
oldu.
Məlum olduğu kimi, hazırda şəhər, qəsəbə
və kənd inzibati ərazi dairələri üzrə
nümayəndəliklərdə 2017-ci ilin yekunları ilə
bağlı hesabat yığıncaqları keçirilməkdədir. Quba Rayon İcra Hakimiyyətinin
başçısı belə tədbirlərdə şəxsən
özü iştirak edir, qaldırılan problemlərlə dərindən
maraqlanır və onların hər birinin həllinə nail
olmağa çalışır. Qeyd edək ki, indiyədək
rayonun 150 yaşayış məntəqəsini əhatə edən 31 inzibati ərazi
dairəsində yığıncaqlar keçirilib. Məsələn,
yanvarın 5-də İspikdə keçirilən
yığıncaqda sakinlərin ən böyük çətinliyinin
iş yerlərinin azlığı və kənd yolunun asfalt
olmaması vurğulanıb. Həmçinin kəndə
təbii qaz xəttinin çəkilməsinə kömək
göstərilməsi xahiş olunub. Rayon
icra hakimiyyətinin başçısı qaldırılan
problemlərə toxunaraq qeyd edib ki, yazbaşı yolun
asfaltlanması üçün nə lazımdırsa,
bütün tədbirlər görüləcək və ilin
sonuna kimi bu məsələ öz müsbət həllini
tapacaq. Kəndə təbii qaz xəttinin çəkilməsi
ilə əlaqədar
“Azəriqaz”ın rəhbərliyi qarşısında məsələ
qaldırılacaq və s.
Yaxud, rayon rəhbəri
içməli su sarıdan əziyyət çəkən
(1987-ci və 2011-ci illərdə yaxınlıqdakı
bulaqlardan kəndə içməli su xətti çəkilsə
də, sonradan xətlər sıradan çıxıb)
Möhüc kəndinin sakinlərinin də gileyinə biganə
qalmayıb. Belə ki, o, su çəkilişi ilə
bağlı bütün ehtiyat mənbələrinin
araşdırılmasını, həmçinin Caf
yaylağından su xətti çəkiləcək
marşrutun dəqiqləşdirilməsini tapşırıb.
Bununla da rayon rəhbəri kəndə su xəttinin
çəkilməsinə kömək göstərəcəyinə
söz verib. Xülasə, onlarca belə
misal çəkmək olar.
Sosial-iqtisadi
yüksəlişin yeni mərhələsi başlayır
Rayonda bağçılıqla
yanaşı, heyvandarlığın və əkinçiliyin
inkişafına diqqət artırılmaqdadır. Quba rayonunu
böyük imkanları olan diyar kimi xarakterizə edən Ziyəddin
müəllim Vəlvələ, Rustov, Xucbala, Qonaqkənd inzibati ərazi dairələrinin
sakinləri ilə görüşərkən bildirib ki,
yaxın zamanda Qubada 6 min ton süd emal edən zavod inşa
olunacaq: “Zavod xammalı kənd sakinlərindən alacaq... Hər bir kənd əhli şəxsi
yardımçı təsərrüfatını inkişaf
etdirməlidir. Mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması bu gün ən vacib məsələdir.
Ən ucqar dağ kəndlərində belə
fermer təsərrüfatları yaradılmalıdır.
Hər bir ailə özünün kənd təsərrüfatı
məhsullarına olan tələbatını ödəməli,
artıq məhsullarını bazara
çıxarmalıdır. Torpaq islahatı zamanı
verilmiş əkin, bağ, biçənək sahələri
iş, dolanacaq yerinə çevrilməlidir. Meyvəçiliklə yanaşı,
kartofçuluğun da inkişafına xüsusi diqqət
yetirilməlidir. Bolluq yaratmaq
üçün hamı işləməlidir”.
Hazırda Qubada yeni konserv
zavodunun, meyvəqurutma sexinin tikintisi də gündəmdədir. Torpaq sahələrinin
suvarılmasında yaranmış problemlərin aradan
qaldırılması məqsədilə ümumilikdə 13
min 40 hektar torpaq sahəsinin suvarılması üçün
Zərdabi qəsəbəsində, Alekseyevka, Vəlvələ,
Vladimirovka və Hacıhüseynli kəndlərində su
anbarlarının tikilməsi, çoxmənzilli
yaşayış binaları üçün mərkəzləşdirilmiş
istilik təchizatının qurulması, 7 yaşayış məntəqəsində
uşaq bağçalarının tikintisi və digər bu
kimi məsələlərin həlli nəzərdə tutulur.
Bu kimi işlər həm də işsizlik probleminin aradan qaldırılmasında
bir vəsilə olacaq: “Son nəticədə həm kənd
sakinlərinin məşğulluğu təmin olunacaq, həm
də işsizlik problemi aradan qalxacaq. Və
bununla da ölkə Prezidenti möhtərəm İlham
Əliyevin uğurlu iqtisadi siyasətini regionun hər bir sakini
tezliklə öz gündəlik həyatında,
dolanışığının yaxşılaşmasında
hiss edəcəkdir. Bizim amalımız və
məqsədimiz cənab Prezidentimizin
tapşırıqlarına əsasən Qubaya və
qubalılara xidmət etməkdir”. O, həmçinin qeyd
edib ki, son illərdə Azərbaycanda həyata keçirilən
aqrar islahatlar nəticəsində kənd təsərrüfatının
dinamik inkişafı üçün hərtərəfli zəmin
yaradılıb, bu sahədə əsaslı dönüş
baş verib.
Xatırladaq ki, regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda Prezident İlham Əliyev bir daha
vurğulayıb ki, bu gün bölgələrə daha
çox sərmayə qoyan yerli iş adamlarıdır. Əlbəttə, burada iqlim amili də var. İndi
hansısa məhsulu yetişdirmək üçün müəyyən
bir regiona sərmayə qoyulmalıdır. Eyni
zamanda, rayonlarda mövcud mühit, ab-hava, investisiya iqlimi də
rol oynayır. Ona görə yerli icra
orqanları bu işlərdə daha fəal olmalıdırlar.
Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib
sərmayə qoysunlar”. Biz isə əminliklə qeyd edə bilərik
ki, işə başladığı elə ilk günlərdən
rayon icra hakimiyyətinin başçısı bu məsələ
ilə bağlı ciddi axtarışlar aparır və xarici
iş adamlarını da Qubaya cəlb etməyə çalışır.
Təhsil və səhiyyə
diqqət mərkəzindədir
Rayon icra hakimiyyətinin
başçısı hesabat yığıncaqları çərçivəsində
müəyyən məkanlara da baş çəkir. Məsələn,
bu günlərdə o, Zərqovada ərazi dairəsinin sakinləri
ilə görüşdən sonra 1975-ci ildə inşa edilən,
problemlər məngənəsində sıxılan Zərqova
kənd tam orta məktəbində olub. O, sinif
otaqlarında elektrik işığı olmadığından
şəbəkənin yenidən qurulması, məktəbə
yüz ədəd çilçırağın verilməsi
və yarımçıq qalmış təmir işlərinin
başa çatdırılması üçün əlaqədar
şəxslərə göstərişlər verib. Üstəlik, o, hər cür kömək göstəriləcəyini,
bir aydan sonra elə bu məktəbdə kənd sakinləri ilə
görüşəcəyini də vəd edib. Əldə etdiyimiz məlumata görə, inşaatçılar
briqadası artıq məktəbdə təmir işlərini
yekunlaşdırmaq üzrədir.
Yeri gəlmişkən, onu
da qeyd edək ki, Z.Əliyev bu vəzifəyə təyin
olunduqdan sonra sahələr üzrə ilk geniş tərkibli
yığıncağı məhz təhsil işçiləri
ilə keçirib. Bilir ki, təhsil hər bir ölkənin
gələcəyinin təmin olunmasına ciddi təkan verən
strateji və cəmiyyətin bütün sahələri ilə
sıx bağlı olan mühüm sahədir. Qeyd edək
ki, rayon icra hakimiyyəti başçısının təqdimatı
ilə Rüfət
Hacıyev təhsil şöbəsinə müdir təyin
olunmuşdur. Bu vəzifəyədək o, Qəçrəş
kənd tam orta məktəbində direktor işləmişdir.
2018-ci ildə Dəvədabanı
yaşayış massivində 500, Alekseyevka kəndində 450,
Vəlvələ və İkinci Nügədi kəndlərində
350 şagird yerlik məktəblərin tikintisi, Qamqam,
Çiçi, Vladimirovka, Hacıhüseynli məktəblərinin
əsaslı təmiri nəzərdə tutulmuşdur. Artıq ilkin sənədlər hazırlanaraq, əlaqədar
təşkilatlara göndərilib. Qarşıdakı
illərdə daha 25 məktəb üçün yeni
binanın tikintisi, 33 məktəbin isə əsaslı təmiri
ilə bağlı müraciətlər aidiyyəti təşkilatlara ünvanlanmışdır.
Rayonda azyaşlılar da
unudulmayıb.
Belə ki, şəhərin Heydər Əliyev
prospektində 120 yerlik uşaq bağçasının
tikintisinə başlanılıb. Hazırda
özülatma işləri aparılır. Bağça binasının qarşısında
uşaq meydançalarının salınması da nəzərdə
tutulub.
“Sakinlərin
narazılığı əsasən perinatal mərkəzdəndir
(doğum şöbəsi – red). Nəzərinizə
çatdırım ki, şikayətlərin çoxu
haqlıdır. Araşdırma
aparmışam, ana və uşaq ölümü halları
var. Bu, çox ciddi problemdir. Bunun səbəbləri
aydınlaşdırılmalı və məsələ
tezliklə həllini tapmalıdır. Bundan
başqa, perinatal mərkəzdə qoyulmuş bəzi şərtlər
aradan qaldırılmalıdır. Qısa
müddət ərzində yeni xəstəxana binasında təmir
işləri aparılacaq və istifadəyə veriləcək.
Həmin binada daha əlverişli şərait
olacaq. Lakin bilməlisiniz ki, geniş imkanları olan belə
bir xəstəxana binasında yüksək səviyyədə
xidmət göstərilməlidir... Əlillik dərəcəsi
müəyyən olunarkən bəzi neqativ hallara çox yol
verilib. Elə şəxslər var ki,
sağlamdır, lakin əlillik dərəcəsi alıblar.
Amma bir neçə ciddi əlillik əlaməti
olan şəxsə illərdir əlillik dərəcəsi
verilmir. Belə hallar diqqətlə yenidən
araşdırılacaq”. – Bu sözləri isə icra
başçısı rayonun tibb işçiləri ilə
görüşdə deyib. Qeyd edib ki, mövcud
olan neqativ hallara baxmayaraq, Qubanın səhiyyə sistemində
gözəl nəticələr əldə edəcəyik.
Biz birlikdə mövcud problemləri aradan
qaldıracaq və Qubamızı gözəl diyara çevirəcəyik.
Məlumat üçün
bildirək ki, ölkə başçısı cənab
İlham Əliyevin sərəncamına əsasən
2014-cü ildə təməli qoyulan Quba Rayon Mərkəzi Xəstəxana
binasında hazırda tamamlama işləri aparılır. Onun ilin sonuna kimi təhvil veriləcəyi
gözlənilir. Qeyd edək ki, “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq tikilən
kompleks regionda ən böyük və geniş imkanlara malik xəstəxana
binası olacaq.
Bundan başqa, 10 min nəfərə
xidmət göstərən Vəlvələ həkim məntəqəsində
əsaslı təmir işləri görülür. Məntəqənin may
ayında istifadəyə verilməsi
planlaşdırılıb. Qubanın ən
böyük ərazi dairələrindən biri sayılan
Vladimirovkada isə həkim məntəqəsinin tikintisinə
(bu kənddə həkim məntəqəsi icra nümayəndəliyinin
binasında fəaliyyət göstərir) qərar verilib.
Abadlıq yeni
vüsət alır
Prezident İlham Əliyevin
Quba şəhərində çoxmərtəbəli
binaların (hazırda Heydər Əliyev prospektindəki 2 B
saylı binada tamamlama işləri görülür. Fətəli
xan küçəsində yerləşən 2 A saylı
binanın isə şifer dam ortüyü sökülərək
yeni “çerepitsa” ilə əvəzlənir. Mövlud Qonaq küçəsindəki beşmərtəbəli
2 B saylı binanın damının da sökülməsinə
başlanılıb və sair) əsaslı təmiri ilə
bağlı tədbirlər haqqında sərəncamına əsasən
çoxmərtəbəli binaların dam və fasadlarında
təmir başlanılıb. Fətəli xan
küçəsindəki 129 saylı binanın sakini Ələddin
Mirzəyev bizimlə söhbətində dedi ki,
yaşadığımız bu bina ötən əsrin 70-ci
illərində tikilib. İndiyədək burada
bir sıra kosmetik işlər aparılsa da, əsaslı təmir
olunmayıb. Yağışda bina
damırdı. Ölkə Prezidenti möhtərəm
İlham Əliyevə minnətdarıq ki, Qubanın
inkişafına, müasirləşməsinə belə
böyük qayğı göstərir. İnşaat
işləri həm sürətlə, həm də keyfiyyətlə
aparılır. Bu sahədə rayon rəhbərliyindən
çox razıyıq.
Rayon rəhbərinin
tapşırığına əsasən şəhərin təmizliyi
və binaların təmiri ilə yanaşı, əvvəlki
dövrlərdə çəkilmiş yerüstü elektrik xətlərinin dəyişdirilməsi
də nəzərdə tutulub.
Rayon icra hakimiyyəti
başçısının 26 dekabr 2017-ci il tarixli sərəncamına
əsasən rayonumuzda fəaliyyət göstərən
abadlıq və işıqlandırma idarəsinin, təmiz
şəhər və yaşıllaşdırma xidmətinin,
Quba Yaşıllaşdırma İdarəsinin bazasında yeni
– Təmizlik, Sanitariya və Abadlıq Birliyi
yaradılmışdır. Birliyin yeni təyin olunmuş rəisi
Azər Hüseynovla söhbətdən aydın oldu ki,
hazırda yaşıllıqların qorunması istiqamətində
də müəyyən işlər görülür: “Bunun
üçün müəyyən küçə və
prospektlərdə, park və xiyabanlarda budama işləri
aparır, qurumuş ağacları çıxdaş edirik. Şəhərimizin
işıqlandırılması da diqqətdə olan məsələdir.
Məqsədimiz budur ki, təkcə mərkəzi
küçələrdə deyil, digər küçələrdə
də işıqlandırma sistemi quraşdıraq və
yaşıllıqları genişləndirək”.
Unutmayaq ki,
respublikamızın səfalı guşələrindən
sayılan və özünəməxsus flora və faunaya
malik olan Qubaya hər gün yüzlərlə turist gəlir. Onlar rayonumuzun
mədəniyyəti, tarixi, adət-ənənələri ilə
maraqlanır və öz istirahətlərini mənalı
keçirməyə çalışırlar. Şübhəsiz ki, hər bir yaşayış məskəni
haqqında təsəvvür ilk olaraq onun yolundan
başlanır. Bu baxımdan son günlərdə
yollarda da cari təmir işləri böyük vüsət
almışdır.
Bundan əlavə, Quba şəhərinin
hazırlanmaqda olan baş planı layihəsinə görə,
Qudyalçayın Quba şəhəri ərazisindən
keçən hissəsində 3000 metrə yaxın uzunluqda
beton sahil mühafizə bəndlərinin qurulması, ərazidə
müasir tələblərə cavab verən irimiqyaslı
turizm və digər sahibkarlıq obyektlərinin tikintisi və
parkların salınması nəzərdə tutulmuşdur.
Bütün bu qeydlərdən belə
nəticəyə gəlmək olar: bu il
Quba rayonunu bütün istiqamətlərdə daha
böyük tərəqqi gözləyir. Yeni növrağın mübarək, Quba!
Qəhrəman
Qasımov,
Əməkdar journalist
Xalq qəzeti.-
2017.-10 fevral.- S.6.