Azərbaycan memarlığında alman irsi

 

Kapelhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində tanınmış  memar, professor Elçin Əliyevin Mədəniyyət və Turizm Nazirliyi və Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə nəşr olunmuş kitabının təqdimat mərasimi keçirildi.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək dövlət başçısının  2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzaladığını xatırlatdı. Həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində bir sıra tədbirlər keçirildiyi diqqətə çatdırıldı.

Qeyd etdi ki, alman memarları XIX əsrin sonu – XX əsrin əvvəllərində neft bumu sayəsində sürətlə inkişaf edən Bakıda memarlıq incilərinin yaranmasına öz töhfələrini veriblər. Alman əsilli memarların layihələri ilə inşa olunan tikililər Azərbaycan memarlığının, eləcə də Bakı, Gəncə və digər şəhərlərin inkişafında müəyyən mərhələ təşkil edib.

Sevda Məmmədəliyeva kitabın Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə və ölkəmizdəki multikultural mədəni mühitin inkişafına  bir töhfə olduğunu vurğuladı.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab çıxış edərək bildirdi ki, “Azərbaycan memarlığında alman irsi” kitabı iki ölkə arasında olan yüksək səviyyəli əlaqələri bir daha təsdiq edir. Vurğuladı ki, ötən il alman mühacirlərinin Azərbaycanda məskunlaşmasının 200 illiyi geniş şəkildə qeyd olunub. Ölkəmizin müxtəlif yerlərində, xüsusən də Göygöl və Şəmkir rayonlarındakı alman maddi irsi hər iki xalqın gələcəkdə dostluq əlaqələrinin inkişafı baxımından möhkəm bünövrədir. Səfir alman irsinin qorunub saxlanmasına görə Azərbaycan xalqına minnətdarlığını bildirdi.

Sonda kitabın müəllifi, professor Elçin Əliyev çıxış edərək “Azərbaycan memarlığında alman irsi” kitabı haqqında məlumat verdi. Bildirdi ki, kitabda XIX əsrin əvvəllərindən Azərbaycanda məskunlaşan almanların yaratdığı memarlıq abidələri əksini tapıb.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2018.-10 fevral.- S.9.