2017-ci ilin Nobel mükafatçıları
Görkəmli İsveç sahibkarı, eyni zamanda, kimyaçı alim və ixtiraçı kimi bütün dünyada məşhur olan Alfred Nobel 1896-cı ildə dünyasını dəyişdi. Dövrünün ən varlı adamlarından biri sayılan, ailəsi və birbaşa varisi olmayan sənayeçinin vəfatından sonra məlum oldu ki, bir il əvvəl yazdığı vəsiyyətnaməyə əsasən, onun bütün varidatı satılıb maliyyə vəsaitinə çevrilərək İsveç Bankında xüsusi fonda toplanmalı, XX əsrin ilk ilindən başlayaraq əsas vəsaitə toxunmadan il ərzində toplanmış faiz məbləği həmin il ən böyük uğurlar qazanmış şəxslərə mükafat kimi verilməli idi. A.Nobel mükafat məbləğinin beş bərabər hissəyə bölünərək fizika, kimya, tibb (yaxud fiziologiya), ədəbiyyat və sülhün qorunması sahələri üzrə mükafat verilməsini vəsiyyət etmişdi. Mükafat bir yox, bir neçə şəxsə verilərsə, məbləğ onların arasında bərabər bölünməli idi.
Beləliklə, A.Nobelin ölümündən sonra Nobel Fondu və fondun idarə olunması, mükafatların verilməsi ilə bağlı təşkilati məsələlərin həlli üçün xüsusi Nobel Komitəsi yaradıldı. Komitənin ilk qərarı ilə fondun əsasnaməsi təsdiq edildi və namizədlərin müəyyənləşdirilməsi, ayrı-ayrı sahələr üzrə mükafatçıların seçilməsi qaydası dəqiqləşdirildi. Qərara alındı ki, fizika və kimya üzrə laureatları İsveç Kral Elmlər Akademiyası, tibb (yaxud fiziologiya) üzrə Stokholm Karolina Tibb-Cərrahiyyə İnstitutu, ədəbiyyat üzrə İsveç Ədəbiyyat Akademiyası, sülhün qorunması üzrə isə Norveç parlamentinin nəzdindəki xüsusi komitə müəyyənləşdirir. Onların elan etdiyi nəticələr Nobel Komitəsinin qərarı ilə rəsmiləşdirilir.
1968-ci ildə
İsveç Dövlət Bankı öz vəsaiti
hesabına iqtisadiyyat üzrə ayrıca mükafat təsis
edib. Həmin mükafat rəsmi olaraq “Alfred Nobelin xatirəsinə
mükafat” adlanır. İqtisadiyyat üzrə mükafat Nobel
fondunun vəsaiti hesabına verilməsə də, onun məbləği
və statusu digər mükafatlardan fərqlənmir. Beləliklə,
altıncı sahə üzrə Nobel mükafatı meydana gəlmişdir.
Nobel Fondunun əsasnaməsinə görə, vəfat
etmiş şəxslərin əsərləri müzakirəyə
qəbul edilmir, namizədlərdən hər hansı biri
müzakirə müddətində dünyadan köçərsə,
onun adı dərhal siyahıdan çıxarılır.
(Komitənin xüsusi qərarı ilə bir neçə dəfə
bu qaydadan kənara çıxma halları olmuşdur.) Laureat adı
elan olunduqdan sonra vəfat edərsə, mükafat onun varisinə
təqdim edilir. Hər bir sahə üzrə laureatın
kimliyindən başqa, namizədlərin adları, müzakirələrin
və səsvermənin gedişinə aid bütün məlumatlar
məxfi saxlanılır. Onların
yalnız əlli ildən sonra açıqlanmasına icazə
verilir. Məsələn, bu günəcən
ədəbiyyat üzrə mükafatların verilməsi ilə
bağlı yalnız 1950-ci ilə qədərki məlumatlar
açıqlanmışdır. Deməli, kimlərin
namizəd göstərilməsi, hansı namizədin nə qədər
səs toplaması barədə hər il
KİV-də yayılan məlumatlar yaxşı halda fərziyyədən,
pis halda isə dezinformasiyadan başqa bir şey deyil.
A.Nobel vəfat edəndə
onun sərvəti 30 milyon İsveç kronundan çox idi. İndiki
kursla hesablansa, bu, 265 milyon ABŞ dollarından artıq edir.
Son dövrlər hər bir laureata verilən mükafatın
miqdarı təxminən 1,1-1,5 milyon dollara
bərabər olur. Laureatların adları
oktyabrın birinci yarısında elan edilir və
mükafatları dekabrın 10-da – A.Nobelin doğum
günündə Stokholmda İsveç kralı təqdim
edir. Sülhün qorunması üzrə
mükafat isə həmin gün Osloda Norveç
Kralının iştirakı ilə təqdim olunur.
Ötən il müxtəlif
sahələr üzrə Nobel mükafatına layiq
görülmüş işlərin və laureatların
qısa səciyyəsini nəzərdən keçirək.
FİZİKA. Son yüz ilin ən
böyük fundamental kəşfi
2017-ci ildə fizika üzrə Nobel
mükafatı “LIGO-nun ixtirasına və onun vasitəsilə
qravitasiya dalğalarının müşahidəsinə
görə” üç ABŞ aliminə – Massaçusets
Universitetinin professoru Rayner Vays, Kaliforniya Universitetinin
professorları Barri Beriş və Kip Torna verilmişdir. (LIGO – bir neçə kvadrat- kilometr sahəni əhatə
edən lazer-interferometrik qravitasiya-dalğa rəsədxanasıdır.
Mükafata layiq görülmüş kəşf bir-birindən üç min
kilometr məsafədə yerləşən iki qurğunun
köməyi ilə əldə olunmuş materialların təhlili
əsasında meydana gəlmişdir.)
2015-ci il sentyabrın 14-də
adları çəkilən alimlərə elm tarixində ilk dəfə qravitasiya
dalğalarını müşahidə etmək və qeydə
almaq nəsib olmuşdur. Ancaq müşahidənin
nəticələrinin təhlilinə bir neçə ay vaxt
lazım gəldiyi üçün bu barədə ilk məlumat
2016-cı ilin fevralında elan edilmişdir. Bu kəşfin
dəyərini anlamaq üçün yüz il
əvvələ “getmək” lazım gəlir. Böyük
fizik A.Eynşteyn 1915-ci ildə kəşf etdiyi nisbilik nəzəriyyəsində
Nyutonun cazibə qanununu təhlil edərkən qravitasiya
dalğalarının mövcudluğunu bir fərziyyə kimi
irəli sürmüşdü. Ancaq bu
ideyanın təsdiqi üçün fizika elminin keyfiyyətcə
daha yüksək səviyyədə inkişafı tələb
olunurdu. Bu vaxta qədər insanların
Kainatda baş verən proseslər və onun quruluşu
haqqında təsəvvürləri ilk növbədə
kosmosun dərinliklərindən bizə gəlib çatan
elektromaqnit şüalanmalarına əsaslanır. Daha dəqiq məlumatlar verə biləcək
qravitasiya dalğalarını müşahidə etmək
üçün isə prinsipcə tamam fərqli, yeni
texnologiyalara əsaslanan daha mükəmməl cihazların
yaradılmasına ehtiyac vardı. 2017-ci
ilin Nobel mükafatçıları məhz bu dahiyanə
işin öhdəsindən gələ biliblər.
İlk dəfə əyani
müşahidə olunan qravitasiya dalğalarının mahiyyətini
anlamaq üçün Kainatın və zamanın
ağlasığmaz ənginliklərinə baş vurmaq
ehtiyacı yaranır. Bu dalğalar çox nəhəng
kütləli səma cisimlərinin toqquşmasından yaranaraq
məkan və zamanın bütün elementlərini ehtizaza gətirən
və Kainatın hər tərəfinə işıq sürəti
ilə yayılan kosmik enerjinin təsiri ilə meydana gəlir.
2015-ci ildə qeydə alınmış dalğalar 1,3 milyard
il əvvəl Kainatın çox uzaq guşələrində,
bizim qalaktikadan kənarda hər birinin kütləsi Günəşin
kütləsindən 30-40 dəfə çox olan iki qara dəliyin
toqquşması zamanı yaranmış, Günəş
sisteminə isə yalnız indi gəlib
çatmışdır. Bu, o deməkdir ki, toqquşmanın
baş veriyi nöqtədən Yerə qədər olan məsafə
1,3 milyard işıq ilinə bərabərdir.
Qara dəliklərin toqquşması zamanı
yaranan şüalanmanın gücü insanın Kainatda
müşahidə edə bildiyi bütün
şüalanmaların ümumi miqdarından 50 dəfə
çox idi.
Bu gün Yer üzərində
ən həssas cihazların çətinliklə qeydə ala
bildiyi dalğalar isə təsəvvürəgəlməz dərəcədə
nəhəng olan bu enerjinin, demək olar ki, sönməkdə
olan qalıqlarıdır. Elə bil ki, dəhşətli
bir nəriltini öləziyən pıçıltı səviyyəsində
eşidirsən. Fizika sahəsində son
yüz ilin ən böyük fundamental nailiyyəti hesab olunan
bu kəşf insanın Kainatın yaranması və
inkişafı, materiya və zamanın xassələri
haqqında biliklərini yeni dövrün tələbləri səviyyəsinə
yüksəldir.
KİMYA. Canlı toxumanın sirrini
açan metod
Ötən il Nobel Komitəsi kimya sahəsində
Nobel mükafatına “məhlulda
yüksək həlletmə qabiliyyətli
biomolekulların strukturunun müəyyənləşdirilməsi
üçün krio-elektron mikroskopiya texnologiyalarının
inkişaf etdirilməsinə görə” Lozanna Universitetinin (İsveçrə)
professoru Jak Düboşe, Kolumbiya Universitetinin (ABŞ)
professoru İoaxim Frank və Kembric Universitetinin (İngiltərə)
professoru Riçard Hendersonu layiq görmüşdür.
XX əsrin 60-cı illərində
ilk dəfə olaraq biokimya mütəxəssisləri
canlı toxumzaların quruluşunu daha dərindən öyrənmək
məqsədilə adi optik mikroskopların əvəzinə
elektron mikroskoplarından istifadə etməyə
başladılar. 80-90-cı illərdə isə
bugünkü Nobel mükafatçıları həmin məqsədlə
daha yüksək texnologiyadan, yəni krio-elektron mikroskopiya
metodundan istifadə ideyasını irəli sürdülər.
Bu metodun köməyi ilə molekulların daha müfəssəl
təsvirinə nail olmaq üçün canlı
zülalı vakuum şəraitində öyrənmək
mümkün oldu.
Molekulların öyrənilməsində
yeni dövrün başlanğıcını qoyan bu kəşf
İsveç Kral Akademiyasının Nobel Komitəsinə təqdimatında
da qeyd olunduğu kimi, “biokimya elmini yeni inkişaf mərhələsinə
çıxardı.” Canlı zülal molekulunun strukturunun
öyrənilməsi təbiət elmləri
qarşısında duran ən vacib məsələlərdən
biri sayılırdı. Çünki təbiətdə
mövcud olan bütün canlı həyat təzahürləri,
o cümlədən insan orqanizmi məhz zülalın
yaşam formasından ibarətdir. Krio-elektron
mikroskopiya vasitəsilə canlı orqanizmə molekulyar səviyyədə
şəfaverici təsir göstərən, zülal
molekullarının fəaliyyətini gücləndirən yeni
təbii dərmanlar yaratmaq olar. Beləliklə
də, bədxassəli törəmələrin təbii yolla,
orqanizmin öz potensialını səfərbər etmək
vasitəsilə aradan qaldırılmasının üsulu
tapıla bilər.
TİBB (YAXUD
FİZİOLOGİYA). İnsan həyatının bioloji ritmi
Nobel Komitəsinin qərarı
ilə təbabət sahəsində 2017-ci ilin Nobel
mükafatına “sirkal ritmləri
tənzimləyən molekulyar mexanizmlərin kəşfinə
görə” ABŞ genetikləri Maykl Yanq (Rokfeller Univesiteti –
Nyu-York), Ceffri Holl və Maykl Rosbaş (hər ikisi Brandeys
Universiteti -- Massaçusets) layiq görüldülər. “Hüceyrə
saatı” adlandırılan və orqanizmin bioloji ritmini
nizamlayan bu fenomen gecə və gündüzün dəyişməsi
ilə əlaqədar insan orqanizmində müxtəlif bioloji
proseslərin intensivliyinin dövri olaraq dəyişməsini nəzərdə
tutur. Canlı orqanizmdə cərəyan edən
bioloji proseslərin müəyyən bir dövriliyə malik
olması insanların diqqətini çoxdan cəlb edirdi.
Bu hadisənin elmi şəkildə öyrənilməsi
hələ XVIII əsrdən başlanmışdır, elə
o vaxtdan da “bioloji saat” anlayışı meydana çıxmışdır.
Müasir təbabətdə insan orqanizmini bu cəhətdən
öyrənən elm sahəsini xronobiologiya
adlandırırlar.
Yeni Nobel
mükafatçıları bu hadisəni genetik səviyyədə
araşdırmaqla bioloji ritmə “nəzarət edən”
xüsusi geni aşkar edərək onun fəaliyyət
formasını müəyyənləşdiriblər. Onlar isbat ediblər
ki, bu gen insan hüceyrələrində gecə ərzində
toplanan və gündüz saatlarında parçalanaraq orqanizmə
enerji verən, beləliklə də, insanın gündəlik
davranış tərzini fomalaşdıran PER
zülallarının fəaliyyətinə “cavabdehlik daşıyır”.
Bunun sayəsində insan orqanizmində maddələr
mübadiləsi, sabit temperatur, yuxu, hormonal proseslər normal məcrada
cərəyan edir.
Bioloji saatın işini nizamlayan gen
Nobel mükafatçılarının ötən əsrin
80-90-cı illərində apardıqları elmi tədqiqatlar
sayəsində kəşf olunmuşdur. Sonrakı
araşdırmalar nəticəsində alimlər insan
orqanizmində aşkar edilmiş bu qanunauyğunluğun digər
məməli canlılarda da eynilə mövcud olduğunu dəqiqləşdirmişlər.
Bu kəşf genetik qüsurlar səbəbindən
bioloji ritmi pozulmuş və həyat fəaliyyəti
dözülməz hala düşmüş insanların mərəzinə
əlac tapılmasına, onların həyatının normal vəziyyətə
qaytarılmasına kömək edə bilər. Bundan başqa, müasir təbabət həmin kəşfdən
bəhrələnərək qarşısında aciz
qaldığı bir sıra problemlərin həllinə
yaxınlaşa bilər. Məsələn,
xəstə üzərində müalicə
prosedurlarını orqanizmin həyat ritminə uyğun
saatlarda apararaq daha səmərəli nəticələr əldə
etmək olar.
İnsan orqanizmində
baş verən fizioloji proseslərin əksəriyyəti
bioloji ritmlə bağlıdır. Ancaq ötən əsrin
70-ci illərinə qədər bu barədə elm aləminə,
demək olar ki, heç nə məlum deyildi. Bu yöndə
tədqiqatlara sıfırdan başlayan indiki Nobel
mükafatçıları cəmi iyirmi il
ərzində tamamilə yeni elm sahəsi yaratmağa müvəffəq
oldular.
ƏDƏBİYYAT. Britaniyalı
yapon yazıçısı
2017-ci ilə qədər
Böyük Britaniyanın on bir təmsilçisi ədəbiyyat
sahəsində Nobel mükafatına layiq
görülmüşdü. Bunlardan birincisi bu mükafatı
1907-ci ildə almış Redyar Kiplinq (Mauqli haqqında hekayələrin
müəllifi), sonuncusu isə həmin mükafatı yüz il sonra almış Doris Lessinq idi. Maraqlıdır ki, ədəbiyyat üzrə Nobel
mükafatının tarixində R.Kiplinq bu mükafatı ən
gənc (42 yaş), xanım D.Lessinq isə ən ahıl (89
yaş) vaxtında almış yazıçılardır.
Daha bir maraqlı fakt odur ki, Nobel mükafatı
almış Britaniya yazıçıları sırasında
XX əsrin ən görkəmli siyasi xadimlərindən biri
sayılan U. Çörçillin də adı var. O bu
mükafata 1953-cü ildə, xatirələr kitabına
görə layiq görülüb.
Ədəbiyyat üzrə
Nobel mükafatını 2017-ci ildə almış 12-ci
Britaniya yazıçısı isə yapon əsilli Kadzuo
İsiquro oldu.
O, əvvəllər də dəfələrlə yüksək
ədəbi mükafatlara layiq görülmüş,
dünyada tanınan bir qələm sahibidir. Əsərləri
40-dan artıq dilə tərcümə edilərək yüzə
yaxın ölkədə çap olunmuşdur. İngilis dilinin müasir dünya nəsrinin
aparıcı dili kimi qəbul edilməsində onun
yaradıcılığının mühüm rolu vardır.
K.İsiquro 1954-cü ildə
Yaponiyada doğulmuş, altı yaşında ikən ailəsi
ilə birgə İngiltərəyə
köçmüş, burada böyüyüb təhsil
almışdır. Əsərlərini ingiliscə yazan ədib
əsil-kökündən imtina etməsə də,
özünü daxilən britaniyalı
saydığını bildirir. Bədii
yaradıcılığa 1981-ci ildə başlayan
yazıçıya ilk ədəbi şöhrəti 1989-cu
ildə çap olunmuş “Günün qalanı” romanı qazandırıb.
Bu əsər XX əsrin ingilis dilli yüz ən
yaxşı kitabı siyahısına düşüb.
Nobel mükafatçısının 2005-ci ildə nəşr
olunmuş “Bəyaz qrafinya”, xüsusən də 2010-cu ildə
çapdan çıxmış “Məni yalqız buraxma”
romanları müasir dünya nəsrinin əsas
yaradıcılıq tendensiyalarını əks etdirmək
baxımından maraq doğurur. Ümumilikdə
səkkiz roman müəllifi olan K.İsiquronun çox
böyük emosional təsir gücünə malik olan yazı
üslubu müasir dünya nəsrinin avanqard kəsimi
üçün səciyyəvi olan antiutopiya, mistika,
illüziya, şərtilik kimi keyfiyyətlərlə zəngindir.
Yazıçının dünya şöhrətinin
son akkordlarını müəyyən edən və ən
nüfuzlu ədəbiyyat mükafatına layiq görülməsində
həlledici rol oynayan əsər onun 2016-cı ildə nəşr
edilmiş “Dəfn olunmuş nəhəng” romanıdır.
SÜLHÜN
QORUNMASI. Nüvə silahının qadağan olunması
Digər sahələrdən
fərqli olaraq, sülhün qorunması üzrə Nobel
mükafatı həm fərdlərə, həm də ictimai təşkilatlara
verilir. Nobel Komitəsinin açıqlamasına görə,
ötənilki 318 namizəddən 215-i fiziki şəxs,
103-ü isə təşkilat olub. Nəticə
etibarilə, 2017-ci ilin sülhün qorunması üzrə
Nobel mükafatı İCAN (Nüvə silahının
qadağan olunması uğrunda beynəlxalq kampaniya) təşkilatına
verilib. Təşkilat bu ali
mükafata “Nüvə silahından istifadənin səbəb
ola biləcəyi humanitar fəlakətlərə yol verməmək,
bu silahın beynəlxalq müqavilə vasitəsilə tam
qadağan edilməsinə nail olmaq uğrunda göstərdiyi əzmkar
səylərə görə” layiq
görülmüşdür.
İCAN (İnternational Campainq to
Abolish Nuclear Weapons) təşkilatı 2007-ci ildə
yaradılıb, 101 ölkədə 468 tərəfdaş
qurumu var. “Dünya həkimləri nüvə müharibəsinin
qadağan olunması uğrunda” təşkilatı (1989-cu ilin
Nobel sülh mükafatı laureatı) 2006-cı il aprelin 23-də Helsinkidə keçirilən
konqresində nüvə silahının tamamilə qadağan
edilməsi uğrunda mübarizə aparan beynəlxalq təşkilatın
yaradılması ideyasını irəli sürdü. Aprelin 30-da isə Nüvə silahının
yayılmaması müqaviləsinin iştirakçısı
olan dövlətlərin nümayəndələrinin Vyanada
keçirilən görüşü bu ideyanı dəstəklədi
və təşkilatın yaradılması qərara
alındı.
Təşkilat on illik fəaliyyəti
müddətində nüvə silahının
bütövlüklə və tam qadağan olunması, eyni
zamanda, ehtiyatlarının ləğv edilməsi haqqında
beynəlxalq müqavilənin hazırlanması və qəbul
edilməsi uğrunda mübarizə aparır. (Yeri gəlmişkən,
kimyəvi və bioloji silahların qadağan olunması
haqqında müvafiq müqvilələr çoxdan
imzalanıb.) Təşkilatın mənzil-qərargahı
Kanadanın Ottava şəhərində yerləşir. İCAN Şimali Koreya nümunəsinə istinadən
hesab edir ki, müasir dünyada nüvə silahından istifadə
risqi ən yüksək həddə çatıb. Bu amil təşkilatın apardığı
mübarizənin aktuallığını və vacibliyini
sübut edir.
İQTİSADİYYAT. İqtisad nəzəriyyəsində
“insan amili”
2017-ci ildə iqtisadiyyat
üzrə Nobel mükafatı “davranış iqtisadiyyatı
sahəsində apardığı tədqiqatlara görə” ABŞ-ın
Çikaqo Universitetinin professoru Riçard Talerə
verilmişdir.
İqtisad elmində yeni
istiqamət sayılan davranış iqtisadiyyatı sosial və
emosional amillərin iqtisadi qərarların qəbuluna təsirini
öyrənir.
Bu nəzəriyyənin tərəfdarları
ayrı-ayrı fərdlərin, tədqiqat qruplarının və
müəssisələrin iqtisadi sahədə irəli
sürdüyü ideyaların formalaşmasına
davranış xüsusiyyətlərinin, başqa sözlə
desək, irrasional amillərin də təsir göstərdiyini
iddia edirlər. Onlar istehsal münasibətlərinin
yalnız iqtisadi qanunauyğunluqlarına deyil, həm də
sosial və psixoloji faktorlara diqqət yetirir, iqtisadi proseslərdə
“insan amilini” ön plana çəkirlər. Bu nəzəriyyə müasir dünya
iqtisadiyyatında getdikcə daha fəal rol oynayan eksperimental
iqtisadiyyat fenomeninin formalaşmasında həlledici platforma
hesab olunur.
Davranış
iqtisadiyyatının ən nüfuzlu nümayəndələrindən
biri sayılan R.Taler araşdırmalarında əsas diqqəti
insanların zehni uçot hesablamaları zamanı əməliyyatları
necə sadələşdirmələrinə yönəldir. O, iqtisadi prosesləri
düzgün qimətləndirmək üçün hadisələrə
yalnız rasional düşüncə mövqeyindən
yanaşmağı yetərli hesab etmir və irrasional cəhətlərin,
ilk növbədə insan davranışını tənzimləyən
psixoloji amillərin də nəzərə
alınmasını vacib sayır. Alimin
apardığı eksperimental tədqiqatlar sübut edir ki,
irrasional amillərin nəzərə alınması
düzgün və səmərəli iqtisadi qərarların
qəbuluna mane olmur, əksinə kömək edir.
R.Taler bu sahəyə aid “idarəolunan
seçim” nəzəriyyəsinin banisidir. Burada
hər hansı bir iqtisadi situasiyada insan rəftarının
psixoloji cəhətləri tədqiq olunur və klassik iqtisadi
nəzəriyyələr tənqidi mövqedən dəyərləndirilir.
Alimin fikrincə, iqtisadi münasibətlərin
uzun illər boyu ənənəvi yanaşmalar əsasında
qurulmuş mexanizminin müasir nəzəriyyələr
mövqeyindən ciddi şəkildə korrektə edilməsinə
ehtiyac var. R.Talerin ideyaları maliyyə aktivlərinin qiymətləndirilməsi
sahəsində dünyanın bir sıra qabaqcıl ölkələrində
geniş tətbiq olunur və səmərəli nəticələr
verir.
Dünyanın ən
nüfuzlu, ən prestijli mükafatı sayılan Nobel
mükafatı ona layiq görülmüş şəxsin
öz yaradıcılıq sahəsində müstəsna xidmətlərinin
etirafı kimi dəyərləndirilir. Şübhəsiz
ki, 2017-ci ilin laureatlarının adları da öz fəaliyyət
sahələrinin tarixinə həmişəlik yazılacaq.
İlham ABBASOV
Xalq qəzeti.-
2018.-11 fevral.- S.6.