Mədəniyyət işçiləri prezident seçkilərinə həssaslıqla və böyük məsuliyyətlə yanaşırlar

 

Azərbaycan prezident seçkilərinə bütün sahələrdə qazanılmış uğurları ilə gedir. Söz yox ki, bu nailiyyətlər arasında mədəniyyətimizin də öz yeri vardır. Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Xalqımızın bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng və zəngindir. Bu zəngin mədəni irsin qorunması və təbliği müstəqil Azərbaycan dövləti tərəfindən davamlı olaraq dəstəklənir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları daha da sürətləndirməyə başlamışdır.

Kino, teatr, musiqi, təsviri və tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunmuş dövlət proqramları və cənab Prezidentin ölkədə mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var.

Azərbaycan mədəniyyəti və incəsənəti dünya miqyasında ölkəmizi geniş miqyasda tanıtmaqdadır. UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı sivilizasiyalı bir ölkə kimi böyük nüfuza malikdir. Bizim bir çox mədəniyyət abidələrimiz UNESCO-nun Ümumdünya Maddi - Mənəvi İrs Siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin dünyada tanınmasında rolu çox böyükdür. Görkəmli sənət adamlarının – şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir.

Azərbaycan muğam sənətinin, İçərişəhərin, Qobustan Dövlət Qoruğunun, muğamxalça sənətinin, Novruz bayramının, tarkamança ifaçılığının, çövkən oyununun UNESCO-nun Maddi və Mənəvi İrs Siyahısına salınması milli-mənəvi dəyərlərimizin dünyada tanınması istiqamətində görülən işlərin real nəticəsidir.

Müasir İncəsənət Mərkəzinin fəaliyyətə başlaması, İncəsənət muzeyinin əsaslı təmiri əlamətdar hal kimi qiymətləndirilməlidir. Muzeylərimizin bir çoxunda bu cür əsaslı təmir işləri aparılır. Elə Tarix muzeyinin təmir edilərək yenidən istifadəyə verilməsi, görkəmli şəxsiyyətlərin ev muzeylərinin yeniləşməsi də dediklərimizə misaldır. Bütün bunlar yenilik, müasirlik, güclü mənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır.

Ulu öndərin fərmanı ilə 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) yaradılmışdır. O vaxta kimi rəssam kadrların yetişdirilməsi üçün Azərbaycanda ali təhsil müəssisəsi yox idi. Rəssamlarımız əsasən Rusiyanın müxtəlif şəhərlərində ali təhsil alırdılar. Ona görə də müstəqil Azərbaycanın Rəssamlıq Akademiyasının açılması ölkəmizin mədəni həyatında yeni hadisəyə çevrildi. Artıq 17 ildir ki, ADRA-da yüksək ixtisaslı rəssam kadrlar yetişdirilir. Akademiyanın yeni tikilmiş korpusunda müasir üslubda, onun profilinə uyğun yenidənqurma işləri aparılmışdır.

Ölkəmizdə rəssamlıq sənətinin inkişafına böyük önəm verilir. Rəssamlarımızdan çoxunun yaradıcılıq emalatxanası vardır. Onların əsərlərinin tez-tez sərgiləri təşkil olunur. Əlbəttə, bu gün Mədəniyyət və Turizm Nazirliyi bütün bu işlərin təşkilində əhəmiyyətli rol oynayır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə tədbirlərdə vaxtaşırı iştirak edir, rəssamlarımızın sosial vəziyyəti ilə mütəmadi olaraq maraqlanır. Bütün bunlar ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaradır. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilmiş, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.

Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması ilə bağlı tədbirlərin keçirilməsi Azərbaycan mədəniyyətinin İslam dünyasına inteqrasiyasında, mədəniyyətlərarası dialoqun genişləndirilməsində əhəmiyyətli rol oynadı.

Azərbaycan ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Bu inkişafda mədəniyyət xadimlərinin də rolu vardır. Azərbaycanın mədəniyyət xadimləri gələcək üçün, mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edirlər.

 Bu gün həqiqətən milli-mənəvi dəyərlərimizə böyük dövlət qayğısı varbu qayğı ildən-ilə artmaqda davam edir.

Son illər Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yolunda çox mühüm nəticələr qazanıb. Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Bakıda keçirilən yüksək səviyyəli belə dialoqlarda minlərlə mədəniyyət işçisi, incəsənət xadimi, görkəmli siyasətçilər iştirak edirlər.

Dünyanın əksər ölkələrinin paytaxtlarında, böyük şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilməsi daha intensiv xarakter almışdır. Bu işlərin təşkili bilavasitə ölkəmizin mədəniyyət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutur.

Bakıda olduğu kimi, bölgələrdə də rəsm qalereyaları açılıb. Əlbəttə, regionların iqtisadi inkişafı ilə bağlı birinci mərhələdə daha çox tikinti-quruculuq, infrastruktur layihələri ilə məşğul idiksə, ancaq son illərdə xidməti vəzifəmlə bağlı bölgələrdə olarkən həmin şəhərlərdə rəsm qalereyaları açıldığının, orada yerli rəssamların, digər incəsənət xadimlərinin əsərlərinin nümayiş etdirildiyinin şahidi olmuşambütün bunlar məni çox sevindirir. Bu, onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. İncəsənətin bütün növləri dövlət tərəfindən dəstəklənir. Bu dəstək vardır, gələcək illərdə bundan da artıq olacaqdır.

Mən də Yeni Azərbaycan Partiyası qurultayının prezident seçkiləri ilə bağlı qərarını dəstəkləyirəm. Bütün mədəniyyət xadimləri bu qərara böyük həssaslıqla və məsuliyyətlə yanaşırlar.

 

Rafiq QULİYEV

Respublikanın Əməkdar rəssamı

 

Xalq qəzeti.- 2018.- 13 fevral.- S.3.