Azərbaycan
Xalq Cümhuriyyəti və təhsil
AXC-nin fəaliyyətinə ən
yüksək qiyməti ulu öndər Heydər Əliyev
vermişdir. Ümummilli lider demişdir: “Azərbaycan Xalq
Cümhuriyyəti gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət
göstərsə də, sonrakı nəsillərin
yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən
biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət
quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə,
hərbi quruculuq sahələrində atdığı
mühüm addımları başa çatdıra bilməsə
də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər
xalqımızın tarixində silinməz iz buraxmış,
milli dövlətçilik ənənələrimizin bərpası
işində böyük rol oynamışdır. Ən əsası
odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda
azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş
oldu”.
1998-ci il yanvarın 30-da Heydər
Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin
keçirilməsi haqqında” sərəncam imzalamış və
bu yubiley dövlət səviyyəsində
keçirilmişdir. Ümummilli liderin qeyd etdiyi kimi, əgər
XX əsrin əvvəllərində xalqımız milli
azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə
böyük addım atıbsa, XX əsrin sonunda milli
azadlığa, dövlət müstəqilliyinə tam nail
olubdur. “Müsəlman Şərqində ilk demokratik
cümhuriyyətin məhz Azərbaycan torpağında
yaranması xalqımızın î dövrdə və î illər
ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində
milli müstəqillik və azadlıq duyğuları ilə
yaşaması ilə bağlıdır. Î illərdə
xalqımızın qabaqcıl şəxsiyyətləri,
mütəfəkkir adamları, ziyalıları
xalqımızda milli azadlıq, milli müstəqillik
duyğularını gücləndirmiş, milli dirçəliş,
milli oyanış əhval-ruhiyyəsini yaymış və
bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasına gətirib
çıxarmışdır”.
Ulu öndərin layiqli
davamçısı Prezident İlham Əliyev 2008-ci il
fevralın 15-də “Azərbaycan Xalq Cümhuriyyətinin 90
illik yubileyinin keçirilməsi haqqında” sərəncam
imzaladı. Azərbaycan Respublikası Milli Məclisi də
AXC parlamentinin 90 illik yubileyinə
həsr olunmuş xüsusi tədbir keçirdi.
Prezident İlham Əliyev
2013-cü il may ayının 27-də “Buta” sarayında Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə
bağlı keçirilən rəsmi qəbulda bildirmişdi:
“Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə
olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu,
böyük və tarixi hadisə idi. Çünki Azərbaycan
xalqı əsrlər boyu arzuladığı müstəqilliyə,
azadlığa qovuşurdu. Azərbaycan xalqının
artıq öz dövləti var idi. Eyni zamanda, respublikanın
yaranması müsəlman aləmində respublika
quruluşunun yayılmasına da təkan vermişdi. Qısa
müddət ərzində bütün dövlət
qurumları, dövlət təsisatları
yaradılmışdı. Demokratik inkişaf gedirdi,
qadınlara səsvermə hüququ verilmişdi, Milli Ordu
yaradılmışdı. Bir sözlə, respublikanın
qurucuları böyük işlər görmüşdülər
və Azərbaycan xalqı onların xatirəsinə
böyük hörmətlə yanaşır. “İstiqlal Bəyannaməsi”ni
imzalayanların şərəfinə Bakının mərkəzində
abidə ucaldılmışdır”.
2018-ci il yanvar ayının 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqqında
sərəncam imzalamış və 2018-ci ili “Azərbaycan
Xalq Cümhuriyyəti ili” elan etmişdir.
1918-ci ilin yazında – may ayında
heç bir qüvvəsi və hakimiyyəti olmayan Zaqafqaziya
Seymi dağıldı, meydana gəlmiş konkret tarixi şəraitdə
1918-ci il mayın 27-də Seymdə olan Azərbaycan nümayəndələri
Azərbaycanın istiqlalını elan etmək qərarına
gəldilər. Beləliklə, təqribən bir əsrlik
fasilədən sonra bu qədim türk diyarında müstəqil
dövlət quruluşu bərpa olundu.
Bu haqda M.Ə.Rəsulzadə
yazırdı: “Türk mənşəli bütün başqa
dövlətlər meydana gələrkən, xüsusən,
dini əsasa söykənmişdirsə, Azərbaycan
Respublikası türk milli demokratik dövlətçiliyi zəminində
milli-mədəni təyini-müqəddəratın müasir
özülünə əsaslanmışdır. Bu
nöqteyi-nəzərdən bizim respublikamız birinci türk
dövlətidir”.
Həmin il mayın 30-da Tiflisdə
ilk respublikanın ilk hökuməti – Fətəli xan Xoyskinin
başçılığı altında kabinet təşkil
edildi. İlk gündən başlayaraq Azərbaycan hökuməti
geniş tədbirlər həyata keçirməyə
başladı.
Yaxın və Orta Şərqdə
ilk demokratik dövlət qurumu olan Azərbaycan Xalq Cümhuriyyəti
fəaliyyətində müsbət cəhətlərin, o
cümlədən, xalq maarifi sahəsindəki misilsiz təşəbbüslərin
üzərindən Sovetlər dövründə uzun müddət
sükutla keçmişdir.
Bu gün aradan yüz il keçəndən
sonra, xüsusilə, aydın görünür ki, demokratik
hökumətin bu sahədəki fəaliyyəti, həqiqətən,
öz bəşəri, humanist məzmunu ilə seçilir.
Azərbaycan hökumətinin siyasətində
mədəni-maarif islahatından danışarkən, ilk
növbədə, Azərbaycan dilinin dövlət dili elan
edilməsi Bakı Dövlət Universitetinin təşkili,
milli kadrlar yetişdirməyə yönəldilmiş tədbirlər,
ana dilində məktəblərin açılması, azərbaycanlı
tələbələrin ali təhsil almaq üçün
Avropa ölkələrinə göndərilməsi və sair
tədbirlər qeyd edilməlidir. Demokratik hökumətin
1918-ci il 30 iyun tarixli qərarına əsasən, Gəncədə
Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil
edilmiş və onun kadrlarla təmin edilməsi sahəsində
tədbirlər görülmüşdür.
Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin xalq maarifinin inkişafına çox
mühüm təkan verən ilk tədbirlərindən biri
1918-ci il 27 iyun tarixli qərar oldu. Həmin qərara əsasən,
Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin Azərbaycan
dilini mükəmməl bilən ixtisaslı kadrların
olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi.
Buna görə də inzibati idarə orqanları, məhkəmə
işi və s. sahələrdə Azərbaycan dilini bilən
ixtisaslı kadrlar hazırlanana qədər, müvəqqəti
olaraq, rus dilindən istifadəyə də yol verilirdi.
Cümhuriyyət hökuməti
milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin
tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət
verirdi. Təhsil sahəsində həyata keçirilən ilk
mühüm tədbir məktəblərin milliləşdirilməsi
oldu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında
göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində
təhsil şagirdlərin öz ana dilində aparılmalı
və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə
həyata keçirilməlidir. Ana dilini bilməyən
şagirdlər üçün üçüncü və
dördüncü siniflərdə rus şöbələri
açılır və burada Azərbaycan dili intensiv surətdə
tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər
artıq Azərbaycanca təhsillərini davam etdirə bilsinlər. Şagirdlər 5-ci sinifdən sonra
məktəbi bitirənə qədər tədris prosesi rus
dilində aparılır, Azərbaycan dili isə həmin
siniflərdə məcburi fənn kimi tədris olunurdu. Bu
siniflərdə Azərbaycan dilinin tədrisi həftədə
4 saatdan az olmamalı idi.
Maarif sisteminin milliləşdirilməsi
sahəsində ən böyük çətinlik müəllim
kadrların çatışmazlığı ilə bağlı idi. Müəllimlərə
olan ehtiyacı ödəmək üçün 1918-ci ildə
Gəncə, Şəki və Zaqatalada qısamüddətli
pedaqoji kurslar təşkil edildi və bu kurslarda 150 nəfər
oxumağa başladı. Lakin Gəncədə fəaliyyət
göstərən müəllim seminariyası kadrlara olan
ehtiyacı ödəyə bilmirdi. Odur ki, Maarif Nazirliyi Qori müəllim
seminariyasının Azərbaycan şöbəsinin müstəqil
seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar
qəbul etdi.
Müəllim seminariyasından
başqa, xalq maarif sistemi üçün kadrlar hazırlayan
müəssisələrdən biri də ali ibtidai məktəblər
olmalı idi. Bu məqsədlə respublikanın Maarif Nazirliyi
1918-ci ildə bir sıra işlər görmüşdü:
Göyçayda məktəb açılmış,
Ağdamda, Nuxa (Şəki) qəzasının Qutqaşen kəndində
belə məktəblərin açılması haqqında qərar
qəbul edilmişdir.
1918-ci ildə Zaqafqaziya dairəsində
25 ibtidai məktəbin açılması üçün
nazirlik 199 min manat pul ayırmışdı.
Azərbaycan Respublikasında daxili
vəziyyət gərgin olaraq qalırdı. Ermənistanın
Azərbaycana qarşı davam edən müdaxiləsi
zamanı minlərlə insan öz doğma yerlərini tərk
edib, əsasən, Bakı quberniyasına gəlmişdi. Bu
qaçqınların arasında müəllimlər və
onların ailə üzvləri də var idi. Xalq Maarif Nazirliyi
qaçqın müəllim ailələrinə kömək
məqsədi ilə 20.000 manat pul ayırmış, onları
mənzillə və ixtisaslarına uyğun işlə təmin
etmək üçün bir sıra tədbirlər
görmüşdü.
Bakı və digər yerlərdə
dərs kitablarına, məktəb ləvazimatına olan
böyük ehtiyacı nəzərə alaraq, Maarif Nazirliyi məktəblərin
bu vasitələrlə təchiz edilməsini öz öhdəsinə
götürmüşdü.
AXC hökuməti məktəb dərsliklərinin
hazırlanması və nəşrinə də ciddi diqqət
yetirirdi. Bunun üçün Maarif Nazirliyinin xüsusi
komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”,
“Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”,
“Ədəbiyyat dərsləri”, “Müntəxəbat”,
“Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr”
dərslikləri nəşr olundu. Dərsliklərin
hazırlanmasında Azərbaycan maarif və ədəbiyyatının
görkəmli nümayəndələri Hüseyn Cavid, Mahmud
bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli,
Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə,
Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə
və başqaları fəal iştirak edirdilər. Məktəblər
Türkiyədən alınmış dərsliklər və tədris
vəsaitləri ilə də təmin olundu. Azərbaycan parlamenti
1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində
yeni kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin sərəncamına
1 milyon manat vəsait ayırdı.
AXC-nin rəsmi orqanı olan “Azərbaycan”
qəzeti Azərbaycan və rus dillərində nəşr
olunurdu. Nəşriyyatlar, dəftərxana ləvazimatı
satan mağazalar, həmçinin Məlikov
qardaşlarının Teatrı (indiki M.F.Axundov adına Opera və
Balet Teatrı) Maarif Nazirliyinin tabeliyində idi. Bu müəssisələrdə
çalışan fəhlələrin əmək haqları
artırılmış, mənzil və əmək şəraitinin
yaxşılaşdırılması üçün tədbirlər
görülmüşdü. 1919-cu ilin əvvəllərində
Azərbaycanda hökumətin ixtiyarında 23 orta məktəb
var idi. Bakı, Gəncə və Qazaxda müəllim
seminariyaları, Bakı, Gəncə və Şəkidə
“Müqəddəs Nina” qadın məktəbləri,
Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət
göstərirdi.
Lənkəran qəzası 1919-cu
ilin iyulunda AXC hökumətinə tabe edildikdən sonra,
sentyabrda burada kişi və qadın gimnaziyaları fəaliyyətə
başladı.
1919-cu il sentyabrın 11-də Azərbaycan
hökumətinin qərarı ilə “Müqəddəs Nina”
məktəblərinin adları dəyişdirilərək,
Bakı birinci milli qadın gimnaziyası, Gəncə qadın
gimnaziyası və Şəki qadın gimnaziyası
adlandırıldı. 1919-cu ildə Maarif Nazirliyi Bakı,
Şəki, Şuşa, Göyçayda realnı və
müəllim hazırlayan məktəblər
açılması haqqında parlamentə qanun layihəsi təqdim
etdi və layihə bəyənildi.
1919-20-ci tədris ilinin birinci
yarısında müəllim seminariyaları istisna olmaqla,
qalan məktəblərdə 9.611 tələbə oxuyurdu ki,
bunun da 3115 nəfəri azərbaycanlı idi. Hökumətin
qərarı ilə Bakı politexnik və kommersiya məktəbləri,
3-cü, 4-cü Bakı məktəbləri və 2-3-4-cü
Bakı qadın gimnaziyaları istisna olmaqla, Azərbaycanda fəaliyyət
göstərən bütün orta məktəblərdə dərslər
Azərbaycan dilində keçirilirdi.
Azərbaycan hökuməti ölkədə
təhsil sistemini daha da genişləndirmək və dərinləşdirmək
məqsədi ilə 1919-cu ilin yayında qısamüddətli
pedaqoji kurslar açdı. Belə kurslar kişi və
qadınlar üçün Bakı, Gəncə və Şəkidə,
kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və
Zaqatalada açılmışdı. Hər kursda 50 nəfər
təhsil alırdı və onlar təhsilini başa
çatdırdıqdan sonra, dərhal müəllimlik fəaliyyətinə
başlamalı idilər.
AXC 1918-ci il iyunun 4-də Türkiyə
ilə imzaladığı müqaviləyə uyğun olaraq
Xalq Maarif Nazirliyi Türkiyədən 50 nəfər müəllim
dəvət etmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində
Azərbaycana gəlib müəllimlik fəaliyyətinə
başladılar.
Maarif sahəsində həyata
keçirilən mühüm təcrübələrdən
biri də tədris müəssisələrinin lazımi ədəbiyyatla
təchiz edilməsi idi. Bu sahədə də 1919-1920-ci illərdə
bir sıra işlər görülmüşdü. Xalq Maarif
Nazirliyi Azərbaycan dilində dərsliklərin
yazılması və nəşri üçün komissiya təşkil
etmişdi. Türkiyədən də dərs vəsaiti və
dərsliklər alınmışdı. Azərbaycan
parlamentinin qərarına əsasən, 1919-cu il sentyabrın
1-də Bakıda universitetlər təşkil edilməsi
haqqında 10 maddəli qanun hazırlandı.
Azərbaycan Xalq Cümhuriyyəti
qarşısında duran ən ümdə vəzifələrdən
biri də Azərbaycanda ali təhsilin təşkili və ali
təhsilli milli kadrların hazırlanması idi. Hökumət
bu məsələni, bir tərəfdən, ölkədə
ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən,
azərbaycanlı gəncləri xarici ölkələrin
müxtəlif ali təhsil müəssisələrinə
göndərməklə həll etməyə
çalışırdı.
Azərbaycan hökuməti Xalq
Maarifi Nazirliyi qarşısında, ilk növbədə,
üç ali məktəbin – Bakı Dövlət
Universiteti, Kənd Təsərrüfatı İnstitutu və
Dövlət Konservatoriyasının açılması məsələsini
qoymuşdu. Bakıda Kənd Təsərrüfatı
İnstitutu açmaq məsələsi hökumətin 1919-cu
il 5 mart tarixli iclasında bəyənilmiş və Xalq Maarifi
Nazirliyinə bu məsələ ilə əlaqədar qanun
layihəsi hazırlayıb parlamentə təqdim etmək
tapşırılmışdı. Lakin î dövrdəki tarixi
şərait yalnız bir ali məktəbin – Bakı Dövlət
Universitetinin açılmasına imkan verdi.
Bakıda universitet
açılmasına böyük dövləti əhəmiyyət
verən AXC hökuməti bu məsələni 1919-cu il 8 aprel
tarixli iclasında müzakirə etdi. Qəbul olunan qərarda
bütün imkanlardan istifadə edərək, 1919-20-ci tədris
ilinin əvvəlində Bakıda universitet
açılması məqsədilə Xalq Maarifi Nazirliyinə
tapşırıldı ki, ümumi həcmi 10 milyon
manatdan çox olmamaq şərti
ilə smeta hazırlayıb hökumətə təqdim etsin.
Hökumətin qərarına əsasən, Bakı Universiteti
kommersiya məktəbinin binasında yerləşdirilməli
idi. Həmin il mayın 19-da Azərbaycan hökuməti yenidən
Bakı Universitetini açmaq üçün təşkilat
komissiyası yaratmaq və vəsait ayırmaq haqqında məsələ
müzakirə etdi, universitet komissiyası haqqında əsasnaməni
bəyəndi. Mayın 21-də komissiyanın birinci iclası
keçirildi. Xalq maarifi naziri vəzifəsini icra edən Camo
bəy Hacınski iclasda Azərbaycan hökumətinin dövlət
universiteti açmaq haqqında qəti qərara gəldiyini və
təşkilat komissiyasının bu çətin işi
uğurla yerinə yetirmək üçün bütün
imkanlardan istifadə edəcəyinə ümidvar olduğunu
bildirdi. O, bəyan etdi ki, Azərbaycan hökuməti
universitetin Azərbaycan xalqının həyatında çox
böyük mədəni və siyasi əhəmiyyətini nəzərə
alaraq, onun açılması və lazımi avadanlıqla təchizi
üçün heç nəyi əsirgəməyəcəkdir.
Universiteti professor-müəllim heyəti
ilə təmin etmək üçün tanınmış
alimlər dəvət olundular. Avadanlıq, kitablar
alınması üçün 1 milyon manat pul ayrıldı.
Azərbaycan parlamentinin üzvləri, dövlət müəssisələrinin
qulluqçuları universitet professorlarının ilk
mühazirələrində iştirak etmişdilər.
Universitetin ilk rektoru
tanınmış tibb alimi, cərrah Vasili İvanoviç
Razumovski (1875-1935) olmuşdu. V. İ. Razumovskinin Azərbaycanda
ali təhsil sisteminin yaradılması və inkişafında
böyük xidmətləri olub. O, Bakı Universitetinin
açılması ilə bağlı qeyd edirdi ki, universitet
və maarifin dostları arasında əsas yeri parlamentin
nüfuzlu üzvü Məmməd Əmin Rəsulzadə,
parlamentin sədri doktor Əhməd bəy Ağayev və
katib Ə.Pepionov parlamentin sosialist qrupu, xüsusilə
S.Ağamaloğlu tuturdular. Universitetdə Məmməd
Əmin Rəsulzadə Osmanlı ədəbiyyatı tarixini,
Mirzə Rəhim Mirzəyev türk dilini, R.Kaplanov Osmanlı ədəbiyyatı
tarixini tədris edirdilər.
Bakıda Dövlət Universitetinin
açılması ilə yanaşı parlamentin qərarı
ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı
abituriyent xarici ölkələrə – İngiltərə,
İtaliya, Fransa və Türkiyəyə yola
salınmışdı. Bir neçə tələbənin
Rusiyanın təhsil müəssisələrinə göndərilməsi
də qərara alınmışdı. Lakin xarici hərbi
müdaxilə və vətəndaş müharibəsi
getdiyinə görə, bu tədbir baş
tutmamışdı. Xarici ölkələrə gedən
cavanlar ali təhsil alıb Vətənə qayıtdıqdan
sonra 4 il müddətində Azərbaycan hökumətinin təyinatı
ilə işləməli idilər.
O dövrdə
savadsızlığın ləğv edilməsi sahəsində
mühüm addımlar atılmışdı. 1919-cu ildə
Bakı, Şuşa, Şəki, Zaqatala və Qazaxda
yaşlı əhali üçün Azərbaycan dili üzrə
axşam kursları açılmışdı. Bu kurslarda təhsil
müddəti, iki hissəyə bölünməklə,
1920-ci il aprelin 1-nə qədər davam etmişdi.
Bundan əlavə, Bakıda
parlamentin üzvü Abdulla bəy Əfəndiyevin rəhbərliyi
altında ibtidai məktəb müəllimləri
üçün xüsusi kurslar açılmışdı.
Bu kurslarda pedaqogika, Azərbaycan dilinin tədrisi metodikası
öyrənilirdi.
AXC mədəni-maarif sahəsindəki
siyasətində milli mənafelərə hörmət prinsipi
çox yüksək tutulur və demokratik xarakter
daşıyırdı. Bu siyasət Azərbaycanda yaşayan
bütün millətlərin mənafeyinə uyğun idi,
onların mədəni inkişafı üçün
geniş və real imkanlar açırdı.
Elman
MİRZƏYEV,
tarix üzrə
fəlsəfə doktoru
Sima BABAYEVA
Xalq qəzeti. - 2018.-13 fevral.- S.6