AMEA-da Qara Qarayevin 100
illik yubileyinə həsr olunmuş
tədbir
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, dünya şöhrətli bəstəkarı, Xalq artisti, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək dünya şöhrətli sənətkarın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Qara Qarayev Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş dahi şəxsiyyət, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkardır.
Sonra Zemfira Səfərova çıxışında bildirib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkarın Azərbaycan musiqisinin yeni mərhələdə inkişafında misilsiz xidmətləri var. O, “Azərbaycan musiqi tarixi” kitabının üçüncü cildinin çap olunduğunu bildirib. Əlavə edib ki, həmin cild Qara Qarayevin yaradıcılığı haqqında məqalə ilə başlayır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Q.Qarayevin Azərbaycan musiqi mədəniyyəti tarixində xidmətlərinə dair məruzə edib. Firəngiz Əlizadə vurğulayıb ki, o bu dahi insanın təkcə tələbəsi deyil, həm də onunla bir yerdə çalışıb. Qara müəllim 110 musiqi əsəri yazıb. Onların hər biri əzəmətli, təkrarsızdır. Onun azad düşüncəsi öz yaradıcılığına da nüfuz etmişdi.
Sonda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Nazir vurğulayıb ki, Qara Qarayevin 100 illik yubileyi çərçivəsində tədbirlər təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da keçiriləcək. Nazir tədbir iştirakçılarının diqqətinə çatdırırb ki, TÜRKSOY bu ili “Qara Qarayev ili” elan edib. Ə. Qarayev deyib ki, görkəmli bəstəkarın yubileyi UNESCO-da da qeyd ediləcək.
Tədbir musiqi proqramı ilə davam etdirilib.
Ü.VAHİDQIZI
Xalq qəzeti.
- 2018.- 14 fevral.- S.10.