Televiziya ölkənin və xalqın həyatının güzgüsü olmalıdır
Bu gün Azərbaycan Televiziyasının efirə çıxmasının 62-ci, onun nəzdindəki “Mədəniyyət” kanalının fəaliyyətə başlamasının 7-ci ildönümüdür. “Sehirli qutu” adlandırılan bu cihaz ilk dəfə evimizə ayaq basanda heç kimin ağlına belə gəlməzdi ki, çox keçməyəcək texnologiyanın bu möcüzəsi nəinki məişətimizin əvəzedilməz avadanlığına, bütövlükdə həyatımızın vacib sahəsinə, hər birimizin “göz yoldaşı”na, asudə vaxtımızın məşğuliyyətinə, xəbərləşmək, əylənmək və maariflənmək ehtiyacımızın vacib elementinə çevriləcək.
Bizdə televiziyanın tarixi bugünədək bəzilərinin sevgiylə, bəzilərinin nisgillə, bir qismininsə ürəyinin tən ortasında düyümlənib qalan bir istəklə “AzTV” deyə müraciət edib səsləndiyi Azərbaycan Dövlət Televiziyasının tarixi ilə ölçülür. Və bu, təkcə bir elektron yayım quruluşunun, zəmanəsinin qüdrətli bir media strukturunun tarixi deyil, bütövlükdə bir ölkənin, bir xalqın, onun maddi-mənəvi inkişafının salnaməsidir. Belə bir “epiteti” haqq etmək isə, təbii ki, gərgin fəaliyyətdən, zəhmət dolu illərdən, coşqun yaradıcılıq entuziazmından keçir.
Bəli, bu gün ailə büdcəsinin imkan verdiyi qədər ən son model televizora yiyələnə bilərsən. Ancaq o, sadəcə, cihazdır, informasiya, görüntü daşıyıcısıdır. Onu ətə-qana gətirən, vizual təsviri bədii-estetik sənət səviyyəsinə qaldıran elektron media təsərrüfatında çalışan həmkarlarımızdır. Bəs efir həyatı qazanan, evimizə qədər gəlib qarşımıza çıxan verilişlər, onların keyfiyyəti bizi qane edirmi? Burada, necə deyərlər, Kərəmi ağlamaq tutur. Niyə? Cavabı çox sadədir. Biz bir tamaşaçı kimi həm də istehlakçıyıq. Bazarda mətahın ən yaxşısını almaq istəyi cibimizin imkanları ilə tərs mütənasib ola bilər, ancaq ekrandan yüksək keyfiyyətli, məzmunlu, maraqlı teleməhsulu seyr etməkdə iddialı və israrlıyıq. Yenə də niyə? Çünki TV-dən malik olduğumuz ən yaxşıları nümayiş etdirəcəyini gözləyirik. Reallıq isə ondan ibarətdir ki, bu gözləntimiz çox vaxt ümid olmaqdan o yana keçmir. Ənənəvi mətbuatı internet medianın girdabında boğan xəstəliklər bəzi telekanallara da yoluxub.
Əlamətdar haldır ki, indi ölkəmizin televiziya məkanında, az qala, kütləvi miqyaslara keçən əndişələrin fonunda müsbət nümunələr də var və bu məsələdə əsas sözü yenə də həmişə olduğu kimi, dövlət televiziyası deyir. Ən radikal, güruhçu opponentləri belə etiraf edə bilərlər ki, AzTV fəaliyyətə başladığı gündən bəri sırf elektron media quruluşu olmasının, birbaşa funksiyalarını yerinə yetirməsinin fövqündə bir də dövlətçilik ideologiyamıza, mədəniyyətimizə, milli düşüncəmizə, xalqın ictimai baxışlar sisteminə töhfəsini əsirgəməyib. Televiziyanın ədəbiyyatımızı, musiqimizi, teatrımızı, tariximizi, dilimizi təbliğ etməklə qalmayıb, həmin dəyərləri çoxmilyonlu tamaşaçı auditoriyasına sevdirmək üçün hazırlayıb təqdim etdiyi verilişlərin hər biri ayrılıqda bitkin və bənzərsiz sənət əsərləridir.
Hələ bir neçə il əvvəl Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində televiziyanın ən aktual və təxirəsalınmaz problemlərinə toxunaraq deyirdi: “Məlum olduğu kimi, hal-hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır”.
Aradan bir xeyli vaxt ötsə də “iki cüt bir tək” telekanaldan savayı fəaliyyətini yaxşılığa doğru təshih edən, köklü keyfiyyət dəyişikliklərinə nail olan televiziya, təəssüflər olsun ki, azdır. Son illərin efir vakxanaliyası, telesiyasətə və televiziyaçılığa nabələd adamların dövlət televiziyasına qarşı toplum tərəfindən dəstək tapmayan isterik çağırışları, az qala həndəsi silsilə üzrə artan teleşouların insanların zövqünə divan tutan “kakafoniyası” tamaşaçını bir daha öz orientirlərini müəyyənləşdirməyə dəvət edir və əlamətdar faktdır ki, əksəriyyətin yekdil simpatiyasının Azərbaycan teleməkanının bu aparıcı və peşəkar telekanalına – AzTV-yə olduğunu müşahidə edirik.
Bu gün biz bir tamaşaçı kimi başqa telekanallarda tapa bilmədiyimizi 62 yaşlı bu kanalda tapırıq. “Poeziya”, “Musiqi xəzinəsi”, “Ovqat”, “Məclisi-üns” kimi layihələr, heç şübhəsiz, şeir və musiqi xiridarlarını biganə buraxmır. “Ədəbi abidələr”, “Azərbaycan tarixi”, “Turan”, “Azərbaycan dili”, “Elm və innovasiya” kimi elmi-maarifçi verilişlərin isə özünün geniş tamaşaçı auditoriyası vardır. Başqa kanallardakı sırf biznes xarakterli, əsl şoulara parodiyadan başqa bir şey olmayan bayağı və səviyyəsiz şoulardan fərqli olaraq, “Breyn-rinq”, “Nə? Harada? Nə vaxt?”, “61!”, “Mən azərbaycanlıyam”, “Əlaçı” kimi intellektual şou proqramları da yeniyetmə və gənclərin maraqla və sevərək gözləyib izlədikləri verilişlərdəndir.
Operativlik, peşəkarlıq və dəqiqlik kimi prinsipləri əsas tutaraq gündə səkkiz dəfə müxtəlif dillərdə və ən “isti” məlumatlarla efirə çıxan “Xəbərlər” informasiya proqramı ciddi bir tamaşaçı auditoriyası qazana bilib. Bu proqram Türkiyə, Rusiya, Qazaxıstan və Orta Asiya, İran, Ukrayna, Gürcüstan, Qərbi Avropa və digər ölkələrdəki müxbir məntəqələri vasitəsilə nəinki dünyada baş verən hadisələr barədə xəbərlərin ölkə izləyicisinə çatdırılmasını, eləcə də Prezident İlham Əliyevin medianın qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin edir.
İctimai-siyasi proqramlar redaksiyasının təqdim etdiyi “Günün nəbzi” proqramı həftənin beş günü ən aktual məsələlərin müzakirə olunduğu çox uğurlu bir platformadır. Digər telekanallardakı analoqlarından fərqli olaraq bu proqramda aparıcıların rotasiyasından və hazırlıq səviyyəsindən tutmuş, mövzuların seçiminə, ekspertlərin kimliyinə və müzakirənin uğurlu “kommunikator-resipient” dialoqu şəklində təqdimatınadək hər şey çox peşəkar və akademik səviyyədədir.
Rafiq Rövşənoğlunun təqdimatında “Həftə” proqramı intellektual səviyyəsinə və baxımlılığına görə hər bazar günü axşam böyük bir auditoriyanı özünə bağlamağı bacarır.
Ümumiyyətlə, təqdirəlayiq fakdır ki, AzTV-nin siması daim dəyişir və gəncləşir. Bu gün ölkənin birinci kanalının efirində gənc aparıcılar və jurnalistlər əsl yaradıcılıq məktəbi keçib püxtələşirlər.
Son illər AzTV-nin cəmiyyətə yalnız hörmət, ehtiram və işıq aşılayan şəxslərə və verilişlərə efirdə yer verməsi maarifçilik ideyalarına sadiqliyindən irəli gəlir.
Bayağılığın artıq təsadüfi elementə deyil, bəzi TV-lərin yayım siyasətini təyin edən “konsepsiyaya”, əsas ana xəttə çevrildiyi bir vaxtda qalmaqallı və ucuz şou-biznes aləmindən uzaq durması, sanballı mədəniyyət siyasəti yürütməsi tanınmış sənətkar və peşəkarların məhz AzTV-də çıxış etməyə, söz deməyə üstünlük verməsinə gətirib çıxarmışdır. Ümumiyyətlə, dövlət televiziyasının yayım siyasətinin ana fəlsəfəsi seyrçini efirin zənginliyi, rəngarəngliyi, bədii-estetik çəkisi, intellektual dərinliyi, ədəbi dil normalarına diqqət və məsuliyyəti, ümumi zövq anlayışına riayət intizamı ilə özünə cəlb etməkdir.
Azərbaycan Televiziyasında istehsal edilən teletamaşalar haqlı olaraq teleməkanın “Qızıl fondu” hesab olunur. Hazırda bəzi özəl kanallarda seriallar çəkilir. Amma onların heç biri dövlət televiziyasının hazırladığı teletamaşalar qədər populyarlıq qazana bilmirlər. Çünki AzTV-nin hazırladığı tamaşalar (“Topal Teymur”, “Ordan-Burdan”, “Dahilərin divanı”, “Kökdən düşmüş piano”, “Mehmanxana sahibəsi”, “Ötən ilin son gecəsi”, “Bala – başa bəla”, “Evləri köndələn yar”, “Ac həriflər”, “Atayevlər ailəsi”, “Alov”, “Günahsız Abdulla”, “Mürafiə vəkilləri” və sair) mahiyyəti ilə zəngindir. İstər klassik, istərsə də müasir əsərlərdə cəmiyyətə olan mühüm çağırışlar hiss olunur.
Azərbaycan Teleradio Verilişləri QSC-nin nəzdində yaranmış “Mədəniyyət” kanalı qısa müddətdə ölkənin düşünən, ziyalı, elmi-intellektual auditoriyasının rəğbətini qazana bilmişdir. Kanalın əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinə xas bəşəri dəyərləri dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünün düzgün formalaşmasına töhfəsini verməkdir. Burada istehsal olunan verilişlər konkret mədəni dəyərlərin təbliği istiqamətində maarifçi təşviqat işi aparmaqla yanaşı, öz intellektinə görə fərqlənən tamaşaçı auditoriyasına bu və ya digər tarixi hadisəyə kulturoloji yanaşmanın əsaslarını təlqin edirlər.
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində gənc və enerjili bir kollektivlə fəaliyyətə başlayan “İdman Azərbaycan” kanalı bir gündə Azərbaycan idmanının güzgüsünə çevrilməklə yanaşı, 2015-ci ildə ölkəmizin ev sahibliyini etdiyi I Avropa Oyunlarının, ötən il keçirilən İslam Oyunlarının, eləcə də üçüncü ildir ki, dünyanın avtomobil idmanı həvəskarlarının diqqətini özünə cəlb edən “Formula –1” Bakı Qran-Prisi yarışlarını işıqlandırmaqla ortaya yüksək peşəkarlıq nümunəsi qoymağı bacardı.
Bu kanalın “İdman xəbər”, “İdman həftəsi”, “Avrofutbol”, “Tay-brek”, “Flaqman”, “Favorit”, “Mərc meydanı”, “İdman sağlamlığın rəhnidir”, “Telefitnes”, “Oyunun hakimi”, “Top 10”, “İdman məbədi”, “Şahmat klubu”, “Debüt”, “İdman və media”, “Avropadan futbol”, “İdman qəzaları”, “İdman rekordları”, “İlin çempionu”, “Teleafişa” kimi verilışləri kifayət qədər populyardır.
Bundan başqa, AzTV və “Mədəniyyət” kanalı artıq Heydər Əliyev Sarayında, Beynəlxalq Muğam Mərkəzində, Dövlət Filarmoniyasında keçirilən 232 konsertin birgə təşkilatçısı qismində çıxış edib. Görkəmli bəstəkarlarımız Tofiq Quliyevin, Elza İbrahimovanın, Emin Sabitoglunun və digərlərinin yaradıcılıqlarına həsr olunmuş təntənəli gecələr buna bariz misaldır.
Ölkə həyatının önəmli təqvim günlərində digər kanallardan fərqlənən AzTV və İTV, bir qayda olaraq, tematik verilişlərlə çıxış edir.
* * *
Akademik Ramiz Mehdiyev adını çəkdiyimiz məqaləsində diqqəti telekanalların müntəxəbat xarakterli vəzifələrinə yönəldərək deyir: “Maarifləndirmə xarakterli proqramlarda biznes maraqları üstünlük təşkil etməməli, daha çox maraqlı verilişlərlə tamaşaçı auditoriyasının rəğbətinin qazanılması qarşıya məqsəd qoyulmalıdır. Televiziya təkcə informasiya vermək və yaxud əyləndirməklə işini bitmiş hesab etməməlidir. O, həmçinin tamaşaçısını düşündürməyi, istiqamətləndirməyi bacarmalıdır”.
Yuxarıda da qeyd etmişdik. Bəzən dövlət televiziyasının təyinatı, ona ayrılan vəsaitin miqdarı ilə bağlı qeyri-professional fikirlər səslənir. Televiziya böyük vəsait tələb edən bir qurumdur. Müasir dövrdə televiziyaya populyarlıq gətirə biləcək veriliş və proqramların hazırlanmasına böyük maliyyə sərf olunur. Hələ xarici “prodakşn”ların hazırladıqları iri layihələri demirik. Onların əldə olunması üçün valyuta gərəkdir. Məsələn, “özgəsinin pulunu saymağı xoşlayanların” diqqətinə belə bir faktı çatdıraq ki, Rusiyanın “Pervıy kanal”ının “Qolos” layihəsinin bir mövsümünün büdcəsi 22-25 milyon dollar təşkil edir.
Unutmaq olmaz ki, ölkəmizin televiziya kanallarında nümayiş etdirilən maraqsız, bayağı, mənasız verilişləri nəinki respublikamızın bölgələrində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı guşələrində də izləyə bilirlər. Yenə də akademik R.Mehdiyevin söylədiyi kimi, bəs biz “xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında "meyxana" və "ulduz" yarışmalarına (həmçinin zəif şou proqramlara – X.N.) meyillənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır”.
Cəsarətlə söyləmək olar ki, ölkə teleradioməkanının şəriksiz lideri, “ağsaqqalı” və məktəbi sayılan Azərbaycan Dövlət Televiziya və Radiosu özünün həm texniki, həm də intellektual-yaradıcı potensialı ilə bu vəzifənin öhdəsindən məharətlə gəlir. Təsadüfi deyil ki, KİV-ə, xüsusilə də Azərbaycan Televiziyasına böyük hörmətlə yanaşan ulu öndər Heydər Əliyev AzTV-ni “xalqımızn milli sərvəti” adlandırmışdı. Bu günsə məhz Pezident İlham Əliyevin qayğı və diqqəti sayəsində AzTV özünə mükəmməl maddi-texniki baza qurmuş, yaradıcı potensialı ilə ölkə teleməkanında lider mövqeyini qoruyub saxlamışdır.
* * *
Bəli, vaxt vardı TV hamını çəkirdi. İnsanlar biri-biri
ilə ünsiyyətdən,
qohum evinə get-gəldən qaçıb,
növbəti maraqlı
filmi, təsirli tamaşanı, səviyyəli
konserti izləmək üçün rahat mənzillərinə tələsirdilər.
Və etiraf edək ki, gözlədiklərini
ekrandan ala da bilirdilər. Bu gün hamını yalnız internet vasitəsilə
ünsiyyət, virtual təmas
maraqlandırır” – desək,
heç də axıra qədər səmimi olmarıq. Peyklərin tükənməz imkanları
və telekanalların
çoxluğu tamaşaçının
yerindən qımıldanmadan
hər kəs və hər şey barədə məlumat almasına imkan verir. Ancaq bir də intellektual
tamaşaçı var,
axı. Onu efirdən
meşşanlıq, bayağılıq,
primitivlik, bəsitlik püskürən, izləyicinin
zövq mədəniyyətinə
divan tutan keyfiyyətsiz,
əksər hallarda “kontrafakt” teleməhsulla aldada bilməzsən.
Düşünürük ki, televiziyanın ad günü dedikdə, ilk növbədə AzTV-nin göz önünə gətirilməsi bu camiədə bir kimsəni təəccübləndirmədiyi
kimi, digər telequrumların izzəti-nəfsinə
də toxunmamalıdır. Ən azından
o səbəbə görə
ki, bu gün
az-çox sinəsinə
döyən televiziya işçisi bu sənətin sirlərinə
məhz AzTV-nin redaksiyalarında, studiya və sexlərində yiyələndiyini unutmur.
Bu mənada dövlət
televiziyası özünün
lider, öndər mövqeyi ilə yanaşı, uğurlu məktəb imicini də formalaşdıra bilib.
Xalid NİYAZOV,
Əməkdar jurnalist,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent
Xalq qəzeti.-
2017.-14 fevral.- S.10.