Mədəni dəyərlərimizin təbliğində uğurlu il

 

Məlum olduğu kimi, ötən il Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında fərman vermişdir. Ölkə başçısının təşəbbüsü ilə yaradılan fond bu sahəyə sistemli dövlət qayğısının yeni nümunəsidir.

Milli-mənəvi dəyərlər millətin özünəməxsusluğunu, onun milli kimliyini müəyyənləşdirən əsas amillərdəndir. Ulu öndər Heydər Əliyev deyirdi: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”. Bu gün ulu öndərin bu tövsiyələri milli-mənəvi dəyərlərimizin qorunmasına güclü stimul vermişdir.

Yaşadığımız müasir dövdə baş verən qlobal proseslər bu dəyərlərin qorunub gələcək nəslə çatdırılmasında müəyyən problemlər yaratsa da, dövlətlər və xalqlar milli dəyərlərin qorunmasını diqqət mərkəzində saxlayırlar. Çünki bu dəyişikliklərə nəzarət olunmaması ciddi problemlər yaradır. Dövlətimiz bu problemlərdən xilas olmaq üçün elmin, təhsilin inkişafı və özünün sahib olduğu mənəvi dəyərləri qorumaq istiqamətində mühüm addımlar atır. Ona görə də son illərdə bu sahədə ölkəmiz üçün heç bir problem yaranmayıb. Bu gün dövlətimizin mədəniyyət siyasəti mədəni inteqrasiya prosesinə xüsusi önəm verir və digər xalqların mədəniyyətləri ilə qarşılıqlı ünsiyyətdə zənginləşir.

Dekabrın 21-də Bakıda keçirilən “2017-İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoqmövzusunda beynəlxalq konfrans da cənab Prezident demişdir: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu, bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli- mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli- mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.”

Yeni məscidlərin tikilməsi, mövcud məscidlərin təmir edilib istifadəyə verilməsi bu işdə dəyərli töhfə idi. 2016-cı il aprelin 2-də Azərbaycan Ordusunun ermənilərin təxribatına layiqli cavab verməsi nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən kənddə Şuşadakı Gövhər ağa məscidinin bənzəri olan məscidin inşası dövlət başçısının milli-mənəvi dəyərlərimizə diqqətinin və verdiyi önəmin bariz göstəricilərindəndir.

Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Fondun təşəbbüsü ilə Gəncədə Comərd qəssab və Cavad xan türbəsi yüksək səviyyədə bərpa edilmişdir. Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər Cümə məscidi, Binə qəsəbəsində Möhsün Səlim və İmam Rza məscidləri, Buzovna Cümə məscidi, Şamaxı Cümə məscidi əsaslı surətdə təmir olunmuşdur. Qəbələ şəhərində Heydər Əliyev Fondunun sifarişi ilə yeni məscid tikilmişdir.

2017-ci ildə təkcə dini dəyərlərin deyil, musiqimizin, teatrımızın, kinomuzun, rəsamlığımızın, kulinariyamızın təbliği istiqamətində atılan uğurlu addımlar da təqdirəlayiqdir. Prezident İlham Əliyevın mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı göstəriş və tövsiyələri bu sahədə qazanılan uğurların əsas stimulverici qüvvəsidir. Ölkə başçısı milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur: “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir.

Mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği keçən iluğurla davam etdirilmişdir. Dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti günləri keçirilmiş, filmlərimiz, səhnə əsərlərimiz festivallarda göstərilmişdir.

2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyiKamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda kamança hazırlanması UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Bu il UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siahısında yer alan, BMT-nin beynəlxalq bayram elan etdiyi Novruz da diaspor təşkilatlarımızın təşəbbüsü ilə dünyanın bir sıra ölkələrində təntənə ilə qeyd olunmuşdur.

Dövlət səviyyəsində görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı fərmanla mütərəqqi tarixi ənənələrimizə verdiyi yüksək qiyməti və dəstəyi bir daha nümayiş etdirmişdir. Prezidentin bu addımı, eyni zamanda, zəngin mənəvi irsimizin, ümumiyyətlə Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıdılmasına növbəti töhfədir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi dini mənsubiyyətindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən konfessiyalara dəstəyi, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət qayğısını daha da gücləndirəcəkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 26 oktyabr 2017-ci ildə “Milli-mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabahmövzusunda təşkil etdiyi konfrans da Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi. Tədbirdə iştirak edən deputatlar, ziyalılar, elmdin xadimləri, QHT nümayəndələri, ölkədə fəaliyyət göstərən müxtəlif konfessiya rəhbərləri Prezidentin bu təşəbbüsünü və addımını təqdirəlayiq hesab etdilər. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanın tarixi zərurətdən irəli gəldiyi bir daha qeyd olundu.

Mənəvi dəyərlərimizin qorunmasına dövlət qayğısının gündən-günə artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlərin sistemli aparılması məqsədilə bu fondun yaradılması qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.-14 fevral.- S.10.