Ankarada “Qara
Qarayev ili”nin açılış mərasimi olmuşdur
Azərbaycan Respublikası
Prezidentinin 17 oktyabr 2017-ci il tarixli sərəncamı ilə
Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi,
böyük bəstəkar, tanınmış pedaqoq və
ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı,
SSRİ və Azərbaycan Dövlət mükafatları
laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan
olmasının 100 illik yubileyi qeyd edildi.
Məlumdur ki, 2018-ci il TÜRKSOY tərəfindən
“Qara Qarayev ili” elan olunmuşdur. Ankarada TÜRKSOY-un iqamətgahında
“Qara Qarayev ili”nin açılış mərasimi
keçirilmişdir.
Tədbir çərçivəsində
Azərbaycan Milli Kitabxanasının arxiv fondundan böyük
bəstəkar, tanınmış pedaqoq və ictimai xadimin əsərlərindən,
musiqi ədəbiyyatından və əsərlərinin disklərindən
ibarət kitab sərgisi nümayiş olunmuşdur.
Açılış mərasimi dahi sənətkarın həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlamışdır. Tədbirdə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun “Sülh artisti”, Azərbaycan Respublikasının Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, Əməkdar incəsənət xadimi, Qazi Universitetinin müəllimi, professor Əflatun Nemətzadə və başqaları çıxış etmişlər.
Professor Düsen Kaseinov mərasimi açaraq görkəmli bəstəkarın yaradıcılığından bəhs etmiş, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışmış, bu il ərzində TÜRKSOY-a daxil olan türkdilli ölkələrdə görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini söyləmişdir. Sonra Azərbaycanın Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək dahi bəstəkarla işlədiyi anlardan, onun bəstəkar kimi yetişməsində Qara Qarayevin rolundan danışmışdır.
Kərim Tahirov dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edərək, onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu söyləmişdir. Natiq dahi bəstəkar Dmitri Şostakoviçin xatirələrindən söhbət açaraq, onun Qara Qarayevi sadəcə tələbəsi deyil, müasiri adlandırdığını söyləmişdir.
Sonda Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Qara Qarayev-100” adlı elektron məlumat bazası kitabxananın baş mütəxəssisi, Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva tərəfindən tədbir iştirakçılarına təqdim edilmişdir.
Ankarada məşhur bəstəkarın 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir Qazi Universitetində keçirilmişdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti. - 2018.- 17 fevral.- S.7.