Naxçıvan “Azərbaycanın gənclər paytaxtı”dır

 

Ulu öndər Heydər Əliyevin ideya-siyasi kursunun uğurla davam etdirilməsi nəticə etibarilə qədim Naxçıvanı inkişafa qovuşdurmuşdur. Beşminillik şəhər mədəniyyəti olan Naxçıvan bu gün həm də müasirliyi ilə öyünür. Keçmişini qorumaqla gələcəyə doğru inamla addımlayır. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Muxtar respublika sakinləri 2018-ci ili yüksək əhvalla, İslam mədəniyyətinin paytaxtı kimi qarşıladı.

Naxçıvan Muxtar Respublikası 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində ilk yeri tutub. Təbii ki, bu da muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəricilərini xarakterizə edən mühüm faktorlardandır. Bütün bunların ardınca Naxçıvanın ölkəmizin gənclər paytaxtı seçilməsi muxtar respublikanın tarixində yaşanan daha bir əlamətdar hadisə oldu. Məlum olduğu kimi, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub. Artıq İslam mədəniyyətinin paytaxtı həm də gənclər paytaxtıdır. 2012-ci ildən həyata keçirilən layihədə hər il ölkənin bir rayon və ya şəhərinin gənclər paytaxtı elan edilməsi nəzərdə tutulub. Gənclər paytaxtının elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.

İl ərzində həmin şəhər (rayon) gənclərin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması, yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Naxçıvanın “Azərbaycanın gənclər paytaxtı” seçilməsinə yalnız muxtar respublika sakinləri deyil, digər bölgələrdən olan sakinlər, ələlxüsus da gənclər dəstək verib. Səbəb aydındır: Naxçıvanın bu statusu daşımağa daha çox haqqı var.

Naxçıvan MR gənclər və idman naziri Azad Cabbarov 2018-ci ilin Naxçıvan üçün uğurlu bir il olduğunu qeyd etdi: “Naxçıvan əvvəlcə “İslam mədəniyyətinin paytaxtı”, ardınca da “Azərbaycanın gənclər paytaxtı” oldu. Gənclər Naxçıvanı ölkənin gənclər paytaxtı seçməklə Azərbaycanın ictimai-siyasi həyatında öz sözlərini demiş oldular. Əminəm ki, bundan sonra da naxçıvanlı gənclər ümumən ölkəmizin ictimai-siyasi həyatında öz fəallıqları ilə seçiləcəklər.

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palas”da keçirilən təntənəli mərasimə 10 nəfərlik heyətlə qatılmışdıq. Bu mərasimdə gənclər paytaxtının rəmzi açarı təqdim olundu və biz onu Naxçıvana gətirdik. Yaşanan həmin anın təəssüratlarını bölüşmək olduqca çətindir. Belə düşünürəm ki, onun qalibiyyəti yalnız səsvermə hesabına olmadı, Naxçıvanın buna haqqı vardı və qazandı. Biz bunu gözləyirdik, ona görə ki, Naxçıvan Muxtar Respublikasında aparılan gənclər siyasəti buna əsas verirdi. Hamımıza məlumdur ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində gənclər siyasəti ən yüksək səviyyədə həyata keçirilir və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun aşılanması gənclərimizin bugünkü mövqelərini ortaya qoyur.

Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, yaradılan yüksək şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar, Azərbaycanı layiqincə təmsil etmələri sübut edirdi ki, Naxçıvan bu adı almağa layiqdir. İlk səsvermə başlayan gündən sona qədər Naxçıvan səsvermədə öz liderliyini qorudu və qalib oldu. Naxçıvanda bu gün 3 ali təhsil, 3 orta ixtisas məktəbinin olması gənclər kontingentinin çoxluğunu önə çıxarır. Gənclər üçün yaradılan müasir infrastruktur da əsas şərtlərdən biridir. Digər bölgələrimizdən də Naxçıvana səs verənlər çox oldu. Düşünürəm ki, gənclər yenidən kəşf etmək üçün Naxçıvana səs verdilər”.

Gənclərlə bağlı müxtəlif tədbirlər ilboyu keçiriləcək. Ali Məclis sədrinin tövsiyə və tapşırığına əsasən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublikası təşkilatı və Heydər Əliyev adına Gənclər Birliyinin birgə iş planı tərtib olunub. Bu planda gənclər sferasını əhatə edən 37 maddə var. Nəzərdə tutulan tədbirlər sırasında ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin gənclərə aşılanması, intellektual oyunların keçirilməsi, hərbi xidmətdən tərxis olunmuş gənclərlə işi gücləndirmək və onları peşə ixtisasına yönəltmək, internetdən gəncləri səmərəli istifadəyə təşviq etmək kimi məsələlər yer alır. Digər tərəfdən, intellektual oyunlar olimpiadasının və Gənclər Forumunun bu il Naxçıvanda keçirilməsi də planlaşdırılmışdır. Sırf gənclər sahəsini əhatə etdiyi üçün birgə tədbirlər planına uyğun olaraq gənclərlə işin gücləndirilməsi, onların düzgün maarifləndirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində olacaqdır.

Bununla yanaşı, Naxçıvanın gənclər paytaxtı seçilməsi ilə əlaqədar burada həm ölkə, həm beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Həyata keçiriləcək ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər çərçivəsində naxçıvanlı gənclərin fəaliyyət dairəsi daha da genişlənəcək. Bu tədbirlər Naxçıvandan və ölkəmizin müxtəlif bölgələrindən olan gənclər arasında sıx dostluq əlaqələrinin qurulmasında körpü rolunu oynayacaq. Həmçinin ölkəmizin müxtəlif bölgələrindən bura gələcək gənclər təşkilatları Naxçıvanda gənclər üçün yaradılan şəraitlə tanış olacaq, Naxçıvanın tanıdılmasına və turizm potensialının təbliğinə öz töhfələrini verəcəklər.

Ali Məclisin sədri yanında toplantıda Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev də Naxçıvanın gənclər paytaxtı olması ilə əlaqədar sevincini bölüşdü: “2018-ci ili hər kəs Naxçıvan şəhərini islam mədəniyyətinin paytaxtı olaraq qarşılamışdı. Yəni 2018-ci ildə Naxçıvan şəhərində keçiriləcək tədbirlərin ilk istiqaməti bəlli idi, daha çox bu istiqamətdəki tədbirlərə üstünlük veriləcəkdi. Amma xoş bir hal oldu ki, bir neçə gün bundan əvvəlki internet səsverməsi ilə Naxçıvan şəhəri, eyni zamanda, Azərbaycanın gənclər paytaxtı seçildi. Yəni bir ildə şəhərimizin həm İslam mədəniyyətinin paytaxtı, həm gənclər paytaxtı statusunu daşıması artıq gənclər sahəsində həyata keçiriləcək tədbirlərin yeni müstəviyə daşınmasına təkan vermiş olacaq.

Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev il ərzində fond tərəfindən reallaşdırılacaq tədbirlər barədə də məlumat verdi. Dedi ki, hazırlanmış tədbirlər planı gənclərin intellektual inkişafı, onların asudə vaxtının səmərəli təşkili və bu istiqamətdə digər tədbirlərin keçirilməsi məqsədinə xidmət edir. Bununla yanaşı, Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar Gənclər Fondu ənənəvi yaradıclıq müsabiqəsi keçirəcəkdir. Bu istiqamətdə iki yaradıclıq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, muxtar respublikanın turizm potensialının təbliğ olunması ilə bağlı mütəmadi tədbirlər keçirilir. Buna uyğun olaraq “Naxçıvanı tanıyaq” devizi altında gənclərin muxtar respublikanın tarix, təbiət abidələrinə ekskursiyalarının təşkil olunması nəzərdə tutulub. Keçiriləcək tədbirlərdə gənclərin intellektual inkişaf məsələsi əsas prioritet istiqamətdir. Çünki intellektual inkişaf gənclərdə düzgün dünyagörüşünün formalaşmasına da dəstək verir və bu məqsədlə də il ərzində müxtəlif intellektual yarışların keçirilməsi nəzərdə tutulur.

Bildiyimiz kimi, muxtar respublikada digər ölkələrdən olan əcnəbi tələbələr də təhsil alırlar. Onlar arasında da intellektual oyunların keçirilməsi və əcnəbi tələbələrin muxtar respublikanın turizm potensiallı ərazilərinə, tarixi abidələrə ekskursiyalarının təşkil olunması nəzərdə tutulur. Burada məqsəd Naxçıvanın xarici ölkələrdə daha yaxşı tanıdılması və muxtar respublikanın ali təhsil müəssisələrinə digər əcnəbilərin də cəlb olunmasıdır. Keçirilən tədbirlərdə gənclərin potensialından düzgün istifadə olunması qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikanın tanıdılması ilə bağlı Naxçıvan Televiziyası tərəfindən müxtəlif videoçarxlar hazırlanır. Bu videoçarxların sosial şəbəkələr vasitəsilə, internet resurslarından düzgün istifadə etməklə geniş kütlə arasında yayımlanması da həyata keçirəcəyimiz tədbirlər sırasında yer alacaq. Bununla yanaşı, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və orta məktəblərin yuxarı sinif şagirdləri arasında yazı, eləcə də rəsm müsabiqələri keçiriləcək. Dövlət Dram Teatrının repertuarındakı tamaşalardan istifadə etməklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində muxtar respublikanın rayon mərkəzlərində müxtəlif tamaşaların göstərilməsi, gənclərin hərbi hissələrə səfərlərinin təşkili, onların əsgər və zabitlərlə görüşlərinin keçirilməsi və bir sıra digər tədbirlər də reallaşdırılacaq layihələr sırasındadır.

 “Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir” – Ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri Azərbaycan gəncliyinə göstərilən etimadın təzahürüdür.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da qeyd etdiyi kimi, bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək, Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır.”

İnanırıq ki, bu il İslam mədəniyyətinin paytaxtı olan Naxçıvan “Azərbaycanın gənclər paytaxtı” kimi də öz üzərinə düşən misiyyanı layiqincə yerinə yetirəcəkdir. Yaradılan şərait onu deməyə əsas verir ki, Naxçıvan bu adı uğurla daşıyacaq. İl ərzində həyata keçirilən tədbirlər gənclərin fəaliyyət imkanlarını daha da genişləndirəcəkdir.

 

Ruhiyyə RƏSULOVA,

Naxçıvan Televiziyasının

baş redaktoru

 

Xalq qəzeti. - 2018.- 20 fevral.- S.4.