Azərbaycan
multikulturalizminin təbliğinə xidmət edən
sanballı əsər
Azərbaycanın beynəlxalq
miqyasda ildən-ilə güclənən nüfuzu iqtisadi
uğurlarla yanaşı, həm də siyasi liberallaşma və
demokratikləşmə prosesinin dərinləşdirilməsi,
insan hüquqlarının aliliyinin qorunması, habelə
tolerantlıq və multikulturalizm sahəsində əldə
olunan nailiyyətlərlə şərtlənir. Sistemli,
ardıcıl islahatların məntiqi nəticəsi olaraq
iqtisadi və siyasi islahatların bir-birini tamamlaması Azərbaycanın
bölgədə regional mərkəzə çevrilməsini,
qlobal tədbirlərin məhz Bakı şəhərində
reallaşdırılmasını təmin edir.
Müxtəlif etnos və
dinlərin qovuşduğu ölkəmizdə tarixən
formalaşmış multikultural mühit beynəlxalq aləmdə
alqışlanır və mütərəqqi model kimi qəbul
edilir. Məhz bu cür yanaşma milli birlik və təhlükəsizliyin
təminatı baxımından son dərəcə zəruri
olan multikultural cəmiyyət modelinin formalaşmasına da
imkan yaratmışdır.
Beynəlxalq ictimaiyyətin
respublikamızdakı mövcud tolerant və multikultural
mühit barədə ətraflı məlumatlandırılması,
bu sahələrdə əldə olunmuş nailiyyətlərin
qlobal miqyasda təbliği zərurəti hazırda ölkənin
elm adamları, eləcə də tədqiqatçılar
qarşısında yeni çağırışlar müəyyənləşdirmişdir. Söhbət,
ilk növbədə, Azərbaycanın sivil birgəyaşayış
sahəsində tarixən əldə etdiyi nailiyyətlərin
elmi prinsiplər əsasında araşdırılması, tədqiqi
və sistemləşdirilməsi, eləcə də erməni
ideoloqlarının əsassız və saxta iddialarına
tutarlı cavab olaraq beynəlxalq ictimaiyyətə dolğun
şəkildə çatdırılması zərurətindən
gedir.
Azərbaycanda fəlsəfi və
humanitar düşüncənin düzgün məcrada
inkişafına, yeni dövrün tələbi kimi cəmiyyətdə
aktual nəzəri məsələlərin həllinə
sanballı töhfələr vermiş Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə bir müddət
əvvəl çapdan çıxmış “Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin
Azərbaycan modeli haqqında” kitabı çoxmədəniyyətli
dövlət olan Azərbaycanın multikulturalizm sahəsindəki
siyasətinin öyrənilməsi və təbliği, eləcə
də obyektiv dərki baxımından son dərəcə əhəmiyyətlidir.
Kitabda Prezident cənab
İlham Əliyevin son 15 ildə Azərbaycanın
multikulturalizm modeli ilə bağlı səsləndirdiyi dəyərli
fikirlər – rəsmi nitq və
çıxışlarından seçmələr, iqtibaslar
üç dildə (Azərbaycan, rus və ingilis dillərində)
yerləşdirilmişdir. Bu isə kitabın
ölkə hüdudlarından kənarda da oxunmasını təmin
edəcək mühüm amil olaraq Azərbaycandakı tolerant
və multikultural mühitin beynəlxalq miqyasda təbliğinə
xidmət edir. Kitabla tanışlıq
ölkəmizdə mədəniyyətlərarası və
dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsində
həyata keçirilən dövlət siyasəti, bu yöndə
əldə olunan nəticələr barədə aydın təsəvvür
formalaşdırır.
Akademik Kamal Abdullayev və
professor Etibar Nəcəfovun kitaba yazdıqları ön
sözdə Azərbaycanda tolerant və multikultural
düşüncə tərzinin tarixi təkamül proseslərinin
məntiqi nəticəsi kimi əsrlər boyu
formalaşdığı, müxtəlif azsaylı
xalqların bu məkanda dinc və mehriban şəraitdə
yaşadıqları xüsusi vurğulanmışdır. Multikultural cəmiyyətin
formalaşmasında coğrafi amilin rolunu diqqətə çəkən
müəlliflər haqlı olaraq Azərbaycanın müxtəlif
mədəniyyətlərin və sivilizasiyaların
qovşağında yerləşməsini xüsusi qeyd
etmişlər. Tanınmış alimlərin
bu qənaəti ilə də tam razılaşmaq
mümkündür ki, obyektiv səciyyə daşıyan
tarixi və coğrafi amillər Azərbaycan multikulturalizminin
formalaşması prosesində təkanverici amil rolunu
oynamışdır.
Müəlliflər bildirirlər
ki, Azərbaycanda multikulturalizm siyasətinin əsası
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuşdur.
Ulu öndər ölkədə mütərəqqi
İslam dəyərləri ilə yanaşı, başqa dinlərin
inkişafı üçün də liberal mühitin
yaradılmasını təmin etmiş, dini qurumlar arasında
qarşılıqlı hörmətə söykənən
münasibətlərin formalaşmasına
çalışmışdır. 1999-cu
ildə katolik icması dövlət qeydiyyatına
alınmış, 2000-ci ildə ibadətlərin yerinə
yetirilməsi məqsədilə xüsusi bina ayrılaraq kilsəyə
çevrilmişdir. Sonrakı illərdə
Azərbaycan hökuməti ilə Vatikan arasındakı
razılığa əsasən Bakıda Roma katolik kilsəsi
inşa olunmuşdur. Kilsənin başçısı
II İohan Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə
olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri
ilə görüşərək ölkədəki mövcud
tolerantlığı və multikulturalizmi yüksək qiymətləndirmişdir.
Kitabın ön sözünün
müəllifləri haqlı olaraq qeyd edirlər ki, ulu öndərin
bu sahədə əsasını qoyduğu islahatları son 15
ildə inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində
inteqrasiya proseslərini möhkəmləndirmiş, eləcə
də beynəlxalq müstəvidə mədəniyyətlərarası
və dinlərarası dialoqun inkişafına güclü təsir
göstərmişdir. Multikulturalizm sahəsində müfəssəl
nəzəri və təcrübi biliklərə malik olan Azərbaycan
Prezidenti 2003-cü il noyabr ayının
22-də müqəddəs Ramazan ayı münasibətilə
təşkil edilmiş iftar mərasimində
çıxışı zamanı qeyd etmişdir ki, ölkəmizdə
dini və etnik dözümlülük mövcuddur: “Bu,
çox böyük nailiyyətdir, sərvətdir. Həmişə belə olmuşdur, milli, dini
dözümlülük Azərbaycan xalqına xas olan
xüsusiyyətdir. Azərbaycanda heç
vaxt dini zəmində, milli zəmində ayrı-seçkilik
olmayacaqdır. Hər bir Azərbaycan vətəndaşı
dinindən, dilindən milliyyətindən asılı
olmayaraq, eyni hüquqlara malikdir və bu siyasət gələcəkdə
də davam edəcəkdir”.
Dövlətimizin
başçısının hələ 15 il
əvvəl söylədiyi bu fikir onun multikulturalizm və
tolerantlıq ideyalarına həssas münasibətinin əyani
təzahürü olmuşdur. Cənab İlham Əliyev
2005-ci ilin iyul ayında azsaylı xalqların sıx
yaşadığı Quba rayonunun Qırmızı qəsəbə
sakinləri ilə görüşdə demişdir: “Azərbaycan
bütün xalqların böyük, gözəl ailəsidir.
Biz böyük ailə kimi yaşayırıq… Bu,
Azərbaycan dövlətinin siyasətidir...Biz Azərbaycanı
başqa cür təsəvvür edə bilmərik. Azərbaycanın hər bir sakini mənim
üçün əzizdir, mənim üçün
doğmadır”.
Dövlət başçısı
ötən 15 ildə Azərbaycanda etnik-dini icmaların
sıx yaşadığı digər rayon və şəhərlərə
də müntəzəm səfərlər etmiş, ölkəmizdə
sivil birgəyaşayış sahəsində qazanılan
uğurları yüksək dəyərləndirmişdir.
2005-ci ilin iyulunda Qusar rayonunun sakinləri ilə
görüş zamanı dövlətimizin
başçısı demişdir ki, Azərbaycanın
çoxmillətli dövlət olması xalqımızın
sərvətidir: “Millətlərin müxtəlifliyi, mədəniyyətlərin
müxtəlifliyi bizi zənginləşdirir. Azərbaycanda
millətlərarasında tam mənada qardaşlıq hökm
sürür”.
Ölkə Prezidenti Qəbələ
rayonunun Nic qəsəbəsinin, İsmayıllı rayonunun
İvanovka kəndinin, Gədəbəy rayonunun Saratovka kəndinin
sakinləri ilə görüşləri zamanı da Azərbaycanda
yaşayan bütün etnosların birliyini
xalqımızın böyük nailiyyəti kimi
vurğulamışdır: “Böyük xoşbəxtlikdir ki,
Azərbaycanda yaşayan bütün xalqlar ölkəmizin
bütün yerlərində özünü doğma evindəki
kimi hiss edir. Bu, bizim böyük nailiyyətimizdir.
Biz bəlkə də buna öyrəşmişik, gündəlik
həyatda buna vikir vermirik və düz də edirik ki, fikir
vermirik... Azərbaycan Respublikasının
Prezidenti kimi mən Azərbaycanda yaşayan bütün xalqların
təminatçısı və dövlət
başçısıyam”.
Ölkə başçısı
etnik-milli tolerantlığın əsaslarından biri kimi
vicdan azadlığının Konstitusiya səviyyəsində
təsbit olunmasının əhəmiyyətini elmi əsaslarla
sübut etmiş və İtaliyanın “Rai News-24”
telekanalının “Next” proqramına verdiyi müsahibədə
respublikamızda dini tolerantlığın yüksək səviyyədə
olmasını, hər kəsin azad şəkildə istədiyi
dinə etiqad etmək hüququnun olduğunu demişdir.
Göründüyü kimi,
dövlətimizin başçısı xarici təcrübə
və yerli vəziyyəti öyrənərək multikulturalizmi
alternativi olmayan dəyər kimi təqdim edir. Ölkə
başçısı Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumundakı çıxışı zamanı bu sahədə
müsbət ənənələri olan ölkələrin təcrübəsinin
öyrənilməsi vacibliyini qeyd etmişdir: “Azərbaycanın
təcrübəsi göstərir ki, multikulturalizmin çox
müsbət nəticələri var. Multikulturalizmə
qarşı çıxış edənlər bu məsələni
daha da geniş təhlil etməlidirlər. Müsbət
təcrübəyə malik ölkələrin təcrübəsi
öyrənilməlidir. Əgər bu gün
multikulturalizmə qarşı müəyyən fikirlər səslənirsə,
sual verilməlidir: bəs bunun əvəzinə nə təklif
olunur? Özünütəcridmi? Yoxsa,
başqa dinlərin nümayəndələrinə
qarşı ayrı-seçkilikmi?”.
Kitabla tanışlıq deməyə
əsas verir ki, Prezident İlham Əliyev multikulturalizmin öz
mahiyyətinə və fəlsəfəsinə görə Qərb
analoqlarından fərqlənən yeni modelini irəli
sürmüşdür. Bu da haqlı olaraq bəşər mədəniyyətinə
multikulturalizmin Azərbaycan modeli kimi təqdim edilir.
Prezident İlham Əliyev 2014-cü ildə 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə xalqa təbrikində
bu modelin artıq dünyada öyrənildiyini
vurğulamışdır.
Kitabda haqlı olaraq
vurğulanır ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm
ili” kimi tarixiləşməsi respublikamızın bu sahədə
qərinələr boyu əxz etdiyi zəngin ənənələrin,
milli və dini azlıqlar arasındakı sivil birgəyaşayış
mühitinin bəşəri miqyasda təbliği
baxımından uğurlu olmuşdur. Bunun nəticəsi
kimi dünya ictimaiyyəti Tarixi İpək yolunda yerləşən
Azərbaycanın müxtəlif sivilizasiyaların
qovuşduğu məkan olduğunun, burada əsrlər boyu
milli-mədəni rəngarənglik mühitinin
formalaşdığının, habelə insan
hüquqlarının yüksək səviyyədə
qorunduğunun əyani şahidi olmuşdur.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
haqlı olaraq vurğuladığı kimi, “Güclü
dövlət” konsepsiyası həm insanlara geniş hüquqlar
verilməsini tələb edir, həm də dövlətin
güclü olmasını dəstəkləyir: “Güclü
dövlət anlayışını, ilk növbədə,
dövlətin iqtisadi və siyasi sistemini legitimlik əsasında
idarə etmək bacarığı kimi başa düşmək
lazımdır… “Güclü dövlət
dünyəvi dövlətdir. Güclü dövlət
trasparent dövlət idarəetmə sistemini dəstəkləmək
üçün vətəndaşın demokratiklik
hüququndan, demokratiyanın ifrat həddə
yuvarlanmasının və nəticədə
çıxılmaz vəziyyətə düşməsinin qarşısını
alan güclü hüquq-mühafizə
strukturları ilə birlikdə istifadə edə bilən
dövlətdir... İnsan hüquqlarına və
azadlıqlarına hörmət etməyən güclü
dövləti təsəvvürə gətirmək
mümkün deyildir”.
2016-cı ilin Azərbaycanda
multikulturalizm ili elan edilməsi həm də
Azərbaycanın güclü dövlət olaraq dünyaya
verdiyi açıq mesaj kimi yüksək qiymət
almışdır. Cənab İlham Əliyevin
də vurğuladığı kimi, bu, bəşəri
miqyasda toqquşma və müharibələr, siyasi, dini, milli
ziddiyyətlər şəraitində Azərbaycanda mövcud
olan sabitliyin və multikultural mühitin dünyaya təqdimatı
baxımından yeni imkanlar açmışdır. Söhbət ondan gedir ki, müasir dünyada getdikcə
dərinləşən sivilizasiyalararası ziddiyyətlər
xalqların milli-mənəvi və dini dəyərlərinin
qorunması zərurətini dövrün aktual məsələlərindən
birinə çevirmişdir. İlk baxışdan təbii
və mütərəqqi görünən bu meyillər bəzi
hallarda bəşər cəmiyyətinin minilliklər boyu əxz
etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərə
kölgə salır, onun etnik, irqi, dini və siyasi
dözümsüzlük kimi səciyyələnən
ksenofobiya ilə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qorumaq bəhanəsi
ilə son nəticədə başqa mədəniyyətlərə,
dinlərə, hətta millətlərə münasibətdə
dözümsüzlük halları artır.
Kitabda bir sıra Qərb
dövlətlərində islamafobiyanın, antisemitizmin,
ksenofobiyanın və dözümsüzlüyün digər təzahürlərindən
də söz açılır, multikultural dəyərlərin
aşındığı qeyd edilir. Bu gün bir sıra
Avropa dövlətlərində milli mövcudluğu qoruyub
saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət
olunur. Dövlətlər səviyyəsində
İslamın, habelə müsəlman mühacir və
qaçqınların sıxışdırılmasına
yönəlmiş cəhdlər son nəticədə “daha
çox dözümlü olmaq” şüarı ilə
çıxış edən Avropada dözümsüzlük əhval-ruhiyyəsinin
güclənməsi ilə müşayiət olunur. Bunun nəticəsidir ki, müsəlman
qaçqınların kütləvi şəkildə Avropadan
çıxarılmasına, habelə bu məkana
buraxılmamasına açıq
çağırışlar artır. Bu
çağırışların həm də “islamafobiya” və
terror cəhdləri ilə müşayiət olunması
özlüyündə çox ciddi təhlükələrdən
xəbər verir. Belə bir şəraitdə ölkəmizdə
multikulturalizmin alternativi olmayan həyat tərzi kimi qəbul
edilməsi Azərbaycanda insan hüquqları və digər
sahələrdə əsassız olaraq “problem” axtaran qərəzli
dairələrə tutarlı cavabdır. Təcavüzkar
Ermənistandan fərqli olaraq Azərbaycan qətiyyən
monoetnik dövlət deyil, burada müxtəlif xalqların
nümayəndələrinə qarşı hansısa
ayrı-seçkilik, dözümsüzlük müşahidə
olunmur.
Kitabda haqlı olaraq vurğulanır
ki, Azərbaycan kimi əlverişli coğrafi və tarixi şəraitə
malik olan bəzi dövlətlərdə multikultural dəyərlərin
inkişaf səviyyəsi ölkəmizlə müqayisədə
son dərəcə aşağıdır: “Başqa sözlə
desək, Azərbaycan Respublikası multikulturalizmi dövlət
siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir.
Məhz bu məqam əlverişli tarixi və
coğrafi amillərlə birlikdə multikulturalizmin Azərbaycanda
geniş yayılmasına səbəb olmuşdur”.
BMT-nin ali mədəniyyət
qurumu olan UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi
“Mədəni özünüifadə müxtəlifliyinin
qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun
olaraq ölkəmizdə milli azlıq və etnik qrupların mədəniyyətinin
inkişafı üçün müxtəlif layihələr
həyata keçirilir. Azərbaycan
Respublikası Prezidentinin 26 noyabr 2009-cu ildə
imzaladığı qanunla respublikamız bu Konvensiyaya qoşularaq
mədəni müxtəlifliyi dəstəklədiyini bir daha
nümayiş etdirmişdir. Dövlətimizin
başçısının 15 may 2014-cü il
tarixli sərəncamı ilə dünyada ilk multikultural
qurumun - Beynəlxalq Bakı Multikultural Mərkəzinin
yaradılması da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycançılıq məfkurəsinə
uyğun olaraq tolerantlığın, mədəni, dini,
linqvistik müxtəlifliyin qorunmasını təmin etmək,
habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi
kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və
təşviq etmək mərkəzin əsas məqsədi
müəyyən edilmişdir.
Azərbaycanda mövcud olan
multikultural mühitin dünyaya təqdimatında Bakıda təşkil
edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər
də müstəsna əhəmiyyətə malikdir. Ümumi şəkildə
deyə bilərik ki, respublikamız son illərdə Beynəlxalq
humanitar forumlara, İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
konfransına, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə
görüşünə, Krans Montana Forumuna, Davos Forumuna,
Qlobal Bakı Forumlarına, habelə ilk Avropa Oyunlarına,
Formula-1 yarışlarına, İslam Həmrəyliyi
Oyunlarına, Şahmat Olimpiadasına və digər beynəlxalq
tədbirlərə uğurla ev sahibliyi etmişdir. Şübhəsiz, bu və digər beynəlxalq
forumlar, konfranslar, idman yarışları vasitəsilə
sivil dialoqun qurulması, konstruktiv debatlar üçün
platformanın formalaşdırılması Bakı şəhərini
həm də multikultural ideyalar ətrafında intellektual
müzakirələr məkanına çevirir. Bu, əhalisinin 96 faizi müsəlman olan Azərbaycanın
multikulturalizm sahəsindəki təcrübəsinin, ölkəmizdəki
dinlərarası dialoq mühitinin bəşəri miqyasda
yüksək dəyərləndirildiyini göstərir.
Bu kontekstdə akademik Kamal Abdullayev və
professor Etibar Nəcəfov haqlı olaraq yazırlar ki, Azərbaycan
Respublikası hətta multikulturalizm siyasətinin ilk dəfə
meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli
multikulturalizm modeli təklif edir. Tanınmış
alimlər siyasi leksikonda “Azərbaycan multikulturalizmi”,
“Multikulturalizmin Azərbaycan modeli” terminlərinin
formalaşmasını, eləcə də, Azərbaycan
multikulturalizmi” fənninin bir neçə xarici ölkə
universitetində tədris olunmasını da mühüm
nailiyyətlər kimi diqqətə çəkirlər.
Prezident İlham Əliyevin
son 15 ildə bu istiqamətdə yürütdüyü siyasətin
ən diqqətəlayiq cəhətlərindən biri də
multikulturalizmin dövlət siyasəti səviyyəsinə
qaldırılmasıdır. Bu siyasət milli həyatın
ahəngdarlığını, konfessiyaların dinc
yanaşı yaşamasını, ölkədə yaşayan
bütün etnosların qardaşcasına
qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın
bütövlüyü, inkişafı və
firavanlığı uğrunda birgə mübarizəsini təşviq
edir. Bu, həm də ulu öndərin irəli
sürdüyü azərbaycançılıq
ideologiyasının mahiyyətindən irəli gəlir.
Xalqlararası və mədəniyyətlərarası
dialoqu müasir qloballaşma dövründə daha da
inkişaf etdirmək, ona dəstək vermək, bütün
insanların gələcəyi naminə mədəniyyətlərin
və dinlərin qarşılıqlı dialoquna nail olmaq
dövlət siyasətinin mühüm tərkib hissəsidir.
“Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin
Azərbaycan modeli haqqında” kitabında dövlətimizin
başçısının “Bakı prosesi” ilə
bağlı fikirlərinə geniş yer verilməsi təqdirəlayiqdir. Azərbaycan Prezidenti
İlham Əliyev hələ 2008-ci ilin dekabrında Avropa
ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır”
mövzusunda keçirilən konfransında “Bakı prosesi”
ideyasını irəli sürməklə
paytaxtımızın beynəlxalq miqyaslı tədbirlərin
mərkəzi statusu almasını təmin etmişdir. 48
ölkənin, 8 beynəlxalq təşkilatın və bir
sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının
yüksək səviyyəli nümayəndələrinin
iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü
ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə
dair Bakı Bəyannaməsi” qəbul edilmişdir. Bəyannamədə İslam və Qərb
sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və
mədəniyyətlər arasında dialoqun inkişafı məqsədilə
irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü
dəstəklənmişdir. Bununla da
respublikamızın paytaxtında müxtəlif beynəlxalq tədbirlərin
keçirilməsi intensiv xarakter almışdır. Azərbaycan
Prezidenti İlham Əliyevin 17 noyabr 2017-ci il
tarixli "Bakı Prosesi"nin 10-cu ildönümünün
qeyd edilməsi haqqında" sərəncamı da prosesin təkcə
Azərbaycan deyil, ümumən bəşəriyyət
üçün əhəmiyyətindən xəbər verir.
Sərəncamın preambula hissəsində
Bakı prosesinin xalqlar və mədəniyyətlər
arasında uğurlu əməkdaşlıq pratformu olduğu
bir daha xüsusi vurğulanmışdır.
Ölkəmizdə mədəni
müxtəlifliyin, sivilizasiyalararası dialoq mühitinin
genişlənməsində Heydər Əliyev Fondunun xidmətləri
də xüsusi qeyd olunmalıdır. Fond mədəniyyət
diplomatiyasına və mədəniyyətlərarası
dialoqa töhfələr verən, Qafqazda və keçmiş
sovet məkanında analoqu olmayan uğurlu layihələri ilə
bütün dünyada tanınmışdır. Parisdə
Versal Sarayının parkında yerləşən abidələrin
bərpası, Strasburqda Müqəddəs Məryəm
kafedral kilsəsinin yenidən qurulması, Pakistanda zəlzələdən
zərər çəkən qızlar məktəbinin yenidən
inşası, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir
və digər ölkələrdə təhsil
ocaqlarının müasirləşdirilməsinə kömək,
Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin
qorunmasına yardım, Qəbələ Beynəlxalq Musiqi
Festivalının təşkili – Avroviziya musiqi
yarışmasında Azərbaycanın iştirakına dəstək
və s. buna parlaq nümunədir.
Ölkəmizdə
tolerantlıq ənənələrinin qorunması işinə
xüsusi əhəmiyyət verən Fondun
“Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi
bu baxımdan xüsusi qeyd olunmalıdır. Layihə
çərçivəsində Heydər Əliyev Fondu
katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə
töhfə vermişdir. Müsəlman ölkəsi olan
Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə
Romada müqəddəs Marçelino və Pyotr
katakombaları bərpa edilmiş, eyni zamanda “Or-Avner” Beynəlxalq
Fondu ilə birgə Bakıda yaşayan yəhudi
uşaqları üçün 600 yerlik təhsil mərkəzi
inşa edilmişdir.
Ümumiyyətlə, kitabdakı
çıxışların xronoloji
ardıcılığından belə görünür ki,
multikulturalizmin Azərbaycan modelinin formalaşmasına gedən
yol 3 istiqamətdə aparılan gərgin işin nəticəsində
mümkün olmuşdur:
1) ölkə
daxilindəki multikultural mühitin daha dərindən öyrənilməsi
və onun siyasi hüquqi müstəviyə keçirilməsi;
2) Azərbaycandakı multikultural mühitin beynəlxalq aləmə
çatdırılması; 3) multikulturalizmin Azərbaycan
modelinin alternativinin bəşəriyyət üçün
yararsız olması.
2016-cı il
aprelin 24–28-də Bakıda “İnklüziv cəmiyyətlərdə
birgə yaşama: çağırış və məqsəd”
devizi altında keçirilmiş BMT Sivilizasiyalar
Alyansının VII Qlobal Forumunda da qeyd olunduğu kimi, Azərbaycanın
multikulturalizm sahəsində əldə etdiyi çoxəsrlik
təcrübə müasir dünyada mütərəqqi model
kimi qəbul olunur və maraqla qarşılanır. Azərbaycan
Prezidenti İlham Əliyev Birinci Qafqaz Forumunun rəsmi
açılış mərasimində haqlı olaraq,
bildirmişdir ki, bu modelin “alternativ” yalnız milli zəmində
ziddiyyətlər, ksenofobiya, irqçilik ola
bilər: “Azərbaycan təcrübəsi göstərir ki,
multikulturalizmin böyük gələcəyi var və onun
alternativi yoxdur. Multikulturalizmin alternativi
özünü təcridetmə, ayrı-seçkilik və
irqçilikdir. XXI əsrdə biz belə
mənfi meyillərin baş qaldırmasına yol verə bilmərik”.
Xüsusi vurğulamaq istərdik ki,
Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin
dünyaya təbliği prosesində Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi ilə yanaşı, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu da yaxından
iştirak edir, bu məqsədlə müxtəlif layihələr,
tədbirlər, konfranslar keçirir. Xarici
ölkələrə təşkil olunan işgüzar səfərlər
zamanı Azərbaycan multikulturalizmi barədə geniş məlumat
verir və əcnəbi alimlərin, elm xadimlərinin
multikulturalizm ideyasına münasibətində pozitiv dəyişikliklərin
şahidi oluruq. Konkret olaraq Fransaya 2017-ci
ildə gerçəkləşən səfər zamanı
multikulturalizm və həmrəyliyin konstitusion hüquqi əsasları
mövzusunda respublikamızı təmsil edən alimlərin
çıxışları böyük maraqla
qarşılanmış, əcnəbi alimlər əvvəlki
yanaşmalarından fərqli olaraq multikulturalizm
ideyasının cəmiyyət üçün əhəmiyyətini
açıq etiraf etməli olmuşlar.
2017-ci ildə AMEA-nın Milli Elmi
Kitabxanasında İtaliya alimlərinin və bu ölkənin
Azərbaycandakı səfirinin iştirakı ilə
keçirilən beynəlxalq konfransda əcnəbi alimlər
Azərbaycan multikulturalizminin bütün dünyaya örnək
olmasından söhbət açmış, səfir isə Azərbaycanda
milli identikliyin qorunub saxlanmasını dövlət siyasətinin
mühüm məqamı kimi dəyərləndirmişdir.
Akademik Ramiz Mehdiyevin ideya müəllifliyi
ilə işıq üzü görmüş “Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin
Azərbaycan modeli haqqında” kitabı Azərbaycan
multikulturalizminin gerçək mahiyyətini açaraq konkret
faktlar əsasında respublikamızın mədəni və
etnik rəngarəngliyini bütün dünyaya
çatdırır. Müxtəlif xalqların,
millətlərin, dinlərin xüsusiyyətlərinə
tolerant münasibətin azərbaycanlıların mentalitetinə
xas bir dəyər olduğu vurğulanır, fərqli
baxışlara, adətlərə, vərdişlərə
dözümlülük mövqeyini özündə ehtiva edən
multikulturalizmin bəşəriyyət üçün əhəmiyyətindən
söz açılır.
Bu gün Azərbaycandakı
multikultural cəmiyyət modelinin uğurlarını şərtləndirən
ən başlıca amillərdən biri də xalqla hakimiyyət
arasında möhkəm mənəvi bağlılığın
olması, Prezident İlham Əliyevin yürütdüyü
praqmatik siyasətin cəmiyyətdə bütün etnos və
dini konfessiyaların maraqlarını birmənalı ifadə
etməsi ilə şərtlənir. Əminliklə demək
olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə
aparan bu siyasət növbəti illərdə də uğurla
davam etdiriləcək.
İsaxan
VƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
yanında Bilik
Fondunun aparat rəhbəri,
hüquq üzrə elmlər doktoru,
professor
Xalq qəzeti.- 2018.- 21 fevral.- S.5.