Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
Böyük Britaniyanın Koventri
şəhərində səfərdədir
Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə bağlı ötən il imzalanan sərəncamına əsasən, il ərzində müxtəlif ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatların baş qərargahlarında təqdimatların keçirilməsi planlaşdırılır. Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yaymışdır.
Nazirin səfər çərçivəsində Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüşü olmuşdur. Ə.Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət və idman hadisələri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması haqqında məlumat vermişdir.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin Bakı Prosesi təşəbbüsünə toxunan nazir bu qlobal layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri Universiteti ilə əməkdaşlığın istiqamətlərini qeyd etmişdir. Martin Reeves də, öz növbəsində, Koventri şəhərində 100-dən çox millətin nümayəndəsinin yaşadığını bildirmişdir.
Səfər zamanı Koventri Nəqliyyat Muzeyinin nəqliyyat və mühərriklər üzrə kuratoru xanım Liz Chard-Cooper və Koventri Sosial Təsisatlar Universitetinin sahibkarlığın inkişafı üzrə rəhbəri xanım Carole Donnelly ilə ikitərəfli görüşlər keçirilib və qarşılıqlı mübadilələr barədə müzakirələr aparılmışdır.
Xalq qəzeti.- 2018.- 21 fevral.- S.8.