“Sonsuz dəhliz”in “Böyüməyən
uşaqlar”ı
Xocalı faciəsi sənət salnaməmizdə
Xocalı soyqırımına həsr olunmuş bir neçə bədii və sənədli filmə tamaşa etmişəm. “Haray”, “Qırmızı qar”, “Biz qayıdacağıq” “Xoca” filmləri bədii təfəkkürün məhsulu olsa da, buradakı hadisələrin ürəkgöynədən təsirindən uzun müddət azad ola bilmirsən. Əslində, bütün bu əsərlərdə real hadisələrin ümumiləşmiş mənzərəsi yaradılıb. Doğrudur, erməni cəlladlarının Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımı hadisələri bədii kitablarda, sənədli filmlərdə də əks olunmuşdu.
Məsələn, elə Məmməd Səid Ordubadinin 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davası barədə yazdığı “Qanlı illər” əsərində o məşhum dövrün həqiqi, real mənzərəsini konkret faktlarla ortaya qoymuşdu. Yaxud yazıçı Əyyub Abbasovun “Zəngəzur” romanı tarixi faktlara söykənərək, ötən əsrin başlanğıcında Zəngəzurda erməni vandallarının azərbaycanlılara qarşı törətdikləri insanlığa sığmayan fəlakətlər barədə həqiqətləri qələmə almışdı.
Xocalı faciəsini Böyük Vətən müharibəsi illərində Belarusun Xatın kəndində faşistlərin törətdiyi qanlı cinayətlə eyniləşdirənlər heç də yanılmırlar. Xatın kəndi əhalisinin hər dörd nəfərindən biri məhv edilmişdi, Xocalıda isə 613 nəfər amansızcasına qətlə yetirilmişdir. “Xoca” filminə baxanlar yəqin ki, o, soyuq gecənin qana bələnmiş Xocalı harayı ilə tanışdırlar. Nə baş verdi o gecə? Fəlakət çökdü Azərbaycanın üzərinə. Əliyalın kənd sakinlərinin heç yana çatmayan naləsi qarlı dağlara, meşələrə səs salsa da, bu haraya yetişən olmadı.
Rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Qırmızı qar” filmini də həyəcansız seyr etmək mümkün deyil. Bu filmdə tükürpədici qışqırıqlar, sərxoş ermənilərin ikrah doğuran hərəkətləri insanın ruhunu sarsıdır.
Xocalı və Qarabağ mövzusunda daha bir ekran işi Elxan Qasımovun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Biz qayıdacağıq” bədii filmidir. Film Xocalıdan olan yeniyetmə oğlanın həyatından bəhs edir, Ekran əsəri Xocalı soyqırımından sonra məcburi köçkün düşən insanların ağrılarından danışır.
Bu filmlər indi dünyanı dolaşır, Azərbaycanda törədilən soyqırımı hadisələrini dünyaya bəyan edir. 25 ildir Xocalı faciəsi ilə bağlı beynəlxalq aləmdə təbliğat işləri aparılır. Sənət əsərlərimiz bu işdə fəal köməkçidir. Rəsm əsərlərinin, filmlərin, kitabların, dövri nəşrlərin Xocalı deyib haray salmaları öz nəticələrini verməkdədir. İndi dünyanın bir neçə ölkəsinin parlamentləri Xocalı faciəsini soyqırımı hadisəsi kimi tanıyır. Bu, dövlətimizin, onun rəhbəri İlham Əliyevin məqsədyönlü xarici siyasətinin nəticəsidir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Qarabağa azadlıq – Xocalıya ədalət!” tədbirlər silsiləsi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynayır. Bu günlər dünyanın əksər ölkələrində tədbirlər keçirilir. Bu kampaniya çərçivəsində “Sonsuz dəhliz” sənədli filminin nümayişi böyük əks-səda doğurmuşdur. Filmin rejissoru litvalı Aleksandras Brokas kinolentin Madriddə nümayişi zamanı deyib: "Sonsuz dəhliz" filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır”.
"Sonsuz dəhliz" filmi 60-dan artıq ölkədə keçirilən kinofestivala təqdim edilib. Xatırladaq ki, filmin premyerası ötən il Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində bu filmin İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə də təqdimatı keçirilib.
Ancaq sənədli kinomuzda Xocalı soyqırımını ekrana miqyaslı şəkildə gətirmək üçün kifayət qədər dolğun mündəricəli film yaradılmayıb. Lakin bu sıradan son ekran əsərlərindən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən “Dua” sənədli filmini göstərə bilərik. Rejissor Mehriban Ələkbərzadənin “Xocalı soyqırımı” adlı sənədli filmini də qeyd etmək olar.
“İrəli” İctimai Birliyi (İB) tərəfindən çəkilən "Böyüməyən uşaqlar" filmi Xocalıda hər iki valideynini itirilmiş 25 uşaq haqqındadır. Bu filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Eyni zamanda, Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri yad edilir.
Film müxtəlif dillərə tərcümə edilərək Avropada, ABŞ və digər ölkələrdə nümayiş olunub. "Böyüməyən uşaqlar" filmi E. Eyvazlının eyniadlı kitabının motivləri əsasında çəkilib.
“Azərbaycantelefilm”də lentə alınmış “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı şahidləri” kimi nümunələr də yaradılmışdır. Bununla belə, Xocalı soyqırımından bəhs edən sanballı, dünya kinosu standartlarına cavab verən bədii filmimiz hələ də yoxdur. Ümid edək ki, yaxın gələcəkdə bu mövzuda dəyərli ssenari yazılacaq və “Pianoçu”, “Şindlerin siyahısı” kimi dünya səviyyəli kino əsərləri lentə alınacaq.
Xocalı soyqırımı rəssamlarımızın da müraciət etdikləri və qəlb ağrısı ilə yaratdıqları əsərlərin əsas mövzusu olmuşdur. İlk növbədə istedadlı fırça ustası Vaqif Ucatayın həmin mövzuda silsilə işlərini, xüsusilə “Xocalı” plakatını qeyd etməliyik. Sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu əsərin bədii təsir gücü sayəsində hər kəsdə şəhidlərə mərhəmət, faciəni törədənlərə isə sonsuz nifrət hissi oyanır. Vaqif Ucatayın Qarabağ müharibəsinə həsr olunmuş “Bax, gör, unutma!” qrafik silsiləsində Xocalı qətliamı ilə bağlı neçə-neçə əsər var. Rəssamlardan Arif Hüseynovun “Xatirə”, Adil Rüstəmovun “Rənglərin kədər səsi, Qarabağ şikəstəsi...” qrafik silsiləsi də Xocalı ünvanlı, erməni vəhşiliyini ittiham edən əsərlərdir. Tanınmış plakat ustası Həşim Elçiyevin yaratdığı yeddi plakatdan ibarət “Qarabağ” silsiləsində də Xocalı ağrıları özünün yaddaqalan ifadəsini tapıb.
1992-ci ildən sonra faciənin abidələşməsi sahəsində də mühüm addımlar atılıb. Bakıdakı Xocalı faciəsi abidəsi xalqımızın şəhidlərin əziz xatirəsinə ehtiramını əks etdirən Natiq Əliyevin mükəmməl sənət əsəridir. Heykəltəraşların “əsrin faciəsi” kimi qəbul olunan Xocalı qətliamına həsr etdikləri digər yaddaqalan sənət nümunələri sırasında Xalq rəssamı Fuad Salayevin “Döyüşçü”, Sahib Quliyevin “Qarabağlı qadın” və “Döyüşən şəhər”, Məmməd Rəşidovun “Daşın göz yaşları”, Vüqar Quliyevin “Xocalı” və s. əsərlərinin adını çəkmək olar. Bu heykəltəraşlıq nümunələrində faciənin daha çox ümumiləşdirilmiş təqdimatına üstünlük verilib.
Mərhum fırça ustası Nazim Məmmədov “25 fevral gecəsi”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Ailə əsirlikdə”, “Əlif Hacıyevin son döyüşü”, “Xocalı od içində”, “Erməni əsirliyində”, “Köməksiz Xocalı”, “Ata, oğul,ər! Bizi xilas edin!” və s. erməni vəhşiliyini ifşa edən nümunələrdir. Fikrət İbrahimovun “Gələcək naminə”, Aydın Tağıyevin “Qaçqınlar”, Qafar Sarıvəllinin “Haray”, “Bu qan yerdə qalmaz” və “Olacaqmı bu kədəri dağıdan ?”, Natiq Fərəcullazadənin “Şəhid önündə”, “Ruhların gəzintisi” və “Xeyir və Şər”, Namiq Məmmədovun “Faciə”, “Qaçan qadınlar” və Telman Abbasovun “Ana harayı” tablolarında düşmənə nifrətin, insanların əyilməzlik ruhunun və gələcəyə inamının daha qabarıq təqdimatı ilə qarşılaşırıq.
Azərbaycan bəstəkarları da bu mövzuda çox qiymətli əsərlər yaratmışlar. Onları dinlədikcə xalqımızın o ağrılı anlarını yenidən yaşayırsan. Musiqimizin bütün janrlarında bu növzuda əsərlər yaradılmışdır. Bu mövzuya xarici ölkə sənətkarları da biganə qalmamışlar.
Məşhur fransız bəstəkarı Pyer Tiluanın simofnik orkestr üçün yazılmış “Xocalı 613” əsəri yaralı yerimiz olan Xocalı soyqırımı qurbanlarına həsr edilmişdir. Xocalı qurbanlarına ithaf olunmuş bu əsər sülhə çağırışdır.
Xocalı soyqırımına həsr olunmuş sənət əsərlərinin bir qismi haqqında məlumat verdik. Onlar çoxdur. Bunun da səbəbi aydındır. Vətənini, millətini sevən heç bir sənətçi bu mövzuya laqeyd qala bilməz. Bu, tükənməz bir mövzudur.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2018.- 24 fevral.- S.8.