“The Washington Times”
qəzetində Azərbaycanın
turizm imkanları barədə məqalə
dərc edilib
“The Washington Times” qəzetində “Azərbaycana
səfər. Bakıda və ölkə
boyunca gediş-gəliş”
sərlövhəli məqalə
dərc edilib.
Materialda Azərbaycana üz tutan turistlərə bu ölkəyə gəlmək üçün
əvvəlcə viza
almaq lazım olduğu xatırladılır. Bildirilir
ki, 2017-ci il
Azərbaycanın əsas
gəliş-gediş məntəqəsi,
ölkənin ən iri hava limanı
olan Heydər Əliyev Beynəlxalq Aeroportu üçün rekord ili olub:
keçən il bu aeroport 4 milyon
sərnişinə xidmət
edib. Bu, əvvəlki
ilin müvafiq göstəricisi ilə müqayisədə 23 faiz
çoxdur. Məqalədə
qeyd edilir ki, 2014-cü ildən etibarən Azərbaycana gələn ABŞ vətəndaşları
üçün xüsusi
rahat xidmətlər təqdim edilir: Nyu-Yorkdakı Con Kennedi adına aeroportdan
(JFK) birbaşa reyslə
Heydər Əliyev Aeroportuna uçanlar Bakıya çatandan sonra birdəfəlik qısamüddətli viza
ala bilərlər. Heydər Əliyev
Aeroportundan Mərkəzi
Dəmir Yol vağzalına aeroportun 48
sərnişin tutan rahat avtobuslarında da getmək mümkündür. Azərbaycanda rahat taksi xidmətlərindən
də istifadə etmək olar. Göstərilir ki, Azərbaycan
daxilində səyahət
etmək üçün
avtomobilləri kirayə
götürmək də
mümkündür. Ölkədə avtomobil kirayəsi xidmətləri təklif edən beynəlxalq şirkətlər, o cümlədən
“Avis” və “Hertz”, habelə
çoxsaylı yerli şirkətlər fəaliyyət
göstərir.
Ölkə daxilində uçuşlar
üçün Azərbaycanın
ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC xidmətlərindən
istifadə etmək olar. Bu yaxınlarda AZAL yeni daxili reyslər
açıldığını elan edib.
Məqalədə Azərbaycanın digər
gözəl şəhərlərinə
və mənzərəli
guşələrinə, o cümlədən
Gəncə, Qəbələ
və Şəkiyə
getmək də məsləhət görülür.
Azərbaycanda avtobusda səyahətə
çıxmaq geniş
yayılıb. İri şəhərlərin, demək olar ki, hər birində
avtovağzal və ya şəhərlərarası
avtobusların dayanacaqları
var. Bundan əlavə,
ölkə daxilində
səyahət üçün
münasib qiymətlə
dəmir yol xidmətlərindən də
istifadə etmək olar.
Yusif Babanlı,
AZƏRTAC-ın xüsusi müxbiri
Xalq qəzeti.- 2018.- 15 fevral.- S. 13.