Dövlət Proqramı çayçılığın inkişafında yeni mərhələ olacaq

 

“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam bölgə əhalisi tərəfindən razılıqla qarşılanıb. Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” FT MMC-nin direktoru Araz Yağubov Dövlət Proqramının çayçılığın inkişafına mühüm töhfələr verəcəyini və bu sahənin qarşısında geniş perspektlər açdığını bildirərək deyir:

– “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi aqrar sahənin sürətli inkişafında yeni bir mərhələnin başlanmasından xəbər verir. Çayçılıq sahəsində çalışan bir fermer kimi bu proqramın qəbulunu çoxdan gözləyirdim. Belə ki, çayçılığın daha sürətli inkişafına hesablanmış bu mühüm sənəd çayçılıq sahəsində çalışan fermer təsərrüfatının rəhbəri kimi mənim və başçılıq etdiyim kollektivin hədsiz sevincinə səbəb olmuşdur. Yeni qəbul edilən proqram həm də ölkəmizdə bu sahəyə nə qədər diqqət və qayğının olduğunu əyani surətdə göstərdi. Yeni dövlət proqramı çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin, xüsusən qadınların məşğulluğunun və maddi rifahının yüksəldilməsinə böyük töhfə verəcək və bu istiqamətdə görülən işlərin sürətlənməsinə səbəb olacaqdır. Dövlət proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirlikləri hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görəcəklər. Bununla bağlı İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və digər qurumların qarşısına mühüm vəzifələr qoyulubdur. Bu isə çayçılıq məhsulları istehsalçılarının maliyyə resursları ilə təminat səviyyəsinin yüksəldilməsi və bu sahədə qarşıya çıxacaq risklərin düzgün qiymətləndirilməsi üzrə mexanizmlərin təkmilləşdirilməsi prosesinin sürətli həllinə xidmət edəcəkdir. Tədbirlər Planına əsasən, çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi baza təkmilləşdiriləcək, standartlar beynəlxalq tələblərə uyğunlaşdırılacaq, çay istehsalı və emalı sahəsində keyfiyyətə nəzarətin təkmilləşdirilməsi və daxili bazarın qorunması üçün tədbirlər görüləcəkdir. Çayçılıq sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət veriləcəkdir.

Həmçinin çayçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, çayçılığın infrastruktur təminatının yaxşılaşdırılması, bu sahədə dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.

Mövcud sənəd ölkəmizdə çay istehsalına güclü təkan verməklə yanaşı, yüz minlərlə yeni yerlərinin açılmasına səbəb olacaq, ölkə vətəndaşlarının sosial rifah halını daha da yüksəldəcəkdir.

Xüsusi qeyd etməliyəm ki, bu gün kənd təsərrüfatına verilən güzəştlər, qeyri-neft sektorunda yaradılan münbit şərait dövlətin bu sahəyə yüksək diqqət və qayğısı, bu strateji sahənin davamlı inkişafını stimullaşdırır. Ölkəmizdə balanslı bir iqtisadi mühit yaradır. Yeni dövlət proqramı yaşadığım Lənkəran rayonunda çayçılıq kimi ənənəvi sahənin sürətli bərpa və inkişafına ciddi təkan verəcəkdir. Ötən il çay plantasiyalarımızın ümumi həcmini 70 hektara çatdırdıq. Yeni çay sahələrinin bir hissəsi müasir yapon texnologiyası əsasında salındı. Mini çay emalı fabrikimizdə 16 adda çay məhsulu istehsal edirik. Bunu bir fermer təsərrüfatının rəhbəri kimi fərəh hissi ilə söyləyirəm. Çalışacağıq ki, dövlətimizin yaratdığı bu münbit şəraitdən bəhrələnərək yaxın bir neçə ildə öhdəmizdə olan çay sahələrinin həcmini 150 hektara çatdırmaqla dövlətin bu qayğısına əməli işimizlə cavab verək.

Yeni dövlət proqramını alqışlamaqla bildirmək istəyirəm ki, dövlətimiz dünyada hökm sürən ağır iqtisadi böhrana baxmayaraq ölkənin kənd təsərrüfatını, burada çalışan insanların rifah halının yüksəlməsini ön plana çəkir, daim qeyri-neft sektorunun daha sürətli inkişafını düşünür. İndiyədək verilən sərəncam və fərmanlar kimi “Çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” da sosialyönümlü olması ilə kənd əməkçilərinin gün-güzəranın yaxşılaşmasına yönəlmişdir.

Bu proqramda bir sıra məqamlar diqqətimi xüsusi cəlb etdi. Belə ki, sərəncamda qeyd edildiyi kimi, çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, çayçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, çay emalı potensialının artırılması, çayçılıq sahəsində infrastruktur təminatının yaxşılaşdırılması, çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, çay istehsalı və emalı sahələrinə yerlixarici investisiyaların cəlb edilməsinin təşviqi, çay məhsullarının rəqabət qabiliyyətinin artırılması, ixracının dəstəklənməsi və təşviqi kimi müddəalar çayçılığın inkişafını stimullaşdırmaqda mühüm rol oynayacaqdır.

Həqiqətən də biz fermerlərin ən ağrılı yerlərindən biri maliyyə resurslarına çıxışla bağlı olmuşdur. Çünki bankların irəli sürdüyü kredit şərtləri kənddə yaşayan biz fermerlər üçün dövlətimizin ayırdığı güzəştli kreditləri əlçatmaz etməklə inkişafımızı ləngidən səbəblərdən idi. Çayçılıqla bağlı dövlət proqramının qəbulu ilə həmin əngəllərin aradan qaldırılması nəzərdə tutulur.

Proqramda çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması bəndi də ürəyimcə oldu. Çünki hazırki şəraitdə çay sahələrində işləyə bilən texnikalara ciddi ehtiyac duyulur. Bu sahədə də gözləntilərimiz özünü doğrultdu. Bundan sonra, inanırıq ki, çayçılıq üçün nəzərdə tutulan texnikaların gətirilməsinə diqqət xeyli artacaqdır.

Digər məsələ isə, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi ilə bağlıdır. Çünki çayçılıq böyük və uzunmüddətli vəsait qoyuluşu tələb edir. Bu sahəyə investisiyanın cəlbi yeni yerlərinin yaradılması, kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və nəticədə ölkəmizdə yerli çayın istehsalında ciddi artıma yol açacaqdır.

Çayçılıqla bağlı təsdiq edilən yeni dövlət proqramı da aqrar sahənin inkişafını nəzərdə tutan əvvəlki sənədlərin məntiqi davamı kimi gələcək uğurlarımızın carçısıdır. Dövlətimizin bu addımı bizi inandırır ki, ölkəmizdə aqrar sahənin inkişafında başlanan yol uğurla davam etdiriləcək. Bu dövr çayçılıq sahəsinin yeni, çiçəklənmə dövrü olacaqdır.

Çayçılığın inkişafına dair dövlət proqramı bizi daha həvəslə işləməyə, vaxtilə dünya şöhrəti qazanmış təbii Lənkəran çayının istehsalını ildən-ilə artırmağa, ölkədə ərzaq bolluğu yaradılmasına sövq edir.

 

Söhbəti qələmə aldı:

Sərraf TALIBOV,

jurnalist

 

Xalq qəzeti.- 2018.- 17 fevral.- S.3.