Dil ümumxalq mülkiyyətidir, orada “özfəaliyyətə” yer yoxdur
Dil millətin kimliyidir.Bu kimlikdə xalqın tarixi, onun zaman-zaman yaratdığı mədəniyyəti qorunub saxlanılıb.Dil xalqın tarix və mədəniyyətinin qoruyucusudur. Anadolu türklərindən gəlmə belə bir deyim var: “Ordun varsa, yurdun var”. Aforizmləşmiş bu deyimdə söhbətgedən məqamda “dil” sözü “ordu” məfhumuna analoji olaraq assosiyasiya olunur: “Dilin varsa, yurdun var”. Bəli, dil millətin varlığıdır, onun milli təsdiqidir.
Azərbaycan dili Azərbaycan Respublikasının ən mühüm dövlət atributlarından biridir. Dil elə bir atributdur ki, digər dövlət rəmz və simvolları da onun vasitəsilə gerçəkləşir. Bu səbəbdən Azərbaycan dövləti dilimizin saflığı, təmizliyi və onun ictimai həyatın bütün sahələrində praktiki tətbiqi üçün lazımi işləri görmüşdür.Ədalət naminə qeyd edək ki, Azərbaycan dövləti tərəfindən dilimizin saflığının qorunması, ictimai-siyasi həyatın bütün sahələrinə tətbiqi, həmçinin onun təbliği və təşviqi üçün geniş qanunvericilik bazası yaradılmışdır. Bu fikrin doğruluğunu söyləyəcəyim bircə nümunə əyani şəkildə təsdiqləyir. Yetmiş illik sovet dönəmində “Azərbaycan dilinin orfoqrafiya lüğəti” vur-tut üç dəfə nəşr olunub. Müstəqillik dövründə isə iki dəfə -2004 və 2013-cü illərdə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəfis şəkildə nəşr olunmuşdur. Müqayisə üçün bu fakt çox şey deyir.
Dil ümumxalq mülkiyyəti olduğundan onun dəqiq, düzgün işlədilməsi və inkişafına bütövlükdə geniş ictimaiyyət cavabdehdir. Azərbaycan dilinin daxili normaları və mövcud prinsiplərini xalqın sıravi nümayəndələri pozmurlar. Əksinə, geniş xalq kütləsi adlanan toplum zaman-zaman dili zənginləşdirir.Bu məqamda bir məsələni diqqətə çatdırmaq istərdim.Xalq dil məsələsində heç vaxt səhvə yol vermir.Belə ki, xalq zaman-zaman ona “sırınmış” yad sözlərdən imtina edib, dilə gətirilmiş yad sözləri öz dilinin norma və “qəlibinə” uyğunlaşdırdıqdan sonra qəbul etmişdir.
Dilin daxili norma və prinsiplərini pozanlar ondan birbaşa istifadə edənlərdir.O kəslər ki, onların gündəlik materialı dildir. Dil normaları kütləvi informasiya vasitələrində– qəzet-jurnal , televiziyada tez-tez pozulur.Bu səhvlər birbaşa peşəkarlıq səviyyəsi və redaktə ilə bağlıdır. Müstəqilliyin bəxş etdiyi azadlıq və demokratiyadan sui-istifadə edən qeyri-peşəkarlar kütləvi informasiya vasitələrində lövbər salıb və bu müqəddəs sahəyə “çörək ağacı” kimi baxırlar.
Redaktə institutu isə, bəzi istisnalar nəzərə alınmasa, sıradan çıxmaq üzrədir.Kitab çapında isə bir-iki nəşriyyatı çıxmaq şərti ilə, demək olar ki, redaktə institutunun nə olduğu belə bilinmir. Nəşriyyatlar boyaqçı küpü kimi kitab çap edirlər, heç nəyin fərqində deyillər.Onlar nümayişkaranə bir formada bəyan edirlər ki, hər şeyə müəllif cavabdehdir, bununla da özlərini bütün məsuliyyətdən kənarda saxlayırlar. Onu da deyim ki, elmli, savadlı adamlar hansı yolla olursa-olsun öz kitablarını redaktə və korrektura mərhələsindən keçirdikdən sonra nəşriyyata təqdim edirlər. Yalnız diletantlar redaktə sənətinə barmaqarası yanaşırlar. Həmin diletantların diqqətinə bu məqamda bircə faktı çatdırmaq istərdim. Dünyanın Nobel mükafatı almış nəhəng yazıçıları öz əsərlərinin redaktəsi üçün sayılıb-seçilən şəxsləri redaktor tuturlar.
Onu da qeyd etmək lazımdır ki, yazı sənətində meydana çıxan səhvlərin bir qismi də mövcud mənbədən–orfoqrafiya lüğətində özünə yer almış qüsurlardan qidalanır.
Çox sevindirici haldır ki, Azərbaycan dilinin orfoqrafiyası ümumxalq müzakirəsinə verilib. Kütləvi informasiya vasitələrində düzgün yazı qaydaları haqqında başlanılmış müzakirələr təqdirəlayiqdir.Amma unutmayaq ki, dilçilik riyaziyyat qədər dəqiq elmdir, onun pozulmaz daxili qanunları mövcuddur. Bu qayda –qanunlar dilin daxili inkişafı əsasında formalaşmışdır. Dilin düzgün yazı qaydalarını orfoqrafiya tənzimləyir. Bu baxımdan orfoqrafiyaya həm də bir tabu kimi yanaşılmalıdır. Ancaq bu və ya digər səbəblərdən orfoqrafiyamızda bəzi yanlışlıqlar mövcuddur.Ədalət naminə qeyd edək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğətçilik şöbəsi öz potensialından qat-qat artıq bir iş görür. Bu məqamda onu da qeyd etməliyik ki, lüğətçilik problemi ilə ölkədə fəaliyyət göstərən bütün filoloji qurumlar məşğul olmalı və bu məsələdə onları Nəsimi adına Dilçilik İnstitutu koordinasiya etməlidir.
Orfoqrafiyamızda mövcud olan səhvlərin mənbəyini təxminən 3 qrupda birləşdirə bilərik.Birincisi, bəzi səhvlər əvvəlki illərdə nəşr olunmuş orfoqrafiya lüğətlərindən gəlir.İkinci qrup səhvlər alınma sözlərlə bağlıdır.Alınma sözlərin dilimizdə yazılışı məsələsi bir qədər mürəkkəbdir. Bu cür sözlər orijinaldakı kimi , yoxsa Azərbaycan dilində səsləndiyi kimi yazılsın? Bu məqamda rəylər müxtəlifdir. Necə ki, bu, özünü YUNESKO-UNESCO mürəkkəb adında göstərir. Fikrimizcə, belə məqamlarda beynəlxalq koda ( yazılışa) üstünlük verilməlidir. İstisnalar və dilimizin spesifik qanunları da nəzərə alınmalıdır.
Üçüncü qrup səhvlər yerli şivələrdən orfoqrafiyamıza daxil edilmiş sözlərin yazılışı ilə bağlıdır.Məsələn, lüğətdə ala-çalpov sözü defislə yazılıb.Əslində, bu söz bir məfhum, bir anlayış ifadə etdiyindən bitişik yazılmalıdır.Onu da qeyd edək ki, bu söz canlı xalq dilində daha çox alaçalpa formasında səslənir.Dialektdən alınmış bəzi sözlər çoxvariantlı verilib, əslində, orfoqrafiya vahidlik sevir, orfoqrafiyada alternativlik ola bilməz. Sonuncu orfoqrafiya lüğətində ( 2013) pərpətöyün və portupeyn– hər ikisi yazılıb.Fikrimizcə, pərpətöyün diləyatımlı və ümumişləkdir, ikinciyə ehtiyac yoxdur.Və yaxud cələk-cələk, çələk-çələk. Bu sözün başqa bir versiyası da lüğətdə özünə yer alıb: cələquran, çələkəsən. Əslində,cələ və cələk kökünün üzərində dayanılmalıdır. Cilov sözü də iki versiyada yazılıb.Bir versiyada dəhnəçilov yazılıb.Ancaq cilov sözü müstəqim şəkildə düzgün olaraq cilov şəklində yazılıb.Əslində, dəhnə-cilov olmalıdır, çünki bu məqamda yaxınmənalı sözlərdir. Lüğətin116-cı səhifəsində doğru olaraq cəngəl, cəngəllik yazıldığı halda, 135-ci səhifəsində çər-çəngəl versiyası da özünə yer alıb.
Fərqli variantda yazılan dialekt sözlərindən biri də pörnək sözüdür.Bu söz həm pornək, həm də pörnək şəklində verilib.Fikrimizcə, pörnək variantı daha çox uyarlıdır. Lüğətdə uzanalı və uzanılı sözlərinə də rast gəlirik. Bu çoxversiyalılıq da dialekt sözləri ilə bağlıdır.Əminliklə deyə bilərik ki, ikinci versiya daha doğrudur. Pələqulaq və pərəqulaq sözləri də eynilə iki variantda yazılıb.Oxucular da mənimlə şərik olarlar ki, birinci variant daha düzgündür.
Bu ikivariantlığa alınma sözlərdə də təsadüf olunur. Lüğətdə eynimənşəli alınma söz bir-birinin ardınca iki müxtəlif formada yazılıb.Məsələn, armo-dəmir, armokarkas.Əslində, bu tipli alınmaların orfoqrafiya lüğətində yer almasına heç bir ehtiyac duyulmur.Əgər bu tipli sözlərin lüğətdə verilməsi məsləhət bilinirsə, onda düzgün yazılışına və vahidlik prinsipinə əməl olunmalıdır.
Lüğətin 215-ci səhifəsində evirib-çevirmə, evirib-çevirmək sözlərinə rast gəlirik.Bəlkə, bu sözlə devirib-çevirmə nəzərdə tutulur? Elə isə niyə bu səhifədə?!
Artıqlamasilə, dolayısilə tipli sözlərin lüğətdə yer alması heç bir dil normasına uyğun deyildir.
Doqquzyaş sözü də lüğətdə özünə yer alıb, özü də bitişik.
Dərdi-hal, dərdi-sər, dərdi-sərli, dərdi-sərsiz sözlərində i hərfinə ehtiyac yoxdur, necə ki, dərd-qəm, dərd-qüssə sözlərində buna ehtiyac duyulmur.
Dərdaşna sözü niyə bitişik yazılsın? Bu söz canlı danışıq dilində dost-aşna sözünün sinonimi kimi işlənir, yaxınmənalı söz olduğundan defislə yazılmalıdır.İfliczədə sözü bitişik yazılıb. Bu söz də yaxınmənalı söz olduğundan defislə yazılmalıdır.
Lüğətdə yanlış olaraq ömretmə yazılıb.Bu səhv ömür, səbir, qəbir və s. ikihecalı sözlərə saitlə başlanan şəkilçinin artırılması zamanı sözün son saitinin düşməsi qaydasına əsasən yazıla bilməz.Çünki artıq burada tamamilə yeni bir məfhum, təzə bir anlayış meydana çıxdığından ömüretmə şəklində yazılmalıdır.
Lüğətdə məşhur muğamlarımızdan olan “Zabul” sözü musiqi termini kimi segah- zabil yazılıb.
Lüğətdə xalq-demokratik sözü defislə yazılıb.Güman edirəm ki, bu sözün defislə yazılması əcnəbi dil faktoru ilə bağlıdır.Ancaq bu sözün defislə yazılması Azərbaycan dilinin daxili prinsiplərinə heç cür uyğun gəlmir. Necə ki, Yəmən Xalq Demokratik Respublikası, Koreya Xalq Demokratik Respublikası kimi mürəkkəb adların yazılışında defis ironik görünür.
Nədənsə, lüğətdə ala-toran sözü defislə, alatoranlıq bitişik yazılıb.Əslində, bu söz bir məfhumu bildirir və bir vurğu ilə deyilir.Necə ki, alaqaranlıq, alacəhrə, alaqanqal tipli sözlər bitişik yazılır, bu söz də eynilə bitişik yazılmalıdır.
Alqan sözü lüğətdə defislə verilib. Bu sözün bitişik yazılması daha məntiqli görünür, çünki al sözü semantikasında qırmızı məfhumunu ifadə edir. Alqan, alqırmızı deyiləndə tamam qan, lap çox qırmızı başa düşülür.Unutmayaq ki, al sözü M.Kaşğarlının lüğətində və “Kutadqu bilik”də işlədilibdir.
Sifətin çoxaltma dərəcəsini yaradan zil və tünd sözlərinin yazılışı da mübahisə doğurur. Zil sözü sifətdən ayrı, tünd sözü sifətdən əvvəl gəldikdə defislə yazılır. Zil sözü tünd sözünün sinonimidir.Belə olduqda niyə zil sözü sifətdən ayrı, tünd sözü defislə yazılsın? Sifətin çoxaltma dərəcəsini yaradan bu sözlərin sifətə bitişik yazılması daha məntiqlidir.Belə ki, hər iki söz birləşdiyi sözlə birlikdə yeni bir anlayış yaradır.
Bu məqamda bir məsələyə də münasibət bildirmək istərdim. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlində verilmiş orfoqrafiya qaydalarında sözlərin defislə yazılması barədə heç bir məlumat verilmir.Əslində, orfoqrafiya lüğəti bitişik və defislə yazılan sözlərin toplusudur. Tünd sözünün defislə yazılması mövcud qaydalara uyğun gəlmir. Sözlər aşağıda qeyd edəcəyimiz dörd halda defislə yazılır: 1.Eyni sözün təkrarı , 2. Yaxınmənalı sözlər, 3. Əksmənalı sözlər, 4. Tərkibindəki sözlərdən biri və ya hər ikisi ayrılıqda işlənilməyən sözlər.
Lüğətdə doğru olaraq əhdi-vəfa, əhdi-ilqar yazılıb, ancaq nədənsə bunların ardınca əhdü-peyman yazılıb.
Lüğətdə novator şair sözü defislə verilib. Bu sözün lüğətə salınması
heç bir prinsipə sığmır.Bu
məqamda novator sözü təyin funksiyasında çıxış
edir.
Dilimizdə ümumişləklik qazanmış
əzrayıl və həmayil sözləri nədənsə əzrail
və həmail şəklində yazılıb. Ərəb
dilinə məxsus olan hər iki
söz indiyə qədər fonetik prinsipə və ənənəyə uyğun
olaraq əzrayıl və həmayil şəklində yazılıb.
Onu da qeyd
edək ki, indiyədək nəşr
olunmuş digər lüğətlərdə ( “Azərbaycan klassik ədəbiyyatında işlədilən
ərəb və fars sözləri”) əzrayıl və həmayil formasında yazılıb.
Dilin fasiləsiz inkişafı prosesində yeni
yaranan bütün sözləri orfoqrafiya lüğətində əhatə
etmək imkan xaricindədir, bu, mümkün olası iş deyil.Ancaq mövcud qaydalara istinadən yazılı nitqdə ondan məqamında yararlanmaq mümkündür.Düzgün
yazı təlimində
mübahisəli məsələlərdən
biri sözlərin bitişik , yoxsa ayrı yazılmasıdır.
Ancaq Azərbaycan
dilinin heç vaxt dəyişilməyən,
bütün zamanlarda sabit qalan bir
qanunu mövcuddur: bir vurğu ilə deyilən və bir məfhumu
(anlayışı) ifadə
edən sözlər bitişik yazılır. Məsələn: uzaqbaşı,yerləbir (oldu), tərbiyəedilən, tərbiyəolunan,
ələsalmaq(məcazi
mənada), yanğınəleyhinə,
xüsusitəyinatlı, bərpaolunan
(enerji), darağacı,
islamofobiya və s. Səhv etmirəmsə, bu sözlər orfoqrafiya lüğətimizdə
yoxdur.
Onu da səmimi etiraf edək ki, son on-on beş ildə
gündəmi orfoqrafiyamızın
problemləri zəbt edib. Əslində, bu , çox yaxşıdır,
alqışlanası haldır..Ancaq Azərbaycan dilinin düzgün yazı təlimi ilə dolayısı ilə (əslində, birbaşa )
bağlı olan durğu işarələrinin
işlənilməsində mətbuatımızda bir hərc-mərclik vardır.
Kütləvi informasiya
vasitələrində durğu
işarələri ilə
bağlı bir “özfəaliyyət” hökm
sürür, kim necə istəyir elə də durğu işarələrindən istifadə
edir. Bir çox dəyərlərdən
fərqli olaraq, fasiləsiz inkişaf edən dil böhran
keçirmir, əksinə , dil böhran keçirən hər hansı cəmiyyəti bu və ya
digər formada özündə əks elətdirir.Azərbaycan dili
bu gün rəvan axarla daimi olaraq təkamül
prosesi yaşayır.
Xeybər GÖYYALLI
Xalq qəzeti.- 2018.-18 fevral.- S.6.