Uludağ Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

 

Milli Məclisin deputatı,  siyasi elmlər doktoru Qənirə Paşayeva Türkiyədə, Uludağ Universitetində yüzlərlə tələbə və müəllimin iştirak etdiyi konfransda Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı məruzə ilə çıxış edib.

Tədbirin açılışında Uludağ Universitetində azərbaycanlı tələbələrin təmsilçisi, universitetin Layihə şöbəsinin rəsmisi Solmaz İsmayılova o ağrıları yaşamış bir qarabağlı olaraq, gəncləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin təbliğində fəal olmağa çağırıb. O, universitet rəhbərliyinin dəstəyi ilə bu konfransı təşkil etməkdə məqsədin gənclərə geniş bilgilər verilməsi olduğunu bildirib. Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri doktor Nəcibə Nəsibova, Regional Hüquqiİqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.

Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmi vurğulanan tədbirdə Qənirə Paşayeva əvvəlcə universitetin layihə şöbəsinin başqanı Mustafa Arslana, Gənclər təşkilatının rəhbəri Muhammed Yılmaza və əməyi keçən bütün qurum üzvlərinə Azərbaycana, Qarabağa, Xocalı soyqırımınına göstərdikləri diqqətə görə təşəkkür edib. O, Xocalı faciəsi barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlardan, onların yaşadığı acılardan danışıb. "Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susdu. Ölənlər hansı millətdən olursa-olsun, əvvəlcə insandı. Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırımı törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxarmırlar!

ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, FransaRusiya bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistana və erməni diasporuna ciddi dəstək verirlər.

Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türklər Xocalı faciəsini daha geniş yayılmasına çalışmalıdırlar”.

Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan Qənirə Paşayeva türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının vacibliyini qeyd edib.

Tədbirdə Uludağ Universitetinin rektor müavini Mehmet Yüceuniversitet rəsmiləri çıxış edərək Q.Paşayevaya üçün təşəkkürlərini bildirib, ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.

Q. Paşayeva müəllimlərə və gənclərə Türkiyədə yeni çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti. - 2018.- 20 fevral.- S.6.