Azərbaycan Prezidenti AZƏRTAC ilə
Türkmənistan Dövlət İnformasiya
Agentliyi arasında informasiya
mübadiləsi haqqında Sazişi təsdiqləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi haqqında 2015-ci il fevralın 28-də Bakı şəhərində imzalanmış Sazişin təsdiq olunması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, AZƏRTAC-a saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan tərəfinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Azərbaycan ilə Türkmənistan dövlət informasiya agentlikləri arasında imzalanmış Saziş hər iki ölkədə baş verən hadisələr barədə müntəzəm informasiya mübadiləsini təmin etmək məqsədi daşıyır.
Sazişdə agentliklərin öz ölkələrinin daxili və beynəlxalq həyatının aktual hadisələri haqqında rus dilində informasiya materiallarını mübadilə etməsi nəzərdə tutulur. Tərəflər informasiya mübadiləsini xəbərlər, fotoşəkillər və təhlili materiallar formasında həyata keçirirlər.
Agentliklər jurnalistlərin,
fotomüxbirlərin və kompüter
texnologiyaları üzrə mütəxəssislərin
ixtisasının artırılması və qabaqcıl təcrübənin
öyrənilməsi məqsədilə onların mübadiləsini
təşviq edirlər. Həmçinin peşə fəaliyyətini
həyata keçirərkən öz
dövlətlərinin ərazisində akkreditə olunmuş jurnalist və
fotomüxbirlərə təşkilati və texniki
dəstək göstərirlər.
Xalq qəzeti.- 2018.- 21 fevral.- S.6.