On illər boyu
qazandığımız zəngin təcrübə demokratik seçkilər keçirməyə imkan verir
Özünün inkişafı üçün demokratiya yolunu seçmiş hər bir dövlət istər-istəməz üzərinə azad, şəffaf və demokratik seçkilər keçirmək öhdəliyi götürmüş olur. Bu cür seçkilərin keçirilməsi üçün isə həmin dövlət zaman-zaman güclü hüquqi baza yaratmalıdır. Bunsuz ədalətli və demokratik seçkilər keçirmək mümkün deyil. Azərbaycan uzun illərdir ki, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir və seçki proseslərini lazımi şəkildə həyata keçirmək üçün beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi yaratmışdır. Bu baxımdan ölkəmiz istənilən seçkini – istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərini demokratik qaydada keçirməyə tam hazırdır. Dövlətimiz mükəmməl Konstitusiyaya və qanunvericiliyə malikdir. Bütün rayonlarda dairə seçki komissiyaları üçün yüksək səviyyədə şərait yaradılıb, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılıb.
Bu gün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, qarşıdakı 11 aprel prezident seçkiləri daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirilir. Bu məsələdə təkcə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy almış seçki qanunvericiliyimiz mühüm rol oynamır, həm də Mərkəzi Seçki Komissiyamızın uzun illər ərzində topladığı zəngin seçki təcrübəsinin əhəmiyyəti şəksizdir. Artıq ölkəmizin mərkəzi seçki orqanı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün ölkə ərazisində genişmiqyaslı maarifləndirmə işlərinə start verib. Şübhəsiz ki, Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri, xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra əldə olunmuş böyük seçki təcrübəsi bu dəfə də şəffaf və ədalətli seçkilər keçirilməsini təmin edəcək.
İndi birmənalı şəkildə deyə bilərik ki, bizim son illərdə topladığımız seçki təcrübəsi artıq bir sıra ədalətli beynəlxalq təşkilatlar tərəfindən də lazımi qiymətini alır, təqdir olunur. Bu da səbəbsiz deyil və birinci növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə bağlıdır. Prezident İlham Əliyev seçkilərin demokratik prinsiplərə uyğun təşkili, eləcə də səsvermə prosesində şəffaflığın təmin edilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında həmişə çox ciddi vəzifələr qoyur. Seçki prosesində demokratikliyin və şəffaflığın təmin edilməsi üçün gərək olan hər bir addımın atılmasına dəstək verir. Bir vaxt məntəqələrdə saxtalaşdırmaya nəzarət üçün müşahidə kameralarının quraşdırılması məsələsi qaldırıldı. Cənab Prezident bu məsələnin reallaşmasını təmin etdi. Sonra bir seçicinin bir dəfədən artıq səs verməsinin qarşısını almaq üçün barmaqların şəffaf mürəkkəblə rənglənməsi məsələsi ortaya çıxdı. Dövlət başçısı bu məsələnin də təcili surətdə tətbiqinə yaşıl işıq yandırdı. Bəzi beynəlxalq təşkilatların, QHT-lərin başqa təklifləri nəzərə alındı və tətbiq edildi. Təki seçkilərin demokratikliyi təmin edilsin. Heç bir şübhəmiz yoxdur ki, indiyədək qazandığımız təcrübə, ölkədə mövcud olan sabitlik, iqtidarla xalqın birliyi və həmrəyliyi, zəngin seçki qanunvericiliyimiz bu il aprelin 11-də də demokratik seçkilər keçirməyə imkan verəcək.
Hadı RƏCƏBLİ,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2018.-22 fevral.- S.4.