Xarici İşlər Nazirliyində Sumqayıt hadisələrinin
30-cu ildönümü ilə əlaqədar
mətbuat konfransı keçirilib
Fevralın 22-də Azərbaycan Xarici İşlər Nazirliyində Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə əlaqədar mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş müharibə cinayətlərinin araşdırılması üçün kifayət qədər məlumatın olduğunu bildirib. Qeyd edib ki, Qarabağda, Xocalıda cinayətlərin törədilməsində iştirak edənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün beynəlxalq tribunala ehtiyac var.
Hikmət Hacıyev deyib ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil. Ötən əsrin 80-ci illərində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı və bu, hərbi təcavüz və Azərbaycanın dinc əhalisinə qarşı insanlığa qarşı cinayətlərlə yekunlaşdı. Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı terror aktları törədib. Bu təxribatların kulminasiya nöqtəsi isə Sumqayıt hadisələri oldu.
Bildirilib ki, işğalçılıq siyasəti Ermənistanı geosiyasi və geoiqtisadi təcrid vəziyyətinə salıb, bu ölkə strateji iflas vəziyyətindədir. Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Mövcud “status-kvo” qəbuledilməzdir və bunun dəyişməsi üçün BMT sənədlərinə əsasən Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Sumqayıtdakı iğtişaşlar əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədilib. Hazırkı istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. Buna sübut olaraq demək olar ki, 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər.
Eldar Sultanov qeyd edib ki, hazırda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən qeyd olunan iğtişaşların bütün təşkilatçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ermənistan silahlı qüvvələri və bu ölkənin digər hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində, eləcə də erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilmiş cinayətlərlə əlaqədar Baş Prokurorluğun veb-saytında “Sumqayıt hadisələri” bölməsi fəaliyyətdədir. Həmin bölməyə daxil olmaqla istintaq materialları, eyni zamanda, erməni vəhşiliklərini özündə əks etdirən bir neçə dillərə tərcümə olunmuş filmlərlə tanış olmaq mümkündür.
Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev bildirib ki, istintaqla 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlərin kütləvi şəkildə çıxarılması müəyyən olunub. 1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib. İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri dəfələrlə məhkum edilmiş, milliyətcə erməni Qriqoryan Eduard Robertoviç adlı Sumqayıt şəhər sakini olub. Eduard Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra – SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı “xidmətlərinə” görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib”.
Müstəntiq bildirib ki, istintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyu müəyyən edilib. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürüblər.
AZƏRTAC
Xalq qəzeti.-
2018.- 23 fevral.- S.6.