Xocalı soyqırımı əsrin faciəsidir

 

Xocalı soyqırımı əsrin faciəsidir. XX əsrin sonunda dünyanın gözü qarşısında törədilən bu kütləvi qırğın amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir.

Bu fikirlər fevralın 22-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Xocalı soyqırımı ilə bağlı keçirilən “Xocalı soyqırımı – əsrin faciəsi” adlı tədbirdə səsləndirilib.

Faciənin tarixi, səbəbləri barədə danışan Arxivin direktoru vəzifəsini icra edən Elmira Ələkbərova bildirib ki, Xocalı faciəsi 200 ilə yaxın müddətdə erməni şovinist milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb.

Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalını mühasirəyə alıb. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan ediblər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılıb, yandırılıb və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb.

Milli Məclisin deputatı Fəzail İbrahimli, Siyasi Sənədlər Arxivinin elmi katibi Həcər Verdiyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri Elman Quliyev çıxışlarında Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Çıxış edənlər faktlarla əsaslandırıblar ki, ermənilərin məqsədi məhz Xocalıda azərbaycanlılara qarşı soyqırımı aktı törətmək olubbunu da həyata keçiriblər.

 

AZƏRTAC

 

Xalq qəzeti.- 2018.- 23 fevral.- S.7.