Xocalı soyqırımının qatillərinə aman olmamalıdır!
Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyətində rayon ərazisində məskunlaşmış Xocalı ailələrinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə erməni vandallarının 26 il əvvəl törətdiyi soyqırımı kəskin ittiham olunmuş, bu qətliamın beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söhbət açılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər bərədə söz açmışdır. O bildirmişdir ki, Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi, paytaxtın Nəsimi rayonunda da geniş qeyd olunur. RİH-in tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində sərgilər və müxtəlif tədbirlər keçirilir, xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunur.
Rayon rəhbəri daha sonra qeyd etmişdir ki, Xocalı faciəsinin soyqırımı olaraq təsdiq olunması və bütöv bir şəhərin əhalisi ilə birlikdə məhv edilməsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu qırğına siyasi qiymət verilmiş, faciənin dünyada tanıdılması məqsədi ilə işlərə başlanmışdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsində hər il faciənin ildönümü respublikamızda və dünyanın əksər ölkələrində qeyd olunur, qurbanların xatirəsi ehtiramla yad edilir, erməni cəlladlarının misilsiz vəhşiliyi ittiham olunur və lənətlənir.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, Xocalı şəhidi ailələrinin üzvlərindən Sahibə İsmayılova və Ofeliya Məmmədova Qarabağın azad olunacağı günü səbirsizliklə gözlədiklərini və tezliklə doğma ocaqlarına dönəcəklərinə əmin olduqlarını bildirmişlər. Onlar bugünlərdə Nəsimi RİH-in təşkilatçılığı ilə ərazidə yaşayan Xocalı sakinlərinin “Medical Plaza” və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında pulsuz tibbi müayinədən keçirilmələrini razılıqla qeyd etmişlər.
Nəsimi RİH-in başçısı Asif Əsgərov Xocalı sakinlərini ayrı-ayrılıqda dinləmiş, onları qayğılandıran məsələlərlə bağlı müvafiq izahat və tapşırıqlar vermişdir.
Sonda Xocalı köçkunlərinə RİH-in yardımları təqdim olunmuşdur.
R.TAHİR
Xalq qəzeti.- 2018.- 23 fevral.- S.8.