Abşeron:
inkişaf dinamik xarakter almışdır
Son illər Abşeron
rayonunun kənd və qəsəbələri, Xırdalan
şəhəri günbəgün gözəlləşir. Rayonda yeni,
modern infrastruktur layihələri həyata keçirilir. Küçələr, yollar, parklar abadlaşdırılır.
Rayon əhalisi abadlıq-quruculuq prosesində
böyük həvəslə iştirak edir.
Elliklə görülən
işin, təbii ki, bəhrəsi də çox olur. Xırdalan sakini, uzun illər
yaxından tanıdığım bir ağsaqqal söhbət
zamanı dedi ki, son illər rayonda əldə olunan bu parlaq
uğurlar, ilk növbədə, Azərbaycan dövlətinin
ölkəmizin başqa bölgələri kimi, Abşeron
rayonuna da göstərdiyi böyük diqqət və
qayğının nəticəsidir.
Təqdirəlayiq haldır
ki, Abşeron rayonunun rəhbərliyi, rayonun əmək
kollektivləri gərgin səy, zəhmət hesabına əldə
olunan bu qələbələri gələcəkdə daha da
artırmaq, yeni zəfərlərə nail olmaq əzmindədir. Axı,
qarşıda daha böyük vəzifələr durur. Deməli, daha gərgin, daha səmərəli
çalışmaq lazımdır.
2017 – islahatlar ili
Bu günlərdə
Abşeron Rayon İcra Hakimiyyətində 2017-ci ilin
sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə
qarşıda duran vəzifələrə dair hesabat
yığıncağı keçirilmişdir. Rayon icra
hakimiyyətinin başçısı İradə Gülməmmədova
tədbirdə geniş məruzə ilə çıxış
etmişdir.
Məruzəçi öncə
ölkəmizdə ötən il əldə
olunan böyük uğurlardan bəhs etmişdir. Qeyd
etmişdir ki, 2018-ci il yanvarın 29-da “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının dördüncü ilinin yekunları ilə
bağlı konfrans keçirilmişdir. Tədbirdə
Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirmişdir
ki, 2017-ci ildə ölkəmiz sürətlə və
uğurla inkişaf etmiş, əldə edilmiş nəticələr
Azərbaycanın ümumi inkişafına böyük
töhfə vermişdir.
Ötən il Azərbaycanda
iqtisadi sahədə xüsusilə önəmli addımlar
atılmışdır. 2017-ci il dərin
iqtisadi islahatlar ili kimi tarixdə qalacaqdır. Qəbul
edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar
iqtisadi islahatları daha da dərinləşdirmişdir.
Görünən budur ki, dünyanın müxtəlif
yerlərində risklərin, təhlükələrin
artdığı, qanlı münaqişələrin,
qarşıdurmaların geniş vüsət aldığı
bir vaxtda Azərbaycan xalqı sabit və təhlükəsiz
şəraitdə yaşamışdır.
Məruzədə
vurğulanmışdır ki, ölkə Prezidenti cənab
İlham Əliyevin ötən il 3 dəfə Abşeron
rayonuna səfər edərək, Xırdalan şəhərində
Olimpiya İdman Kompleksinin, Masazır kəndində orta məktəb
binasının, Corat-Novxanı və Mehdiabad-Digah-Məmmədli
avtomobil yollarının açılışlarında
iştirakı Abşeron rayon əhalisində böyük ruh yüksəkliyi
yaratmış, qurub-yaratmaq əzmini daha da
artırmışdır.
Uğurlu nəticələr
Rayon icra hakimiyyətinni
başçısı İradə Gülməmmədova
hesabat yığıncağında qeyd etmişdir ki, 2017-ci il Abşeron rayonu üçün də
uğurlu illərdən biri olmuşdur. Belə
ki, 2017-ci ildə rayonda həm kənd təsərrüfatı,
həm də emal sənayesi sahələrində məhsul
istehsalının həcmi xeyli artmışdır.
Gəlin, rayon üzrə bir
sıra əsas göstəricilərə diqqət yetirək. Ötən il rayonun qəsəbə
və kəndlərində əhali və fermer təsərrüfatlarında
qaramalın sayı 22365 baş, davarın sayı 110218 baş
olmuş, quşların sayı isə 1 milyon 54 min başa
çatmışdır. Ötən dövr ərzində
2215 ton ət, 49 min ton süd, 2430 sentner yun istehsal
olunmuşdur. Yumurta istehsalı 210 milyon ədədə
çatmışdır. Hesabat
dövründə 73.7 min ton tərəvəz
toplanılmışdır.
Rayonda ötən il sənaye məhsulunun
həcmi 60 faiz artaraq 195,3 milyon manata
çatmışdır. İstehsal olunmuş sənaye məhsulunun
73,8 faizi qeyri-dövlət müəssisələrinin
payına düşür. Hazırda rayonda ümumi investisiya dəyəri
79 milyon manat olan Hökməli qəsəbəsində
“Şahin Dəri” MMC tərəfindən dəri emalı, Məmmədli
kəndində “Konform” MMC tərəfindən metal məmulatlar
istehsalı, Saray qəsəbəsində “Attariki” MMC tərəfindən
radiator istehsalı, Xırdalan şəhərində “Azdersan”
MMC tərəfindən kişi və qadın dəri üst
geyimləri, Məmmədli kəndində “Çıraq
İnşaat” MMC tərəfindən əlvan metal məmulatlar
istehsalı və başqa müəssisələrin
yaradılması üzrə işlər davam etdirilir.
Tikinti-quruculuq
işləri vüsət alır
Bu gün Abşeron rayonu
geniş tikinti meydançasını xatırladır. Hara getsən,
hara baxsan, orada tikinti-quruculuq işlərin getdiyinin şahidi
olursan. Özü də bu işlər
böyük zövqlə, Abşeronun tarixi memarlıq ənənələrinə
uyğun olaraq həyata keçirilir.
2017-ci ilin ötən
dövrü ərzində rayon ərazisində tikinti sektorunda
işlər daha da canlanmış, sahibkarlar tərəfindən
rayonun Xırdalan şəhəri, Saray, Ceyranbatan qəsəbələri
və Masazır kəndi ərazisində çoxmənzilli
yaşayış binalarının tikintisi işləri davam
etdirilmişdir.
Ötən il
Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən
qurulması işlərinə başlanılmışdır.
Azərbaycan hökuməti ilə Səudiyyə
İnkişaf Fondunun birgə maliyyələşdirdiyi, dəyəri
108 milyon manat olan layihə çərçivəsində 2
il ərzində 168 kilometr uzunluğunda içməli su xəttinin,
110 kilometr uzunluğunda isə kanalizasiya xəttinin çəkilməsi
nəzərdə tutulur. Layihənin icrasına
başlanıldığı 2017-ci ilin iyul ayından bugünə
qədər 47 kilometr su, 18 kilometr uzunluğunda kanalizasiya xətti
çəkilib və hazırda bununla bağlı işlər
davam etməkdədir.
Bundan əlavə, ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə ayrılmış vəsait hesabına Novxanı kəndində
yeni magistral içməli su və kanalizasiya xətləri
çəkilib istifadəyə verilmiş, Pirəkəşkül,
Qobustan kəndlərində içməli su çəkilişi
işləri başa çatdırılmış, Mehdiabad və
Digah qəsəbələrində isə kanalizasiya xətlərinin
yenilənməsi işləri davam etməkdədir.
Elektrik enerjisi ilə
təminat yaxşılaşdırılır
2017-ci ildə rayon əhalisinin
elektrik enerjisi ilə təminatı sahəsində də bir
sıra layihələr həyata keçirilmişdir. Qobu qəsəbəsində
110 kilovotluq, Xırdalan şəhərində və
Masazır kəndinin hər birində 35 kilovoltluq yeni
yarımstansiyalar inşa olunmuş, hazırda Xırdalan şəhərində
110 kilovoltluq və 35 kilovoltluq daha iki yarımstansiyanın
tikintisində son tamamlama işləri həyata keçirilməkdədir.
Qobu 110 kilovoltluq yarımstansiyasına Qobu və
Hökməli qəsəbələrinin qoşulması təmin
edilmiş və Güzdək qəsəbəsinin də gələcəkdə
bu yarımstansiyaya qoşulması üçün yeni
transformator məntəqəsi tikilmişdir.
Digah qəsəbəsində
elektrik enerjisi verilişinin Binəqədineftdən
ayrılaraq Fatmayı yarımstansiyasının üzərinə
keçirilməsi nəticəsində qəsəbədə
elektrik təchizatı ilə bağlı problemlər aradan
qaldırılmışdır. Xırdalan şəhərində 3
yarımstansiyanı birləşdirəcək dairəvi 35
kilovoltluq xəttin çəkilişi işləri başa
çatmış, hazırda Hökməli, Aşağı
Güzdək, Saray qəsəbələrində, Masazır, Məmmədli,
Fatmayı və Görədil kəndlərində daxili
elektrik təsərrüfatlarının yenidən qurulması
işləri həyata keçirilir.
Rayon əhalisinin təbii qazla təchizatı
ilə bağlı Xırdalan, Saray, Ceyranbatan, Qobu, Hökməli,
Masazır, Novxanı və Pirəkəşkül
yaşayış məntəqələrində müxtəlif
diametrli 4546 paqonmetr uzunluğunda yeni təbii qaz xətləri
çəkilmiş, 13 ədəd qaz tənzimləyici
şkaf və 8084 ədəd sayğac
quraşdırılmışdır. Qeyd etmək
lazımdır ki, son illər Abşeron rayonunun kənd və
qəsəbələrində əhalinin içməli su ilə
təminatında da davamlı işlər
görülmüşdür.
Gözəl və
rahat yollar
Abşeron rayonunda son illər
yol tikintisi böyük vüsət alımışdır ki,
bu da rayon əhalisinin dərin razılığına səbəb
olmuşdur.
“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq və ölkə Prezidenti
İlham Əliyevin müvafiq sərəncamları ilə
ayrılmış vəsait hesabına ötən il
Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və
Lökbatan-Qobu yollarının əsaslı yenidən
qurulması işləri həyata keçirilmişdir.
Novxanı kəndindən Sumqayıt şəhərinə gedən
2,5 kilometrlik yolda rayonun daxili imkanları
hesabına genişləndirmə işləri aparılaraq
asfalt örtük verilmişdir.
Bakı-Şamaxı,
Bakı-Quba magistral avtomobil yollarının Abşeron rayonundan
keçən hissəsində 7 yerdə yerüstü piyada
keçidi quraşdırılmışdır. Bundan əlavə,
rayonun daxili imkanları hesabına Xırdalan, Ceyranbatan, Saray,
Masazır, Hökməli, Məmmədli, Novxanı
yaşayış məntəqələrində daxili yollarda
asfaltlama işləri həyata keçirilmişdir.
Rayon ərazisində Hökməli-Qobu,
Mehdiabad-Fatmayı, Mehdiabad-Novxanı, Mehdiabad-Digah-Məmmədli
avtomobil yollarının kənarlarında abadlaşdırma
işləri görülmüş, ümumilikdə, yol kənarlarında,
parklarda və digər ərazilərdə 50 mindən
çox zeytun, xan çinar, şam və digər növ
ağaclar əkilmişdir. Mehdiabad qəsəbəsində
və Məmmədli kəndində parklar yenidən qurularaq
istifadəyə verilmişdir.
Sahibkarlığa
geniş meydan açılıb
Abşeron rayonunda
sahibkarlığın inkişafına böyük
qayğı ilə yanaşılır. İş
adamları, təbii ki, bu qayğıdan ruhlanırlar. 2017-ci ildə sahibkarlar tərəfindən 179 milyon
manat dəyərində özəl investisiya qoyulmuşdur.
68 hüquqi, yaxud fiziki şəxs tərəfindən həyata
keçirilən və ümumi dəyəri 250 milyon manat olan
investisiya layihələrinin icrası nəticəsində
rayonda 4 minə yaxın yeni iş yerinin yaradılması təmin
ediləcəkdir.
2017-ci il ərzində
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət
göstərən sahibkarlara investisiya layihəsi
üçün 26 milyon manat güzəştli kredit
verilmişdir. Bu layihələrin icrası nəticəsində
658 yeni iş yeri yaradılmışdır.
Ötən il 142
hektar sahədə müasir tipli istixana kompleksi inşa olunmuşdur.
Burada artıq pomidor, xiyar və digər tərəvəz
məhsullarının istixana şəraitində
yetişdirilməsinə başlanılmışdır.
Eyni zamanda, ötən il
Xəzər rayonunun Abşeron rayonuna təhkim olunmuş 3570
hektar torpaq sahəsində “Grand-Aqro” MMC tərəfindən
aqropark yaradılması istiqamətində işlərə
başlanmışdır. Bu məqsədlə 8 kilometr
uzunluğunda su xətti çəkilmiş, 70 min kubmetr tutumu
olan hovuz tikilmiş və 80 hektar sahəyə damla üsulu ilə
suvarma sistemi quraşdırılaraq 58 min ədəd badam tingi
əkilmişdir. Bu il aqropark ərazisində 2370 hektar sahədə
zeytun, 130 hektar sahədə badam bağı salınması, həmçinin
zeytun emalı müəssisəsinin tikilərək,
işçilərin sayının 200 nəfərə
çatdırılması nəzərdə tutulur.
Sahibkarlığın
inkişafı rayonda yerli vergi daxilolmalarının
artımına da səbəb olmuşdur. 2018-ci il də daxil olmaqla,
artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan yerli gəlirlər
hesabına öz xərclərini maliyyələşdirir və
bu il öz xərclərindən əlavə, 23 milyon manat vəsaitin
dövlət büdcəsinə ödənilməsi nəzərdə
tutulmuşdur.
Qaçqın və
məcburi köçkün ailələrinə qayğı
artıb
Rayonda vətəndaşların
rifahının yüksəlməsinin başlıca şərti
olan işsizlik probleminin aradan qaldırılması istiqamətində
də mühüm tədbirlər həyata
keçirilmişdir. 2017-ci ildə rayon məşğulluq mərkəzinin xətti
ilə 997 nəfər işə düzəlmiş, 318 nəfərə
işsizlik statusu verilərək müavinət təyin
olunmuş, mərkəzin qeydiyyatında olan 72 nəfər
qeyri-məşğul vətəndaş müxtəlif peşələr
üzrə kursa göndərilmişdir.
Əvvəlki illərdə olduğu
kimi, hesabat dövründə də rayonun şəhid, əlil
və imkansız ailələrinə diqqət
artırılmış, rayon icra hakimiyyəti
başçısı yanında büdcədənkənar
inkişaf və bərpa fondundan 226 ailəyə 56300 manat
yardım göstərilmişdir. Rayonun Məmmədli kəndində
Qarabağ əlili üçün 131 kvadratmetr sahəsi olan
4 otaqlı ev tikilib istifadəyə
verilmişdir.
Ölkəmizin işğal
olunmuş ərazilərindən olan və rayonda məskunlaşmış
42 min nəfərdən çox məcburi
köçkünün həyat şəraiti də daim diqqət
mərkəzində saxlanılır. Hər il
olduğu kimi, 2017-ci ildə də işğal altında olan
rayonların şəhid ailələri ilə
görüşlər keçirilmiş və onlara maddi
kömək edilmişdir.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə keçirilmiş 9 mart 2017-ci il
tarixdə qaçqınların və məcburi
köçkünlərin problemlərinə həsr
edilmiş müşavirənin nəticəsi olaraq rayon ərazisində
məcburi köçkünlərin mənzillə təminatı
sahəsində çox ciddi işlər
görülmüşdür. Mehriban xanım Əliyevanın
bu il iki dəfə Abşeron rayonu ərazisində
inşa olunmuş 6 çoxmənzilli yaşayış
binasının açılışında iştirakı məcburi
köçkünlərə göstərilən diqqət və
qayğının əyani təzahürüdür. Ötən
il Bakı şəhərinin Xəzər, Xətai və Binəqədi
rayonlarından olan, qəzalı binalarda və ağır
şəraitdə yaşayan 1190 nəfər məcburi
köçkün Masazır və Mehdiabad ərazisində inşa
olunmuş binalarda mənzillərlə təmin edilmişdir.
Valideyn himayəsindən məhrum
olmuş kimsəsiz məzunların yerləşdirilməsi
üçün Masazır kəndində 120 mənzilli
yaşayış binasının tikintisində də son
tamamlama işləri görülür. Yaxın
vaxtlarda binanın açılışı, əlavə
olaraq, daha bir 12 mərtəbəli yaşayış
binasının və orta məktəb binasının təməlinin
qoyulması nəzərdə tutulur.
Təhsil və səhiyyə
sahələri də diqqət mərkəzindədir
2017-ci ildə rayonun təhsil
müəssisələrinin normal fəaliyyətləri
üçün lazımi şəraitin yaradılması,
infrastrukturun müasirləşdirilməsi istiqamətində
işlər davam etdirilmişdir.
Masazır kəndində 1200
şagird yerlik məktəb binası, dövlət investisiya xərcləri
hesabına Masazır kəndində və Aşağı
Güzdək qəsəbəsində körpələr
evi-uşaq bağçası tikilib istifadəyə
verilmiş, rayonun daxili imkanları hesabına Xırdalan şəhərinin
1 və 15 saylı uşaq bağçalarının
binaları təmir edilərək ətrafı
abadlaşdırılmışdır. Mehdiabad qəsəbəsində
1200 şagird yerlik müasir tipli məktəb binasında da
işlər başa çatdırılmışdır.
Ötən dövr ərzində
əhalinin səhiyyə xidmətinin
yaxşılaşdırılması istiqamətində də
müəyyən tədbirlər həyata
keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq tapşırığına uyğun
olaraq, 2017-ci ilin fevral ayından may ayınadək 152390 sakin
tibbi müayinədən keçirilmişdir. Müayinənin
nəticəsi olaraq 2006 nəfər xəstəyə ambulator
müalicə təyin edilmiş, 733 nəfər isə
stasionar müayinə və müalicəyə göndərilmişdir.
2017-ci ildə rayonda mədəniyyət
müəssisələrinin fəaliyyəti də xeyli
canlandırılmış, keçirilən bayram tədbirlərində
respublikanın tanınmış musiqiçilərinin və
rayonun özfəaliyyət kollektivlərinin əhali
qarşısında rəngarəng
çıxışları təşkil olunmuşdur.
Rayon icra hakimiyyəti və
onun struktur bölmələrinin fəaliyyətində vətəndaşların
müraciətlərinə, təklif, ərizə və
şikayətlərinə baxılması mühüm yer
tutur. Müraciətləri doğuran səbəblər
mütəmadi təhlil olunur, qaldırılan məsələlərin
həlli ilə bağlı vətəndaşlara vaxtında və
konkret cavablar verilir.
Bəli, Abşeron Rayon İcra
Hakimiyyətinin rəhbərliyi bütün qüvvələri
səfərbər edərək Prezident İlham Əliyevin
tapşırıq və tövsiyələrindən irəli
gələn vəzifələri dərindən təhlil etməklə,
qarşıda duran mühüm tədbirlərin vaxtında və
keyfiyyətlə yerinə yetirilməsinə nail olmağa
çalışır. İnanırıq ki,
abşeronlular bundan sonra da onlara göstərilən etimadı
doğruldacaqlar.
Səməd
HÜSEYNOĞLU,
Xalq qəzeti.- 2018.- 23 fevral.- S.9.