Xocalı qırğını təkzibolunmaz soyqırımıdır

 

Səbail Rayon İcra Hakimiyyətində  Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı rayonda məskunlaşmış xocalılılarla görüş keçirilmişdir. Mərasimdə Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad olunmuş, erməni vandallarının mühasirəyə düşmüş şəhəri əhalisi ilə birlikdə məhv etməsi  təkzibolunmaz soyqırımı aktı kimi dəyərləndirilmişdir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Səbail rayonunda da faciənin ildönümü dərin hüzn, torpaqlarımızın işğaldan azad edilməsinə böyük inam duyğuları ilə qeyd olunur. RİH-in tədbirlər planına uyğun olaraq, idarə və təşkilatlarda, ortaali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri keçirilir. Mədəniyyət müəssisələrində xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər  təşkil olunur.  Fevralın 26-da isə rayonun ortaali məktəblərində  ilk dərslər Xocalı faciəsinə həsr olunacaq.

Natiq Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Eldar Ağayev qeyd etmişdir ki, bu faciənin beynəlxalq ictimaiyyətə soyqırımı aksiyası kimi çatdırılması üçün ümummilli lider Heydər Əliyevin dünya miqyasında apardığı qətiyyətli siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ardıcılgeniş miqyasda davam etdirirlər.

Bildirilmişdir ki, xalqımız məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə  möhkəm əmindir.

İgid oğullarımız lazım gələrsə, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq torpaqlarımızı müharibə yolu ilə azad etməyə hər an hazırdır.

Xocalılılar adından çıxış edənlər  ötən illərdə onların problemlərinin həllinə dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə razılıqlarını ifadə etmişlər.

Sonda rayonda məskunlaşmış Xocalı köçkünlərinə RİH-in növbəti yardımı təqdim olunmuşdur.

 

R.TAHİR

 

Xalq qəzeti. - 2018.- 24 fevral.- S.6.