Hərbi Prokurorluqda Xocalı faciəsinin
26-cı ildönümünə həsr olunmuş
elmi-praktik konfrans keçirilib
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 23-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində elmi-praktik konfrans keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası baş prokurorunun müavini-hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev elmi-praktik konfransı giriş sözü ilə açaraq bəşəriyyətin ən böyük faciələrindən olan, bütün beynəlxalq hüquq normalarının pozulması ilə törədilmiş, kütləviliyi və amansızlığı ilə fərqlənən, eləcə də ölkəmizin dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olan Xocalı soyqırımı haqqında iştirakçılara geniş məlumat verib.
Respublikanın hərbi prokuroru Çar Rusiyası və SSRİ rəhbərlərinin himayədarlığı ilə Azərbaycan torpaqlarının zaman-zaman ermənilərə verilməsi nəticəsində erməni dövlətinin yaradılması, azərbaycanlıların öz dədə-baba ocaqlarından zorla köçürülmələrinin ardıcıl həyata keçirilən etnik təmizləmə, deportasiya və soyqırımı ilə müşayiət olunması barədə məlumat verib. X.Vəliyev Xocalı soyqırımına ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymətin verilməsi, soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl işlər görən Prezident İlham Əliyevin Ermənistanın təcavüzü nəticəsində xalqımızın üzləşdiyi faciələrə bütün dünyada siyasi və hüquqi qiymətin verilməsinə nail olunması sahəsindəki fəaliyyətindən və görülmüş işlərdən bəhs edib.
Habelə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində sistemli və ardıcıl tədbirlərin həyata keçirilməsindən danışıb.
Sonra Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Soyqırımı Muzeyi barədə ətraflı məlumat verərək bildirib ki, bugünkü gənclik xalqımızın tarixinə biganə qalmır. Bunun nəticəsidir ki, hər il minlərlə məktəbli və tələbə həmin muzeyi ziyarət edir.
Xanlar Vəliyev dünya ictimaiyyətinin də həqiqətin nədən ibarət olmasını çox yaxşı başa düşdüyünü vurğulayaraq, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli siyasi iradəsi nəticəsində işğal altındakı torpaqlarımızın azad ediləcəyi və xalqımıza qarşı misli görülməyən cinayətlər törətmiş erməni faşistlərinin cinayət məsuliyyətinə cəlb olunacaqları günün uzaqda olmadığını bildirib.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov çıxış edərək Xocalı soyqırımı ilə əlaqədar 26 il ərzində dövlət və vətəndaş cəmiyyəti tərəfindən aparılan işlərdən söz açıb. Y.Mahmudov “Xocalıya ədalət!” kampaniyası çərçivəsində atılan addımların yüksək qiymətləndirildiyini qeyd edərək bu barədə fikirlərini diqqətə çatdırıb.
Konfransda Milli Məclisin deputatları Musa Quliyev və İlham Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev çıxış edərək 26 il ərzində dövlət və vətəndaş cəmiyyəti tərəfindən aparılan işlərə baxmayaraq, beynəlxalq konvensiyalarda Xocalı soyqırımına hüquqi səviyyədə qiymət verilmədiyini qeyd ediblər. Buna baxmayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində uğurla həyata keçirilən tədbirlər nəticəsində 10-dan çox ölkədə və ABŞ-ın 20-dən çox ştatında Xocalı soyqırımının parlament səviyyəsində tanındığı və digər məsələlər diqqətə çatdırılıb.
Konfransda Xocalı sakini Əbülfət Kərimov çıxış edərək 1992-ci il fevralın 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərinə hücumu zamanı dinc əhalinin kütləvi surətdə, xüsusi amansızlıqla və işgəncələr verilməklə qətlə yetirildiyini bildirib. O, mühasirədən qaçmağa nail olsa da, 1992-ci il fevralın 28-də girov götürülərək işgəncələrə məruz qaldığını və həmin il aprelin 25-də girovluqdan azad olunduğunu deyib.
Sonda tədbir iştirakçılarına muzeydə saxlanılan eksponatlar, həmçinin Xocalı soyqırımını əks etdirən tarixi sənədlər barədə ətraflı məlumat verilib. Eləcə də Memorial Soyqırımı Muzeyinin konfrans zalında Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən hazırlanmış “Əsrin faciəsi” rəqəmsal videoçarx nümayiş olunub.
AZƏRTAC
Xalq qəzeti.
- 2018.- 24 fevral.- S.7.