Erməni vandalları xocalılıları yalnız azərbaycanlı olduqlarına görə öldürürdülər

 

Tarixi hadisələrin real faktlara əsaslanaraq doğru-düzgün işıqlandırılması günümüzün ən zəruri məsələlərdən biridir. Çünki hər bir xalqın dövlətçilik, mədəniyyət və mənəviyyat tarixi, əslində, onun qan yaddaşını təşkil edir. Azərbaycan xalqının qan yaddaşında böyük qələbə və zəfərlərlə yanaşı, təəssüf ki, bir çox faciələr də var. Onlardan da biri Xocalı faciəsidir.

Ümumiyyətlə, ermənilərin zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi faciə və müsibətlər birmənalı olaraq insanlıq əleyhinə yönəlmiş qanlı cinayətlərdəndir. Əlbəttə, bir məqalə daxilində onların hamısı haqqında söhbət açmaq mümkün deyil. Lakin 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərin soyqırımı və deportasiyalarının üzərindən də sükutla keçmək olmaz.

Təəssüf ki, erməni cinayətlərini əks etdirən rəsmi tarixi sənədlərin bir çoxu hansısa xain əllər vasitəsilə məhv edilib, bununla bərabər, bəzi bədii əsərlərdən, xronologiyalardan, təzkirələrdən onları tamamilə silmək mümkün olmayıb. Məsələn, M.S.Ordubadinin “Qanlı illər”, M.M. Nəvvabin “1905--1906-cı illərdə erməni-müsəlman müharibəsi” adlı qan donduran kitabları erməni cinayətlərini ümumbəşər tarixinə yazıb.

Həmin əsərlərdən bəzi faktları yada salaq: “Ermənilər insanları diri-diri oda atır, evləri, məktəbləri, xəstəxanaları, məscidləri və digər tikililəri tar-mar edirdilər. Bakı, Şamaxı, Quba, Zəngəzur, Naxçıvan, Lənkəran, MuğanQarabağda çox böyük qəddarlıqla kütləvi qətliamlar törədirdilər. Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdi. Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunub, əhali üzərində yaş və cinsə baxmadan qətliamlar həyata keçirilib. İrəvan türklərinin çoxsaylı müraciətlərinin birində qeyd edilir ki, türklərin bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər öldürülmüşdür”.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının arxivində ermənilərin 1918-ci ildə törətdikləri saysız-hesabsız vəhşiliklərin qurbanı olmuş on minlərlə soydaşımızın siyahısı və bir çox önəmli məlumat saxlanılır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni quldur dəstələrinin öz havadarlarının kömək və iştirakı ilə törətdiyi irimiqyaslı faciə təkcə əvvəlki cinayətlərin davamı deyil, həm də məqsədli və mütəşəkkil formada həyata keçirildiyinə görə əsl soyqırımı, insanlığa qarşı qanlı aksiya idi. Bir neçə saat ərzində 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 107 qadın, 70 qoca qəddarcasına dözülməz işgəncələrlə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 dinc və silahsız sakin-- qocalar, uşaqlar, qadınlar girov götürülmüş, misilsiz vəhşilik və işgəncələrə məruz qalmışdılar.

Xocalı faciəsi miqyasına görə Holokost fəlakətindən geri qalmır. Holokost barədə yazılan aşağıdakı cümlələri artıqlaması ilə Xocalıya da aid etmək olar: “Ölümün alovlu nəfəsi hər yandan insanların üstünə axırdı, zalımın qara qılıncı günahsızların başına endirilirdi. Dilsiz körpələrin ahı, fəğanı göylərə yüksəlirdi... Qırmızı qana bürünmüş qaranlıq gecə insanların üstünə hər yandan ölüm yağdırırdı.”

Qocaların və ağbirçəklərin təpiklənə-təpiklənə öldürülməsi, ataların övladlarının gözü qarşısında ağaca sarınıb əl-ayağının kəsilməsi, qızların pak namusuna təcavüz olunması kimi dəhşətli səhnələrin adı yalnız nifrət, vəhşilik, qəddarlıqdır. Xocalılıları ona görə öldürür, xurd-xəşil edirdilər ki, onlar azərbaycanlı idilər, əliyalın idilər, müqavimət göstərməyə heç bir imkanları yox idi.

Xocalı faciəsinin 26-cı ildönümündə erməni vəhşiliyinin özləri tərəfindən etiraf olunmuş bir səhnəsi də yada düşür. Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı dinləmələrdə deputat Mustafa Kabakçının bir erməni jurnalistininXaç naminə” kitabından gətirdiyi sitatda həmin mənzərə belə təsvir olunub: “Kaplanadlanan və cəsədlərin yandırılması ilə məşğul olan erməni qrupu martın 2-də 100 azərbaycanlının meyitini Xocalının 1 kilometr qərbində bir yerə gətirdi. Sonuncu yük maşınında 10 yaşlı bir qız uşağı gördüm. Başından və əlindən yaralı idi, üzü göyərmişdi. Bu zaman Tiqranyan adlı bir əsgər onu cəsəd qalağının üzərinə atdı. Sonra bütün cəsədləri yandırdılar. Sanki, yanan cəsədlər arasından bir fəryad eşitdim. Əlimdən bir şey gəlmirdi. Və mən Şuşaya qayıtdım. Onlar isə xaç naminə müharibəyə davam etdilər.” Bu amansızlıq Auşvitş, Dahau, Buhenvald ölüm düşərgələrində qaz sobalarında yandırılan dinc yəhudilərin fəryadını xatırlatmırmı?

Müxtəlif məxəzlərlə tanışlıq zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə tükürpədici məlumatları oxuduqca insanlıq əleyhinə yönəlmiş bu cinayətlər buvəhşilikləri törədənlərə qarşı nifrəti birə-min artırır. Məsələn, Naxçıvanın Əmovu kəndində 1918-ci ildə quldurbaşı Andranikin dəstəsinin dinc əhalinin başına gətirdiyi müsibətlərdən söz açan Gülnarə Məmmədova yazır: “Daşnaklar kəndin altında nəhəng tonqal qaladılar. Qadınları, kişiləri sürüyüb tonqalın ətrafına gətirdilər. Dəstələrə bölünmüş daşnaklar kəndin ətrafında dağlara üz tutmuş qadınları haqlayır, saçlarından tutaraq sürüyə-sürüyə tonqala gətirir, gücləri çatmayanları elə oradaca baltalayır, doğrayırdılar.”

Ürəkparçalayan digər bir qeyddə isə deyilir: “Saqqallı əsgər iti baltanı gəlinin sinəsindən aşağı çəkdi və körpə isti ana bətnindən yumrulanıb yerə düşdü. Saqqallı uşağa diqqətlə baxıb ucadan mırıldandı: Düz tapmışam, bu əsgər olacaqdı, oğlan uşağıdır”.                       

Qarabağ müharibəsinin iştirakçısı kimi mən özüm də erməni silahlı dəstələrinin və dünyanın müxtəlif ölkələrindən gətirilmiş muzdlu terrorçuların Dağlıq Qarabağda soydaşlarımıza qarşı törətdikləri bir çox belə faciə və dəhşətlərin canlı şahidi olmuşam, gördüklərimdən dəhşətə gəlmişəm. Həmişə də düşünmüşəm ki, adını insan qoyan məxluq heç zaman öz həmcinsinə qarşı belə yırtıcılıq etməz. Ermənilər isə hər addımda insanlığa zidd əməlləri törətməkdən çəkinmirlər.

Əminliklə qeyd etmək istəyirəm ki, insanlığa qarşı bu cinayəti törədənlər gec-tez öz layiqli cəzalarını alacaqlar. Xocalı qatillərinin cəzası uzaqda deyil. Neyləyəsən ki, dövlətimizin başçısı İlham Əliyevin ucadan bəyan etdiyi kimi: “Biz ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki, onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.”

Əlbəttə, bəzi iri dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlar prizmasından yanaşması, konkret cinayətkarların himayə olunması ermənilərin türklərə və azərbaycanlılara qarşı terror aktlarını gücləndirməsinə rəvac verir. Elə bu cür cəzasızlığın nəticəsi idi ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu Azərbaycan rayonlarına artilleriya qurğularından atəş açmışdılar. Yenə dinc əhali öldürülmüş, evlər dağıdılmış, ölkəmizə xeyli ziyan dəymişdi. Ancaq Azərbaycan Ordusu düşməni cavabsız qoymamış, cəmi 3 gün davam edən döyüşdə mühüm strateji yüksəkliklər geri alınmışdı.            

Bu uğur ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağın azad edilməsi ilə bağlı müəyyən etdiyi siyasətin nəticəsidir. Azərbaycan bayrağının azad olunmuş ərazilərdə dalğalanması xalqımızın zəfərə, qələbəyə inamını bir daha möhkəmləndirir. Bu inamı isə millətimizə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev yaşadır.

 

Sadir MƏMMƏDOV,

Bakı Slavyan Universiteti

Azərbaycanşünaslıq

elmi-tədqiqat laboratoriyasının müdiri,

hüquq üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2018.- 24 fevral.- S.7.