Təbiətin və tarixin əbədiyyətinə qovuşan alim

 

Qəmərşah Cavadov – 80

 

Görkəmli Azərbaycan etnoqrafı, məhsuldar alim Qəmərşah Cavadov çoxillik fəaliyyətini etnoqrafiya elminin öyrənilməsinə həsr etmiş, özündən sonra zəngin mədəni irs qoymuşdur.

Qəmərşah Cavadov Azərbaycan əhalisinin müxtəlif məşğuliyyət sahələrinə aid böyük elmi əhəmiyyət kəsb edən materiallar toplamış, etnoqrafik problemlərin tədqiqi ilə məşğul olmuşdur. Unudulmaz alimin ömür karvanının müəyyən məqamlarının mən də şahidi olmuşam. Onu xatırlayarkən bir atalar sözü yadıma düşür: “Ömür axar su kimidir”. Axar sudan təkrar keçilə bilinmədiyi kimi, ömrün ötən günlərinə də qayıtmaq olmur. Qəmərşah müəllimin mənalı ömrüsu kimi axdı, getdi. Amma, özündən sonra təkrarolunmaz iz qoydu. O, Azərbaycan elmini dünya səviyyəsində təmsil etdi. Beynəlxalq konfranslarda, simpoziumlarda Azərbaycan etnoqrafiya elmindən bəhs etdi. Əsərləri etnoqrafiya elminin inkişafına töhfə oldu.

Qəmərşah Cavadov 1938-ci il fevralın 23-də Qonaqkənd (indiki Quba) rayonunun dağlar qoynunda qərar tutmuş  Aydınkənd  kəndində dünyaya göz açmışdır. Qəmərşah Cavadov Qonaqkənd orta məktəbini bitirib.1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsinə daxil olmuşdur. O illərin ağrılı-acılı həyat dərsləri onu doğma xalqının tarixi keçmişini dərindən öyrənməyə sövq etmiş, xalqşünas olmağa yönəltmiş, 1961-ci ildə tarixçi ixtisası ilə universiteti bitirmişdir.

1964-1967-ci illərdə Azərbaycan EA Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə əyani aspirant olan Qəmərşah Cavadov mərhum akademik Ə.Sumbatzadənin elmi rəhbərliyi altında tarixşünaslığımız üçün olduqca vacib bir problem üzrə elmi tədqiqat işinə başlamışdır. İlk elmi tədqiqatlarının nəticəsi olan “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri (şimal-şərq rayonlarının materialları əsasında)” mövzusunda namizədlik dissertasiyasını 1967-ci ildə müvəffəqiyyətlə müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

20 illik səmərəli tədqiqatlarının nəticələrini o, 1989-cu ildə “Elm” nəşriyyatında “Narodnaya zemledelçeskaya texnika Azerbaydjana” (elmi redaktorları Ə.Sumbatzadə və T.Bünyadov) adı ilə çap etdirib elmi ictimaiyyətə çatdırmışdır. Həmin monoqrafiya əsasında dissertasiya işini alim 1990-cı ildə müvəffəqiyyətlə müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi adını almışdır.

67 illik ömrünün 40 ildən artıq bir dövrünü Azərbaycan Elmlər Akademiyasının müvafiq institutlarında keçirən alimin tariximiz, etnoqrafiyamız, milli-etnik münasibətlərimiz haqqında yazdığı “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri”, “Azərbaycanda xalq əkinçilik təqvimi və meteorologiyası”,  “Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik”, “Əkinçilik mədəniyyətimizin sorağı ilə”, “Azərbaycanda el köməyi adətləri”, “Xalq təbabəti məişətimizdə”, “Udilər” (tarixi-etnoqrafik tədqiqat), “Udilər” ikinci nəşri, (R.Ə.Hüseynovla birlikdə), “Azərbaycanın azsaylı xalqları və milli azlıqlar”, “Talışlar”, (tarixi-etnoqrafik tədqiqat) kitabları çap olunmuşdur. Onun elmi ictimaiyyətə çatdırdığı monoqrafiyaları, habelə respublikanın və eləcə də keçmiş ittifaqın elmi jurnallarında, beynəlxalq konfransların materiallarında nəşr etdirdiyi 350-dən artıq elmi məqaləsi vətəndaş, xalqşünas bir alimin yaradıcılığının zəngin səhifələridir.

Qəmərşah müəllim bir atalar məsəlini həmişə təkrar edər, deyərdi ki, hünərsiz adam, meyvəsiz ağacdır. Elmdə də hünər istedaddır. İstedadsız alim meyvəsiz ağaca bənzəyir. Qəmərşah müəllim təkcə yazıb-yaratmadı. O həm də oxuduqlarını, tədqiq etdiklərini tələbələrinə, aspirant və dissertantlarına öyrətdi. Onun tükənməz gücü var idi. Daim axtarır, arayır, yazırdı. Sirli-sehirli elm onu məftun etmişdi. Mənə elə gəlirdi ki, o heç vaxt yorulmayacaq. Vəfatından bir neçə gün əvvəl AMEA binası qarşısında rastlaşdıq. Salamlaşdıq, söhbət etdik. O, qələmə alacağı yeni əsərlərindən, oğlu Cavidin yaradıcılığından, ömür-gün yoldaşı Esmira xanımın Həsən bəy Zərdabi barədə axtarışlarından danışdı.

Əlbəttə, təbiətin övladı olan insan bir gün onunla qovuşur. Qəmərşah Cavadov da təbiətdən güc aldı, onunla yol yoldaşı oldu. Lakin payızın dərdi, qışın möhnəti, təbiət naxışlı Qəmərşah müəllimdən də yan keçmədi. Bir qış günü qəfil ölüm onun da tükənməz arzularını gözündə qoydu. İntizarlı fikirlərlə, əbədiyyətə getdi ömür karvanı.

 

Nərgiz QULİYEVA,

AMEA ArxeologiyaEtnoqrafiya

İnstitutunun baş elmi işçisi,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti. - 2018.- 24 fevral.- S.9.