Kəşfiyyat zabiti Savelyevin “məxfi
arayış”ı
Xocalıda
soyqırımı törədildiyini təsdiqləyən
daha bir sənəd
Vladimir Savelyev sovet zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuşdu. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə «Məxfi arayış»ını təqdim etmişdir. O, son arayışlarını «zabit Puqaçov» imzası ilə göndərmişdir. Həmin arayış və erməni mənbələrinin etirafları Xocalı soyqırımının bir sıra gizlinlərinə dünya miqyasında aydınlıq gətirmişdir.
Polkovnik erməni terror təşkilatları ilə sovet ordusundan qalma qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək fakt və sənədlərdə, «agentura» yolu ilə əldə etdiyi informasiyalarda bütün olub keçənlərin şərhini verərək etiraf etmişdir: «Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun! – dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi!
Mən Bakıdakı hadisələri
də izləyirdim. Hiss
olunurdu ki, Prezident Ayaz Niyazoviçi aldadıb tora salıblar.
O, kələfin ucunu itirmiş, hər şeyi nəzarətdən
çıxarmış, qarşıdurmanın mərkəzində
dayanmış, nüfuzunu itirmiş ali
baş komandandır. Azərbaycan hərbi əks-kəşfiyyatına
gəlincə belə bir qurum iflic olub. Aldığımız
məlumata görə, bu qurumun əməkdaşları əsas
məsələlərə girişə bilmirdilər. Prezident Xocalıda nəyin baş verməsini dərk
etmirdi.
Azərbaycan ordusunun Baş Qərargahında
da hamı özünü qərargah rəisi kimi
aparırdı. Dördüncü ümumordu qoşun birləşmələrində
isə gərginlik genişlənirdi. Bu
qoşun birləşmələrində hər şey Azərbaycan
əleyhinə idi. Vəziyyət nəzarətdən
çıxmışdı. Zabitlər
başlarını itirmişdilər. Məlumat
aldıq ki, Azərbaycanda Prezident Aparatında və güc
nazirliklərində ikitirəlik var. Məqsəd və fikirlər
bir-birini tamamlamırdı. Hamı siyasi məqsədləri
üçün «Müharibə kartından»
yapışmışdı. Bu kartı paylayanlara gəlincə,
onların bir qismi Azərbaycanın ali baş
komandanının, bir qismi də müxalifətin və nəyə
xidmət etdiklərini anlamayan savadsız və küt
generalların yanını kəsdirmişdilər».
Fransada çıxan «Frans
katolik-ekklezia» aylıq
jurnalında (1992-ci il,12 mart) «Hücumdan öncə»
yazısını çap etdirən erməni jurnalisti Berain
Siracyan yazmışdı: «Xocalını gözlərimlə
gördüm. Döyüşən, hər
qarış torpaq uğrunda vuruşan artsaxlıların
igidlikləri məni valeh etdi. Amma mən
torpaq uğrunda gedən vuruşmanın bu tərzdə
aparılmasının tərəfdarı deyildim. Hər yerdən qan iyi gəlirdi. Qar üstündə qalaqlanmış kimsəsiz,
sahibsiz cəsədlərdən qorxdum. Qorxdum
ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi,
sabahkı nəsillər susmasın. Bu
gün ruslar bizimlədir. Bəs sabah?
Biz tənha qala bilərik.
1992-ci ilin yanvar ayında Paris
yaxınlığında qeyri-leqal məxfi təlim
düşərgəsi yaratmış «ASALA» erməni
terrorçu təşkilatının bir qrup üzvü – 26 nəfərlik
dəstə, mayor Aşin Simonyanın
başçılığı ilə Xankəndiyə təşrif
gətirmişdi. Onlar başlı-başına
buraxılmış 366-cı alayın içərisində
asanlıqla öz dayaqlarını qura bilmişdilər.
Polkovnik Yevgeni Zarviqarova nağd 36 min ABŞ
dollarını tanışlıq üçün «hədiyyə»
etmişdilər. Məlumata görə, 23-cü
diviziyanın komandiri, general mayor Boris Budeykin polkovnik Zarviqarovu
buna görə ittiham da edib. Dördüncü
ordu komandanlığı qarşısında onun «zabit şərəfinə
xəyanəti» üstündə azad olunmasını,
qovulmasını tələb edib. Lakin
bütün bu ittiham və tələblərə baxan yox idi.
Çünki qanunlar artıq işləmirdi.
Polkovnik V.Savelyev tarixi
arayışında daha sonra yazmışdır: «Əslində
millətlərarası münaqişəyə cəlb
olunmuş 366-cı alay ətrafında həmin problemlər
daha qabarıq nəzərə çarpır. Hərbi
əməliyyatlarda alayın ermənilər tərəfinə
keçib azərbaycanlıları qırması, hərbi
texnika və silahları ermənilərə verməsi məsələsi
artıq siyasi əhəmiyyət daşıyırdı».
Polkovnik 1992-ci ilin aprel ayının
12-də Müdafiə Nazirliyinə göndərdiyi məktubunda
isə yazmışdır: «Öldürülmüş, məhv
edilmiş adamların bir qisminin şəxsiyyətlərini təyin
edən sənədlərdən 46-sını nömrələyib
Azərbaycanın MN-nə, Prezident Aparatına göndərdim.
Mənə cavab gəldi ki, biz həmin sənədləri
araşdırırıq. Onda mən
Tbilisidə idim və məktubu da oradan yola salmışdım.
Amma dərk edə bilmirdim ki, Azərbaycan hərbi
kəşfiyyatı nəyi araşdırır».
Türkiyə erməni diasporunun
«Jamanak» qəzeti 1992-ci ilin fevral hadisələrini, qanlı
qırğını şərh edərək
yazmışdı: «Biz vəcdə gəldik. Ermənilərə
öz dədə-baba torpaqları uğrunda vuruşmaq
üçün güc və qüvvət verilmişdi.
Bu işdə Allahın
razılığını görürdük. Və vuruşurduq. Azərbaycanlılar
isə bizim qədər torpaq istəyə bilmədi. Məhəbbət və Vətən sevgisi olduğu
üçün biz qalib gəldik. Bakıdan
da xəbərdarıq. Orada torpaq
uğrunda yox, sülalə və vəzifə, səltənət
və şöhrət uğrunda daha çox güc sərf
olunur. Çünki Bakıda da bilirdilər
ki, bu torpaqlar bizimdir, bizim dədə-babalarındır. Bu barədə rus zabiti Vladimir Savelyev adlı birisi
meydanda atılan topların yanında bizdən sorğu etdi.
O, bizim müxbirdən tələb edirdi ki, bu yerlərdən
çıxıb getsin».
1992-ci il fevral ayının 19-da isə
İrəvanın Teatr meydanında Firdos Ərəbyan
adlı bir erməni emissarı (Livan) Dünya ermənilərinin
«iqtisadi gəlir mənbəyi» kimi ad çıxarmış
«Qaragin» erməni mərkəzində on üç nəfər
varlı erməninin imzaladığı məktubu oxumuşdu:
«Oyanmış xalqa eşq olsun! Müdrikliyini,
ağıl və idrakını dərk edən,
babalarımızın, əcdadlarımızın
külünü təzədən alışdıran erməni
qəhrəmanlarını alqışlamaqla yanaşı,
onlara dünya ermənilərinin salamlarını yetirirəm.
Parisdə, Kölndə, Romada, Vaşinqtonda, Küveytdə,
Londonda, Moskva və Ankarada, Tehran və Latın
Amerikasında…ayağa qalxan ermənilər sizinlədir. Biz
sizə hər cür yardıma hazırıq.»
İki milləti
qarşı-qarşıya qoyan bu «millət qəhrəmanları»
bir məsələni dərk etmirdilər. Dərk
etmirdilər ki, heç kəsin qanı yerdə qalmır.
Edilən cinayətlər üçün,
tökülən qanlar üçün cavabdehlik və məsuliyyət
nə Vaşinqtonun, nə Londonun üstündə
qalırdı. Bütün bu vəhşiliklərin
cavabdehliyi İrəvanın üzərinə
düşürdü. Bunu isə, sadəcə, dərk etmək lazım
idi. Necə ki, kəşfiyyatçı
V.Savelyev bunları görür və dərk edirdi.
Polkovnik Zarviqarov və
başqa vəzifəli şəxslər isə ermənilərə
cavab atəşini açan döyüş nöqtələrinin
susdurulması barədə ordu və dairə
komandanlığının rəsmi icazəsilə 366-cı
alayın Xocalı istiqamətində gedən əməliyyatlarında
ermənilərlə birləşdi. Nəticədə, bir
gün ərzində 49 nəfər azərbaycanlı meydanlara
yığılıb güllələnmişdi. Qərargah
rəisi, podpolkovnik Sergey Kraulenin verdiyi tapşırığa
əsasən, birinci motoatıcı batalyonun komandiri polkovnik
Arkadi Moiseyev, 2-ci batalyonun komandiri Seyran Ohanyan və digər
zabitlər Xankəndinin atəşə tutulmasında, 58 dinc
azərbaycanlının öldürülməsində
iştirak etmişdilər.
1992-ci il fevralın 4-də Roma
papası II İohanın 366-cı alayın zabitlərinə
yazdığı məktubda bildirilmişdi: «İmkan olarsa,
Xocalıya gəlib orada həlak olan erməni
qardaşlarımın vuruş və döyüş məkanlarında
baş əyəcəyəm.» Doğrudan da, 2003-cü il sentyabrın 21-də Roma Papası Ermənistana
gələndə Qarabağın işğalı zamanı
öldürülən ermənilərin məzarlarını
yad etmişdir.
Polkovnik V.Savelyev daha sonra
yazmışdır: «Xocalının işğalında,
ölüm və kütləvi qırğın hadisələrində
azərbaycanlı zabitləri də günahlandırıb
ittiham edirəm. Bu necə Vətəndir? Bu necə ordudur? Bütün bunları
anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini
qoşmaqla onları alçaltdılar, şərəfinə
lənət damğasını vurdular. Mən on
addımlığımda güllə yarasından can verən
səkkiz-doqquz yaşlı qızcığaza heç cür
kömək əlimi uzada bilmədim. Allahın mənə lənət
edəcəyi gündən qorxuram.»
Lənətlənmiş
günlər isə bir-birini əvəz edirdi. Həmin ərəfədə
Fransadan gəlmiş «Operator-II» özəl studiyasının
erməni əməkdaşları isə (Jül Barelyan,
Şerin Sitaryan) Xocalı ətrafında qalaqlanmış
meyitlərin yandırılmasını lentə
köçürürdülər. Rusiyanın
2-ci batalyonunda vuruşan zabit İvan Karabelnikovun verdiyi məlumata
görə bu yer «Xocalının şimal-şərq hissəsində
kiçik təpəciklər olan bir yer idi».
Xocalı faciəsini
«işıqlandırmaq» (ermənilər buna qəhrəmanlıq
deyirlər) üçün Xankəndinə dünyanın 32
ölkəsindən 47 nəfər erməni jurnalisti gəlmişdi. Onların bir
qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli
maşınların gözlüklərindən, qərargah mərkəzlərindən
hadisələri izləyir, qeydlər götürür, bəziləri
də operativ çəkilişlər aparırdı.
Dağılmış, viranə qalmış yerləri
dünyaya göstərir və acı bir təəssüflə
qeyd edirdilər: guya, «Azərbaycanlılar günahsız erməniləri
qırırlar.» (?)
Bizim təbliğat maşınımız isə Prezident Aparatından kənara çıxmırdı. Bakıdakı adicə diplomatik korpusların nümayəndələrinə həqiqəti deməkdə çətinlik çəkirdik. Susmağımız isə erməni təbliğatı üçün qol-qanad verirdi. Ermənilər Xocalı ilə bağlı Azərbaycanı «qan tökməkdə günahlandıran» bir materialı, əllərinə keçən hər hansı bir faktı və yaxud sənədi təkrar-təkrar çap edirdilər. Məsələn «Azərbaycanlılar Xocalını yandırıb, getdilər.» fotoreportajını ermənilər 49 dəfə dünya mətbuatında çap etdiriblər.
Xocalının işğal edilməsi planının strateji tərəflərini ermənilərlə yanaşı, ruslar da «çox düşünüblər». Nəticədə, birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçiyan, mayor Q.Nabokix və kapitan İ.Lixodey hərbi əməliyyatlarda bilavasitə vuruşublar. Zabit İ.Karabelnikovun məlumatına görə, A.Çitçiyan 13 nəfərlik «Babayevlər ailəsini güllədən keçirib.» Ona 1993-cü ildə Fransa Erməni Diasporu tərəfindən 150 min ABŞ dolları mükafat və ən böyük «Kilsə mükafatı» verilib. A.Çitçiyan 1994-cü ilin sentyabr ayının 2-də Fransaya mühacirət edib və orada yaşayır. 366-cı alayın sıravi qulluqçusu, rabitəçi Afik İsbeliyevin məlumatına görə, o, fevralın 24-də (1992) kapitan İ.Lixodeyin komandasında topçu dəstəsində vuruşub və Xocalının işğalında iştirak edib. – Siz necə vuruşurdunuz? – sualına belə cavab verib: – “Biz həm də qorxurduq. Ölümdən qorxurduq. Əlimizə keçənləri məhv edirdik. Bəzən küləkdən tərpənən ağaclar, xışıldayan yarpaqlar da bizi qorxuya salırdı. Mən bilmirəm, Azərbaycan xalqı məni bağışlayarmı”?
Anam azərbaycanlılara qarşı ermənilərlə əlbir olub vuruşduğum üçün məndən imtina edib. Mən artıq evə gedə bilmirəm, hamı məndən üz döndərib. Amma məni məcbur etdilər. Əmr verdilər. Biz isə əmrə tabe idik. Məni artıq heç kəs bağışlamır”.
Beləliklə, fevral ayının 25-dən 26-sına keçən gecə Xocalı yandırıldı, işğal edildi. Qoşun isə sakitləşmək bilmirdi. Polkovnik V.Savelyev «Məxfi arayış»ında bu barədə qeyd etmişdir: «Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı alay isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. «Böyük Ermənistan» adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gəlincə, bu, hələlik açıq qalmış bir məsələdir».
1992-ci ilin mart ayının 19-da (müsəlman təqvimində bu gün Novruz günü, bahar bayramı idi) Xocalıda öldürülmüş azərbaycanlılar üçün kiçik bir qəbiristanlıq salındı. Orada 54 nəfər öldürülmüş günahsız azərbaycanlı dəfn edildi. Ermənilərin Fransa Diasporunda telekanal müəllifi Surik Şaqenyan bu mənzərəni elə həmin günün axşamı İranın, Türkiyənin, Moskvanın, Yerevanın, Vaşinqtonun, Londonun, Parisin, Bonnun telekanallarına çıxartdı, Ermənilərin öldürülmüş azərbaycanlıların meyitlərinə etdikləri «hörmət və ehtiramdan» (?), təşkil olunmuş dəfn mərasimindən danışdı.
Bakıda isə əslində hələ heç kəs hadisələrin, Xocalıda baş vermiş faciənin səbəblərini araşdıra bilmirdi. Yaradılmış deputat komissiyasından tutmuş, müxalifət partiyalarınadək hamı iflic vəziyyətində idi, hakimiyyət çat vermişdi. Təhlükəsizlik orqanları öz informasiya mənbələrinin əsas dayaqlarını itirmişdi. Təhlükəsizlik sisteminin böyük bir qrupu müxalifətlə, necə deyərlər, «əhd-peyman» bağlamışdılar. A.Mütəllibov hakimiyyəti cəmiyyətdə və dövlətdə siyasi gücünü artıq itirmişdi. O, öz səriştəsizliyinin, komandasındakı fitnə-fəsadın qurbanı olmuşdu.
Həmin ərəfədə rus kəşfiyyatçısı V.Savelyev Azərbaycan hakimiyyətini təsvir edib, yazırdı: Xocalının işğalından sonra A.Mütəllibov hakimiyyəti öz yaşamaq hüququnu itirdi. Nazirlər isə Baş nazirin ətrafında dövlət daxilində dövlət yaratmışdılar.
Alayın çıxarılmasında, hərbi sursatların ermənilərə verilməsində bilavasitə iştirak edənlərə baxın: general-polkovnik Qromov, general-leytenant Qrekov, general-leytenant Ohanyan, polkovnik Y.Zarviqarov, polkovnik O.Kraule, deputat İ.Andronov …
Dördüncü Ordu 23-cü motoatıcı diviziya nümayəndələrinin Xocalı əməliyyatında iştirak etmələri üçün şərait yaratmışdı. 23-cü motoatıcı diviziyanın komandan müavini A.Babukov və K.Yermolayev isə erməni yaraqlılarına verilmiş hərbi texnikanın geri qaytarılmasını tələb etmişdi. Onları isə kim idi eşidən?!»
V.Savelyev məsələləri şərh edərək, qeyd edir: «1992-ci ilin fevral ayının 23-də hərbi şəhərcik «Qrad» qurğularından atəşə tutulduqdan sonra polkovnik Y.Zarviqarov alayın daimi dislokasiya məntəqəsindən ehtiyat bölgəyə keçirilməsi haqqında qərar verib. Qərar isə erməni silahlı dəstələrinin heç bir müqaviməti olmadan həyata keçirilib. Dislokasiya yerinin dəyişdirilməsi heç də zərurətdən irəli gəlməyib. Bu zaman bir sıra bölmələrin döyüş texnikaları çıxarılmayıb. Həmin günlərdə Xankəndi şəhərinə gələn general-leytenant İ.Ohanyan (mayor Ohanyanla qarışdırmayın) təkid edib ki, artilleriya divizionu, zenit artilleriya divizionu, tank rotası texnikası saxlanılsın. Nəticədə, ermənilər heç bir maneə ilə rastlaşmadan 23 ədəd «PDM», 3 ədəd «ZSU-23- 4», 8 ədəd «D-30» və xeyli digər döyüş texnikası ələ keçirdilər.»
Həmin gün ermənilərin özünümüdafiə dəstəsi adı ilə vuruşan, əslində «ASALA» terror təşkilatının Xankəndində yaradılmış özəyinin başçısı kimi tanınan İllarion Allaverdiyan 24 nəfər rus zabitinə və əsgərinə pul mükafatlarını elan etmişdi. Məsələn, dəstənin önünə çıxarılmış rus zabiti Yevgeni Qolubevə üstündə «ASALA» yazılmış 25 qramlıq qızıldan tökülmüş orden və 5 min ABŞ dollarını təntənəli surətdə təqdim etmişdi. Və yaxud həmin gün sıravi Anastas S.İvanova 10 min ABŞ dolları təqdim etməklə yanaşı İrəvanda onu gözləyən «Hunday» markalı avtomobilin sənədlərini vermişdi.
Göründüyü kimi, erməni silahlı dəstələrilə rus zabitləri arasında şəxsi bağlaşmalar, «Döyüş müqavilələri» də imzalanmışdı. Yadınıza salaq ki, bütün bunlar, yəni ermənilərlə ruslar arasında olan bu hərbi bağlaşmaların bir qismi şifahi sərəncamlarla edilirdi. Bunun üçün hər sərəncamın, general sözünün öz qiyməti var idi. Məsələn, Xankəndi şəhərindəki 463-cü əlahiddə kimyəvi mühafizə batalyonu və 909-cu əlahiddə kəşfiyyat batalyonunun döyüş planları ilə bağlı, ermənilər tərəfdən vuruşması barədəki əmrin qiyməti 18 min ABŞ dolları idi.
1992-ci il fevral ayının 24-də saat 21.15 dəqiqədə general rütbəsi almış Y.Zarviqarov zabitlər önündə belə bir çıxış etmişdir ki, regiondakı müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı müharibəsidir. O, çıxışında göstərmişdi: «Dünyanın islam ölkələrinin nümayəndələri, hərbi müşavirlər Bakıya (?) yığışıblar ki, bizim xaçı necə sındırıb, əzsinlər. Xristianlığa qarşı bir yürüş var. Bu yürüşdə ya dinimizi, şərəfimizi qorumalıyıq, ya da şərəfsizliyi qəbul edib tabe olmalıyıq».
Polkovnik V.Savelyev bütün bunlara toxunaraq yazmışır: «Birinci batalyon ehtiyat bölgəyə keçirilən zaman polkovnik İvan Moiseyev texnikanı və şəxsi heyəti dağlar arasındakı Çapar dərəsində saxlayıb, gözləmə mövqeyi tutub. Sonra onun batalyonu Çixani yaşayış məntəqəsinə daxil olub. Ermənilərin mühasirəsinə düşüb. Nəticədə batalyon könüllü surətdə öz döyüş texnikasını ermənilər üçün qoyub. İvan Moiseyevə və şəxsi heyətə pul təklif edilərək, birlikdə vuruşmağa çağırılıblar.»
Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran da elə İvan Moiseyevin batalyonu olub. Və bu batalyon da ermənilər arasında «İvanın vəhşi batalyonu» kimi tanınıb.Tədqiqat zamanı 02270 saylı hərbi hissənin əks-kəşfiyyatının materiallarından aydın olur ki, 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronejilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança ermənilərin istifadəsinə verilmişdi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylanılmışdı.
Erməni diplomatı O.Ter-Qriqoryan 1992-ci ilin aprel ayında İrəvanın Teatr meydanındakı çıxışında demişdi: «Erməni təbliğatı Bakının diplomatik mərkəzlərində artıq özünə istənilən mövqeyi tutub.» (?) Diplomat çıxışı zamanı bir yerində xatırladırdı ki, ermənilərlə rusların dostluğunun sınmayan sütunları var: «Hələ 300 il bundan qabaq ermənilər I Pyotrdan xahiş edirlər ki, yadelli işğalçılara qarşı vuruşanda onlardan da istifadə etsinlər. Əgər Moskvada (təkcə şəhərin özündə) 1959-cu ildə 18,4 min nəfər erməni var idisə, indi bu rəqəm 47 min nəfərdir. RF-in xaricdəki diplomatik korpuslarında çalışan ermənilərin sayı 142 nəfərdir. Onların 59 nəfəri jurnalist kimi fəaliyyət göstərir.»
Sıravi əsgər Qriqori Voroşilovun məlumatına görə, Xocalı ilə bağlı ermənilərin ruslarla əlaqələrinə dair sənədlərin bir qismi 1992-ci il mart ayının 1-də Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandanı general-mayor S.Lukaşovun əmrilə yandırılmışdır.
Polkovnik V.Savelyev xatırladır: «Ermənilər ruslara məxsus «02-19–MM» nömrəli «KAMAZ»la ərazidəki azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular. İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim.
Mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm:
1. Polkovnik B.Baymukov — arxa cəbhə üzrə alay komandirinin müavini;
2. Polkovnik İ.V.Moiseyev — birinci batalyonun
komandiri;
3. Mayor S.İ.Ohanyan — ikinci batalyonun
komandiri;
4. Mayor E.A.Nabokix —
üçüncü batalyonun komandiri;
5. Mayor V.İ.Çitçiyan —
birinci batalyonun qərargah rəisi;
6. Mayor V.Q.Hayriyan — alayın kəşfiyyat
rəisi;
7. Baş leytenant O.V.Mirzaxayzarov — rota
komandiri;
8. Baş leytenant S.V.Xrinxua—kəşfiyyat
bölməsinin rəisi;
9. Baş leytenant V.N.Qarmaş — tank
rotası komandiri;
10. Baş leytenant N.T.Hakopyan — rota
komandiri;
11. Baş leytenant V.İ.Valilovski —
rota komandiri;
12. Baş leytenant A.B.Lısenko —
bölmə komandiri;
13. Baş leytenant V.A.Azarov — batareya
komandiri;
14. Baş leytenant İ.S.Abraimov — tank
əleyhinə batareya komandiri;
15. Leytenant O.V.Balezni —
üçüncü tank rotasının komandiri;
16. Leytenant A.V.Smakin — tank bölməsinin
komandiri;
17. Leytenant S.İ.Raçkovski —
mühəndis-istehkam rotası komandiri;
18. Leytenant V.İ.Bondaryev — kəşfiyyat
rəisinin müavini;
19. Leytenant A.İ.Kulov — radiokimyəvi
bölmənin rəisi;
(eləcə də
41 nəfər milliyyətcə erməni olan kiçik
rütbəli şəxslər)».
V.Savelyevin — vicdanlı, səriştəli
rus kəşfiyyatçısının «Məxfi
arayışı» haqsızlıqlarla barışmayan bir
zabitin acı etirafıdır. Bu arayış ermənilərin
və onların havadarlarının Xocalıda planlı,
düşünülmüş hərbi cinayətlər--azərbaycanlı
əhaliyə qarşı amansız soyqırımı
törətdiklərini təkzibolunmaz faktlarla bir daha təsdiqləyir.
Rövşən
NOVRUZOĞLU,
Beynəlxalq
Terrora Qarşı Strateji
Araşdırmalar Mərkəzinin direktoru
Xalq qəzeti.-
2018.- 25 fevral.- S.3.