Xocalı
soyqırımı insanlıq əleyhinə törədilmiş
ən ağır cinayətlərdəndir
Xocalı hadisələri bir
daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə
torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək
yox, xalqımıza qarşı soyqırımı törətmək
kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində
özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan
xalqının ürəyinə bir süngü
taxıldı. O süngü indiyədək bizi
sızıldadır. Bu yara hələ
sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə
olacaqdır.
Heydər
ƏLİYEV
Ümummilli lider
Dövlətimiz
bundan sonra da Xocalı soyqırımına, Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğalına obyektiv qiymət verilməsi və
tarixi-hüquqi ədalətin bərpası üçün
öz fəaliyyətini davam etdirəcək, bütün
siyasi və hüquqi vasitələrlə belə hallara
qarşı barışmaz mübarizə aparacaq. Bunu təsdiqləyən ən mühüm fakt isə
son illərdə Xocalı soyqırımı ilə
bağlı dünyanın müxtəlif ölkələrində
aparılan təbliğat kampaniyalarıdır. Bu
kampaniyalar getdikcə böyüyür, hər il
öz ətrafında daha çox kütlə toplayır,
Xocalı həqiqətləri dünya ictimayyətinə daha
geniş miqyasda təbliğ olunur.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Tarix boyu Azərbaycan
xalqına düşmən mövqedə dayanan və
zaman-zaman əlinə keçən fürsətlərdən
yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar,
qırğınlar törədiblər. Bu məsələdə mənfur ermənilər
daha “fəal” olublar. 26 il öncə
Xocalı soyqırımının törədilməsi ilə
ermənilər həm də bəşəriyyətin tarixinə
qara ləkə vurublar. Xocalıda 1988-1992-ci illərdə baş verən
hadisələr heç vaxt unudulmayacaq. Çünki
bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının
qanına, canına ağrı ilə hopub. Mən bir Xocalı sakini kimi, 1988-ci ildən 1992-ci ilə
qədər olan dövrün hər bir anını
yaşamışam. Hər dəfə
müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə
yaxınlaşanda, Xocalıdan çıxarkən gəldiyimiz
dağlara baxıram və həmin vaxt baş verən
müdhiş anları yenidən xatırlayıram.
XX əsrdə Xocalı
üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin
fevralında ermənilər tərəfindən
yandırılıb. Bu hadisələr başlayana qədər,
yəni 1988-ci ildə Xocalı kənd statusunda idi və bu kənddə
həmin vaxt təqribən üç minə qədər
insan yaşayırdı. Ermənilər tərəfindən
Xocalının işğalının çox ciddi səbəbləri
var idi. Əvvəla, Xocalının yerləşdiyi
coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata
keçirilməsində onlara çox gərəkli idi.
Ağdamdan şose yolu ilə Xocalıya 16
kilometrlik məsafədir. Ancaq bu 16 kilometr
arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir.
Əsgəran zolağı boyunca erməni kəndləri
yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar
qarşısında cəbhə xətti
yaratmışdılar. Xocalıdan 10
kilometr qərbə isə Xankəndi şəhəridir və
Xocalının ətrafı yenə də erməni kəndləridir.
Həmin ərazidə elə bir azərbaycanlı
yaşayış məskəni yox idi ki, erməni kəndlərini
keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin
əhatəsində idi. Bizə ən
yaxın olanı isə Şuşanın Malıbəyli və
Quşçular kəndləri idi. Xocalı
ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində
ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli idi və
ora getmək üçün yenə də ən azı iki
erməni kəndindən keçməli olurdun.
Xocalı düşmən kəndləri
arxasında yerləşirdi. Düşmən
Ağdama hücum etmək istəyərkən arxada olan
Xocalı özünümüdafiə dəstələrindən
qorxurdu. Xocalı
Bakı–Ağdam–Laçın–Şuşa magistral yolunun
üstündə idi. Dağlıq
Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi.
Üstəlik, Bakıdan Xankəndiyə gedən
dəmir yolu da Xocalıdan keçirdi. Biz
Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq
ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana
avtomobillə 40 kilometrdən çox məsafə qət etmək
tələb olunurdu. Xocalı bu strateji
mövqeyinə görə düşmənin əsas hədəflərindən
birinə çevrilmişdi. Ona görə
də, bu şəhəri işğal etmək ermənilərin
başlıca məqsədlərindən biri idi.
Mühasirədə
olmasına baxmayaraq, Xocalı düşmənə lazımi
müqavimət göstərə bilirdi. Bu faciənin
baş verməməsi üçün bütün vasitələrdən
istifadə edirdik. Amma vəziyyət getdikcə gərginləşir,
ermənilər isə
hücumlarını artırırdılar. Bunun müqabilində isə o zamankı hakimiyyət
bizə kömək göstərmirdi. Vəziyyətin
nə qədər gərgin olması haqda rəhbərliyə
dəfələrlə məlumat verməyimizə baxmayaraq,
kömək göstərilmirdi. Yalnız vədlər
verirdilər. Müxalifətlə iqtidarın hakimiyyət uğrundakı
mübarizəsi Qarabağı yaddan çıxarırdı.
Xocalı faciəsi də məhz belə bir zamanda baş verdi.
Xatırladım ki, ermənilərin
hücumundan əvvəl– fevralın 25-i axşam şəhər
toplardan və ağır artilleriyadan şiddətli atəşə
tutuldu. Nəticədə, fevralın 26-sı səhər
saat 5 radələrində Xocalı tam alova büründü.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı birləşmələri SSRİ dövründə
Xankəndi şəhərində
yerləşdirilmiş 366-cı motoatıcı
alayının zirehli texnikası və hərbi heyətinin
köməkliyi ilə Xocalı şəhərini
işğal etdi. Belə bir vəziyyətdə,
erməni əhatəsində olan şəhərdə
qalmış təqribən 2500 nəfər əhali
yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə
Xocalını tərk etməyə məcbur oldu. Şəhəri yerlə-yeksan edən erməni
silahlı dəstələri və motoatıcı alayın hərbçiləri
dinc əhaliyə divan tutdular.
Həmin vaxt Xocalı şəhərinin
613 sakini qətlə yetirilib. Qətlə yetirilənlərin
106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı
uşaqdır. 56 nəfər xüsusi
amansızlıq və qəddarlıqla qətlə yetirilib.
Qanlı faciə zamanı 1000 nəfərdən çox
şəhər sakini yaralanıb, şikəst edilib, 1275 nəfər
isə girov götürülüb. Xocalıda dinc əhaliyə
qarşı həyata keçirilən vandalizm və qətllər
erməni aqressivliyinin və millətçiliyinin əsl mahiyyətini, iç üzünü bir daha
bütün dünyaya nümayiş etdirdi. Bu
faciə insanlıq əleyhinə törədilmiş ən
ağır cinayətlər sırasındadır.
Təbii ki, XX əsrin sonunda
baş vermiş bu faciə təkcə Azərbaycan xalqına
deyil, bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir. Xocalı soyqırımı əsrin Xatın,
Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri
ilə bir sırada dayanır.
Xocalı qətliamında
Ermənistanın indiki prezidenti Serj Sarkisyan birbaşa
iştirak edib.
Deyərdim ki, qatil prezident bu qətliamın həm
təşkilatçısı, həm də
icraçısı idi. O,
hətta Xocalı soyqırımında birbaşa
iştirakını həyasızcasına açıq şəkildə
etiraf edib. Qarabağda günahsız tökülən qanlarda
Ermənistanın indiki prezidentinin birbaşa əli var.
Günahsız insanların qanına əli batan Sarkisyan və
onun quldur tərəfdarları gec-tez ədalət mühakiməsi
qarşısında cavab verəcəklər.
Xocalı soyqırımının
dünyada tanıdılması istiqamətində son illər
sistemli iş aparılır, əhəmiyyətli tədbirlər
həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Milli Məclis 1994-cü il
fevralın 24-də "Xocalı soyqırımı
günü haqqında" xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə
səbəbləri, günahkarlar təfsilatı ilə
açıqlanıb. Azərbaycan dövləti
Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən
9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən
qəbul edilən "Soyqırımının
qarşısının alınması və ona görə cəza"
haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə
Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda
üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini,
Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin
"Xocalı soyqırımı günü haqqında" Azərbaycan
Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını,
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların
soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını
və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
103-cü maddəsini əldə əsas tutur.
Ulu öndərin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il
fevral ayının 26-sı saat 17.00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad
edilir. Eləcə də, Xocalı faciəsi ilə
bağlı Milli Məclis dünya ölkələrinə,
beynəlxalq təşkilatlara xeyli sayda müraciət edib, həm
də bəyanatlar və qərarlar qəbul olunub.
Tarixi şəxsiyyət Heydər
Əliyev tərəfindən əsası qoyulan həmin ənənə bu gün də davam etdirilir. Bütün
beynəlxalq tədbirlərdə Ermənistanın
işğalçılıq siyasəti ifşa olunur,
onların qəddarlığı, törətdikləri qətliamlar,
terror aktları barədə dünya ictimaiyyətinə məlumat
verilir. Elə bir beynəlxalq tədbir
yoxdur ki, orada Xocalı faciəsi barədə
danışılmasın.
Həyata keçirilən ardıcıl tədbirlər
nəticəsində bu gün Xocalı soyqırımı
haqqında həqiqətlərin dünya ictimaiyyətinə
tanıdılması, Ermənistanın havadarlarının dəstəyi
ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin
beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş
görülüb, xarici dillərdə kitablar, sənədlər
dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda
gündəmə gətirilib. Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması səfirliklərimiz
və diaspor təşkilatlarımız qarşısında
vacib vəzifə kimi müəyyənləşdirilib.
Hazırda dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının
hər biri ölkəmiz haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması işinə
öz töhfəsini verir.
Bu işdə Heydər
Əliyev Fondunun və fondun vitse-prezidenti Leyla xanım
Əliyevanın gördüyü işlər xüsusi qeyd
edilməlidir.
Onun təşəbbüsü ilə həyata
keçirilən "Xocalıya ədalət!" beynəlxalq
kampaniyası bu qətliamı dünyanın diqqət mərkəzinə
çevirib. Bu gün dünyanın bir çox ölkəsi
və ABŞ-ın bir sıra ştatları Xocalı
soyqırımını rəsmən tanıyır. Gün gələcək, dünya birliyi bu
soyqırımını tanıyacaq və Azərbaycanın
haqq səsi bütün cahana yayılacaq. Onun
üçün biz avropalı, amerikalı ilə onların
öz dilində, qəbul etdikləri formada danışaraq bu
faciəni, soyqırımını tanıtmalıyıq.
Dünya birliyi Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqəti
bilməlidir. Söz yox ki, dünyada baş
alıb gedən ikili standaratlar buna hər vasitə ilə mane
olur. Lakin həyata keçirilən uğurlu xarici siyasət bu maneələri
tədricən aradan qaldırır. Bu gün ölkəmiz hərtərəfli
şəkildə inkişaf edir, amma Ermənistanın Azərbaycana
hərbi təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin işğal altında
olması, bir milyondan artıq soydaşımızın məcburi
köçkün halında yaşaması
inkişafımızın daha da sürətlənməsinə
başlıca maneədir. Dövlət rəhbərliyi
ölkəmizin ərazi bütövlüyünün təmin
olunması üçün bütün imkanlarını səfərbər
edib və hazırda münaqişənin həlli
üçün danışıqlar aparılır. Son hadisələr də göstərir ki, Ermənistan
tərəfi müxtəlif bəhanələrlə
danışıqlardan imtina edir, status-kvonu hər vasitə ilə
saxlamağa çalışır. Ancaq hər
şeyin bir həddi, vaxtı var. Görünür Serj
Sarkisyan və onun himayədarları hələ də
2016-cı ilin aprel döyüşlərindən ciddi nəticə
çıxarmayıblar. Ancaq unudurlar ki,
növbəti dəfə onlar canlarını qurtara bilməyəcəklər.
Azərbaycanda həyata keçirilən
uğurlu xarici siyasət də təsdiqləyir ki, xarici siyasətimizdə
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll edilməsi prioritet yer tutur. Məhz
dövlət başçısının elan etdiyi hücum
diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr
əldə olunub.
Azərbaycanın hücum
diplomatiyası nəticəsində Ermənistanın xarici
siyasəti iflasa uğrayıb və işğalçı
dövlət artıq dalana dirənib. Təcavüzkar
dövlətə himayədarlıq edənlər də tədricən
onun arxasından qaçırlar. Azərbaycan regional
siyasətini elə aparır ki, Ermənistan seytnot vəziyyətində
qalıb. Bunun nəticəsində isə
işğalçı ölkədə sosial-iqtisadi problemlər
daha da dərinləşib, mühacirətin sürəti dəfələrlə
artıb. Yəni Azərbaycan bu məsələdə
nəinki bir addım geri çəkilməyib, əksinə
mövqeyini daha da gücləndirib.
Baxmayaraq ki, Xocalı qətliamından
26 il keçir, dünya birliyi bu dəhşətli
faciəyə hələ də hüquqi qiymət vermir, Ermənistanın
işğalçılıq siyasətini pisləmir və
sanksiyalar tətbiq etmir. Beynəlxalq təşkilatlar,
inkişaf etmiş dövlətlər, xüsusilə
ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız söz
yığımından ibarət olan bəyanat verməklə
işlərini bitmiş hesab etməməlidir. Çünki belə üzdəniraq
tədbirlər
ikili hərəkətlər münaqişənin
danışıqlar yolu ilə həllinə çox ciddi zərbə
vurur, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə
şərait yaradır. Ona görə də, beynəlxalq birlik
işğalçılara qarşı beynəlxalq
hüquq çərçivəsində sərt addımlar
atmalıdır. Təəssüf ki, biz bu
münasibəti bir çox dövlətlərdən,
xüsusilə Qərb dövlətlərindən
görmürük. İnsan
hüquqlarından, demokratiyadan, qanunun aliliyindən
danışan dövlətlər və təşkilatlar
işğal və soyqırımı faktına layiq olduğu
qiyməti verməlidirlər. Əgər
bu olmasa, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz
torpaqlarını işğaldan hərbi yolla azad edəcək.
Elman
MƏMMƏDOV,
Milli Məclisin
deputatı
Xalq qəzeti.- 2018.- 25 fevral.- S.4.
.