Argentinada Xocalı soyqırımı qurbanlarının xatirəsi
anılıb
Azərbaycanın Argentinadakı səfirliyində
Xocalı soyqırımının 26-ci ildönümünə
həsr olunmuş anım mərasimi keçirilib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Argentina ictimai-siyasi dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin, müxtəlif gənclər və qeyri-hökumət təşkilatlarının, elmi-akademik çevrələrin və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.
Mərasimin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edən səfir Rəşad Aslanov Xocalıda mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə törədilmiş soyqırımı barədə məlumat verib və bu hadisənin XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə danışan səfir azərbaycanlı dinc əhalinin məhz milli mənsubiyyətinə görə məruz qaldığı bu amansız qətliamın beynəlxalq səviyyədə öz siyasi və hüquqi qiymətini tapmasının vacibliyini qeyd edib. O, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edilməsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi və münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası, Baş Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr barədə iştirakçılara məlumat verib.
Daha sonra Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Qaranlıqdan qaçarkən” adlı sənədli film iştirakçılara təqdim olunub.
Filmin nümayişindən sonra Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi, professor Paulo Botta çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının acı nəticələri barədə danışıb, bu faciə və ümumilikdə münaqişə haqda Argentina ictimaiyyətində məlumatlılığın ildən-ilə daha da artdığını bildirib.
Tədbirdə, həmçinin La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun elmi işçisi və Argentina Katolik Universitetinin dosenti Ariel Levaggi də Xocalı soyqırımı kimi faciələrin yalnız bir ölkəyə deyil, bütün bəşəriyyətə qarşı törədildiyini və bu kimi hadisələrin qarşısının alınması üçün dünya ictimaiyyətinin daim ayıq-sayıq davranmalı olduğunu diqqətə çatdırıb.
Sonda qonaqlara Xocalı soyqırımı və Dağlıq
Qarabağ münaqişəsi ilə
bağlı ispan dilində materiallar paylanıb.
Xalq qəzeti.-
2018.- 25 fevral.- S.6.