“Xocalı” operasının təqdimat mərasimi
Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbirində bəstəkar, əməkdar incəsənət xadimi Nazim Quliyevin “Xocalı” operasının ilk təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözü ilə çıxışında demişdir ki, xalqımızın tarixində ən dəhşətli faciə olan Xocalı soyqırımı,erməni silahlı dəstələri tərəfindən xalıqımza qarşı törədilən bu qanlı faciəyə aid beynəlxalq aləmdə olduğu kimi Azərbaycan bəstəkarları da onlarla sənət əsərləri həsr ediblər.Bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Quliyevin “Xocalı” operasının (libretto müəllifi Nurlana Hacıyeva,şeir mətnlərinin müəllifləri Natiq Qubadoğlu,Həsən Valeh) ilk təqdimatı keçirilir.
Əsərdə yeni ailə quran iki gəncin-Xocalı və Ayalının xoşbəxt günlərinin başlanğıcında baş verən qanlı Xocalı faciəsi, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, gənclərin girov götürülməsi,onlara əzab və işgəncə verilməsi, öldürülməsi, ermənilərin təcavüzkar siyasətinin ifşası, azad fikirli, mətin gənclərin həyatı və mübarizəsi ilə bağlı hadisələr öz əksini tapmışdır.
Əsərin librettosu və məzmunu ilə tanışlıqdan sonra “Xocalı” operasından parçalar səsləndirilmidir.Vokalçılar Cavid Hüseyn (tenor) və Jalə Kərimova (soprano) “Xocalının ariyası”, ”Xocalı və Ayalının dueti”, “Ayalının ariyası”nı ifa etmişlər. Onları pianoda Beynəlxalq müsabiqə laureatı Firuzə Nəcəfli müşayiət etmişdir.
Operanın təqdimatı ilə əlaqədar müzakirələrdə Xalq artisti, professor Tofiq Bakıxanov,Əməkdar incəsənət xadimi, bəstəkar Nərgiz Şəfiyeva, sənətşünaslıq doktoru,professor Cəmilə Həsənova,sənətşünaslıq üzrə fəlsəfə doktoru,müsiqişünas Səadət Təhmirazqızı, Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu çıxış edərək rəy, təklif və arzularını bildirmişlər.
Afət
Sadıqoğlu
Xalq qəzeti.- 2018.- 25 fevral.- S.10.