“İyirminci yüzilin
vəhşəti: Xocalı soyqırımı”
“Anadolu” agentliyi
Xocalıda erməni vəhşiliklərindən bəhs edən
geniş şərh yayımlayıb
Türkiyənin “Anadolu” informasiya agentliyi dünən XX əsrin ən ağır faciələrindən biri olan Xocalı soyqırımı barədə geniş analitik şərh təqdim edib. Yazıda qeyd olunur ki, Xocalı faciəsi Azərbaycanın müasir tarixinin ən faciəvi səhifələrindən biridir. Bu ağır qətliam bütün türk dünyasının qan verən yarasıdır. Bu vəhşət və dəhşəti törədənlər cəzasız qalmamalıdır.
Yazıda əvvəlcə faciənin baş verdiyi həmin müdhiş gecə təsvir edilir. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır texnika və əsgəri dəstəyi ilə erməni silahlı birləşmələri Xocalı şəhərinin dinc sakinlərinin üzərinə silahlı basqın ediblər.
Şəhər fevralın 25-i axşamdan başlayaraq ağır hərbi texnikalardan güclü artilleriya atəşinə məruz qalıb. Aramsız atəşlər nəticəsində Xocalıda güclü yanğınlar başlayıb. Labüd ölüm təhlükəsi qarşısında qalan 2500-ə yaxın şəhər sakini vəhşət və qorxu içərisində şəhərdən çıxaraq meşə yolu ilə Ağdam şəhəri istiqamətində qaçaraq xilas olmağa çalışıb.
Lakin erməni hərbi birləşmələri dinc, əliyalın insanları təqib edərək, heç kimə aman verməyib, Xocalı sakinlərini xüsusi amansızlıqla öldürməyə başlayıblar. Nəticədə, Xocalının 613 sakini, o cümlədən 83 uşaq, 106 qadın və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib.
“Anadolu” agentliyinin müxbiri yazıda Xocalı qətliamının başvermə səbəbləri ilə bağlı Naxçıvan Universitetinin tarix kafedrasının dosenti Elçin Zamanovun fikir və düşüncələrinə də yer ayırıb. Alim qeyd edib ki, erməni quldur dəstələri XX əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə qanlı cinayətlər törədiblər. Belə ki, daşnaklar 1905, 1907 və 1918-ci illər ərzində 120 mindən çox azərbaycanlını qətlə yetiriblər.
E.Zamanov, həmçinin bildirib ki, azərbaycanlılara qarşı kəskin təzyiq və zorakılıqlar 1947-1948-ci illərdə də baş verib. Belə ki, o illərdə 150 min etnik azərbaycanlı öz tarixi torpaqlarından - hazırkı Ermənistanın ərazisindən qovulub. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması ilə ermənilər daha da “fəallaşaraq”, Qarabağı ələ keçirmək üzrə öz mənfur planlarını reallaşdırmağa başlayıblar.
Düşmən, əlbəttə, başa düşürdü ki, Xocalı böyük strateji əhəmiyyət daşıyır. Burada böyük aeroport fəaliyyət göstərirdi. Ermənilər Xocalıya zərbə vurmaqla, Dağlıq Qarabağın Azərbaycanla quru yolla bağlılığını birdəfəlik kəsmək niyyətində idilər. Xocalı süqut etdikdən sonra, həqiqətən Şuşa və Laçının müdafiəsi olduqca çətinləşdi. Xocalını ələ keçirmək əslində, düşmənin Böyük Qarabağ planının bir hissəsi idi. Ermənilər yerli azərbaycanlı sakinləri qorxudaraq, bu yolla bütün Qarabağ torpaqlarını ələ keçirməyə cəhd edirdilər.
“Anadolu”nun müxbiri vurğulayır ki, Xocalıda qəddar genosid aktı baş verib. Çox sayda xalqların taleyində faciəvi hadisələr olub. Lakin Xocalı soyqırımı bəşər tarixində özündən əvvəl törədilən bütün faciələrdən öz qəddarlığı, xüsusi amansızlığı ilə seçilir. Qəzəb və hiddət doğuran fakt həm də budur ki, hətta bu gün də ermənilər işğal etdikləri Dağlıq Qarabağda və ətraf rayonlarda əsir görtürdükləri soydaşlarımızı azad etməyiblər. Onların arasında Xocalı qətliamının şahidi olan əsirlər də var.
“Anadolu”nun müxbiri sonda qeyd edir ki, Xocalı oğuz türklərinin qədim mədəniyyət ocaqlarından biridir. Arxeoloji qazıntılardan məlum olub ki, bizim eradan əvvəl burada qədim oğuz türklərinin yaşayış məskəni olub. Ermənilər bu qədim şəhəri tamamilə dağıdıblar. Lakin tarix, zaman bu haqsızlığı unutmayacaq. Xocalı, bütün Qarabağ həqiqi sahiblərinə qaytarılacaq, cinayətkarlar isə layiqli cəzalarını mütləq alacaqlar.
Sonda bildirək ki, bu günlərdə təkcə “Anadolu” agentliyi deyil, qardaş Türkiyənin digər aparıcı KİV-i də Xocalı soyqırımı ilə bağlı çox sayda məqalə, şərh və reportajlar yayımlayıb.
Məsaim ABDULLAYEV
Xalq qəzeti. - 2018.- 25 fevral.- S.11.