Xocalı sakinləri BMT, ATƏT, AŞPA və digər beynəlxalq qurumlara müraciət ünvanlayıblar

 

Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd ərazisində Xocalı soyqırımı şəhidlərinin xatirəsi yad edilib, BMT, ATƏT, AŞPA və digər beynəlxalq qurumlara müraciət ünvanlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı abidəsi önünə tər çiçəklər düzüb, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Anım tədbirində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva Xocalı soyqırımının nəticələrindən danışıb, o dəhşətli gecədə baş verənləri bir daha yada salıb.

Bildirilib ki, bədnam qonşumuz olan ermənilər tarixən azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçiriblər. Xocalı soyqırımı isə ermənilərin törətdiyi vəhşiliklər içində ən dəhşətlisidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366 saylı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Azərbaycan xalqının xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində soyqırımının tanıdılması istiqamətində mühüm işlər görülür. Bunun nəticəsi olaraq Xocalı faciəsi bir sıra ölkələrdə, ABŞ-ın 20-dən çox ştatında soyqırımı kimi tanınıb.

Xocalı soyqırımının şahidləri çıxış edərək gördükləri vəhşiliklərdən danışıblar.

Anım mərasimində Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, AŞPA və digər qurumlara müraciəti oxunub.

Sonra Xocalı rayon məktəblilərinin hazırladıqları səhnəcik nümayiş etdirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi Goranboyun Yeni Yaşayış massivində davam etdirilib.

 

Xalq qəzeti.- 2018.- 27 fevral.- S.5.