Xocalı soyqırımının 26-cı ildönümü xarici mətbuatda
geniş işıqlandırılıb
Xocalı soyqırımının 26-cı ildönümü xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Türkiyənin Anadolu Agentliyi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Xocalı soyqırımı ilə bağlı müsahibəsini yayıb.
Prezidentin köməkçisi bildirib ki, dünyada haqq-ədalət varsa Xocalı qətliamını törədənlər öz cəzalarını almalıdırlar. Bu cinayəti ermənilər törədiblər. İnsanlıq əleyhinə olan bu cinayətə qiymət verilməli və onlar cəzalarını çəkməlidirlər.
Bu soyqırımını kimin və nə üçün törətməsinin səbəblərinin araşdırılmasının vacibliyini qeyd edən Əli Həsənov bildirib ki, ermənilərin insanlıq əleyhinə törətdikləri bu cinayəti bütün dünyanın tanımasına çalışırıq. Ondan çox ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul olunub. Əlbəttə, soyqırımının tanınması bir qədər vaxt tələb edir. Amma düşünürük ki, dünyada haqq və ədalət varsa, Xocalı qətliamını törədənlər cəzalarını alacaqlar.
Xocalı qətliamı ilə bağlı tarixçilərin araşdırmalar aparmaları və dövlətlərin də bu araşdırmaların nəticələrinə görə o qətliamı soyqırımı kimi tanımaları məsələsinə toxunan Əli Həsənov qeyd edib ki, o gecədə azərbaycanlılar türk və azərbaycanlı olduqları üçün qətlə yetiriliblər. Yaşlı, uşaq, qadın, kişi – heç kimə aman vermədilər.
Əli Həsənov Niderland parlamentinin Nümayəndələr Palatasının 1915-ci il hadisələri ilə əlaqədar uydurma erməni iddialarını “soyqırımı” kimi tanımasına da toxunaraq, parlamentlərin bu məsələni tanımamışdan əvvəl araşdırma aparılmasının vacibliyini vurğulayıb. Tarixdə “erməni soyqırımı” deyilən bir hadisə olmayıb. Bu, qondarma bir iddiadır və bunu ermənilər 100 ildir davam etdirirlər. Türk xalqından təzminat almaq üçün onu törətmədiyi bir şeylə günahlandıraraq təzyiq göstərirlər. Təəssüflər olsun ki, dünyanın müxtəlif dövlətləri də bu məsələni araşdırmadan bu şəkildə qərarlar verirlər. Bu qərarları qətiyyətlə qəbul etmirik. Olmayan bir şeyə görə Türkiyənin günahlandırılması keçirilən səsvermənin ədalətli olmadığından xəbər verir. Türklərin 100 il əvvəl ermənilərə qarşı soyqırımı törətdiyini iddia edənlər arxivlərə baxsınlar.
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatından bəhs edən Əli Həsənov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər dəfə deyir: “Türkiyə Afrin və digər əməliyyatlarda iştirak edərkən heç kimin bir qarış torpağına göz dikməyib. Amma türk xalqına qarşı təzyiqlərə, Türkiyənin suverenliyinə olan təhdidlərə, Türkiyənin ərazi bütövlüyünü və xalqın birliyini pozmaq istəyən terrorçulara qarşı amansız olduq və belə də davam edəcəyik”.
Prezidentin köməkçisi bildirib ki, Türkiyə dövləti ilə hər zaman birlikdə olacağıq. Biz də bəyan etmişik ki, Türkiyənin öz təhlükəsizliyi üçün Afrində əməliyyat keçirməyə haqqı çatır. Bu, Suriyanın torpağını ələ keçirmək, Afrini işğal etmək məqsədilə deyil, orada Türkiyənin bütövlüyünə, təhlükəsizliyinə təhdid yaradan güclərə qarşı keçirilən əməliyyatdır. Bu təhdidlər aradan qalxdıqdan sonra Türkiyə yenə öz sərhədləri daxilində fəaliyyətini davam etdirəcək. Bu məqsədlə Türkiyəni günahlandırmaq ədalətsizlikdir.
Əli Həsənov Türkiyə və Azərbaycan dostluğunun əbədi olduğunu vurğulayaraq deyib ki, bunun təməlini bizim öndərlərimiz qoyub. Böyük Atatürk “Azərbaycanın sevinci, Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir” deyirdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyev də “Biz bir millət, iki dövlətik” deyirdi. Bizim taleyimiz də, kədərimiz də, sevincimiz də eynidir. Azərbaycan və Türkiyə birlikdə daha güclüdür. Biz bu dostluğu qorumaq üçün əlimizdən gələni edəcəyik. Kim bu xalqların arasına girərsə əziləcək.
Türkiyənin NTV kanalında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı reportaj yayımlanıb. Reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə yer verilir.
Reportaj
Xocalı sakini Məmməd
Nağıyevin bu fikri
ilə başlayır: “Ermənilər mənim gözümün qarşısında hamilə
qadının qarnını yararaq
uşağını çıxarıb öldürdülər”.
Reportajda qeyd edilir ki, 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 azərbaycanlı 26 il əvvəl Xocalıda qətlə yetirilib. Bildirilir ki, xocalılılar 1992-ci il fevralın 26-da törədilmiş bu qətliamın ildönümü ərəfəsində Türkiyədə olublar.
Xocalı soyqırımının şahidi, 8 gün erməni əsirliyində olmuş Vüsalə Məmmədova reportajda həmin gecə yaşadığı dəhşətli hadisələri, ermənilərin ona verdiyi işgəncələri göz yaşları içində danışır. O, ən böyük arzusunun bir gün öz qızının əlindən tutub doğma yurduna qayıtmaq olduğunu bildirir.
Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi hüquqi-siyasi qiymətin verilməməsini təəssüflə qeyd edən xocalılılar bu gün Türkiyəyə qarşı irəli sürülən qondarma “erməni soyqırımı” iddialarını pisləyiblər. Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyir: “Bu gün Türkiyəni şantaj edirlər. Bəzi Avropa ölkələri əllərində heç bir sübut, dəlil olmadan bu qondarma “soyqırımı”nı tanıqdıqlarını deyirlər. Sual olunur: siz nəyə istinad edib, nəyə əsaslanıb bu uydurma “soyqırımı”nı tanıyırsınız?”.
Xocalı soyqırımı ilə bağlı daha bir reportaj “Ülke TV” kanalında yayımlanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Ədalət və İnkişaf Partiyasının qrup toplantısında Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərlə başlayan reportajda faciə barədə faktlar diqqətə çatdırılır.
Reportajda, həmçinin Xocalı soyqırımı şahidlərinin fevralın 25-dən 26-na keçən gecə yaşadıqları müsibətlərlə bağlı fikirlərinə geniş yer verilir. Vurğulanır ki, onlar beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımının tanınmasını tələb edirlər.
Hər iki reportajda Xocalı dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.
Türkiyənin daha bir nüfuzlu televiziya kanalı – “HABER TÜRK” Xocalı soyqırımı ilə bağlı reportaj yayımlayıb.
Reportajda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir. Bildirilir ki, 1992-ci il fevralın 26-da ermənilər Xocalı şəhərində 613 dinc azərbaycanlını qətlə yetiriblər.
Reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə geniş yer verilib.
Xocalı sakini Məmməd Nağıyev deyir: “Fevralın 27-də ermənilər tərəfindən əsir götürülmüşəm. Ermənilər bizi Azərbaycan dilində yanlarına çağırdılar, yalandan dedilər ki, biz Ağdam rayonundanıq. Onlara yaxınlaşanda bizi atəşə tutdular, girov götürüldük. Kimin üzərində nə qədər dəyərli əşya var idisə hamısını götürdülər. Üç gün girovluqda qaldıq”.
Atasını və digər yaxınlarını Xocalı soyqırımı zamanı itirən Cavid Əliyev deyir: “Bizi hər tərəfdən atəşə tutdular. Atamın cənazəsini 23 gün sonra gətirib dəfn edə bildik. Yaxınlarımızın çoxunun nəşi isə orada qaldı”.
Xocalı sakinlərinin bir gün doğma yurdlarına qayıtmaq ümidi ilə yaşadıqları vurğulanan reportajda Milli Məclisin deputatı Elman Məmmədovun fikirlərinə də yer verilir: “Mən Xocalıda anadan olmuşam. Valideynlərim də, babalarım da Xocalıda doğulublar. Arzum budur ki, Xocalıya qayıdım, ömrümün axırına qədər orada yaşayım”.
Latın Amerikasının bir çox ölkələrində yayımlanan “Telesur TV” kanalının internet səhifəsində tanınmış çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin “Xocalı: Dünyanın vicdanında qanayan bir yara” adlı məqaləsi yayılıb.
Müəllif məqalədə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edərək münaqişə nəticəsində Ermənistan tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını, azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qaldıqlarını yazır. Jurnalist Xocalı soyqırımının XX əsrin sonlarında törədilmiş ən dəhşətli hadisələrdən biri olduğunu və Azərbaycan xalqı tərəfindən daim xatırlandığını, soyqırımının təşkilatçılarının beynəlxalq hüquqi məsuliyyət daşıdığını qeyd edir. O, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsi zamanı Ermənistanın BMT Təhlükəsizlik Şurasının atəşkəs və sülh çağırışlarına məhəl qoymadan Azərbaycanın torpaqlarını işğal etmək üçün ona qarşı məqsədli şəkildə müharibə apardığını etiraf etdiyini yazır. Müəllif Serj Sarkisyanın Xocalı qətliamını törədənlərdən biri olduğunu bildirir.
BMT Təhlükəsizlik Şurası daxil olmaqla, dünyanın bir çox beynəlxalq təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün və suverenliyinin bərpası, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması, eləcə də 26 il bundan əvvəl törədilmiş Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamələrdən bəhs edən müəllif beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, törədilən cinayət əməllərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyət daşıdığının artıq tanındığını vurğulayır.
Beynəlxalq analitik, Argentinanın La Plata Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru Paulo Bottanın münaqişənin beynəlxalq hüquqi aspektlərinə dair hərtərəfli araşdırmasına istinad edən jurnalist münaqişəni bu aspektdə izah edir və Xocalı soyqırımını beynəlxalq insan haqları konvensiyaları çərçivəsində dəyərləndirir. O bildirir ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına və Cenevrə Konvensiyasının müvafiq müddəalarına əsasən, Ermənistan təcavüzkar siyasətinə və törətdiyi cinayət əməllərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Məqalədə deyilir: “613 azərbaycanlının öldürülməsi Xocalı soyqırımının nəticələrindən, sadəcə, biridir. Münaqişə nəticəsində insanların zorla məcburi köçkünə çevrilməsi və onların bu vəziyyətinin, işğalın hələ də davam etməsi kimi digər nəticələr də mövcuddur”. Müəllif Ermənistanın siyasətinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayır.
Sonda müəllif qeyd edir ki, münaqişə ilə bağlı yaranan status-kvo qəbuledilməzdir, Ermənistanın ərazi iddialarının heç bir beynəlxalq hüquqi əsası yoxdur. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa məcbur edilməli, dünyanın vicdanında qanayan yara olaraq qalmaqda davam edən Xocalı soyqırımına ədalət təmin olunmalıdır.
Gürcüstanda geniş oxucu kütləsinə malik Newsday.ge saytında Xocalı soyqırımından bəhs edən “Soyqırımı və milli matəm mitinqi” sərlövhəli məqalə verilib.
Məqalədə oxuculara Xocalı faciəsi barədə ətraflı məlumat verilir. Erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yer üzündən sildikləri qeyd olunur. Vurğulanır ki, bu qətliamı törətməklə ermənilərin iç üzü bir daha hamıya aydın oldu. Bu, sadəcə, bir müharibə deyil, insanların milli mənsubiyyətinə görə qətliamı idi. Dünya birliyi buna lazımi siyasi-hüquqi qiymət verməlidir.
Gürcüstanın Apsny.ge portalı da Xocalı soyqırımı haqqında məqalə yayıb.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumat verilir. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə ermənilərin Xocalını tamamilə dağıtdıqları, uşaqlar, qadınlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insanı xüsusi qəddarlıqla qətlə yetirdikləri diqqətə çatdırılır.
Məqalədə Xocalıda törədilmiş cinayətin Ermənistanın davamlı zorakılıqlarının tərkib hissəsi olduğu bildirilir. Vurğulanır ki, bu, Ermənistanın təcavüzkar siyasətinin əsasını təşkil edir.
Xocalı soyqırımının 26-cı ildönümü Özbəkistan mətbuatının da diqqət mərkəzindədir. Qalampur.uz portalında tanınmış jurnalist, beynəlxalq mükafatlar laureatı Nargiz Kasimovanın Xocalı soyqırımı haqqında özbək dilində məqaləsi yayılıb.
Müəllif “Xocalı faciəsindən 26 il ötdü. Tarixin səhifəsində qalan qanlı günün təfsilatları” adlı məqaləsində Xocalı faciəsini Hirosima, Naqasaki, Xatın soyqırımları ilə müqayisə edir.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda min bir əzabla öldürülən, yaralanan və itkin düşənlər haqqında ətraflı məlumat verilir, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalıya amansız hücum edildiyi, şəhərin tamamilə dağıdıldığı və yandırıldığı bildirilir. Vurğulanır ki, həmin dəhşətli gecə uşaqlar, qadınlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla qətlə yetirilib.
Məqalədə Xocalıda törədilmiş cinayətin Ermənistanın yürütdüyü sistemli və davamlı zorakılıqların tərkib hissəsi olduğu bildirilir, ermənilərin ayrı-seçkilik siyasəti apardığı qeyd olunur. Vurğulanır ki, bu da Ermənistanın təcavüzkar siyasətinin əsasını təşkil edir.
Özbəkistanın Nargis.uz portalında da Xocalı soyqırımı haqqında özbək və rus dillərində “İnsanlıq tarixinə qara ləkə” və “Xocalı faciəsi: 26 il sonra” sərlövhəli məqalələr yayılıb.
Məqalələrdə faciə zamanı amansızlıqla öldürülənlər, yaralananlar, itkin düşənlər haqqında məlumat verilir, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı haqqında söhbət açılır. Bildirilir ki, alayın Seyran Ohanyanın komandirliyi ilə ikinci batalyonu, Yevgeni Nabokixinin rəhbərliyi ilə üçüncü batalyonu, birinci batalyonun qərargah rəisi Valeri Çtiçyan və alayın 50-dən çox zabiti Xocalı sakinlərinə qarşı görünməmiş vəhşiliklər törədiblər.
Vurğulanır ki, Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzinin məlumatına görə, faciə törədildikdən sonra təkcə Ağdama Xocalıdan 200 cəsəd gətirilib. İnsanlar qətlə yetirildikdən sonra cəsədlərin üzərində təhqiramiz hərəkətlər edilib.
Məqalələrdə həmin günlərdə “Le Mond”, “İzvestiya”, “Vaşinqton post”, “Faynenşl tayms” və digər KİV-lərdə yayılan reportajlardan sitatlar gətirilir.
İsveçrə Konfederasiyasının gündəlik “Südostschweiz” qəzetinin internet saytında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Müharibəyə yox, sülhə hə!” sərlövhəli oxucu məktubu yerləşdirilib.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibədə Xocalı qətliamının faciəvi zirvə nöqtəsi olduğu qeyd edilən yazıda həmin gecə mülki əhaliyə qarşı törədilən soyqırımı cinayəti ətraflı təsvir olunur.
Yazıda, həmçinin qeyd edilir ki, milyonlarla insan hələ də Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında dinc yolla həll olunacağını gözləyir. Lakin münaqişənin nizamlanması üçün Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoyması, qaçqınların və məcburi köçkünlərin öz ata-baba torpaqlarına geri dönmələri tələb olunur. Ermənistan öz ordusunu Azərbaycan ərazilərindən geri çəkəcəyi təqdirdə azərbaycanlı əhali yüz illər boyu olduğu kimi, ermənilərlə dinc şəraitdə birgə yaşamağa hazırdır. Bunun üçün isə, ilk növbədə, sülh yaradılmalıdır.
Perunun nüfuzlu mətbu orqanlarından biri olan “El Peruano” qəzetində “Xocalı soyqırımı: insanlığa qarşı cinayət” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı barədə ətraflı məlumat verilir. Yazıda, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti və bu siyasətin Azərbaycan əhalisinə qarşı misli görünməmiş vəhşilik və qəddarlıqlarla müşayiət olunduğundan bəhs edilir. Azərbaycanın erməni işğalı altında olan torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının bu günədək öz doğma yurdlarına dönməyi hələ də həsrətlə gözlədiyi vurğulanır.
Bildirilir ki, Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmir. Qeyd olunur ki, Xocalı soyqırımı dünyanın bir çox ölkəsi tərəfindən tanınıb və bununla bağlı çoxsaylı qətnamələr, o cümlədən 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş qətnamə də var.
Qətərin ingilisdilli “The Peninsula” qəzetində də Xocalı soyqırımı barədə geniş məqalə dərc edilib.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi qırğının bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq müstəvidə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat kampaniyasının Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Yazıda Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının bütün elementlərinə görə BMT qətnamələrində nəzərdə tutulan “genosid” məfhumuna uyğun gəldiyi vurğulanıb.
Məqalədə Dağlıq Qarabağ münaqişəsinə, bu yöndə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə, Ermənistan tərəfindən həmin qətnamələrə məhəl qoyulmaması və Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalması kimi məsələlərə yer verilib. Azərbaycan xalqının Xocalı şəhidlərinin xatirəsini həmişə anacağı və ölkənin ərazi bütövlüyünün bərpasınadək mübarizəsini davam etdirəcəyi bildirilib.
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Serbiyanın Balkanian.com saytında “Azərbaycan Xocalı faciəsinin qurbanlarını xatırlayır” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı və etnik təmizləmə siyasəti, törətdiyi vəhşiliklər, Xocalı faciəsinin səbəbləri, qurbanları barədə geniş məlumat verilib, eləcə də dünya birliyinin bu soyqırımına və tarixi torpaqlarımızın işğalına laqeyd münasibəti qeyd edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının əks olunduğu dörd qətnaməyə baxmayaraq, Ermənistanın tarixi ərazilərimizi hələ də işğal altında saxlamasından bəhs edilib, habelə Xocalı soyqırımının dünyanın nüfuzlu KİV-lərində işıqlandırıldığı, “Human Rights Watch” təşkilatı tərəfindən sənədləşdirildiyi, lakin dünya liderlərinin və mötəbər beynəlxalq təşkilatların buna layiqincə qiymət vermədiyi vurğulanıb.
AZƏRTAC
Xalq qəzeti.-
2018.- 27 fevral.- S.6.