Ürəklərə, baxışlara əbədi həkk
olunmuş Xocalı
Redaksiyamızın qonaqları Xocalı
soyqırımının şahidləridir
Nə az, nə çox, düz 26 il keçir o məsum gecədən. Yenə də o qış günü yaşanmış qorxu, həyəcan dolu anlar çözələnir. Yenə də qışın sərt gecəsində səmadakı atəş qığılcımları uşaqların, böyüklərin canlarına vəlvələ salır, meşəyə səpələnmiş günahsız insanların haraylarını atəş səsləri susdurur. Həmin gecə Xocalıda insanlıq ölür...
“Xalq qəzeti” redaksiyasının qonağı olan bir qrup Xocalı sakini ilə həmsöhbət olub, 26 il əvvələ qayıdıram. Xocalı, işğal edilənə kimi onların hər birinin qayğısız, firavan həyatları vardı. Ta ki, doğma yurd-yuvaları yerlə–yeksan edilib, soyqırım şahidi olana qədər...
...”Xocalının bəxtəvər günləri də var idi” – deyir, Səadət Zeynalova. Xocalı sakinləri qurub yaradır, həyat eşqi ilə yaşayırdılar. Xəstəxanada ambulator şöbədə tibb bacısı işləyən həmsöhbətim o illəri xatırlayır:
– Xəstəxanada tibb bacısı idim. Son dövrlər vəziyyət daha da çətinləşmişdi. Şəhər mühasirədə idi. Ancaq özünümüdafiə dəstələrində olan könüllülərimiz şəhərin müdafiəsi üçün əlindən gələni edirdi. Yadımdadır, Xocalının özünümüdafiə dəstəsində qəhrəmanlıq göstərmiş Aqil Quliyev Həsənabadda yaralanmışdı. Gecə ilə şam işığında qardaşımla birlikdə Qarqar çayını keçib həmin kəndə getdim. Onun yaralarını sarıdım. Bizdə qorxu yox idi. Biz o qədər Vətənə bağlı idik ki, ondan ayrılacağımızı düşünmürdük. Atəş səslərinə öyrəşmişdik. Gündüz nisbi sakitlik olanda, işlərimizi görürdük. Gecə isə şam işığında otururduq, atəş açılanda zirzəmilərdə gizlənməli olurduq. Bu artıq son dövrlər Xocalının həyat tərzinə çevrilmişdi. Xocalıda aeroport var idi, biz ümid edirdik ki, yollar açılacaq, mühasirəyə son qoyulacaq. Təəssüf ki, belə olmadı. Fevralın 25-dən 26-na keçən gecə şəhərə güclü hücum oldu. Biz zirzəmilərdən çıxıb Qarqar çayını keçdik, meşəyə qaçdıq. Yenə də inanmırdıq, elə bilirdik ki, yenə də atəş səngiyəcək, qayıdacağıq evimizə. Mən 8-ci sinifdə oxuyan qardaşım Qədir Zeynalovla meşədə idim. Anam isə o biri qardaşımı kor bağırsaqdan əməliyyat olunmaq üçün Bakıya aparmışdı. Ermənilərin şəhərə tez-tez atmağının nəticəsi idi ki, evin ikinci mərtəbəsi yırğalanırdı, odur ki, qardaşımın bağırsağında təhlükə yaranmışdı. Anamla birgə o, sonuncu vertolyotla Xocalıdan çıxmış, Bakıya getmişdi. Biz beş gün qardaşım Qədirlə meşədə gizləndik. Bizimlə birgə gedən camaatın çoxu meşənin dərinliyində pusquya düşərək girov götürüldü. İnsanlar hansı tərəfə gedəcəklərini bilmirdilər. Qabaqda gedən dəstəyə bir-birimizlə xəbər göndərirdik ki, gözləsinlər bizi. Dəstə-dəstə irəliləyirdik. Bir də görürdün ki, bir dəstə itdi. Xəbər ala bilmirdik onlardan. Camaat getdikcə azalırdı. Elələri var idi ki, girov düşməmək üçün özünü qayadan atdırdı, Vaqif adlı oğlan beşatılan tüfənglə özünü vurdu. Bir çoxları da pusquya düşərək girov götürüldülər. Şaxta idi, çoxumuz nazik geyimdə qaçmışdıq. Bəzilərini də yanımızda don vurdu. Tibb işçisi olduğumdan qardaşıma və o biri adamlara deyirdim ki, ayaqlarınızı masaj edin, hərəkət edin ki, donmayaq. Hələ Xocalıda o dərəcədə qar və şaxta olduğunu görməmişdim. Üstəlik, qatı duman da imkan vermirdi ki, hərəkət edək. Tanıdığım insanların hər biri sınaq qarşısında idi. Meşədə irəliləyə bilməyən, taqətdən düşmüş valideyinləri oğluları Vaqifə deyirlər ki, yolundan qalmasın: “Get, oğul, biz qalırıq. Sənin nə yaşın var”. Vaqif ana-atasını buraxa bilmir...
Daşbulaqdan Xocalıya pənah gətirmiş 16-17 yaşlı iki qız var idi, birinin çənəsi əsirdi. Baxanda gördüm ki, ayaqyalındı, ayaqları donvurmadan dizə qədər qaralmışdı...
Beş gün şaxtada meşədə qalmaq nə deməkdir?! Gecə göz-gözü görmürdü, beş gün yol gəldik, Qar yeyə-yeyə yol gedirdik, arada yarpaqlardan yeyirdik. Meşədə qardaşımla böyürtkən kolunun üstünə necə düşmüşüksə, əllərimiz, sifətimiz cırıq-cırıq idi. Əlimizi atıb yerdə qar görməyəndə təxmin etdik ki, Ağdama çatmışıq. Meşədə təxminən 300 -ə yaxın adam olardıq. Ancaq Ağdama çatanda 35-38 nəfər idik. O beş gün həyatımın ən çətin və dəhşətli günləri idi. Biz meşə ilə irəliləyib Ağdama çatanda artıq martın 2-i idi. Sağ-salamat gəldiyimizə inanmadılar. Dedilər ki, artıq Xocalının ikinci matəm günüdür. “Səhər” qəzetində mənim və qardaşımın girov düşdüyünü yazmışdılar.
Telefon tapıb Bakıya – qohumlarımızgilə zəng çaldım. Gecə idi. Dəstəyi qaldıran olmadı. Telefonçu qızdan xahiş elədim ki, bir də zəng çalsın. Yenə də cavab verən olmadı. Dördüncü dəfə də xahiş etdim, bəlkə dəstəyi xalamgil götürərlər deyə. Nəhayət telefonda zəif səslə bacım Sevdanın “alo” deməyini eşitdim, “Sevda”--deyən kimi dəstəyin o başından qışqırıq qopdu. Sən demə, anamgil, qohumlar hamısı nigaranlıqla bir yerə toplanıblar. Dəstəyi də ürək edib götürmürlər ki, yəqin, qara xəbərdir...”
Uzun illər yaşadığı travmadan əziyyət çəkmiş Səadət xanım deyir ki, xeyli müddət həmin sarsıntılardan xilas ola bilməyib. Və Xocalıda yaşanmış bu qətliam əsl soyqırımdır. “Biz Xocalı soyqırımını unutmamalı, gələcək nəsil bu qanlı günü bilməlidir. Bugün dövlətimiz Xocalı soyqırımının dünyaya tanıdılması üçün bir çox işlər görür. Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış və uğurla davam edən “Xocalıya ədalət!” kampaniyası artıq dünyaya səsimizi çatdırır. Tək istəyimiz doğma yurdumuza qayıtmağımızdır. Əhd eləmişəm, Xocalı azad edilsin, mən yenə piyada yurduma qayıtmağa hazıram. O günün gələcəyinə inanıram....”--deyə həmsöhbətimin gözlərində ümid qığılcımı görünür.
Xocalıda itkin düşmüş bibisinin adını daşıyan Elnarə...
Elnarə Aslanova Xocalını görməsə də, söhbətlərində və yazılarında Xocalı adı ağrı-acı ilə yanaşı, həm də böyük sevgi ilə keçir. Çünki ailədə elə gün olmur ki, yurd həsrətindən, Xocalıdakı bəxtəvər günlərdən, nəhayət həmin o qanlı gecədən danışılmasın. Elnarə Aslanova deyir ki, Xocalıda törədilmiş soyqırımı günü onun da qohumları canlarını salamat qurtarmaq üçün camaata qoşulub. Həmin günü Elnarənin bibisi itkin düşüb: 26 il keçməsinə baxmayaraq, bu itki bizim ailəmiz üçün ağırdır. Xocalını görməsəm də, ora mənim yurd yerimdir, hamımızın ağrılı yeridir. Mən itkin düşmüş bibimin adını daşıyıram. Atam mənə bibim Elnarənin adını qoyub. İstəyirəm ki, dünya Xocalıda yaşanmış insanlıq əleyhinə olan bu soyqırımdan daha çox xəbər tutsun. Başqa ölkələrdə yaşayan mənim kimi gənclər Azərbaycanda ermənilərin törətdikləri bu cinayət haqda məlumatlı olsunlar.
Elnarə üçün tək təsəlli hərdən kövrək ürəyinin pıçıltılarını misralara düzməkdir:
Əlimi uzatsam, çatmaram sənə,
Sönmüş ocağını yandıram yenə.
Qışqırıb bağırsam “Xocalı” deyə,
Hey axtarsam da, tapmaram səni...
İtmiş Elnarəni necə anmayaq,
Xocalı dərdinə necə yanmayaq?
Xəlil Vəliyev: Xocalı soyqırıma məruz
qalmış şəhərdir
Xocalı soyqırımı törədiləndə digər həmsöhbətim Xocalı Rayon İcra hakimiyyətinin baş məsləhətçisi Xəlil Vəliyev Bakıda təhsil alırdı, tələbə idi. Memar kimi Bakıda təhsil alandan sonra doğma yurduna qayıdıb, şəhərin daha da abadlaşmasında, yeni-yeni binaların tikilməsində işlər görəcəkdi. Hətta son dövrlər Xocalıya şəhər statusu verilməsi və orada yeni binaların tikintisi onda böyük inam yaradırdı...
– 1988-ci ildə hərbi xidmətdən Xocalıya qayıtdım, əvvəlki əhval ruhiyyə yox idi, vəziyyət dəyişmişdi. 1990-cı ildə Xocalı şəhər icra hakimiyyətinin göndərişi ilə Memarlıq və İnşaat İnstitutuna memarlıq təhsili almaq üçün yollandım. Həmin dövrdə Xocalıya şəhər statusu verildi. Bütün sahələrdə mütəxəssislərə ehtiyac var idi. Tez-tez Xocalıya gələn yolda sərnişin avtobuslarını ermənilər daş-qalaq edir, hətta insanları qətlə yetirir, ya da girov götürürdülər. Bütün bu çətinliklərə baxmayaraq, Xocalı-Ağdam yolu ilə insanlarımız işləyirdi. Elman və Telman qardaşları avtobusu Xocalı--Ağdam yolu ilə sürüb, əhaliyə xidmət edirdilər. Hətta bir dəfə necə hücuma məruz qalmışdısa, sürücü ağır yaralanmışdı. Sərnişin xanımlardan biri məcbur olub sükan arxasına keçmişdi. Xocalı mühasirədə idi. Yollar bağlanmışdı.Təkcə ümid vertolyota idi. Cəmilli, Meşəli və Kosalar kəndlərinin işğalı vəziyyətin daha da gərginləşməsindən xəbər verirdi. Qaradağlıda törədilmiş qətliam isə Xocalı soyqırımına gedən yolun başlanğıcı idi...
Xocalıda vəziyyət təhlükəli hal alanda əsasən qadın və uşaqlardan, yaşlılardan ibarət əhalinin bir hissəsi vertolyotla şəhərdən çıxarılmışdı. Onların arasında bir sıra qohumlarım da var idi. Qardaşım danışırdı ki, vertolyotla əhalinin yola salınması çox çətin idi. Çünki vertolyot ağırlığa tab gətirə bilmirdi, bütün bunlara baxmayaraq, qardaşım növbə ilə ona uzadılan uşaqların vertolyota minməsinə kömək edirdi. Sonuncu dəfə necə oldusa, özünün Afət adlı qızı Xocalıda qalası oldu. Xocalıya hücum zamanı camaatla birgə orada qalan yaxınlarım, eləcə də qardaşım və balaca Afət də meşəyə pənah gətirmişdilər. Sanki həmin gün həm də sınaq məqamı idi. Elə məqam olub ki, ermənilərin hücumu ilə rastlaşa bilmə ehtimalını düşünərək, atası Afəti daşın üstünə qoyub, yanındakı döyüş yoldaşından əlindəki silahla ona atəş açmağı xahiş edir...” – bu məqamda həmsöhbətimin səsi titrəyir, araya sükut çökür.
– “Afət sağdır?”Qeyri-ixtiyari – deyə soruşuram.
Xəlil Vəliyev özünü toplayıb söhbətinə davam edir: “Hə, Afət indi böyük qızdır. Gəncədə yaşayır. Yəni, demək istəyirəm ki, ermənilərin törətdiyi Xocalı soyqırımı tarixdə görünməmiş bir vəhşiliklə həyata keçirilib. Bu, açıq-açığına insanlığa qarşı cinayət və soyqırımıdır. Hələ də o günlərin şahidi olanlar bu ağır gündə gördüyü dəhşətləri unuda bilmirlər. Unutmamalıyıq. Bu gün şükürlər olsun ki, dövlət səviyyəsində artıq Xocalı həqiqətləri dünyaya tanıdılır. Bir çox ölkə parlamenti artıq Xocalı qətliamını soyqırım olaraq tanıyıb. Xocalı soyqırımına məruz qalmış şəhərdir. Bu gün xocalılıların tək istəyi var: Xocalıya qovuşmaq!”
Elxan Hüseynov: Ailəmdən hələ
də xəbər yoxdur...
Xocalının işğalı Elxan Hüseynovun təkcə doğma yurd-yuvasını yox, ailəsini də əlindən aldı: “... Həmin gecə camaat, xüsusilə də arvad-uşaq dəmir yolu körpüsünün altına toplaşdılar. Fikirləşirdik ki, yenə də həmişəki kimi, atışma səngiyəndən sonra hamı evinə qayıdacaq. Çünki həmin günə qədər ermənilər şəhəri atəşə tutur, sonra yenə də həyat öz axarıyla davam edirdi. Bu dəfə isə elə olmadı. Xocalıda vəziyyət gərginləşən gündən özünümüdafiə dəstəsi yaradılmışdı. Mən həmin gecə postda idim. Ailəm camaata qoşulub, meşə ilə irəliləyiblər. Sonra mən də həmin istiqamətdə onları axtarmağa başladım. Hər yana baxdım, tapa bilmədim. Naxçıvanik istiqamətində camaatın qabağını kəsib qəddarlıqla qətlə yetirmişdilər. Ən çox qırğın orda olmuşdu. Biz sürünə-sürünə meşənin içi ilə geri qayıtdıq. Yolda 7-8 nəfər hərbi formalı erməni silahlılarına rast gəldik. Biz üç nəfər gizlənmişdik, Təxminən 50-60 metr məsafədən
bizi güclü atəşə tutdular. Ancaq Allah bəndəsini saxlayanda saxlayır. Gecəni gizləndik, sonra isə Ağdamın Qarağacı postuna gəldik. Ağdamın Qiyaslı kəndində xalamgilə gəldim. Hamama girəndə güzgüyə baxdım, gözlərimə inana bilmirdim. Özüm özümdən qorxdum. Üz-gözümü meşədə kol-kos necə cırmışdısa, sifətim qanın içində idi. Ağdamın Sarıtəpə istiqamətində yoldan keçən maşınlara əl edirdim ki, saxlasınlar. Lakin məni görən kimi, hamısı sürətlə ötüb keçirdi. Səbəbini başa düşə bilmirdim. Axırda yolun ortasına çıxıb bir “Jiqulu”ni saxlatdım və Ağdamın Qiyaslı kəndinə gəldim. Ancaq güzgüyə baxanda sifətimdəki dəhşətli vəziyyətini görüb maşınların dayanmamasının səbəbini başa düşdüm...”
Araya dərin sükut çökür. “Görəsən, Elxan müəllimin uşaqları, ailəsi necə oldu?” – deyə soruşuram.
“Xocalı işğal olunan gündən illərlə ailəmi axtarmışam, soraqlaşmışam. Lakin heç bir xəbər ala bilməmişəm onlardan. Son dəfə onları meşədə görüblər. Donmasınlar deyə, camaat ocaq qalayıb ətrafında isiniblər. Sonradan söhbətləşdiyim və meşədən sağ çıxan sakinlərdən öyrənmişəm ki, onlar da həmin ocağın qırağında olublar. Sonra məlumat yoxdur. Çox güman ki, bəlkə də onlar elə ordaca donublar...” – deyə Elxan Hüseynov susur. Ancaq bu susqunluğun arxasından təkcə bir ailənin faciəsi yox, həm də 26 ilin ümid dolu baxışları boylanır....
Qələmə aldı:
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.-
2018.- 27 fevral.- S.8.