“Erməniliyin insanlığa qarşı cinayəti – Xocalı”

 

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Erməniliyin insanlığa qarşı cinayəti–Xocalı” mövzusunda tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov 1992-ci ildə Xocalıda ermənilərin törətdiyi cinayəti təkcə azərbaycanlıara, türk dünyasına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş dəhşətli cinayət kimi qiymətləndirdi. Qeyd edilib ki, Xocalıda yüzlərlə əliyalın insanqoca, cavan, uşaq, qadın görünməmiş amansızlıqla qətlə yetirilib, evlər yandırılıb, şəhər yerlə-yeksan edilib.

Akademik R.Hüseynov hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimlərinin keçirildiyini vurğulayaraq qeyd edib ki, əsas məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, bu faciənin bir daha baş verməməsi üçün cinayətkarların cəzalandırılmasına nail olmaqdır.

Natiq Xocalı faciəsinə siyasi qiymət verilməsi istiqamətində görülən işlərdən danışaraq bildirdi ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra o zaman həmin qurumda ölkəmizi təmsil edən deputat qrupunun rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla bağlı sənəd hazırladıq. Bu sənəd yalnız 2005-ci ildə Avropa Şurasının deputatları tərəfindən təsdiq edildi və Ermənistan təcavüzkar kimi tanındı. 

Muzeyin direktoru Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət veriləcəyinə və bəşəriyyətə qarşı bu cinayəti törədənlərin tezliklə cəzalanacağına inandığını vurğuladı.

Muzeyin elmi işlər üzrə direktor müavini Xatirə Bəşirli, rəssam Günay Mehdizadə, Türkiyə Səfirliyinin Mədəniyyət attaşesi İrfan Çiftçi,  muzeyin X.Natəvan adına Qarabağ filialının əməkdaşı Məhsəti Əhmədova və muzeyinKomprotivistika və bədii tərcümələr” şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli çıxış etdilər.

Sonda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan adına Qarabağ filialının əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirildi. Müraciətdə Ermənistan dövlətinin Azərbaycana qarşı işğalına son qoyması, zəbt edilmiş torpaqlarımızın azad edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün dünya muzeylərinə çağırış əks olunub.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2018.- 27 fevral.- S.9.