Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar
Dövlət Miqrasiya Xidmətində
anım mərasimi keçirilib
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev Xocalıda mülki əhaliyə qarşı ermənilər və onların havadarları tərəfindən törədilən soyqırımından söhbət açıb. XX əsrin ümumbəşəri faciəsi olan Xocalı soyqırımı barədə məlumat verərək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən Xocalıda misli görünməmiş vəhşiliklə ağır cinayət törədilib.
Erməni vandalları qoca, qadın və uşaqlara belə rəhm etmədən son dərəcə amansızlıq nümayiş etdirib, onları işgəncələrlə qətlə yetiriblər. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idilər. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyasına başlanılması ilə soyqırımın dünya birliyi tərəfindən tanınmasında böyük irəliləyişə nail olunub. Eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Qeyd edilib ki, bu işdə hər bir Azərbaycan vətəndaşı fəal olmalı, öz üzərinə düşən vəzifəni dərk edərək layiqincə yerinə yetirməlidir. Bildirilib ki, Azərbaycan xalqı tarix boyu erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb.
Artıq bir neçə ölkə və beynəlxalq təşkilat tərəfindən bu faciənin soyqırımı kimi tanındığı və bu prosesin sürətlə davam etdiyi diqqətə çatdırılıb.
Sonra
Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.
Xalq qəzeti.-
2018.- 27 fevral.- S.10.