Xocalı faciəsini
qan yaddaşımızla gələcəyə daşımalıyıq
Xocalı soyqırımının
26-cı ildönümü ilə bağlı Xətai
rayonunda keçirilən anım mərasimi rayon rəhbərliyinin,
ictimaiyyətin və qonaqların Xocalı abidəsinin ziyarəti
ilə başladı. Sonra icra hakimiyyəti rəhbərliyinin
rayonda yaşayan Xocalı soyqırımı
qurbanlarının ailə üzvləri və
xocalıllılarla görüşü keçirildi.
İcra başçısı
Razim Məmmədov tədbirdə çıxış edərək
bildirdi ki, azərbaycanlılar
200 ildən artıq erməni
separatçılarının davamlı etnik təmizləmə,
soyqırımı siyasətinə məruz qalmış,
tarixi yurd yerlərindən, doğma torpaqlarından
qovulmuş, qaçqına, məcburi köçkünə
çevrilmişlər. Ermənilərin azərbaycanlılara
qarşı son dərəcə amansızlıqla,
ağıla gəlməyən qəddarlıq və vəhşiliklə
törətdikləri növbəti soyqırımı isə
26 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda baş vermişdir. Həmin gün təkcə xocalılılar
deyil, bütün xalqımız o insanlarla özlərinin ən
dəhşətli işgəncələrini
yaşamışlar.
R. Məmmədov bildirdi ki, ermənilərin
törətdikləri Xocalı qətliamı təkcə Azərbaycan
xalqına qarşı deyil, bütün insanlığa
qarşı yönəlmiş bəşəri cinayətlərdən
biridir. Bu faciəni XX əsrdə erməni şovinizminin
mahiyyətini aşkara çıxaran təkzibolunmaz fakt kimi dəyərləndirən
xalqımızın ümummilli lideri Heydər Əliyev
demişdir: “Bu amansız və qəddar soyqırımı
aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror
aktlarından biri kimi daxil oldu”...
Sonra natiq Prezident İlham
Əliyevin, Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın, Heydər Əliyev Fondunun, dövlət və
hökumət üzvlərinin bu istiqamətdə həyata
keçirdikləri tədbirlərdən geniş
danışdı və qeyd etdi ki, 2008-ci il mayın 8-də fondun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma
kampaniyasına start verildikdən sonra dünyanın bir
çox ölkələrində Xocalı faciəsi azərbaycanlıların
soyqırımı faktı kimi daha geniş tanınmağa
başlandı. Kampaniya bu gün də davam edir və
dünyanın əksər ölkələrində
özünə minlərlə, on minlərlə tərəfdar
toplamaqdadır.
Tədbirdə iştirak edən
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının
sədri Hüseynbala Mirələmov vurğuladı ki, bu, təkcə
Azərbaycanın yox, bütün bəşəriyyətin Xocalı faciəsi və eyni
zamanda, Xocalı xəcalətidir.
“O qanlı faciədən, insanlığa qarşı
erməni vandalizminin törədilməsindən 26 il keçsə
də, hər dəfə onu xatırlayanda qəzəb və
hiddətdən içimiz göynəyir. Amma bu, erməni vəhşiliyinin
yüzlərlə faktından, dünyanın hələ də
göz yumduğu, fəryadını eşitmək istəmədiyi
qətliamlardan biridir. Bu qanlı tarixin elə epizodları var
ki, onları eşidəndə
insanın damarlarında qan donur. Ona görə də Azərbaycan
xalqı bu qəddar düşmənin kim olduğunu heç
zaman unutmamalıdır. Bu
faktları, acıları qan yaddaşımıza yazıb gələcəyə
daşımalıyıq”.
Mərasimdə iştirak edən
Xocalı faciəsinin şahidləri
xocalıllıların ağrı və
acılarını öz ağrı-acısı bilən
bütün xalqımıza minnətdarlıq ifadə edərək
bildirdilər ki, ümummilli liderimiz Heydər Əliyevin və
onun layiqli davamçısı Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin
dünyaya tanıdılması, Ermənistanın hərbi
qüvvələrinin həyata keçirdiyi bəşəri
cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində
gördükləri işlər,
şəhidlərin ruhuna göstərilən hörmət
və ehtiram sübut edir ki, Azərbaycan xalqı və onun
dövləti Xocalı faciəsini heç vaxt unutmur və
unutmayacaqdır.
R.Məmmədov rayonda yaşayan
xocalılıların sosial-məişət şəraiti və
qayğıları ilə də maraqlandı. Görülən
işlərə və göstərilən qayğıya
görə dövlət başçısına minnətdarlıqlarını
ifadə edən xocalılılara tədbirin sonunda icra hakimiyyəti
adından maddi yardım göstərildi.
İlqar
RÜSTƏMOV,
Xalq qəzeti.- 2018.- 27 fevral.- S.11.