Bakı Slavyan Universitetində Xocalı faciəsi anılıb
BSU-da Xocalı faciəsinin
26-cı ildönümünə həsr olunmuş anım mərsimi keçirilib. Mərasim Xocalı soyqırımında
həyatını itirən
soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş
sözü ilə açan BSU-nun rektoru,
professor Nurlana Əliyeva
faciə qurbanlarının
xatirəsini dərin hüznlə xatırlayaraq
Ermənistanın Azərbaycana
qarşı işğalçılıq
siyasətinin tərkib
hissəsi olan Xocalı soyqırımından
26 il ötdüyünü
qeyd edib. N.Əliyeva beynəlxalq hüququn norma
və prinsiplərinin,
insan hüquq və azadlıqlarının
kütləvi şəkildə,
kobudcasına pozulması
ilə nəticələnən,
bəşər tarixinə
qanlı faciə kimi daxil olan
bu terror aktının
Azərbaycan xalqının
qan yaddaşında silinməz izlər qoyduğunu diqqətə çatdırıb. Rektor bildirib
ki, Azərbaycanın
20 faiz torpağının
işğal edilməsini,
insanların öldürülməsini,
tarixi abidələrin
məhv edilməsini dünya ictimaiyyətinə
çatdırmaq hər
bir Azərbaycan vətəndaşının borcudur.
Vətənpərvər ruhda
böyüyən müasir
Azərbaycan gənclərinin
hər an döyüşə hazır
olduqlarını vurğulayan
N.Əliyeva 2016-cı ilin
aprel döyüşlərində
ordumuzun göstərdiyi
şücaətin bunun
bariz nümunəsi olduğunu qeyd edib.
O, ölkə daxilində, o cümlədən
ölkədən kənarda
Xocalı soyqırımını
dünya ictimaiyyətinə
çatdırmaq istiqamətində
görülən işlərdən,
təşkil olunan aksiya və tədbirlərdən söz
açaraq həmvətənlərimizin
ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasını
rəhbər tutaraq dövlət siyasətinə
dəstək olduqlarını
bildirib. Yaxın zamanda torpaqlarımızın
düşmən tapdağından
azad olunacağını
əminliklə vurğulayan
Nurlana Əliyeva gəncləri düşməndən
qisas almaq üçün hər an hazır olmağa
səsləyib.
Sonra beynəlxalq münasibətlər kafedrasının
müdiri, professor Habil
Məmmədov qeyd edib ki, tarix
boyu Azərbaycan xalqına qarşı qəsbkar siyasət yeridən ermənilərin
Xocalıda törətdiyi
kütləvi insan qırğını, ağlasığmaz
qəddarlıq və
işgəncələr birmənalı
genosid faktıdır,
erməni vəhşiliyinin
sübutudur.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının
müdiri, dosent Sadir Məmmədov çıxışında azərbaycanlılara
qarşı erməni
şovinist dairələrinin
XIX-XX əsrlərdə mərhələ-mərhələ
həyata keçirdiyi
etnik təmizləmə
siyasətinin tərkib
hissəsi olan Xocalı soyqırımı
barədə bir sıra tarixi faktlardan söz açıb.
Xocalı şəhər
polis bölməsinin rəis
müavini, polis polkovnik-leytenantı
Hafiz Ədilov fevralın
25-dən 26-na keçən gecə dinc, əliyalın əhaliyə
qarşı törədilən
qətliamı bir daha ürək ağrısı ilə yada salaraq həmin
tarixdən 26 il keçməsinə baxmayaraq,
Azərbaycanın bu qanlı hadisəni unutmadığını, xalqımızın
qəlbində erməni
vəhşiliyinə qarşı
nifrətin getdikcə
daha da artdığını
söyləyib.
Sonra BSU-nun tələbələri çıxış
ediblər.Tədbir BSU-nun Magistratura
Şurasının hazırladığı
bədii hissə ilə davam edib.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2018.- 28 fevral.- S.7.