Hər bir dövlətin özünün seçdiyi sistem, tutduğu yol var

 

SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası da demokratiyanı özünün əsas siyasi xətti elan etdi. Ona görə də həmin ildən bugünümüzədək atılan bütün addımlar, həyata keçirilən tədbirlər, qəbul edilən qanunvericilik aktları demokratiyanın inkişafına və demokratik təsisatların daha da möhkəmləndirilməsinə yönəldilib. Şübhəsiz ki, bu sistemin əsas meyarlarından biriazad, şəffaf və ədalətli seçkilərin keçirilməsidir. Çünki seçkilərin qanunvericiliyə uyğun keçirilməsi, şəffaflığı, seçicilərin fəal iştirakı, vətəndaşların sərbəst seçim etməsi demokratiyanın təmin edilməsinin və onun inkişafının əsas göstəricisi hesab olunur. Bu baxımdan hər seçkini, o cümlədən aprelin 11-də keçiriləcək prezident seçkilərini demokratiyanın təntənəsi də adlandırmaq olar.

Mənim yaşım artıq 90-ı haqlayıb. Həm müstəqillik, həm də ondan əvvəl ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak etmişəm. Allah imkan versə, bundan sonra da keçirilən seçkilərdə iştirak edəcəyəm. Hər dəfə seçki ərəfəsində məntəqə seçki komissiyasından bizə telefonla məlumat verirlər ki, əgər səsverməyə gəlmək imkanınız yoxdursa, o zaman evinizə səsvermə qutusu göndərək. Mən isə bundan imtina edərək, özüm seçki məntəqəsinə gedib səs verəcəyimi deyirəm. Elə də edirəm.

Ümumiyyətlə, mən seçki məntəqəsinə gedib, səs verməyi xoşlayıram. Bu mənim ­hüququmdur. Aprelin 11-də seçki məntəqəsinə gedib səs verəcəyim günü səbrsizliklə gözləyirəm. İlk növbədə ona görə ki, mən o şəxsə səs verəcəyəm ki, ölkəmizin gələcəyini müəyyənləşdirə bilsin. Prezidentliyə namizədliyini irəli sürənlərin hər birinin tərcümeyi-halı ilə yaxından tanış oluram.

Demək olar ki, namizədlərin hamısını yaxşı tanıyıram. Kimliyindən asılı olmayaraq, prezident seçkilərində iştirak edən namizədlərin sayının çox olması, ölkəmizdə seçki sisteminin tam demokratikobyektiv keçiriləcəyindən xəbər verir.

Bundan başqa, hər dəfə seçki məntəqəsinə gedib səs verən zaman çox hörmətlə qarşılanıram. Kimə səs verəcəyimi isə özüm müəyyənləşdirirəm. Sərbəst səs verirərm. Digər seçicilər də mənim kimi istədikləri namizədə səs verirlər. Bütün bunlar Azərbaycanda seçkilərin şəffaf, ədalətli keçirilməsindən xəbər verir.

Ümid edirəm ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində də demokratik prinsiplərə riayət olunacaq və həmişə olduğu kimi, bu dəfə də hər bir seçiciyə istədiyi namizədə səs vermək üçün əlverişli şərait yaradılacaq. Hər dəfə olduğu kimi, bu il aprelin 11-də də ailə üzvlərimlə bərabər seçki məntəqəsinə gedəcəyəm və istədiyim namizədə səs verəcəyəm.

 

Əlibaba MƏMMƏDOV,

Xalq artisti, Prezident təqaüdçüsü

 

Xalq qəzeti.- 2018.- 28 fevral.- S.8.